Murad Köhnəqalanın mərsiyəxanla söhbəti
Həə! Hüsaməddin bəy, Sakit bəy, bir də mən maşına oturub Alar kəndinə, mərsiyə və növhələr yazan şair Misir Alarlının evinə gəldik. Həyətdə evin sağ tərəfində minarəsiz bir məscid vardı. Sonra mənə məlum olacaq ki, bu bölgədə həyətində məscid olan evlər çoxdu. Belə məscidlərdə ətrafdakı qonum-qonşu dini mərasimlər keçirdirlər. Aşuranın yaxınlaşmasına görə həyətdə çarşablı qadınlar qaynaşır, nələrsə hazırlayırdılar. Təxminən 60-65 yaşlarında görünən Misir müəllim bizi qarşıladı. Havanın sazaqlı olması həyətdə oturmağa imkan verməzdi.
Ona görə söhbətləşmək üçün Misir müəllim bizi evə dəvət elədi. Hüsaməddin həyətdəki məsciddə söhbətləşməyi məsləhət bildi. Ayaqqabılarımızı soyunub məscidə daxil olduq. Girəcəyin solunda mətbəx yerləşirdi. Bir az irəli keçəndə iki qapı açılır, sağdakı otaq qadınlar, soldakı isə kişilər üçün nəzərdə tutulduğunu başa düşdüm. Şairin həyat yoldaşı bizi: “İmamlar köməyiniz olsun!” – deyə qarşıladı.
Daxil olduğumuz otağın eni təxminən 7, uzunluğu isə 10 metr olardı. Yerə xalı, divar boyu isə nalçalar döşənmişdi. Bu bölgədə döşəkçəyə nalça deyirlər. (“Nalça”nı ilk dəfə sevimli şairimiz Aqşingildə eşitmişəm, bu söz çox xoşuma gəlir.) Nalçalar həm də az qala balınc böyüklüyündə olur. Bardaş qurub divarboyu oturduq. Misir müəllim söhbətə başladı:
- Mən ali məktəbi qiyabi bitirmişəm. Heç vaxt Bakıya qanım qaynamayıb, kəndə qayıtmışam. Burada Azərbaycan dili və ədəbiyyatından dərs demişəm. İndi təqaüdə çıxmışam. Bu kəndə ilk qarğını mənim ana babam sancıb. Burda ilk su quyusunu qazdıran da babam Kəlbi kişi olub. Üçtəpə kəndindən quyuqazan gətirdib. Yayın ortasında quyu qazılanda buz layına dirənib. Babam həmin buzu qırıq-qırıq böldürüb də bütün evlərə paylatdırıb. Babamın atası da çox səxavətli adam olub. Kasıblara əl tutub, imkansızları evləndirib. İndi bu məscidə gələnlər çoxdu, hamı ilə dil tapmağa çalışırıq. Evdə deyirəm, gələnlərin xətrinə dəyməyin. Axşam əl-ayaq yığışanda burda mərsiyələr deyib, imamlara yas saxlayırıq.
Hüsaməddin söhbətə körpü salır:
- Misir müəllim, qonağımız mərsiyə, növhə yazan şair sorağı ilə gəlib. Biz də sizi məsləhət gördük.
- Çox xoş gəlib. Mənim də mərsiyələrim çoxdu, ancaq rəhmətlik Mir Yusif başqa aləm idi. O mərsiyə oxuyanda hamı suya batırdı.
Mən üzümü bu əsmər sifətli, saçları seyrəlmiş, səsi titrəyən mərsiyəxana tutdum:
-Misir müəllim, bəs siz özünüz öz mərsiyələrinizə rövzəxanlıq eləmisinizmi?
- Əlbəttə, növhələrimi, mərsiyələrimi çox oxumuşam.
- Oxuyanda ağlayırsınız?
- Ağlamamaq mümkün deyil. Özün də ağlayırsan, dinləyənlər də...
Sonra avazla oxumağa başlayır:
Mən ki gəldim, həqq bilir, Kufəyə mehman,
Ya Hüseyn!
Olmadım gəlməyimə əsla peşiman,
Ya Hüseyn!
Xoş nəvazişlə, gözəl güllə-çiçəklə, görmüşük,
Gəlməmişdim tökməyə Kufədə mən qan,
Ya Hüseyn!
Amma ki çoxlarının kordur bəsirət gözləri,
Cifeyi-dünya üçün keçmiş imandan,
ya Hüseyn!..
Söhbətə keçir:
-Mərsiyə döyüşdə şəhid olanlar üçün deyilir. Həm mərsiyəni deyən, həm də dinləyənlər şeirin ritminə uyğun olaraq sinələrinə, ya da dizlərinə vururlar. Belə ritmli şeirlərə sinəzən də deyilir. Növhələr isə daha kədərli, ürəkdağlayan, ağlamalı olur.
- İmamlardan ən çox hansını sevirsiniz? – soruşuram.
- Hamısını! Onların övladlarını da sevirəm. Kərbəla meydanına girəndə Əli Əkbərin 18 yaşı, Cənab Qasimın 12 yaşı vardı.
Yenidən titrək səslə oxuyur:
Nə üçün qopmadı tufan, ağamız Qasim, haray?!
Sən dəyəndə yerə atdan, ağamız, Qasim, haray?!
Başını dizlərinin üstünə almışdır əmin,
Gözlərini aç, oyan, ağamız Qasim, haray!..
- Misir müəllim, sizin mərsiyələri başqa bölgələrdə də oxuyurlarmı?
- Əlbəttə, Salyanda, Sabirabadda, Bakıda. Mənim 1997-ci ildə “Kərbəla qəhrəmanları” adlı min tirajlı kitabım çap olunub. Ordakı şeirləri aşura vaxtı hər bölgədə oxuyurlar. Mən mərsiyələrimin musiqisini də, havasını da özüm icad eləyirəm. Məsələn, bu ritmə fikir verin! İndi deyəcəyim şeir meydana girən cəngavər Əbülfəzl-Abbasın düşmən Maridlə döyüşqabağı deyişməsidi:
(Döyüş ritmi ilə oxuyur.)
Mənəm ali nəcabətdə,
özün söylə, bə sən kimsən?
Mənəm şanda və şövkətdə,
özün söylə, bə sən kimsən?
Nənəm Xədiceyi-Kubra,
babamdı Əhmədi-Muxtar,
Anam Fatimeyi-Zəhra,
atamdı Heydəri Kərrar,
Özüm məşhuri-dövranam,
namım vardır, nişanım var,
Ləyaqətdə, mərifətdə,
bu qamətdə, bu qüvvətdə
özün söylə, bə sən kimsən?!.
Bu ritmin çox xoşuma gəldiyini dedim. Misir müəllim söylədi ki, belə deyişmələrə rəcəz deyirlər.
Şair qarşısına qoyduğu beş kitabdan birini götürüb başqa şeirlərindən oxuyur. Onun klassik formadan fərqli, bir-birindən gözəl çoxlu müasir şeirləri var.
-Misir müəllim, haçandan şeir yazırsınız?- soruşuram.
-Biz Alarda yaşasaq da, mən uşaq olanda Pokrovka kəndinə köçmüşdük. Kənd təzəcə radiolaşdırılmışdı. Radioda aşıq Əmrahın, aşıq Kamandarın, aşıq Əkbərin, aşıq İmranın mahnılarına qulaq asıb onlar kimi zümzümə eləyirdim. Çöldə qoyun otaranda çomağı sinəmə basıb “Ruhani”, “Dilqəmi”, “Sarıtel” havaları üstündə özümdən şeirlər qoşub oxuyurdum. Şeirlərim ilk dəfə “Taxılçı” adlı yerli qəzetdə çap olundu. Mənim şeirlərim haqda Vaqif Yusifli, Nizaməddin Şəmsizadə, Əlibala Hacızadə tərifli sözlər yazıb. Qəzəlxan Hacı Mail həmişə mənim Bakıda qalıb yaratmağımı istəyirdi.
- Bəs kimi özünüzə ustad hesab edirsiniz?
- Mənim ustadım anam olub. O, mənə çoxlu əhvalatlar, rəvayətlər, bayatılar söyləyərdi. Mən də onun söylədiklərini “Bulaq” verilişinə göndərər, radioda səslənəndə sevinərdim.
Bu yerdə Hüsaməddin bəy üzünü mənə tutub:
- Murad bəy, xanəndələrin “Segah” üstə oxuduqları “Ana” şeiri də Misir müəllimindi. Sonra da şeirdən bir bənd söylədi:
Bəzən sübhə kimi durub keşikdə
A mənim qayğıma qalanım ana!
Gah öz qucağında, gah da beşikdə
Şirin-şirin layla çalanım ana!
Misir müəllim onun sözünə qüvvət verdi:
- Hə, o şeiri ilk dəfə Teymur Mustafayev oxuyub. Ancaq nədənsə sonuncu bəndi oxumurlar.
Kimim var oduma sənin tək yana?
Hər kəlmə başında söylədin “cana!”
Bir canım var, o da qurbandır sana
Misirəm, başına dolanım, ana!
Soruşuram:
- Misir müəllim, gənclikdə zəncir vurmusunuzmu?
- Yox, zəncir vurmağım yadıma gəlmir, ancaq çox sinə döymüşəm. Sovet dövründə dini məclisləri gizlin keçirərdik. Sizə bir maraqlı söhbət eləyim. Azərbaycanda ilk dəfə şəbih bu kənddə göstərilib. 1969-cu il idi, indiyə kimi yadımdadı, “Kommunist” qəzetində Rəfail Nağıyevin “Alar kəndində hadisə” adlı məqaləsi çap olunmuşdu. Məqalədən sonra orda aktyor kimi iştirak eləyənləri təqib eləyirdilər. Şümür rolunu oynayan Qasımov Bəhramı cinayət işi açaraq tutmuşdular.
Mən tez-tez yanımıza gəlib bizə tamaşa eləyən azyaşlı oğlan uşağını göstərib soruşdum:
- Nəvənizdi, yəqin?
Misir müəllim güclə eşidiləcək səslə belə danışdı:
- Biz həyat yoldaşımla düz 45 ildi bir yerdəyik. Lakin qismətimizdə övlad olmadı. Mənim bacım oğlunu orta məktəbi bitirən kimi oğlulluğa götürdük. İndi üç nəvəmiz var: Təbriz, Ruhəngiz, Firəngiz. Bu Təbriz balamdı. Həyat yoldaşım Cahan xanımla birgə nəvələrimizin eşqi ilə yaşayırıq...
Həyətə çıxanda Misir müəllimlə vida şəkili çəkdirdik. Bizi yola salmaq üçün həyətdə dayanan şairin həyat yoldaşı ona qayğı ilə:
- Əyninə bir şey geyin, soyuqlayarsan! – dedi...
kulis.az

Комментариев нет:
Отправить комментарий