08.07.2012

İsa Həsənoğlu. OLA BİLMƏZ

Mən Məcnuna bir qeyrisi Leyla ola bilməz,
Sən olmadığın dəhridə məna ola bilməz.


Hər bülbülə öz sevdiyi gülzarı əzizsə,
Səndən gözəl,ey gül,güli-rəna ola bilməz.


Əğyar nə qədər eşqdə sənçün ölə,canan,
Heç cüzi qədər məndəki sevda ola bilməz.


Gözlər səni gözlər,gülüm,hicran sona yetsin,
Yoxsa üzümün gülməsi əsla ola bilməz.


Sən surəti kamil bəzənib,nəqş olunubsan,
Nəqqaş elə nəqqaşdı müəmma ola bilməz.


Qəlb hər cürə qırğınlığa bərpa olunandır,
Tək sevgilinin qırdığı bərpa ola bilməz.


Yalqızlıq İsanın ürəyin tarimar etmiş,
Həmdəm olasan,çün daha tənha ola bilməz.

Комментариев нет:

Отправить комментарий