21.01.2021

Saxlayıb götürün

Zahir Əliyev

Bu soyuqda qaranlıq, tənha küçələrin birində durub maşın gözləyirəm.
Avtobus da yox...
Az qala gecəyarısı olacaq. Maşınlar keçir, amma saxlamır.
Düşünmürlər ki, bu adam necə gedəcək.
Xeyli sonra bir maşın dayandı. Dəvət elədi, əyləşdim. O saat başa düşdüm ki, qardaş ruh adamıdı, yoxsa niyə saxlasın maşını?
Mən gedən istiqamətə gedirmiş. Maqnitofonda 82-ci ilin lent yazısı oxuyurdu, özü də dinləmədiklərimdən.
Həmsöhbət olduq. Elə bil, qardaş da ac imiş insana. 10 dəqiqəyə bir-birimizin bütün qırılmış ilmələrini bağladıq.
Hər ikimiz uşaq kimi sevinirdik. Sanki 40 ildən sonra tənha adada bir-birimizə rast gəlmişdik.
Maşından düşəndə heç vaxt eşitmədiyim başqa bir mahnını da tövsiyyə elədi-Şahnaz təsnifi üstündə.
Bu boz diyarda lap çoxdandı ilk dəfə belə ürəkdən sevinirdim.
Bir ay olub isti yerdən bu soyuq şəhərə köçməyim, elə bilirdim evdən çöldə hər şey və hər kəs beton kimi boz və soyuqdu. Maskalar, məsafələr və qapanmış isti yerlər də bir yandan bu donuq məzarlığı daha betər bədheybətə çevirir. 
Soyuq vaxtlarda tənha küçələrdə dayanan adam görsəz, maşını saxlayıb götürün. Bəlkə də qırılmış bir ilmənizə bağ olacaq...
Heçmi ürəyinizdə uşaq kimi bölüşmək istədiyiniz sözləriniz yoxdu?! Əzrayılamı saxlayırsız?!

Комментариев нет:

Отправить комментарий