Cəfər Məmməd Kavianın anadan olmasının 120 illiyi münasibəti ilə
O, ömrü cəmi bir il çəkmiş, şöhrəti və nüfuzu isə təxminən 70 illik bir tarixi aşıb keçərək, bu gün də şərəf və qürur yerimiz olan Azərbaycan Demokratik Firqəsinin qurduğu hökumətin əsas liderlərindən biri olsa da, haqqında çox az yaılıb. Yaşadığı və mübarizə apardığı ölkənin saytlarını nə qədər axtarsaq da, onun haqqında, demək olar ki, heç bir tutarlı informasiya əldə edə bilmədik. Doğulduğu regionun - Mərəndin tanınmış şəxslərinə aid bloqlarda isə, onun mübarizə yolunu yox, həyatının ayrı-ayrı epizodlarını işıqlandıran bir-iki rabitəsiz informasia gördük. Halbuki o, dünyanın ən mürəkkəb dövründə Azərbaycan haqqı uğrunda mübarizə meydanına atılmışdı, millətin dövlətçilik idealını gerçəkləşdirmək üçün həyatını riskə qoymuşdu, xalqın dil, mədəniyyət özgürlüyünü özünə qaytaranlar sırasında birincilərdən olmuşdu, şah qoşunları ilə qeyri-bərabər döyüşə rəhbərlik etmişdi, bir sözlə, ömrü mübarizələrdə keçmişdi...
Yəqin ki, söhbətin kimdən getdiyi aydın oldu. Cəfər Məmməd Kaviyan. Bu günlərdə onun anadan olmasının 120 illiyi tamam olur... Təbii ki, Cəfər Məhəmmədəli oğlu Kaviyansız Azərbaycan Demokrat Firqəsinin fəaliyyətindən və tarixindən danışmaq mümkün deyil. O, 1945-46-cı illər hökumətinin ən nüfuzlu şəxslərindən olub. İlk gənclik çağlarında xalq arasında Məşədi (Məşti) kimi məşhur olan Cəfər şəxsiyyət vəsiqəsi alarkən özünə Kaviyan soyadını seçmiş və sonrakı fəaliyyəti bu adla bağlı olmuşdu.
O, 1270-ci ildə (1895-ci ildə) Təbrizdən 18 km. şimalda yerləşən Səhlan kəndində dünyaya gəlmişdir. O dövrdə Səhlan Mərənd kəndlərinin bir hissəsi hesab olunurdu. "Axarlı-baxarlı bir yerdə idi bu kənd. Ətrafdakı dağlar təbii səngər kimi onu qoruyurdu. Dağın döşündəki bulağın suyu axıb keçdiyi yerlərdə yamyaşıl vadi yaratmışdı. Mən bax, həmin kənddə dünyaya gəlmişdim",- deyə Cəfər çox-çox sonralar yazacaqdı. Amma gələcək generalın ailəsi burada çox yaşamır, bir müddətdən sonra bütün ailə həmin kənddən çıxaraq Yalqızağac kəndinə köçür və Cəfərin uşaqlığı burada keçir.
Kaviyanın atası savadlı adam olmuş, bir neçə il mədrəsədə ruhani təhsili almış, dini elmlərə bələd olmuşdu. Cəsarətli, mərd, sözübütöv adam idi. Böyük torpaq sahələri olsa da, kəndlilərlə öz arasında fərq qoymurdu. "Mən atamın tərbiyəsi altında böyümüşəm", - deyə Cəfər Kaviyan sonralar yazacaqdı: "O, həm mehriban, həm də çox sərt adam idi. Zənn edirəm ki, xarakterimdəki bir çox xüsusiyyətlər ondan gəlib. Mənə haqqı, ədaləti ilk başa salan o, olub. Dərin savadı olmasa da, böyük həyat təcrübəsi sayəsində dünyanın düzənini yaxşı başa düşürdü. Ömrünün xeyli hissəsi mübarizələrdə keçmişdi".
Kaviyan özü də Təbriz məscidlərinin birində 5-6 il dərs almış, dini savada yiyələnmişdi. 18 yaşdan siyasi mübarizəyə qoşulan bu gənc xalqın ərbabların zülmündən və Qacar istibdadından xilası üçün Şeyx Məhəmməd Xiyabanı və Lahuti hərəkatında iştirak etmişdi. Qacar dövləti süquta uğrayandan sonra inqilabi fikirlərinə və Rza şah əleyhinə ardıcıl mübarizəsinə görə həbs olunaraq zindana atıldı: "Rza şahlıq səltənətini ələ keçirəndən sonra açıq fikirli insanları məhv etməyə başladı. Fədailər məhkəməsiz-filansız müxtəlif şəraitlərdə aradan götürülürdü. Zindanlara atılanlar ən ağır işgəncələrə məruz qalır, sındırılır, öldürülürdü. Bu diktatura sistemi heç bir insan haqqı tanımırdı. Rza hətta ən yaxın dostlarına belə rəhm eləmirdi. Mən də məhz belə bir şəraitdə həbs olundum", - Cəfər Kaviyan yazır.
Zindandan azad olunandan sonra isə bir neçə il Zəncanda sürgün həyatı yaşamalı oldu. 1921-ci ildə (şəmsi 1300-cü il) Tiflisə gedərək burada Partiya məktəbində təhsil almağa başlayır.
Kaviyan 1927-ci ildə adıçəkilən məktəbi bitirərək təlimatçı kimi Naxçıvana göndərilir. O, Duzlağda Həmkarlar İttifaqının sədri kimi çalışır və burada Səkinə adlı bir xanımla tanış olaraq, tezliklə onunla ailə qurur. Böyük oğlu Kavə 1306-cı ildə Bakıda dünyaya gəlir. Sonradan İrana köçən Kaviyanın digər beş övladı burada dünyaya gəlmişdir. O övladları təvəllüdlərinə görə belə sıralamaq olar: Kavə 1304-cü ildə Bakıda, Buran 1308-ci ildə Təbruizdə, Məlahət 1310-cu ildə Təbrizdə, Marks 1314-də Zəncanda, Maisə 1321-də Zəncanda, İsrafil 1324-də Naxçıvanda doğulmuşdur.
Kaviyan hələ Demokratik Firqənin zühurundan qabaq Seyid Cəfər Pişəvəri ilə dostluq əlaqələrinə malik olmuşdur. 1308-ci ildə Rza şahın məmurları Pişəvərini axtaranda o, Kaviyanın evinə sığınmış və bir müddət burada yaşamışdır. Rza şahın adamları onu həbs etmək üçün evə hücum edəndə Kaviyan Pişəvərini öz hamilə qadınının yatağında gizlətməklə xilas etmişdir.
Kaviyanın hərbi savadı yox idi, lakin böyük inqilabi təcrübəsi ilə firqənin ayağa qalxmasında və möhkəmlənməsində mühüm rol oynadı. O, düz bir illik müstəqil Azərbaycan dövlətinin müdafiə naziri oldu. Yeri gəlmişkən qeyd edək ki, Cəfər Kavian Lahutinin mübarizəsində də 11 günlük Təbriz əmniyyətini öz üzərinə götürmüşdü.
Sonradan ordu generalı vəzifəsinə yüksələn Cəfər Kaviyan siyasi mübarizə illərində bəzən aylarla ev-eşiyindən uzaq düşərək, səngərlərdə və təlim meydanlarında yaşamalı olmuşdur. Onun haqqındakı xatirələrdə bu millət fədasinin məşəqqətli həyatının bir çox epizodları, o cümlədən xalq arasında onun böyük nüfuzunun səbəbləri və s. öz obyektiv əksini tapmışdır. Məsələn, cənublu yazıçı Qüdrət Əbülhəsəninin Kaviyanla bağlı topladığı xatirələrdə bu mənada maraqlı fraqmentlərə rast gəlirik. Həmin xatirələrdən birində deyilir: "Səhlan camaatı Kaviyanın adını əksər halda "Qaviyan" kimi tələffüz edirdi. Nənəm Qaviyanın məharətli atıcı olmasından, hədəfi dəqiq nişan almaq ustalığından ürək dolusu danışardı. O, deyərdi ki, həmin illərdə (inqilab illərində) onun şöhrəti o qədər geniş yayılmışdı ki, məğrur və qürururlu cavanlar bir-birinə "ağayi-Qaviyan" deyə müraciət edərdilər. Nənəmin dediyinə görə, bu cavanlar Kaviyanın səviyyəsinə çatmaq üçün hələ uzun yollar keçməliydilər, amma onlar özlərini ona bənzətməklə qürur duyardılar".
Başqa bir xatirədə isə Kaviyanın vəzifədə olduğu vaxtlarda Səhlan ətrafında firqə qüvvələrinə hərbi təlim keçilməsi zamanı baş vermiş romantik bir detal xatırlanır. Hadisə şahidi yazır: "Həmin günlərin birində hərbi təlimdən qayıdarkən bir kəndin içindən keçən Kaviyan qəfildən kənd evlərinin birinin qarşısında dayandı. O, həyətə doğru bir neçə addım atıb, ətrafındakıların da diqqətini ora yönəltdi. Sonra bir anlıq yerində donub, gözlərini uzaqlara dikdi. Mən hiss etdim ki, bu anlarda onun xəyalı harasa - çox uzaqlara uçub gedib. Çağırsaydıq da eşitməyəcəkdi. Mənə elə gəldi ki, çiynində general paqonu olan bu şəxs öz uşaqlığına aləminə düşüb. Deyəsən, yanılmamışdım. General handan-hana ətrafındakılara tərəf çevrilərək:
- Baxın, o, bizim həyətimizdi,- dedi, - mənim uşaqlığım orada keçib. Sonra islanmış gözünü dəsmalla silib, təzədən boyunu dikəldərək irəliləmək əmri verdi".
Kaviyanın atası Məhəmmədəli Sailani (çox ehtimal ki, Səhlani deməkdir) həmin məhəllədə Əli dayı kimi tanınırdı. Yuxarıda qeyd etdiyim kimi, böyük inqilabi yol keçmiş bu şəxs Məşutə hərəkatı dövründə Səttərxanın yaxın ən silahdaşlarından olmuşdu. Məhəmmədəli Sailani, demək olar ki, Səttar xanın və Bağır xanın rəhbərlik etdiyi bütün döyüşlərdə iştirak edərək, şücaət və qəhrəmanlığı ilə fərqlənmişdi. Həmin dövrə aid xatirələrdə onun tez-tez adı çəkilir.
Anası Zivər isə Mərəndin Kəndələc məntəqəsindən idi. Kaviyanın atası və anası Qum şəhərində dəfn olunmuşlar. Onun atası Demokratik Firqə hökumətindən qabaq vəfat etmiş və Quma aparılaraq orada torpağa tapşırılmışdı. Amma generalın anası Zivər xanım onun nazirliyi dövründə dünyasını dəyişmiş və vəsiyyət etmişdi ki, onu da Qumda həyat yoldaşının yanında dəfn etsinlər. Bu elə bir dövr idi ki, Təbrizlə Tehran arasında münasibətlər son dərəcə kəskinləşmiş, tərəflər açıq düşmənçilik mövqelərinə keçmişdilər. Buna baxmayaraq, Kaviyan oğulluq borcunu yerinə yetirməyi qərara alır. O, anasının meyidini bir neçə nəfərin müşaiyəti ilə Quma göndərir. Qumun yaxınlığında Təbrizdən göndərilmiş karivan yoxlanılanda orada Azərbaycan Demokrat Firqəsinin rəhbərlərindən birinin anasının meyidi olmasının üzə çıxması vəziyyəti xeyli gərginləşdirir. Nəticədə karivanın şəhərə daxil olması üçün Tehrana müraciət olunur. Tehran icazə verir. Beləliklə, ən ağır zamanda Kaviyan anasının vəsiyyətini yerinə yetirir.
Demokratik Firqənin son günlərində kənd əhalisindən bir neçə nəfər Təbrizə kəndli nümayəndəliyinə gələrək Kaviyanın dəftərxanasına müraciət edirlər. Bu adamlar ehtiramla qəbul olunub, Kaviyanla görüşə aparılır. Görüş zamanı kənd nümayəndələri hökumətə yardım etməyə hazır olduqlarını bildirirlər. Belə olan halda Kaviyan onlara hökumətin taleyinin yaxşı olmayacağını deyir və onların firqəyə qoşulmasını məsləhət görmür. O,həmin görüşdə deyir ki, əgər hökumətin ömrü uzansa, səhlanlılar yenidən ona müraciət edə bilərlər. Bu, əhvalat Kaviyanın Amerika və Sovet İttifaqının şahın xeyrinə qərar qəbul etməsindən xəbərdar oduğunu göstərir.
Kaviyan sonrakı dövrlərdə öz xatirələrində o zamankı beynəlxalq vəziyyətdən istifadə edərək xalqa az da olsa azadlığı dadızdıra bildiklərini yazırdı. "... Buna görə şah ordusu hücuma keçərkən insanlar diri-diri özlərini atəşin ağzına atırdılar. Onlar mərdliklə, cəsarətlə döyüşürdülər, həmin anlarda həyat və ölüm heç kəsi maraqlandırmırdı, gülləsi qurtaranlar öz yoldaşlarını xilas etmək üçün sinələri ilə topların qarşısına çıxırdılar. Məğlub olmaq heç kimin ağlına gəlmirdi, hətta son gülləsini lüləyə qoyanlar da qələbə haqqında düşünürdü".
Doğrudan da xalq həmin qələbəni qazandı. Artıq həmin hadisələrdən 70 il keçir.. Lakin Aərbaycan Demokratik Firqəsi və ömrü bir il çəkmiş Azərbaycan hökumətini quran bu əfsanəvi insanlar yenə də azadlığın simvolu kimi bizimlə bir cərgədə addımlayırlar. Həmin hadisələrdən sonra şah təqiblərindən çətinliklə qurtaran Cəfər Kaviyan əvvəlcə Naxçıvana, oradan Bakıya gələrək ömrünün sonunadək burada yaşadı. 1975-ci ildə dünyasını dəyişən general Bakıxanov qəsəbəsindəki qəbristanlıqda dəfn olunmuşdur.
... Bu, ölüm deyildi, çünki həyatı millət yolunda mübarizədə keçənlər ölümdən yuxarıda dayanırlar. Bu, əbədi həyatın başlanğıc tarixi idi.
Комментариев нет:
Отправить комментарий