03.03.2015

Azərbaycanlı iş adamı müflis oldu, indi taksi sürür

Türkiyədə özünə normal biznes quran, qəzet açan, sonradan müflis olan Azərbaycan əsilli biznesmen Turan Ababəy indi taksi sürür. Virtualaz.org saytı xəbər verir ki, “Hürriyet” qəzeti azərbaycanlı iş adamının başına gələnləri işıqlandırıb. Qəzet yazır ki, 2014-cü il, fevralın 9-da “Yalana qarşı həqiqətin qəzeti” şüarı ilə fəaliyyətə başlayan “Karşı” qəzeti 65 gün sonra — aprelin 14-də fəaliyyətini dayandırıb. Turan Ababəy bundan sonra müflis olub. Hər kəs ondan üz döndərib. Səbəb kimi isə Türkiyə hökumətinin “paralel dövlət” adlandırdığı, terrorçuluqda ittiham etdiyi Fətullah Gülən camaatına yaxın olması göstərilib. Lakin o, bu ittihamları rədd edir.
T.Ababəy başına gələn bu hadisədən sonra bir müddət hər kəsdən gizlənib. Sonradan isə işsizlikdən taksi sürücülüyünə başlayıb.

T.Ababəy başına gələnləri ilk dəfə olaraq “Hürriyet” qəzetinə nəql edib.
Turan Ababəy qəzetin necə açılması, sonradan baş verən proseslər, müflis olması və indiki həyatını dilə gətirib: “İki il öncəki “Gezi parkı” etirazları zamanı jurnalist Eren Erdemlə tanış olduq. Qəzet layihələri var idi. Layihəni həyata keçirmək üçün maliyyə dəstəyi axtarırdılar. Qəzeti çıxaracaq qədər pulumuz var idi. Yazarlarla danışdıq. Bir çox adamların fikrini öyrəndik. Gündəlik 30 min nüsxə qəzet sata bilsəydik, işimizi davam etdirə biləcəkdik.
Tanışdan, dostdan, qohumlardan 110 nəfər işə götürüldü. Layihədə isə 34 işçi nəzərdə tutulmuşdu. İşçilərin sayı 30 min tiraja nəzərdə tutulmuşdu, lakin götürülən işçi sayına görə 100 min tirajla çıxmalı idik.
Sonra işçilər arasında qruplaşma oldu. İşçilər Eren Erdemin və Kutlu Esendemirin adamları olaraq iki cəbhəyə ayrıldılar. Onlar bir-birləri ilə işləmək istəmirdilər.
Jurnalist Kutlu Esendemirin qrupu daha çox idi. Mən də məcbur olub Eren Erdemiri işdən çıxardım. Kutlu Esendemir bəzi planlaşdırmalar etdi. Günlər keçdikcə tiraj düşdü. Sonra qəzetə təzyiqlər edilməyə başlandı. Kağız ala bilmirdik, heç bir mətbəə qəzeti çap etmək istəmirdi. Kağızı satan pulunu versən belə “vermərəm” deyirdi”.
T.Ababəy qəzetin bağlanmasına əsas səbəb kimi məşhur iş adamı Ali Ağaoğlundan aldığı reklamı göstərib: “İş adamı Ali Ağaoğlundan reklam aldıq. Qəzetdə veriləcək reklamın məbləği 6800 türk lirəsi idi. Twitterdə bu xəbər geniş müzakirə edilməyə başlandı. 3 yazarımız istefa verdi. Bundan sonra oxucular da azaldı. Qəzetin əsas çöküş səbəbi bu oldu. Ali Ağaoğlundan da reklamın pulunu ala bilmədik.
Qəzetin çıxdığı ilk gündən bağlandığı günə qədər heç bir yazısına müdaxilə etmədim. Jurnalistlər yazdı, jurnalistlər cavab verdi. Ancaq Türkiyədə qəzet çıxarmağın çətinliyini gördüm. Türkə türk, kürdə kürd, PKK-ya PKK deyə bilmirsən. Belə düşündüyün halda ən az 30 min belə düşünən insan tapmalısan. Qəzeti bağlayanda işçilərin bizdən alacağı 14 günlük maaşları var idi. Bizim də alacağımız pullar var idi. İşçilər etiraz etməyə başladılar. Heç kim məni dinləmirdi. Hamı pulunu istəyirdi.
Bir gün ofisin olduğu binaya getdim. Ofisi boşaltmışdılar. Əşyalar satılmışdı. Əşyaların bir qisminin satıldığı yerləri tapdım. Polisə müraciət edərək əşyaları satan 39 və alan 3 nəfərlə bağlı şikayət etdim. Qəzetin adını isə 120 min türk lirəsinə satdım”.
Əslinin Azərbaycandan olduğunu deyən T.Ababəy bildirib ki, ona qarşı müxtəlif ittihamlar irəli sürülüb: “Mənə “Gülən camaatı” damğası ilk olaraq bir köşə yazarı tərəfindən yapışdırıldı. Sonra həmişə bundan danışıldı. Mən bu yaşıma qədər “camaat”dan heç kimlə görüşməmişdim. Qəzet çıxdıqdan sonra tanışlıq çərçivəsində Türkiyə İş Adamları və Sənayeçiləri Konfederasiyasına — TUSKON-a getdik (bu təşkilat “Gülən camaatı”na yaxınlığı ilə tanınır -red.). Cəmi bir dəfə görüşümüz oldu. Mən iğdırlıyam, Azərbaycan əsilliyəm. Ancaq qəzetimizə bunların heç bir aidiyyəti yox idi.
Qəzet bağlandıqdan sonra heç kimə bu haqda danışmadım. Ev ünvanıma və şirkətimə 84 məhkəmə şikayəti gəldi. Toxuculuq sənayesi sahəsində biznesim vardı. Tezliklə bu sahədəki işlərim də pis getməyə başladı. İş yerimə, maşınlarıma, bütün mülkümə həbs qoyuldu. Çıxış yolu tapacağım heç nə qalmadı. İş axtarırdım. Heç kim iş vermirdi. Adımızdan qorxurlar. Aylarla depressiyada qaldım. Dərmanlar atırdım. Bir qohumum taksi sürürdü. Təklif elədi ki, sən də gəl bu işi gör. Məcbur qalıb bu işi gördüm. Gündəlik qazancım həftə içi 60-70, həftə sonu isə 100 lirəyə çıxır. Amma belimdə ağrılar var. Bir neçə gündür ki, işə çıxa bilmirəm”.
Müflis olmuş azərbaycanlı iş adamı deyib ki, bu günlərə düşəcəyi ağlının ucundan da keçməzdi: “Qəzetin ən yaxşı maaş alanından çayçısına qədər heç kim bu vəziyyətə düşmədi. Buradan da tekstil firmalarının sahiblərinə səslənirəm. Tekstil işini çox yaxşı bacarıram, iş axtarıram. Biz bir qəzet açdıq. Səhv iş görmədik. İnsanların doğruya çatması üçün yaxşı bir iş idi. Yenə olsa, yenə də edərəm…” /regioninfo.az/

Комментариев нет:

Отправить комментарий