17.06.2021

Karl Marksın "Fəlsəfənin yoxsulluğu" kitabının yayımı barədə

Karl Marksın "Fəlsəfənin yoxsulluğu" kitabının ərsəyə gəlməsində iştirakı, rolu olan dostların hamısı ilə messanger vasitəsilə əlaqə saxlayıb, vədələşmişəm. Amma hələ ki, cəmi 7 nəfərə kitab verə bilmişəm. 5 nəfərlə şəxsən görüşüb, təqdim etmişəm, 2 nəfərə də poçtla göndərmişəm. 
Yaxın günlərdə digər dostlarla da şəxsən görüşüb, təqdim edəcəyəm. İanəçilərin əksəriyyəti kitabı poçt vasitəsilə yox, şəxsən özümdən almaq, həttə çoxusu mənə uyğun bir yerə, evimə qədər gəlmək istəklərini ifadə edirlər. Ancaq mən bunu rəva bilmirəm. İstəyirəm ki, kitabı oxumaq istəyənləri, yardım edənləri heç bir zəhmətə salmayım. Poçtla göndərmək mənə qətiyyən çətin deyil. Bir kitabın göndərilməsi maksimum 1 manata başa gəlir. Bunun üçün ünvanı, telefon nömrəsini, ad və soyadı mənə göndərmək kifayətdir. Hər kəs bu üsuldan gələcəkdə də faydalana faydalana bilər. Kitabımız hələ ki çoxdur...
Ancaq hələlik hiss edirəm ki, dostların çoxu şəxsən görüşmək, tanış olmaq, söhbət etmək, bəziləri avtoqraf almaq istəyirlər. Müəllif olmasam da, arzu edənlərə tərcüməçi avtoqrafı yazıram.
Kitabı əldə etmək istəyənlərlə imkan daxilində şəxsən görüşmək, tanış olmaq mənim üçün də çox xoşdur. Bu günə qədər görüşdüyüm insanların hamısından müsbət enerji almış, fikir mübadiləsi etmiş, çox məmnun qalmışam. Çay içərək faydalı söhbətlər etmişik. Ən əsası odur ki, insanlarda bir çox elmi, -ictimai-siyasi, mədəni, ədəbi, iqtisadi məsələləri, ölkəmizin problemlərini canlı müzakirə etmək ehtirası hiss edirəm. Virtualda dost olan insanlar bir-birini real həyatda, şəxsən tanımaq, dərdləşmək, həqiqətləri dilə gətirmək, çıxış yolları haqda fikir mübadiləsi etmək istəyirlər. 
Eyni zamanda, bir məsələni də qeyd edim ki, bir insanla virtual tanışlıq əsasında əldə etdiyimiz qənaət, təəssürat xeyli dərəcədə yanlışdır. Bu iki gündə şəxsən tanış olduğum virtual dostların hamısı realda mənə daha yaxşı təsir bağışlayıblar. Realda onlar hamısı virtualdakından qat-qat üstün, ağıllı, istedadlı, ləyaqətli, şəxsiyyətli insanlardır.
Yaxın günlərdə daha bir neçə dostla şəxsən görüşəcək, söhbətləşəcək və kitabları təqdim edəcəyəm. Daha poçtla istəyən yoxdur. Poçtla göndərmək mənim üçün rahat olsa da, canlı görüşmək daha maraqlı, faydalıdır.

Nadir Qocabəyli

Комментариев нет:

Отправить комментарий