03.07.2012

Yayın üşüdən həqiqətləri

Payızabənzər Yayın kədərli Aydın Xanı yazır

Bu ürəkparçalayan düşüncələrim sizə aid deyil, ay Buşəhərdəseyredənlər və Üzeyirpərəstlər, eləcə də Ruhanna ilə Röyasevərlər... 
Balaca kənd idi, o qədər balaca idi ki, özünə bənzər 3 yaşayış məntəqəsini birləşdirib bir qəsəbə etmişdilər. Lənkərandakı Aşağı Nüvədi qəsəbəsinin qəribə insanları var: 3 tərəfdən gələnlər var bura, odur adını Nüvədi - Təzəkənd qoyub babalarımız...
Yerli talışlar (yəqin onlar çox olduğundan sonralar bura köçüb gələnlər onların adət-ənənələrini, dilini və mental xüsusiyyətlərini ərxz edib: zatən Azərbaycan türklərindən bir elə də fərqlənmir, bəlkə də bir çox xüsusiyyətlər daha qədimdir - Avestaya qədər uzanıb gedir!), Ərdəbildən gələnlər, - ki, ata babalarımın bir hissəsi onlardandır, - Şamaxı zəlzələsi zamanı köçənlər və bir neçə nəsil də Borçalıdan baş gütürüb pənah gətirənlər - ana xətti ilə yarı Şirvanlı, yarı Gürcüstanlı, yarı da və çox güman, yerlilərdənəm...

Nəsə, indi durub sizə kəndimizin tarixçəsini söyləmək fikrində deyiləm, ötən əsrdə onun yazıldığı qədimi kitabələr və Quranlar ya yandırılıb, ya satıldı, ya da debillər tərəfindən gizlədilib bir kimsəyə verilmir araşdırılmağa - qocalarımın isə yaddaşı pozulub...
Ata nənəm 7 nəsilimizin kişilərinin adını sadalayırdı: Kiçikbəy, Mirzəbəy, Böyükbəy... Uşaq idim, indi yadımda qalmayıb. Atamı indi də Mirzəqardaş çağırılar, nənəmə isə obamıda İncə gəlin adlandırırdılar: doğrudanda incə, xanım-xatın bir qadın idi, əlini ağdan-qaraya vurmazdı. Deyirdilər xan nəslindən olduğundan qanlarında işləmək yoxdur...
Əsas məqam da bu deyil: qəsəbəmizdə Sovet İttifaqı Qəhramanı Baloğlan Abbasov adına savxoz vardı - varlı təssərüfat idi - SSRİ KP-nın Qurultaylarına faraş tərəvəzi biz verərdik, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan xalq deputatı, Sosialist əməyi Qəhrəmanı, Lenin ordenli briqadir, sovxoz fəhləsi və çoxlucz Ümumittifaq Qırmızı Bayrağımız, orden medallarımız, mükafatlarımız vardı. Alimlər, ziyalılar, dövlət məmurları, bir sözlə, inkişaf etmiş sivil bir qəsəbə idi...
Amma son dəfə ora gedıəndə ürəkağrıdan xəbərlər eşidir, küçələrdə axşamlar uyuşdurucu maddələrdən göydə uçan gənclər, ərsiz qadınlar haqqında müxtəlif söz-söhbətlər, hicaba bürünmüş çoxlu savadsız qız-gəlin, saqqalı vəhabiçilər, İran-şiə tərəfdarları, işsizlər və məktəbə allergiyası olan cəmiyyət üçün itmiş insanlar gördüm...
Hər ay Rusiyadan gələn meyitləri, əlini ağdan-qaraya vurmayan kəndçilərimi, özünü, ailəsini, uşaqlaerını bu itmiş cənnətdən götürüb Bakıya, Rusiya və xaricə qaçan dost-tanışları, qohumları yada salanda isə lap havalanıram...
Əlbəttə, soruşula bilər ki, bəs müsbət heç nə yox idi: vardı, kəndimizə gələn ikinci yolu asfaltlayıblar - amma orada indi gedənlər çox azdır, ağaclar bol məhsul gətirib, fəqət yeyənlər yox, Ulu Talış dağları da yerində, zirvələrində yenə Günəş batır, adam ona baxanda başı hərlənir, amma heyif, ona möcüzə kimi baxan uşaqlar yoxdur artıq... 
Bir də gündən-günə azalan qocalar hələ ki, var: bax, məsələn mənim qocalarım da bu dünyaya əlvida desələr, hər şeyə tupurub bu məmləkətdən uzaqlaşacağam - ya o dünyaya, ya da xaricə...
Bunları seyr etmək necə də dəhşətli idi...


Aydın Xan Əbilov

Комментариев нет:

Отправить комментарий