02.07.2012

"ƏDƏBİYYAT ADAMI İLK NÖVBƏDƏ ÖZ İSTEDADININ ELÇİSİ OLMALIDIR"

Müsahibimiz şair-publisist Elçin MİRZƏBƏYLİdir


- Elçin bəy, uzun aralıqdan sonra çıxan kitabınıza “Poz, bu sükutu” adını verdiniz. Artıq kitabın təqdimatı olub, neçə mətbuat orqanında bilgi verilib… Sizcə, sükut pozulmuşdurmu, başqa sözlə, kitab öz missiyasına çata bilirmi?
- Mən sükutu 1989-cu ildə – “Azadlıq” marşını yazanda pozmuşam. O zaman bu sükutu mənimlə bərabər “Azadlıq” marşını oxuyub BİR BAYRAQ ALTINDA BİRLƏŞMƏK üçün mücadiləyə başlayan bütün Azərbaycan xalqı pozub. Uzun illər vaxtilə yazdığım marşları, mahnıları ifa edən, lakin bircə dəfə də olsun adımı xatırlatmayan insanları müşahidə etdikdən sonra anladım ki, öz haqqını pıçılamaq nəticə vermir, arabir bağırmaq da lazımdı.
Sükutu pozan da mənim səsimdi…

- Sizin kitab və onun adı ilə bağlı açıqlamalarınızla tanış olarkən, məndə belə bir fikir hasil oldu ki, qaliba, dedikləriniz kitabın adını tam açmır yaxud siz kitab adını yalnız bir planda açırsınız və gerisini oxucu ixtiyarınsa buraxırsız… Örnəyi, məncə, “Poz, bu sükutu”, nə yalnız bir şeir adı, nə də şairin öz-özünə əmri olmayıb, oxucuya ismarıncdır…
- Bu kitaba daxil etdiyim bütün şeirlər və yazılar xüsusi olaraq seçilib və kitab əslində başdan-başa  ismarıclardan ibarətdir. “Poz, bu sükutu” həm də kitabın üz qabığında yer almış iynəboyu bir şeirin adıdır.


-Yenə sualdan-sual, yaxud cavabdan sual çıxarmaq olmasın, siz daha çox hərbi-vətənpərvərlik şeirlərinin yazarı kimi ün qazanmısız. Bəlkə oxucuya məhz bu sahədə ismarınc verirsiz?..
- Şübhəsiz. Kitabla tanış olan hər kəs bunu hiss edə bilər. Özünə sayğı duyan bir millət torpaqlarının işğal altında olması ilə heç vaxt barışa bilməz və barışmamalıdır da! Sualınıza cavab olaraq “Daha ağlama” şeirimin bir neçə bəndini diqqətinizə çatdırıram:


…Bu nə iğşal günləri, bu nə matəm günləri…
Bölmüsən qəlbin kimi yarıya tən günləri –
Özün kəs göz yaşına vurduğun düyünləri…
Yoxsa kələfin ucu itər, daha ağlama
Göz yaşın ölümdən də betər, daha ağlama!


Bu qədər dözüm olmaz, sonu yoxmu bu səbrin?
Yağmalanmış evində min yol qazıldı qəbrin…
Əyilmə qarşısında bu hiylənin, bu kibrin,
Taleyinə hökm eylə, yetər, daha ağlama!
Göz yaşın ölümdən də betər, daha ağlama!


Dünyanın qulağı kar, hayqırsan da… duyulmaz,
Nalə ilə, fəğanla düşmən bağrı oyulmaz!
Qanı qanla yuyarlar, qan su ilə yuyulmaz!
Bu acılar savaşla bitər, daha ağlama!
Göz yaşın ölümdən də betər, daha ağlama!


- Rəhmətlik Nüsrət Kəsəmənliyə deyəndə ki, “Sizə sevgi şairi” deyirlər, o, belə deyək, bu birxətli təyindən nəinki narahatçılıq keçirdiyini, hətta məmnun olduğunu ifadə etmişdi. Bəs siz “hərbi-vətənpərvərlik ruhlu şeirlər müəllifi” təyininə necə baxırsız?
- Mənim təyinatım gücüm, istedadım və bacarığım çatdığı qədər millətimin və dövlətimin xidmətində dayanmaqdır. Bunun adını kim nə istəyir qoysun. Önəmli deyil. Önəmli olan YOLdur!


- Elçin Mirzəbəyli dünya və milli ədəbiyyatdan kimləri oxumaq istəyir, oxuyur? – Artıq kitab da çıxıb, oxumaq fürsətiniz bir müddət çox olacaq yəqin…
- Çexovu, Qoqolu, Leonid Andreyevi, Tolstoyu, Anna Axmatovanı, Svetayevanı, Pasternakı yenidən oxumağa başlamışam. Amma son zamanlar daha çox fəlsəfi əsərlərə üstünlük verirəm – Frensis Bekon, Filip Dormer Stenkop Çesterfild, Jan Pol Sartr…    Milli ədəbiyyata gəldikdə isə daha çox yeni nəşr olunan və əldə etdiyim əsərlərlə tanış ola bilirəm. Yəni, “menyu”da nə varsa…


- Siz AYB üzvüsünüz, bu Birlik də Qurultay ərəfəsindədir. Bir yazar olaraq Qurultaydan bəkləntiləriniz nədir? Qurultayöncəsi məruzələrlə tanışsınızmı və o məruzələri keyfiyyət və miqyas baxımından necə dəyərləndirərdiz?
- Öncə qeyd edim ki, nə Yazıçılar Birliyindən, nə də Qurultaydan heç bir gözləntim yoxdu. Çünki mənim ədəbi fəaliyyətimin hər hansı bir qurumla, o cümlədən Yazıçılar Birliyi ilə bağlılığı olmayıb, olmayacaq da. Yazıçılar Birliyinə isə bəzi dostlarımın və ədəbi cameənin bir hissəsinin ünvanı kimi baxıram. Məruzələrlə və bu məruzələrdə yer alan dəyərləndirmələrlə də tanışam. Onların arasında bəyəndiyim, qəbul etdiyim və peşəkar yanaşma saydığım məqamlar da var, bəyənmədiklərim də. Onların arasından birini – dəyərli dostum, gözəl şair Qulu Ağsəsin hazırladığını ümumiyyətlə məruzə hesab etmirəm.


- Sizdən qabaq ELÇİN vardı, Sizinlə eyni ədəbi nəsildən Elçin(lər) var, Sizdən sonra gələn Elçinlərə sözünüz və daşıdığınız adın energetikası barədə düşüncələriniz maraqlı olardı?
- Elçin adının Azərbaycan türkcəsində bir neçə yozumu var. Mən onların arasından “elçi” yozumunu seçmişəm və düşünürəm ki, ədəbiyyat adamı ilk növbədə öz istedadının elçisi olmalıdır. Elçin adının energetikasına gəldikdə isə qənaətimə görə, kifayət qədər pozitivdir. Ölkədən kənarda olanda bunu daha çox hiss edirəm. Məndən sonra gələn bütün Elçinlərə, Məmmədlərə, Orxanlara, Muradlara… sözüm budur ki, millətdən yüksəkdə heç bir ucalıq yoxdur. Bunu çoxsaylı fəlsəfi cərəyanların içindən keçən, fərqli mədəniyyətlərlə tanış olmaq imkanı qazanan, çağdaş rabitə və telekommunikasıya texnologiyalarının imkanlarından geniş şəkildə istifadə etməyi bacaran bir insan kimi deyirəm. Bunları dilə gətirməkdə məqsədim bilik və bacarıqlarımı nümayiş etdirmək deyil. Demək istəyirəm ki, bəzən bər-bəzəkli “qutu”larda təqdim olunan ideyalar daha cazibədar görünə bilər. Amma o “qutu”ların içərisində sizi milli dünyagörüşünüzdən, mədəniyyətinizdən qopardaraq əritmək məqsədi daşıyan sosial-siyasi texnologiyalar yerləşdirilib. Azərbaycan türkü olmaq Tanrının böyük lütfüdür. Buna inanın və o zaman heç bir yad mədəniyyət sizi öz içində əridə bilməyəcək.


- Elçin Mirzəbəyli özündən öncəki ədəbi nəsil(lər)dən nələri özündən sonraya daşımaq istərdi? Bəs nələri aparmaq istəməzdi?
- Azad seçim imkanı əldə etdikdən sonra özümdən öncəki ədəbi nəsildən yalnız  gərəkli saydıqlarımı oxumuşam. Şübhəsiz ki, oxuduqlarım da mənim bir insan kimi formalaşmağımda önəmli rol oynayıb. Mən özümdə bir az Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Əbdülrəhim bəy Haqverdiyev, Nazim  Hikmət, Bəxtiyar Vahabzadə, Rüstəm Behrudi, Ramiz Rövşən… daşıyıram, zatən… Aparmaq istəmədiklərimi isə beynimə yük etməmək üçün yaddaşımdan silmişəm…


- Nəhayət, əgər doğru başa düşmüşəmsə, Siz epos tipli insanlardansınız – o zaman növbəti kitabınızın nə vaxt çıxacağı və ədəbi planlarınız barədə sual da bəlkə öz anlamını itirmiş olur, amma hər halda yenə də üsul gərəyi soruşaq: iş qurtardaı, iş başlayır. Yoxsa..?
- Növbəti kitabım, Tanrı ömür versə, 2-3 ildən sonra işıq üzü görə bilər. Bu dəfə bir neçə kitab olacaq. Publisitik yazılarım ayrı, roman və hekayələrim ayrı, şeirlərim isə ayrı kitabda dərc olunacaq. Hər halda mən indi belə düşünürəm. Amma istəklərimdən kənarda baş verən hadisələri də nəzərə almaq lazımdı.


- Suallarımızı cavablandırdığınız üçün təşəkkürlər.
- Mən Sizə təşəkkür edirəm!


“YA ƏDƏBİYYAT”

Комментариев нет:

Отправить комментарий