13.07.2012

Mənim Facebook tarixçəm. I yazı

Salam Sarvan


Nərgizin bala, dağların lala, saqinin əldə piyala vaxtıydı...
“Allah, Məhəmməd, ya Əli” deyib Facebookda təzəcə qeydiyyatdan keçmişdim ki, dostlardan birindən zəng gəldi:
– A kişi, sən nağayrıbsan?
– Noolub ki?
– “Məlumat” pəncərəsinin “maraqlanır”  xanasında “kişilər və qadınlar” seçimini göstərmisən. Camaat pis başa düşər e.
– Bə nəyi seçməliydim?
– Kişilər “qadınlar”ı seçməlidi, qadınlar da “kişilər”i.
Onunla zarafafatım yox idi, deməli, ciddi deyirdi. Allah heç kəsə naşılıq göstərməsin, Facebookda böyük təcrübəsi olan həmin dostumun dediyi düzəlişi eləmək istəyəndə...
Tarapp, baş işləyir axı.

...Birdən ağlıma gəldi: bu, intim tanışlıq saytıdırmı ki, mən də bura qız tutmağa gəlmişəm? Belə çıxır ki, zəng eləyən dostum öz “məlumat” pəncərəsinin “maraqlanır”  xanasında “qadınlar”ı seçərək, kişi xeylağlarıyla maraqlanmır və yazışmır və dostluq göndərmir və dostluğa qəbul eləmir və sair və ilaxır...
Hər ehtimala qarşı on-on beş nəfərin səhifəsində həmin yerə baxdım. Vay dədəə... Baxdıqlarımın tən yarısı “camaat pis başa düşər e...” ehtimalının qorxusundan dostumun düşüncəsiylə seçim eləmişdi.
Baş işləyir axı, bir az da dərinə getdim: “Bu nə seçimdi, şəbəkənin yaradıcısı  yerləşdirib proqrama? Yerləşdiribsə, bu seçimə nə əcəb, məsələn, “translar”, “lezbiyanlar” sətirlərini də əlavə eləməyib?”
***
İlk Facebook günlərim əla keçirdi. Elə bil, başqa dünyaya düşmüşdüm. Hamı bir-birinə “bəy” deyib, “can” eşidirdi, “xanım” deyib, “canım” eşidirdi. İnboksumdakı “salam”, “nə var, nə yox?” hal-əhval tutmalarından təzəcə ləzzət almağa başlayırdım ki...
Tarapp, içində “ə” və “ş” hərfi olan sözlər gəlməyə başladı: “necesen?” , “yaxshısan?”, “kechen defeki shenlikde  terekemeye  yaxwi reqs eledim ”...
Baş işləyir axı, fikir götürdü məni: klaviaturanın dilində “Pusk – panel upravleniya – yazik i reqional– yazıki – podrobnee – dobavit – azerbaydjanskiy (latiniçsa) – ok” ardıcıllığıyla on saniyədə dəyişiklik eləmək nə böyük işdi ki, “neçə”ni “neche” yazıb bir-birimizə zülm eləyirik?
***
Həə, dostluq təklifləri isə gəlməkdə davam eləyirdi – adamların öz adıynan, öz soyadıynan, öz şəkliynən. Belə dostlarımın sayının artmasından təzəcə qürrələnmək fikrindəydim ki...
Tarapp, məsələ qəlizləşməyə başladı. Canım sənə fəda olsun, ey yerin-göyün yiyəsi...  Adı Arəstədi, şəkili Madonnanın... Adı Nizamidi, şəkili Nizami Gəncəvinin... Təvəllüdü 1957-di, şəkili altıaylıq qız uşağının... Həyatdakı dostum, ƏTV-nin (Əsl Azərbaycan Televiziyasının) diktoru Nəsimi Nəbizadənin profilini görəndə isə ürəyimdən qara qanlar axdı. Ki, nə tez qocaldı bu? Ki, bu nədi geyib əyninə? Ki, bu nədi başına sarıyıb? Ki, dərdi nədi bunu bu kökə saldı? Baş işləyir axı, diqqətnən baxanda gördüm ki, şəkil İmaməddin Nəsiminindi.
Sonrakı dostluq təkliflərində adlar da qəribələşdi: Mayk Tayson, Lopez, Çinkaçuk, Şvarts-Na-Ger, Super Mario, Makedoniyalı İskəndər, Kefli İskəndər, İskəndərin buynuzu...
Daha sonra sənət nəhənglərimizdən dostluq təklifləri gəlməyə başladı: Kafka, Seyid Əzim, Umberto, Uz. Qacıbekov, Bulqakov...
Hə, vallah, elə dünən Heminqueyi dostluğa qəbul elədim. Cavan imiş ki...
***
Heç demə, müsibət günlər qabaqdaymış. Mənim işim-gücüm bütün günü Facebookdakı səhifəmi təmizləməkdən ibarət olacaqmış. Hamısı da şeir. Bu söz yığınlarını səhifədən silə-silə deyingən olub gedirdim.
Baş pozulur axı...
Əşi, yaxşı eləyirsın e, şeir göndərirsən, noolar, adam adama qəzəl oxuyar da. Bəs bu sevgi şerinin altına həcmi yarım kvadratmetr olan, bir qızın ay işığında dəniz qırağında oturub romantik xəyallara daldığı şəkili niyə soxuşdurursan? Yer tutur axı.
Ümumuyyətlə, sənə kim deyib ki, söhbət sevgidən gedirsə, orda mütləq ay işığı, dəniz, çinar ağacı və bənövşə olmalıdı? Sənə kim deyib ki, gündüz gün işığında Qobustan tərəfdəki daş karxanasında, lap elə kənddə Təvəkkülgilin tövləsinin qulabanında sevmək olmaz?


(Ardı var)                   salamsarvan@mail.ru                         publika.az

Комментариев нет:

Отправить комментарий