02.03.2015

Ölkənin baş metroçusu “Şərurlu İsfəndiyar”dan niyə ehtiyat edir?

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov metro sistemində çox pis ənənənin əsasını qoydu. Məhz onun vəzifədə olduğu illərdə metro stansiyalarının üzərində, havalandırma sistemlərinin yerləşdiyi ərazilərdə müxtəlif ticarət obyektləri tikilməyə başladı. Bu gün həqiqətən də, metro stansiyalarının həndəvərində xoşagəlməz vəziyyət yaranıb.
Bəzi, hallarda vətəndaşlar obyektlərin çoxluğu ucbatından metronun girişini tapa bilmirlər. “Bakı Metropoliteni” QSC yaradılandan və Zaur Hüseynov quruma sədr vəzifəsinə təyin olunandan sonra metronun qadağan olunmuş ərazilərində tikilən obyektlərin söküləcəyi haqda xəbərlər yayıldı. Lakin hansısa səbəblərə görə nəzərdə tutulan söküntü işləri təxirə salındı. Sonradan həmin ticarət obyektlərinin çoxunun ayrı-ayrı məmurlara məxsus olması üzə çıxdı. Görünür, QSC rəhbərliyi elə bu amilə görə söküntü işlərinə başlamaq fikrindən vaz keçiblər. İstənilən halda, metro stansiyalarına aid olan ərazilərdə tikinti işlərinin aparılması qəti qadağandır.
Çünki bu ciddi fəsadlara yol aça bilər. Necə ki, açır. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Avtovağzal” stansiyasının açılışı, qatarlarda yaranan nasazlıq, ticarətin bərpası, “Azadlıq prospekti” stansiyasında çökmə təhlükəsi və yeni vaqonların gətirilməsindən danışarkən bəzi maraqlı məqamlara toxunub. Daha doğrusu, vətəndaşlardan biri yağış yağan gün “Azadlıq prospekti” stansiyasına girdiyini və şoka düşdüyünü bildirib: “Divardakı çatlardan axan suyu görəndə qorxuya düşdüm. Çünki bilirəm ki, divar nə qədər möhkəm olsa da, su axdığı yeri yuyur. Ona görə də hər an çökmə ola bilər. “Azadlıq prospekti” stansiyasının bu duruma düşməsinin iki səbəbi var. Bunlardan biri səriştəsiz görülən tikinti işləridirsə, digəri metro stansiyasının tam üzərində tikilən ticarət mərkəzidir. Belə ki, “Şərur” MTK-nın tikdiyi ticarət mərkəzi metro stansiyasının tam üzərindədir. Bu da stansiyada çatların əmələ gəlməsinə səbəb olub”. Metropoliten rəsmisi isə vurğulayıb ki, “Azadlıq prospekti” stansiyasında hər hansı çökmə təhlükəsi yaranmayıb: “Sadəcə, metro yaxınlığındakı park çöküb və bunun metropolitenə aidiyyəti yoxdur”. QSC sözçüsünün açıqlamasından belə çıxır ki, “Şərur” MTK-nın tikdiyi ticarət mərkəzi “Azadlıq prospekti” stansiyasından xeyli aralıda yerləşir. Halbuki, iş adamı İsfəndiyar Axundov tərəfindən tikilən ticarət mərkəzi stansiyanın üstündə və tunelə bitişik ərazidə yerləşir. Ki, bu da gələcəkdə ağır fəsadlarına baş verməsinə səbəb ola bilər. Metropoliten rəsmiləri stansiyada çökmə prosesinin getdiyini inkar etsələr də, bir neçə ay əvvəl “Azadlıq prospekti” stansiyasının həm daxilində, həm də çıxış hissəsində aparılan təmir-bərpa işləri başqa məqamlardan xəbər verir. Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, “Şərurlu İsfəndiyar”ın metronun üstündə tikdirdiyi ticarət mərkəzi hər gün metrodan istifadə edən minlərlə insanın həyatını təhlükə qarşısında qoya bilər: “Ətrafda yaşayan insanlar dəfələrlə tikinti işlərinin dayandırılması üçün müvafiq instansiyalara müraciət ediblər. Buna baxmayaraq, insanların şikayətinə məhəl qoyan yoxdur. Heç bir ölkədə metro stansiyasının üzərində iri ticarət obyekti tikilmir. Çünki tikinti işlərinin ağırlığı stansiyalarda hansısa problemlər yarada bilər. Amma bizdə bunu nəzərə almırlar. İsfəndiyar Axundovun pulu çoxdur deyə ürəyi harda istəyirsə orda tikinti işləri görür. “Azadlıq prospekti” stansiyasının yaxınlığındakı obyektlərin çoxu ona məxsusdur. Məsələn, metrodan bir neçə yüz metr aralıda yerləşən “Hollivud” şadlıq sarayı onundur. Amma əslində belə olmalı deyil. İstər hündürmərtəbəli binaların, istərsə də ticarət obyektlərinin tikintisi bu sahədə təsdiq edilmiş standartlara uyğun şəkildə aparılmalıdır. Sabah “Azadlıq prospekti” stansiyasında çökmə, yaxud başqa bədbəxt hadisə baş versə, iş adamı bunun qabağında dayana bilməyəcək. Odur ki, qanunsuz aparılan tikinti dərhal dayandırılmalıdır”. Deyilənə görə, Binəqədi sakinləri metronun üstündə, tunelə bitişik ərazidə aparılan tikinti işlərinin dayandırılması tələbi ilə QSC sədri Zaur Hüseynova dəfələrlə şifahi şəkildə müraciət ediblər. Bizə çatan məlumatlarda qeyd edilir ki, cəmiyyət sədri İsfəndiyar Axundovla üz-üzə gəlməməkdən ötrü vətəndaşların müraciətini cavablandırmır. Biz isə demək istəyirik ki, Zaur Hüseynovu vəzifəyə prezident qoyub. İsfəndiyar Axundov isə sadəcə biznesmendir. Yəni Zaur müəllim ona tapşırılan sahə üzrə yaranan bütün problemləri heç bir müdaxilə olmadan həll etmək səlahiyyətinə malikdir. Yox əgər o başqa məsələləri nəzərə alıb iş adamının apardığı qanunsuz tikintini dayandırmırsa, deməli, bizə bəlli olmayan səbəblər var.
Mövzu ilə bağlı qarşı tərəflərin də cavab haqqını tanıyırıq.

azinform.az

Комментариев нет:

Отправить комментарий