Turan ekspress teleqram kanalı azərbaycanlı tanınmışlar arasında “Postsovet məkanın gələcəyini necə görürsünüz?” adlı sorğu keçirib. Həmin sorğuya verilmiş bəzi cavabları sizlərə təqdim edirik.
Gənc aktivist Zöhrə İsmayılova:
–Postsovet məkanı artıq öz taleyi haqqında qərarı verməlidir. Bu gün verəcəyimiz qərar bizim sabahımızı və gələcəyimizi müəyyən edir. 30 ildə hadisələr göstərdi ki, postsovet məkanında yerləşən ölkələr özünün xilası üçün yeni ideyalar ətrafında birləşməlidir. Bu ideya artıq yaranıb: Avrasiyaçılıq. Növbə bu ideya və vahid hədəflər üçün birləşməkdir. Ağlı başında olan, gələcəyi görən hər kəs bizim artıq gecikdiyimizin fərqindədir. Regionda sülh və əmin-amanlıq prosesini sürətləndirib, inteqrasiya üçün artıq lazımi müqavilələr bağlanmalıdır. Ən çətin məsələ ilkin addımdır, bu atılandan sonra davamı gələcək. Ən çox fayda götürən – sadə xalqlar olacaq. Xalqlar fayda götürdükcə bu hədəf üçün bizim xalqa da həmin yolda yardımçı olacaq. İstəməyən insanlar olacaq, hansı ki, onlar satılıb və bizim inkişafımızı istəmirlər – başa düşüləndir. Onlar bizim hədəfimizə maneə ola bilməz. Dövlətimizin suverenliyi və inkişafı naminə Avrasiya Birliyində bizim hədəfimiz olmalıdır.
Politoloq Cəmil Şirvanov:
–Postsovet məkanı ABŞ tərəfindən böyük təsirə, bəzi epizodlarda isə açıq-aşkar işğala məruz qalsa da artıq get-gedə vəziyyət dəyişmək üzrədir. Hazırda sözü gedən məkanda tam müstəqillik qazanıb yenidən ittifaq qurmağa çalışan qüvvələrlə- avrasiyaçılarla bu müstəqilliyin bərpasına və ittifaqın yaranmasına mane olmağa çalışan qüvvələr- atlantistlər arasında qızğın mübarizə gedir. Bu mübarizə hər sahədə- hərbi, siyasi, iqtisadi, mədəni, informasiya və s. getməkdədir. Bu mübarizənin 10 il əvvəlki vəziyyətinə nəzər salanda avrasiyaçıların vəziyyətinin acınacaqlı olduğunu görürük. Amma indi situasiya xeyli dəyişib. Bu müharibənin əsaslı dönüşünün başlanması artıq baş verib. Əsaslı dönüşün başa çatmasına isə az qalıb. Coğrafi, etnik, mədəni, sivilizasion, daha dəqiq desək iqtisadi şərtləri nəzərə alıb demək olar ki, postsovet məkanındakı ölkələrin yenidən bir ittifaqda birləşməsindən başqa yolu qalmayıb. Ya belə bir ittifaqda birləşib birlikdə inkişaf etməliyik, ya da gecə yarısı küçədə kişi müdafiəsindən məhrum şəkildə gəzən qız uşağı kimi hər an zorlanmaya məruz qalacağıq. Hər rastlaşacağımız qoluzorlu əclaf- qlobal güclər ölkəmizi zorlayacaq. Bir yolumuz birləşib müdafiəmizi, inkişafımızı birlikdə təmin etmək, ikinci yolumuz isə hər yoldan ötənə zorlanmaq və ya bir tikə çörəkdən ötrü boyun əyməkdir. Düşünürəm ki, bəzi postsovet ölkələrində atlantistlərin hakimiyyətdə olmasına baxmayaraq o ölkələrin xalqlarının əsasən avrasiyaçı mahiyyəti onların uzun müddət hakimiyyətdə qalmasına imkan verməyəcək. Avrasiyaçılar hakimiyyətə gəldikdə inteqrasiya prosesi sürətlənəcək. Avrasiya Birliyi postsovet məkanının yeganə çıxış yoludur. Və bu Birlik nəinki postsovet məkanını, uzaq perspektivdə bütün materiki əhatə edəcək.
Şairə və yazar Gülnarə İsrafil:
–Possovet ölkələri hazırda təklənmiş vəziyyətdədir rusun qayrəti də budur ki, yenidən öz papağının altında toplasın. Mənə görə bu ölkələrin hətta insan yaşamının keçmişi buxovla məhdudlanır. Əgər yenidən belə bir gələcək düşünsək, keçmişdən fərqli olmayacaq. Sadəcə qarşılıqlı əməkdaşlıq dirçəliş ola bilər. Söhbət on beş ölkədən və onun vəziyyətindən gedirsə. Çox istərdim ki, Azərbaycanın özünün xalqı dolandırmaq üçün idxalı və ixracı yüksək səviyyədə inkişaf etdirilsin. Bu həm xalqın, həm də ölkələrarası əməkdaşlığın xeyrinədir. Possovet termini dilimizdən tamamilə çıxarılmalıdır. Bir Rusiya və bir də azadlığını qanı bahasına bərpa edən ölkələr var. İndi dəngələr dəyişib. Regionda bütün dövlətlər gücünü, iqtidarını qoruyacaq səviyyədə strateji gələcəyə malik ola, inkişafını təmin edərsə, post deyilən gələcəkdən söhbət əsla gedə bilməz.
Jurnalist və politoloq Nadir Qocabəyli:
–Keçmiş sovet respublikaları yenidən öz iqtisadi güclərini, siyasi-strateji mövqelərini, mədəni əlaqələrini daha sıx birləşdirməyə məhkumdurlar. Biz yenidən vahid bir orqanizm halında birləşməliyik. Əks təqdirdə kənardan, xüsusilə də Qərbdən gələn təhlükələrə qarşı müqavimət gücümüz olmayacaq. Biz hər şeyimizi- maddi və mənəvi sərvətlərimizi, torpağımızı, ən asası da özümüzü itirə bilərik. Bu proses artıq 30 ildir gedir və biz onun dəhşətlərini müşahidə etməkdəyik. Yeganə çıxış yolumuz yenidən toparlanmaq, bütün səyləri birləşdirmək, düşmənin hücumunu dəf etməkdir. Atlantist qlobalistlərin bizi məhv etmək, Yer üzündən silmək planı artıq kimsədə şübhə doğurmur. Biz artıq gecikirik. Bir çox insanlar artıq çarəsidir. “Nə olar-olar” deyərək, özünü şüurlu surətdə təhlükəyə atmağa ehtiyac yoxdur. Odur ki, nicat yolu yalnız birləşməkdədir. Bu Birliyin modeli artıq mövcuddur: Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Düşünürəm ki, bütün postsovet respublikaları təxirə salmadan bu təşkilatlarda təmsil olunmağın xalqlarımızın maraqlarına hərtərəfli cavab verən, onların təhlükəsizliyini tam təmin edən yollarını tapmalı və gecikmədən qərar qəbul etməlidirlər. Sərhədlər açılmalı, hamı üçün bərabər, ədalətli Avrasiya vətəndaşlığı tətbiq olunmalı, gömrük məntəqələrinin tədricən aradan qaldırılması istiqamətində konkret işlər görülməli, münaqişələrə birdəfəlik son qoyulmalı, xalqlar arasında dostluq və əməkdaşlıq münasibətləri təbliğ olunmalı, Avrasiya insanının öz geniş ərazisində sərbəst hərəkəti üçün bütün maneələr götürülməlidir. Avrasiya iqtisadi məkanının çiçəklənməsi, sürətli inkişaf və tərəqqi yoluna qədəm qoyması üçün maksimum şərait yaradılmalıdır. Keçmiş Sovet xalqları daha azad, daha şəffaf, daha ləyaqətli, daha demokratik əsaslarla yenidən birləşməlidirlər. Avrasiya dünyanın ən inkişaf etmiş, ən zəngin, eyni zamanda, ən xoşbəxt məkanına çevrilməlidir. Biz düşmənimizi tanıyırıq, onun kim olduğunu bilirik, ancaq o gizlənmək üçün bizi- Sovet xalqlarını, qonşu millətləri bir-birinə düşmən edir və təəssüflər olsun ki, bir çox insan bu tələyə düşür. Avrasiya Birliyi dövlətləri bu halın aradan qaldırılması istiqamətində güclü iş aparmalı, bütün səylər ümumi vahid qlobal düşmənə qarşı yönəldilməlidir. Xırda münaqişələrdən, çəpər davalarından, cılız hədəflərdən yayınmalı, böyük amallar uğrunda çarpışmalıyıq. Biz təhlükədəyik, planetimiz təhlükədədir. Bu təhlükəni yalnız Sovet xalqları dəf edə bilər.
Publisist Sadiq Əkbər:
–Postsovet ölkələrindən demək olar ki, Gürcüstandan başqa hamısı Rusiyanın nəzarətindədir. İndilərdə Qərb Ukraynanı qızışdırıb rusa qarşı “buynuz” çıxartdırdılar, lakin inanmıram rus Ukraynanı onlara “yem” etsin. Gələcək barədə dəqiq bir fikrim yoxdur. Lakin zənn edirəm ki, Qərbdən qorunmaq üçün, Qərb vandalizminin qarşını almaq üçün birlik lazımdır. Zatən Rusiya da buna çalışır. Düşünürəm ki, bu birlik qismən də olsa yarana bilər.
Blogger Aftandil Babayev:
–Postsovet ölkələri hamısı ayrı-ayrılıqda məhvə məhkumdur. Bir hissəsini Qərb şirkətləri talayır, bir hissəsini Səudiyyə, Qətər vahhabiləri radikallaşdırır. Bir tərəfdən də Çin və Türkiyə. Əgər Avrasiya Birliyi və ya SSRİ kimi bir ittifaqda birləşməsələr, bü ölkələrin normal gələcəyi olmayacaq.
@turan_ekspressi
Комментариев нет:
Отправить комментарий