03.03.2015

Dollarla verilən kreditlər haqda – Ali Məhkəmədən şərh

Mərkəzi Bankın fevralın 21-də manatın məzənnəsinin devalvasiyası ilə bağlı verdiyi qərardan sonra kredit götürən hər kəsi indi bir sual maraqlandırır – Kredit borcu hansı kursla qaytarılmalıdır? 
Vətəndaşların banklardan dollarla götürdüyü kreditin ödənilməsi ilə bağlı cəmiyyətdə fikir ayrılığı yaranıb. Bir qisim kredit borcunu kreditin götürüldüyü vaxtkı məzənnə ilə, ikinci qisim isə aylıq ödəniş günü qüvvədə olan məzənnə ilə ödənilməsini iddia edir.
Amma bu gün banklara müraciət edən vətəndaşlardan kredit borclarını hazırkı məzənnə ilə ödənilməsi tələb olunur.
Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının hakimi Əsəd Mirzəliyev Publika.az-a bildirib ki, Mülki Məcəllənin 439.7-ci maddəsi bu problemi birbaşa həll edir. Belə ki, həmin maddədə qeyd olunur ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.

“Öhdəliyin əmələ gəldiyi vaxt müqavilənin bağlandığı, kreditin götürüldüyü vaxt hesab olunur. Yəni tərəflər arasında bağlanan müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, aylıq kredit borcu dolların o zamankı məzənnəsi ilə ödənilməlidir. Bu, qanunda birbaşa göstərilir. Kredit borcunun hazırkı məzənnə ilə ödənilməsini tələb etmək qeyri-qanunidir. Fərz edək ki, dolların məzənnəsi aşağı düşüb. Bu zaman banklar kredit borcunu həmin məzənnə ilə qəbul edəcəkdimi?”
Ali Məhkəmənin hakimi deyir ki, dollarla götürülən kreditlərin aylıq kredit borcu öhdəliyin əmələ gəldiyi vaxt olan məzənnə ilə ödənilməlidir.
Onun sözlərinə görə, bu zaman bank tərəflə razılaşmazsa, məhkəməyə müraciət etməlidir. Məhkəmələr də belə mübahisələri Mülki Məcəllənin 439.7-ci maddəsinin tələbi əsasında həll etməlidir.
Ə.Mirzəliyev hələlik Ali Məhkəməyə məlum məsələ ilə bağlı şikayətin daxil olmadığını deyib.
Qeyd edək ki, Mərkəzi Bankdan da bildirilib ki, bu məsələ ilə bağlı Mülki Məcəllədə boşluq var. Vətəndaşlar kredit borclarını dolların manata qarşı hazırkı məzənnəsinə görə qaytarmalıdırlar.
Həmçinin Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin məlum maddəsi ilə bağlı şərh verməsi vacibliyi də vurğulanır.
Konstitusiya Məhkəməsindən bildirilib ki, bu məsələ ilə bağlı məhkəmələrdən müraciət daxil olmayıb. “Konstitusiya Məhkəməsinin bu məsələyə baxması üçün məhkəmələrdən müraciət olmalıdır. Konstitusiya Məhkəməsi bu məsələyə öz təşəbbüsü ilə baxa bilməz”. /aznews.az/

Комментариев нет:

Отправить комментарий