21.07.2012

ELINƏ GƏRƏKLİ, ELƏ GƏRƏKLİ...

Elman Cəfərli


Yazıçı-publisist Hafiz Mirzənin 55 illiyinə


 Onu Azərbaycanda tanımayan yoxdu. Tanınmış yazıçı, istedadlı publisist Hafiz Mirzəni deyirəm. Açığı mən onu onu ilk tanıdığımda təsəvvürümdə  cığallığa meylli, davakar, fikrini zorla qəbul etdirməyə çalışan, özündənrazı əyalət ziyalısı obrazı yaranmışdı. Bəxtiyar Tuncayın islam və şiəliklə bağlı yazılarını oxuduğum zamanlarda şiəliyinə də çəpəki baxmışdım Hafiz Mirzənin. 1992-ci ilin söhbətidi, Bakıya təzə gəldiyimdə elə bilirdim ki, tarixi (tarix fakültəsinə qəbul olunmuşdum) məndən yaxşı bilən yoxdu. Sonra gördüm ki ey dadi-bidad burda “əjdaha”lar var ki! Bunu Hafiz Mirzəyə də tətbiq edir, elə bilirdim ki, mirzə də az bilib çox danışanlardandır. Açığı redaksiyaya gələndə uzaq qaçırdım ki, indi şiə təbliğatına başlayacaq, məni də özü demiş “şiə eləməyə” çalışacaq. Bir-iki dəfə mübahisəmiz də olmuşdu. Onun Günel Mövludun Qarabağ xanımları barədə yazısına sanki sevinirmiş kimi verdiyi reaksiya da üzmüşdü məni.
İrandakı sabiq səfirimiz Əlyar Səfərli ilə söz atışmalarına seyrçi qalsam da, onun “lazım gəlsə, başqa cür də cavabını verərəm” deməsindən narazı qalmış, bunu ona yaraşdırmamışdım. Bir sözlə, mirzə ilə bağlı təəssüratım belə idi ki, bu adamla mübahisə etmək artıq işdir, heç lazım deyil. Amma tam təsadüfən bir dəfə olduqca anlayışlı, mehriban bir mükaliməmiz oldu. Hacı danışdıqca (onda Həccdən təzə gəlmişdi) elə bilirdim ki qarşımda mənim tanımadığım başqa bir adam oturub. Danışdıqca bu mütaliəli, inanclı, imanlı əyalət ziyalısının obrazı yenidən açılırdı mənim üçün. Bir-iki söhbətdən sonra anladım ki, Hafiz Mirzə haqqında yanlış təsəvvür formalaşıb məndə. O şiə təbliğatı aparan cənub millətcisi deyil. İnanclı şiədi, müsəlmandı. Dövlətini və millətini sevən bir türkdür. Çox sonralar öyrəndim ki, Hafiz Mirzə boğazdan yuxarı “Haray-haray mən türkəm” deyə qışqıran ura patriotlardan deyil. Azərbaycan dövlətinin bütövlüyü üçün hər cür riski göz altına alaraq separatçılarla qarşı-qarşıya gəlmiş bütöv bir şəxsiyyətdir. Hafiz Mirzə türkçülüyünü, millətçiliyini sosial şəbəkədə, qəzet səhifələrində deyil, əməldə göstərmiş millətçidir, vətənpərvərdir.
 Hafiz Mirzənin “lənkəranpərəstliyi” ətrafımızı sarmış, Azərbaycana illərdir bəla yaşadan, aytıq iyrənc bir hala gəlmiş yerliçilikdən fərqlidir. Hafiz Mirzənin lənkərançılığı vətənə sevgisidir, məmləkətini uca tutmaqdır. Kaş Azərbaycanın bütün regionçuları elə Hafiz Mirzənin lənkərançılığı kimi olaydı. Onda cəmiyyət bu qədər parçalanmaz, geriyə yox irəli gedərdi.
 Mən əminəm ki, Hafiz Mirzə 88-ci ilin fevralında erməniləri üstünə əliyalın gedən Ağdamı da, rus tanklarının qarşısına çıxan Lənkəranı da, sərhədləri söküb  “Sərhəd hərəkatı” adlı tarix yazmış Naxçıvanı da eyni məhəbbətlə sevir, eyni qürurla yad edir.
 *** *** ***
 Hafiz Mirzənin kənardan bəlkə də bir az qəribə görünən şiəliyi əslində islam sevgisidir, vətən sevgisidir, türkün öz ideolojisinə olan sevgisidir. Hafiz Mirzənin şiəliyi tariximizin ən şərəfli oğlu Şah İsmayıl Xətaiyə olan sevgisidir. Əhli-beytə, mübarək peyğəmbərimizin sevimli qızı xanım Fatimə ismətinə, Həzrət Əli cəsurluğuna, müdrikliyinə olan sevgisidir. İndi ayrı zamandı. Qiblənin yerini tanımayan, Namazın vaxtını bilməyən, Ramazan günlərinə səhər-axşam qarnını dolduran bir də görürsən “hansı namaz doğrudur: sünni ya şiə” mövzusunda gaplar edir, hətta dini biliyi zəngin olan adamlarla mübahisəyə qalxırlar. Hafiz Mirzənin qəzəbi belələrinədir. Hafiz Mirzə namazının vaxtının ötürməyən, vacib Həcc ziyarətini başa vurmuş inanclı bir müsəlmandır. Və əksər “saqqalını uzadıb, şalvarının balağını uzadan”lardan daha inaclıdır, daha mütidir. (Allah qarşısısnda) Vəhabiliyin dəb vaxtlarında islam dinindən xəbəri olmasa da, din mövzusunda mübahisəyə girişənlər “vəhabilər düz deyir, onların namazı daha düzdü, ona görə tərəfdarları artır” deyirdilər. O zaman oturub-durmuş kişilər arın-arxayın danışır, vəhabilərin yaratdığı ilğımı qısa zamanda sabun köpüyü kimi dağılacağına inanırdılar. Eyforiya keçdi, azərbaycanlılar anladılar ki, “sələfi”  adlanan vəhabilərin öndə gedənləri  əslində milyarder ərəb şeyxlərinin muzdlularıdır. Və onların marağında olan heç də islamın yayılması filan deyil, millətin öz kökündən uzaqlaşması, din içində ərəbləşməsidir. Bu nadanlar başa düşmədilər ki, bu cəhd uzaq VII əsrdə iflasa uğradı, Azərbaycanı ərəbləşdirmək mümkün olmadı. Vəhabi təbliğatının iflasa uğraması elə-belə, göydən düşmə olmadı ha. İslamı bilən, kökünə, soyuna bağlı ziyalıların yazdıqları olmasaydı, bəlkə də saqqalını uzadıb, şalvarını qısaldanlar indi daha çox idi. Belə ziyalıların arasında Hafiz Mirzənin ö yeri, öz dəst-xətti var. Hafiz Mirzə dava adamıdır, inandığı ideolojinin mürididir. Onun davakarlığında 3 min nəfər “yezid”in üstünə “mən zalımların üstünə getmərəmsə, ta qiyamətə qədər kimsə zülmə üsyan etməz” inancı ilə 72 nəfərlə gedən Həzrət Hüseyn cəsurluğu,  osmanlı topunun üzərinə yalın qılıncla gedən bir qızılbaş inadı var. Hafiz Mirzə bilə-bilə ki, nurçulardan, vəhabi şeyxlərindən para alan kitabsızlar onu ələ salacaq, İrana, Turana bağlayacaq, başından basacaq, siyahılardan kənarda qoyacaqlar, yenə də yazır, Azərbaycan xalqının yüz illərdir tapındığı, qəbul etdiyi, özününkü saydığı inanc sistemini müdafiə edir, qoruyur. Deyirlər, Həzrət Əlinin xəlifəliyini qəbul etməyən Müaviyə “kim haqlıdır” məsələsini müzakirə etmək üçün münsiflər məhkəməsinin qurulmasına nail olur. Amma orda Həzrət Əlini təmsil edən şəxs qoca və hazıqlıqsız olduğumudan Müaviyənin hiyləgər vəkillərinə məğlub olur. Heç bir döyüşü uduzmamış “Allahın şiri”ini onu təmsil edənlər uduzdurur. Bəlkə də müqayisə uyğun çıxmayacaq, amma mən inanıram ki, Həzrət Əlinin həmin o məhkəmədə təmsil edənlər Hafiz Mirzə inancında və savadında olsaydı, əhli-beyti, islamı hacı qədər içdən sevsəydi, bəlkə də Həzrət Əli masada məğlub olmazdı.
 *** *** ***
 Ədəbiyyat adamı deyiləm, ona görə də Hafiz Mirzəni bədii yaradıcılığı ilə işim yoxdur. Mən onun publisistikası ilə tanışam. Hafiz Mirzə yazdığını oxutmağı bacaran, ölkədə, dünyada baş verən  hadisələrə anında münasibət bildirən, baş verənləri oxucu üçün açan,  təhlil etməyi bacaran bir publisistdir. İndi mətbuatda “boş qazan” effektli yazarlar çoxdur. Tanınmağın da asan yolları var. Yazdıqlarına erotik çalar qat, şou-biznesdən yaz, müğənniyə, prodüsserə, bəstəkara sataş, tanın, yazıların oxunsun. Özünü həyasız müğənniyə söydür, sonra get pul ala barış, tanınacaqsan. Əvvəl söy, sonra dostlaş, uşağının xeyir işinə çağır, aləmə “toyuma Xanpəri gəldi” deyə hava at, işinin bitmiş say. Hafiz Mirzə bu cür “yaxşı oğlan olmağı” rədd eləmiş yazardı. Onun qələmindən heç nə yayınmaz. Əyrilik gördüsə yazacaq. Özü də əyriliyi adı ilə yazacaq. Tək qalsa belə, təklənsə belə. Hafiz Mirzə üçün “qoy göz yumum, təki yaxşı oğlandı desinlər” prinsipi yoxdur. Hafiz Mirzə ucuz populyarlığın ardınca qaçan yazarlardan deyil. Bu məsələdə haqlıdır Hacı. Müqəddəs  kitablarda deyildiyi kimi toxum hər düşdüyü yerdə cücərməz. Faydalı fikirlər, mütərəqqi ideyalar da belədir. Onu öz sahibi tapır, oxuyur və yayır.
 *** *** ***
 Yaşına uyğun sanbalı, müdrikliyi, təmkini olan adamdı Hacı Hafiz. Deyə bilərsiz ki, 55 yaşda adam ayrı necə olmalıdır ki? Bunu deyənin ictimai nəqliyyatda xanım qızların üzünə pişik kimi  marıtlayıb irişən, basabasa düşəndə ana-bacısının varlığını unudub xalqın qız-gəlininə əl-qol atan ağ saçlı “yeniyetmələrdən” xəbərləri yoxdu. Unudanlara xatırladım ki, kişilik institutu, ağsaqqallıq çoxdan zədələnib gözəlim məmləkətimizdə. Müharibənin doğurduğu rəzalətdi, utanc hissidi,  psixoloji diskomfortdu, ya Avropanın təsiridi, nədi bilmirəm, bizim nəslin gördüyü ağır-batman kişilər azdı indi. İndi 50 yaşlı kişilər özlərini gənc oğlan kimi aparırlar. İqtisadi vəziyyəti, sosial güzaranı pisləşdikcə, sanki insanlarımızın abır-həyası da azalır. Mənəvi dəyərlərimiz bir az da azalır. “Ən yaxşı tərbiyə nümunədir” deyiblər. Örnək olacaq, nümunə olacaq kişilər azalıb elə bil. Bu gün Azərbaycanda azca da olsa yaxşı nə qalıbsa, dosta sədaqət, böyüyə hörmət, çörəyə ehtiram qalıbsa, bu, örnək kişilərin xidmətidir. Hafiz Mirzə belə kişilərdəndir, desəm məncə mübağilə etmərəm. Əminliklə deyirəm ki, Hafiz Mirzə adamı satmaz, dostu öz mənfəətinə xərcləməz, adına çağdaş zəmanəmizdə “siyasət” deyilən hiyləgərliyi etməz. Hafiz Mirzə öz nümunəvi ailəsi ilə gənclərə örnəkdi, cəsarətli mövqeyi ilə “çörək ağacı-dar ağacı” dilemması qarşısında qalan ziyalılarımıza örnəkdi. Mənim tanıdığım Hafiz Mirzə xalqın mənəvi dəyərlərinə, inancına, tarixinə hücum varsa, susmaz. Hafiz Mirzə haqqında çox tərifli sözlər yazmaq olar, amma məncə, onun buna ehtiyacı yoxdur. İbadəti axirət üçün olduğu kimi, yazıları da, debatlarda çıxışları da toplumun sağlamlaşması, saflaşması üçündür Hafiz Mirzənin. Bəlkə də Hafiz Mirzə bu günə qədər layiq olduğu fəxri adı, titulları, ödülləri almayıb. Amma doğru mövqeyi, obyektiv yazıları, ədalətli yanaşması ilə elinin-obasının, mətbu və ziyalı cameəsinin hörmət və ehtiramını qazanıb Hacı Hafiz. O qədər vızıldayan, vızıltısı ilə ürək bulandıran həşəratlar var ki. Amma bal arısı başını aşağı salıb, bütün günü öz faydalı işi ilə məşğuldur. Mətbuatda, publisistikada da çoxlu vızıltı səsləri var, göz önündə də daima onlardır. Hafiz Mirzə isə öz işindədir, yazıları, ziyalı mövqeyi ilə toplumun saflaşmasına, daha da artıq kirlənməməsinə, inancımızın, dilimizin, mənəviyyatımızın qorunmasına, arınmasına çalışır.  Bir sözlə, Hafiz Mirzəni qısaca onu belə ifadə etmək olar:faydalı adam, elinə gərəkli adam.

Комментариев нет:

Отправить комментарий