Elə yuxum gəlir ki,
Yuxular karım olur.
Üşüyən torpaq altda,
Bütövüm, yarım olur.
Başıma bir daş düşür,
Başım daşla qarışır.
Ovcumda göy ümidlər,
Yaşa dolur, qırışır.
Üç hərfli kəlməyə
Həbs olunur fəsillər.
Yana düşür, quruyur,
Laylalı yumru əllər.
O müqəddəs gecənin
Dilindən sözüm düşür.
Öz ömrümün dibində
Sivrilir gözüm, üşür.
Eləcə yuxum gəlir,
Uzun çillə yuxusu...
Hər dəm üstümə yağır
Zillət, zülmət qoxusu.
Dizim qırılır yaman,
Diz çökürəm, diz üstə.
Bu dünyadan qopuram,
Qıvrılıram üz üstə.
Комментариев нет:
Отправить комментарий