04.03.2015

Suriyalı general azərbaycanlı valideynlərə səsləndi

Vəlid Abaza: “Övladlarınızı Suriyaya göndərməyin – öldürəcəyik”

“4 gün öncə Türkiyə-Suriya sərhədini keçən 2 min nəfər İŞİD-ə qoşulub. Kəşfiyyat məlumatlarına görə, onların sırasında  Çeçenistan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan vətəndaşları da var. Onlar Türkiyə-Suriya sərhədindəki ərazilərdə qurulan düşərgələrdə bir neçə ay hərbi təlim keçib, yaxşı silahlanıblar”.
İnterAz xəbər verir ki, bu sözləri Suriya ordusunun generalı Vəlid Abaza “Yeni Müsavat”a açıqlamasında deyib.
2 gün öncə döyüş bölgəsindən Suriya ordusunun Silahlı Qüvvələrinin Baş Qərargahında keçiriləcək toplantıda iştirak üçün dönən Vəlid Abaza deyir ki, İŞİD-ə qoşulanlar çox gənc insanlardır: “Ötən həftə mənim tabeliyimdə olan ordu qüvvələri İŞİD mövqelərinə hücum zamanı Azərbaycan vətəndaşı olan dəstə başçısını öldürdü. Üzərində Azərbaycan pasportu və Türkiyə telefonları vardı. Həmin döyüşdə bir neçə İŞİD-çini də əsir götürmüşük. Onlar bildirdilər ki, öldürdüyümüz başçı Pankis  dərəsində təlim keçib.
Bir müddət də Qaziantepdəki kamplarda təlimçi işləyib. Sonradan onu Suriya ordusuna qarşı vuruşmaq üçün Hələb yaxınlığına göndəriblər”. (General böyük ehtimalla yaxın zamanlarda Suriyada həlak olan Rövşən Bədəlovu deyir - red.)
Vəlid Abazanın sözlərinə görə, İŞİD-in ən böyük təlim düşərgələrindən biri də Gürcüstan ərazisindədir: “Gürcüstanın İŞİD-ə dəstək verdiyini bilirik. Ölkədə vəhhabilər üçün hər cür şərait yaradılır, yaratdıqları qurumlar vətəndaş cəmiyyəti institutları adı ilə rəsmi qeydiyyata alınır. Biz bunların hamısından xəbərdarıq. Çeçenistan savaşında vuruşan insanlar İŞİD-ə yeni qüvvələr cəlb edir, onlara təlim keçir. Avropa ölkələrindən, ABŞ-dan gələn terrorçular da Türkiyə, Gürcüstan düşərgələrində bir müddət qaldıqdan sonra Suriya ərazisinə keçir. Çeçenistan savaşında təcrübəsi olan vəhhabilərin çoxunu öldürmüşük, hamısının kökünü kəsəcəyik. Son 4 ayda İŞİD-ın sıralarına çox sayda Avropa vətəndaşı qoşulub. Biz əminik ki, ailələrinin xəbəri olmasa da, hökumətlərinin onların terrora qoşulmaları haqqında bilgiləri olub. Ancaq bu işə dəstək verən hökumətlər anlamalıdırlar ki, yetişdirdikləri sağlam olmayan qüvvələrdir. Onlar ən çox öz cəmiyyətlərinə ziyan verirlər. Gələcəkdə isə onların hansı təhlükəyə çevriləcəyini yalnız Suriyadakı durumu yaxından izləyənlər təsəvvür edə bilər”.
General bildirir ki, İŞİD-in davamlı olaraq silahla təchiz edilməsi, yenilənməsi terrorla mübarizənin kökünü kəsməyi çox çətinləşdirir: “Səudiyyədən Qərbə doğru axan böyük paranın qarşılığında gənc insanların beyinlərini yuyub ölümə göndərirlər. Biz əsgərik, vətənimizə göz dikəni, torpağımızı basanı, insanlarımızı öldürənləri məhv etmək borcumuz, vəzifəmizdir. Ancaq məsələnin bir insani tərəfi də yox deyil. Öldürdüyümüz İŞİD-çilərin meyitlərinə baxıram, hamısı gənclərdir. 20-30 yaşı olan bu insanlar ölkələrinə xeyir vermək yerinə ölümü seçirlər. Nəyə görə, nəyin naminə? Görünməmiş vəhşiliklər edilir. Əhaliyə sözün əsl mənasında divan tuturlar. Qadın, qız qaçırmaq, insan başı kəsmək necə Allah üçün ola bilər, bunu edən necə ”mən cihad edirəm" sözünü dilinə gətirə bilər? Mən bütün cəmiyyətlərə səslənirəm, övladlarınızı bu vəhşilərin ümidinə qoymayın. Suriya ordusu da, xalqı da düşünüləndən çox güclüdür. Bizin iradəmiz də var, silahımız da, paramız da. Torpağımızda terroru ləğv etmək üçün hər fədakarlığa hazırıq".
General Vələdin sözlərinə görə, bir neçə gün öncə şimal cəbhəsində çox ciddi qələbə qazanılıb: "4 illik savaşda çox ciddi itkilərimiz olub. İndi Suriyanın təxminən 40 faizi İŞİD-in nəzarəti altındadır. Fevralın 28-də şimal cəbhəsində bizim üçün çox önəmli mövqe döyüşlərini qazandıq və uzun zamandan sonra böyük bir ərazi Suriya ordusunun nəzarətinə keçdi. Allahın köməyi ilə biz digər bölgələrdə də terroru məhv edəcəyik. Biz mənəvi qələbəmizə əminik. Dünya gücləri prezident Bəşər Əsədi devirə bilmədi. Orduda çox dağılmalar var, generallar öldürüldü, “ordu Əsədin arxasından qaçdı, vətəndaşlar hökuməti dəstəkləmir” kimi təbliğatların heç biri işləmədi. İnşallah, bundan sonra da işləməyəcək. Bu gün Suriyada qadınlı, kişili hər vətəndaş əsgərdir. Könüllü batalyonlar şəhərlərdə asayişə nəzarət edir. Dövlət işlərində çalışan insanlar iş saatı bitdikdən sonra əsgər forması geyinib evini, şəhərini, ölkəsini qoruyur. Siz küçələrimizdə gördüyünüz hərbi geyimli insanlara yaxınlaşsaz görəcəksiniz ki, onların hamısı mülkü şəxslərdir. Ordu cəbhədədir".
Xatırladırıq ki, Musavat.com saytının müxbiri Bəşər Əsədin dəvəti ilə Suriyaya gələn Türkiyə nümayəndə heyətinin tərkibində 3 gündür Dəməşqdədir. Nümayəndə heyətinə AKP-yə qarşı müxalifət olan Vətən Partiyasının başqanı Doğu Perincək rəhbərlik edir.

Комментариев нет:

Отправить комментарий