Qışdan sağ-salamat çıxdınmı, soyuqları arxada buraxıb baharın ilk ilıq nəfəsini xəstə ciyərlərinə çəkdinmi, hazır ol, əvvəlcə lirik duyğular, hisslər könlünü kövrəldəcək. Növbəti baharın bu şeiriyyatını mən, köhnə tanışlarımın Nardarandakı həyət evində qəfildən, birdən-birə hiss etdim. Küncə bağlanmış ”Boz” adıyla cağırdıqları vəhşi qoyun iti, kölgəmə tərəf xeyli hürsə də axır tez də öyrəşdi mənə. Birdəfəlik susdu. Bu sakitlik əvvəlcə çox yad, qorxulu göründü mənə. Başımı özümdən ixtiyarsız aşağı sallayıb, ayaqlarım altındakı boz torpağa dikdim gözlərimi. Az sonra yuxarı, səmaya baxanda üzərimdə yanar bir ulduz aşkarlayıb buna bərk diksindim. Ulduzun reallığına bir an inanmadım.
Çox sonra inandım bu ulduzun reallığına. Bu da bəs etdi ki, evə keçib feysbuk “divar”ıma baxıb aşağıdakı lirik statusu həkk edim: “Çox təkləndim. Çox tək qaldım... Hərdən aylarla evdən küçəyə çıxmadım... Bunlar təsirsiz ötmür... Hiss edirəm ki, insanlarla təmas nöqtəsini unutmuşam... Başqalarıyla deyil, elə hey özümlə söhbət edirəm... İnanmıram daha bir başqa insanla nə vaxtsa dost olum. Bunu dərk etmək də ağırdı... Evdə tək-tənha...işdə tək-tənha...küçələrdə tək-tənha... İnsanlarmı məni itirdi, yaxud mən onları? Bilmirəm.
Hərdən gözəgörünməz də oluram... Müşahidə kameralarına belə düşmürəm... Bəlkə doğrudan da yox olmuşam? Ruha, kölgəyə çevrilmişəm?
Restoran, kafelərə də tək gedirəm... Kimsə məni görmür, mən də kimsəni görmürəm...
Ruha çevrilmək bax bu cür baş verir...
Bu barədə bir tanış psixoloqla söhbətləşdim. Dedi: “Bizim kəndə belələrinə qız verməzlər...”
Qəribədir, az vaxt ərzində bu statusuma yüzlərlə FB istifadəçisi “bəyəndim” işarəsini göndərdi. Növbəti kitabımın ilk hekayəsinin lap başlanğıcdan belə qarşılanması həvəsləndirdi məni. Cürətləndim xeyli, keçdim lirikadan realizmə. Başıma gəlmiş qəribə bir əhvalatı götürüb FB “divarıma” yazdım.
“Dünən getmişdim Axundov adına kitabxanaya... Heç, elə-belə, verilişimlə əlaqədar bir-iki kitab lazımdı mənə... Kitabxana işçilərindən biri lazımı kitabları elə təzəcə mənə ayırmışdı ki, qəfil beyni çöndü... Dedim nooldu axı sənə? Cavabında – “direktorumuz deyir ki, sənə kitab verməyim... Deyir ki, yaxşı adam deyilsən... Televizorda klassiklərimizi təhqir edirsən”- sözlərini eşitdim...
Ağzım qurudu... Qaldım mat-məəttəl.
Heç vaxt inanmazdım ki, kitabxanada başıma belə işlər gələr... Kitab verməzlər mənə...
Nədir bu?
Rəhmətlik atam bu təkliyə-tənhalığa “təbrizli taleyi” adını vermişdi...
İndi bu taleyi mən yaşayıram...”
***
Son statusum FB-da, dövrü mətbuatda əsl Nuh tufanı yaratdı elə bil. O sayt qalmadı ki, statuslarımı götürüb öz səhifələrində yerləşdirməsin. Yaz günlərində Axundov adına kitabxanadan qovulmağım kimsəni biganə buraxmadı. Ən qatı əleyhdarlarım belə, elə bil bir an halıma acımış kimi oldu.
Bircə nəfər tapıldı ki, buna sevinsin. O da kim olsa yaxşıdır, hə?- Əli Əkbər!
“Yeni Musavat”da barəmdə yazdığını oxuyunca yadıma bilirsinizmi nə düşdü? Bir zamanlar Əli Əkbərlə aramızda olan münasibətlər... Gözlərimi yumub xəyallarımda bir də o uzaq günlərə qayıtdım.
***
Yadımdadı, anam təzəcə dünyasını dəyişmişdi. Rəhmətliyin yas çadırını elə həyətdəcə qurub əzbərçi bir mollanın moizələrinə qulaq asırdıq. Anamın rəhmətə getməyi ilə yağışlı payızın Bakıya gəliş elə bil eyni vaxta düşmüşdü. Leysan yağışı çadırı döyəcləyir, ürəyimizi darıxdırırdı. Bir də gördüm ki, molla uzaqdan mənə işarə göndərir ki, bəs məclisə xitam versək yaxşı olar. Əlimi atdım şalvarımın yan cibimə. Mollanı eşiyə çıxartdım. Ancaq hava yağışlı idi deyə məclisdəkilər çadırı tərk etmək istəmirdilər. Bir də gördüm ki, təzə tanışlarımdan biri - Əli Əkbər, nəsə sözlü adama oxşayır. Çəkinmədən üzümü Əli Əkbər səmtə çevirdim: - Keç mollanın yerinə, yuxarı başa. İndi sənin növbəndi. Danış, görüm indi sən bizə nə deyəcəksən.
Əli Əkbər o zamanlar daha çox tərcüməçi kimi tanınırdı - Çingiz Abdullayevin, Əli İldırımoğlunun, Mir Cəlalın qalın kitablarını türkcəyə tərcümə edərdi. Qısası o ağır gündə mən ilk dəfə Əli Əkbərə geniş meydan verdim. Özü də harda - anamın yas məclisində.
Həmin günlərdə mən yoldaşım İlhamiyyə Rza ilə birgə “Space” kanalında çox baxılan “Gecə kanalı” verilişinin aparıcısı idim. Qonaqlarımızı cəmiyyətimizin fərqli təbəqələrindən seçərdik. İstəyirdik ki, Azərbaycanın fikir mozaikası geniş olsun - postmodernistlər də, teistlər də, ateistlər də, demokratlar da, liberallar da, nihilistlər də teleməkanda bərabər səviyyədə, sayda təmsil olunsunlar. Anamın yasında sınaqdan çıxardığım Əli Əkbəri sonralar telefon vasitəsiylə efirimizə qoşurduq. Sonra özünü dəvət etdik studiyamıza, verilişlərimizə. Yadımdadır, bir dəfə Emin Milli Alman Mədəniyyət Mərkəzində, kirxada mənimlə görüş təşkil etmişdi, onda da Əli Əkbəri unutmadım. İlk kitabı çıxmışdı. Kitablarını da götürüb gəldi.
Görüş vaxtımı Əli Əkbərlə qardaş kimi bölüşdüm. Telefonla gecə söhbətlərimiz zamanı Əli Əkbərə bir şeir mövzusu da verdim. Dedim ki, bəs, sən nihilistsən, “Mən əclafam” mövzusunda bir şeir yazsan lap əla olar. O da vaxtı boşa vermədi, bilgisayarını tez dizi üstə rahatlayıb şerin ilk misralarını mənim dilimdən yazıya aldı. Telefonda bilgisayarın düymələri şaqqıldayır, şerin növbəti misraları mətnə köçürülürdü. Yadımdadı, sonrakı telefon danışıqlarımızda lap dərinə getdik- məşhur mahnını dekonstruksiya edib “Ey insanlar qulaq asın mənə, Bir əclaflıq etdim dünən yenə, Xəbər gedib çatsın MTN-ə, lap Çinə-Maçinə, daha da bişərəf olaq, biqeyrət, dələduz, qorxaq olaq, daha da bişərəf olaq” - halına saldıq. Məqsəd gerçəkdə əclaflıq edənlərin özlərini saf göstərməsinə qarşı çıxmaq idi.
Əli Əkbər o vaxtlar bu şeri muğamat üstündə, zəngulələrlə oxuyar, məni xeyli güldürərdi...
O vaxtlar istəyirdim ki, Azərbaycanda müxtəlif, çox çeşidli janrlar dinc-yanaşı yaşasın - ədəbiyyatımızda postmodernistlər də olsun, nihilistlər, ateistlər, teistlər, mistiklər də. Qısası, mən o vaxt buna tolerantlıq təzahürü kimi baxardım. Əli Əkbər də mənim bu cəhdimi meydanda tək qoymadı. Tez qoşuldu mənə, “Mən əclafam” adlı öz ilk kitabını yazdı. Vaxtaşırı bizim efirdə göründü. Fürsət tapıb “Əclaf” kimi ANS-in “Qulp” verilişinə də çıxdı. Yavaş-yavaş tanındı, nihilist yazıçıya çevrildi.
Qısası, gələcək ədəbiyyat müntəxabatı üçün Əli Əkbərin yazıçı portretini Rembrandtın tünd boyaları ilə bax, elə bu cür də cəkirdim. Çünki bir dəfə də demişdim, burdakı yazarların, tanınmışların portretini ancaq mən çəkə bilərəm. İnanmıram ki, kimsə başqası burda cürət edib mənim ədəbi portretimi cızmağı bacarsın.
Lakin günlərin bir günü, Əli Əkbər, anamın yas məclisində ona verdiyim fəxri kürsüdən düşüb yazılarının birində barəmdə öncəgörmələr verməyə başladı. Guya mən bir gün dəli oluram, özümü İmam Mehdi elan edirəm və s.i. və ilaxır.
Əli Əkbərin öncəgörmələri elə havadaca qaldı. Mən özümü imam elan etmədim. Amma “Gizli Azərbaycan” telelayihəsində ölkəmizin mistik ünvanlarını gəzib lentə aldım. Romanlarımda, avtobioqrafik hekayələrimdə mistik mövzuları bacardığım qədər yazıya aldım. Mistikaya müraciətimsə dövrün sifarişi ilə bağlı idi. Bu sahədə tək deyiləm. Xalq yazıçısı Anarın son əsəri olan “Göz muncuğu” romanı da, mistik, paranormal mövzuya həsr edilib. Əsərdə mənim “Solaxay” romanımla səsləşən xeyli məqamlar da var.
***
İndi Əli Əkbər “Herisçi tənha qalanda” məqaləsində tənhalığıma, Axundov kitabxanasından qovulduğuma münasibət bildirirsə, düzü, mən buna çox da təəccüblənmirəm. Məni təəccübləndirən bilirsiz nədi?- nihilist, inkarçı Əli Əkbər kimilərinin özlərini demokrat, liberal kimi qələmə verməsi!
Bu sahədə tək deyil o. Güntay Gəncalp da nihilist, qatı inkarçı olsa da neyçünsə özünü həmişə gah millətçi, gah liberal, gah demokrat kimi tanıtmaq istəyir. Əli Əkbər kimi o da özünün nihilist xislətini, təyinatını gizləmək fikrindədir.
Nihilizmin nəyi pisdir ki? Niyə öz həqiqi adınızdan, təyinatınızdan belə qorxursunuz axı? Niyə bunu gizləyirsiz? Niyə yeri gəldi-gəlmədi demokratik, liberal dəyərlərdən daim dəm vurursunuz?
Bu dəyərlərin siz kimilərə qəti dəxli yoxdur, biləsiniz.
Azərbaycan müxalifət mətbuatı bir zamanlar millətçiliyi gündəmə gətirdi. Bu janrda xeyli müəllif yetişdirdi. Sonra demokratik, liberal dəyərləri bölüşməyə başladı. Sonra QHT-çiləri öz qəhrəmanına çevirdi. Nihilistlər, bu sırada kisənin dibində qalmış ən sonuncu “qəhrəmanlar”dır. Mətbuatımız indi bu janrla silahlanıb xalqımızı da inkar edir, ədəbiyyatımızı da, bütün digər milli-mənəvi dəyərlərimizi də. Düzü, buna mənim heç bir etirazım yoxdu.
Ancaq, dəqiq bilirəm - nihilistlərin mətbuatımıza demokrat, liberal kimi sırınması qəti yolverilməzdi. Ateistlərə, nihilistlərə, inkarçılara məsləhət verərdim ki, mətbuatda öz adları altında çıxış etsinlər. Demokrat, liberal çadrası altında mənəvi terrorla məşğul olmasınlar.
Əli Əkbəri də öz növbəsində nihilist kimi qəbul edir, demokrat, liberal kimi inkar edirəm.
musavat.com
Комментариев нет:
Отправить комментарий