08.07.2012

ÖZ ƏLLƏRİNLƏ

MİRZƏ SAKİT


Tələsmə, kədəri mənə yavaş ver
Doldur ürəyimə öz əllərinlə
Mənə göz yaşından bir damla yaş ver,
Ağlaya-ağlaya, süz əllərinlə


Say gör kədərinin neçədir cəmi
Fərqi yox köhnədir, yoxsa təzəmi
Çıxart o köksündən çıxart, o qəmi,
Köksümə inci tək düz əllərinlə

Mənim eşqdən özgə söylə nəyim var
Səndə xumarlanan xoş gərəyim var
Eşqinlə yaşayan bir ürəyim var,
Halal xoşun olsun, üz əllərinlə


Ömrüm qəmli qalsın, mənimçün nə şən
Bəxtəvər kəslərdir, eşqlə əlləşən
Qoy olsun sənin də yandırmaq peşən,
Səp sinəm üstünə köz əllərinlə


Məni külək bilib lap əsən də de
Üzümə acı bax, gülməsən də de
Sevdiyin Mirzədi, bilməsən də de
Demə ki, get danış gözəllərinlə

Комментариев нет:

Отправить комментарий