25.01.2021

Qaçqın axınına Qərb özü səbəb olmuşdur

Qərb pis olsa idi camaat Qərbə qaçmazdı deyənlərdə oxusun. Camaat elə Qərbin onlardan oğurladığı, özündə cənnət yaratdığı şəraitə qaçır.
Bu yazını əvvəllər də paylaşmışdım. Amma facebook rəhbərliyi paylaşımı silmişdi. Guya burda ictimai qaydaları pozmuşam. Təbii ki onlar hər cür yolla həqiqətləri gizlətməyə çalışacaqlar. Həmin məqaləni sizlər üçün təkrar paylaşıram.
1945-ci ildə İkinci dünya müharibəsində zəifləyən Avropa koloniyalarından imtina etməyə məcbur oldu və nəticədə Asiyada və Afrikada onlarla yeni dövlət yarandı. Yerli xalqlar nəhayət azad yaşamağa və müstəqil inkişafa doğru addımlamağa başladı.
Lakin yetmişinci illərdə neftin qiymətləri qalxırdı. Yeni azad olmuş Afrika ölkələrinin iqtisadi inkişafı üçün isə neft gərəkli idi. Nəticədə onlar Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankından (DB) ilk əvvəl çox aşağı faizlə kredit almağa başladılar. “1 dollar- 1 səs” prinsipi əsasında BVF və Dünya Bankını faktiki idarə edən ABŞ, İngiltərə və Fransa kimi ölkələr (daha çox sərmayə yatırdıqları üçün) bu yeni borclanma sistemi ilə yenidən inkişaf etməkdə olan ölkələri nəzarəti altına almağa girişdilər. Və tezliklə krediti faizini artırdılar.
“Toussaint and Comanne”nin araşdırmalarına əsasən 1980-ci ildə inkişaf etməkdə olan ölkələrin borcu 567 milyard dollar idisə, 1990-cı illərdə əlavə olunmuş faizlə 1,5 trilyon borc ödənilsə də, inkişaf etməkdə olan ölkələr BVF və DB-na, yəni Qərbə hələ bir o qədər də borclu qalmışdılar!
Bu ölkələr borclarını bağlamaq üçün yenidən əlavə kreditlər almağa məcbur oldular, əvəzində isə BVF və DB adı altında kapitalist Qərb bu ölkələrdə zorla “liberallaşma” strategiyası həyata keçirdi. Nəticədə inkişaf etmək istəyən Afrika ölkələri məcburən xaricdən gələn məhsullara qoyulan vergini azaltdı, üstəlik dövlətin yerli biznesin inkişafına olan maliyyə yardımına “rəqabəti zədələyir” prinsipi ilə məhdudiyyət qoyuldu. Yenicə dirçəlməyə başlayan yerli şirkətlər xarici rəqabətə dözməyib iflas etdi, yüz minlərlə insan işsiz qaldı, iflyasiyanın artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti aşağı düşdü. Tibb və təhsil xərcləri “inkişaf” adıyla getdikcə artdığı üçün kasıb əhali arasında kütləvi xəstəliklər və savadsızlıq yayılmağa başladı.
İnkişaf etmək istəyən bu ölkələrin qida və toxuculuq kimi ucuz idxal məhsullarına Qərb ölkələri süni tariflər qoyaraq bu ölkələrdən ixracın xeyli azalmasına nail oldular. Nəticədə gəlirləri daha çox azalan Afrika ölkələri Qərbdən əlavə maliyyə dəstəyi almağa məcbur qaldılar. Bunun əvəzində isə əksər yeraltı və yerüstü sərvətlərinin Qərb şirkətləri tərəfindən sovrulmasına razılıq verməyə məcbur edildilər.
“Afrikanı soymaq” adlı sənədli filmin direktoru Kristofer Guldbrandsenin bildirdiyinə görə Afrika ölkələri İkinci dünya müharibəsindən sonra azadlığa çıxsa da, bu gün faktiki Qərb ölkələrinin, daha dəqiq desək Qərb şirkətlərinin istismarı altında əzilir.
Məsələn, Zambiya əhalisinin 80 faizi işsizlikdən əziyyət çəkdiyi halda BVF və Dünya Bankının dəstəyi ilə İsveç şirkəti “Glencore” hər il bu ölkənin mis mədənlərindən milyardlarla pul çıxarır və bu pul ölkə xaricinə daşınır və əhali öz sərvətlərindən məhrum qalır.
Hətta Qərb yazarları və analitikləri etiraf edir ki, bu gün miqrant böhranı yaşayan Avropa əslində buna özü səbəb oldu. Müstəmləkə qaydalarına razı olmayan Qəddafini devirərək İngilətə, ABŞ və başqa dövlətlər yeni hökumətiylə sərvətləri bölüşmək üçün az qala qaçaraq Liviyaya girdilər. Fransa bir neçə il öncə Qərb sisteminə qarşı çıxan Mali üsyanını amansızlıqla yatırdı. Qərb Somalidə boyun əyməyən hökuməti devirərək onilliklərdir davam edən xaosa səbəb oldu. Qərb bu gün Suriyanın neft yataqları, strateji limanları üzərinda ağalıq mübarizəsindədir.
Məhz bütün bunlar nəticəsində Qərb xarabaya çevirdiyi bu bölgələrdən qaçqın axınına səbəb olmuşdur.

Kənan Sədrəddin

Комментариев нет:

Отправить комментарий