30.06.2021

Erməni cəlladları “Lyoxa” və “Lyoşa”: biri Naxçıvanda doğulub böyüyübmüş

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər hərbi cinayətlər törətmiş erməni hərbi canilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç (“Lyoxa”) və Xosrovyan Alyoşa Aramaisoviçin (“Lyoşa”)  cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində şahidlər dindirilib.
Şahid qismində məhkəmədə ifadə verən hərbi qulluqçu Ceyhun Vəlibəyov deyib ki, Vətən müharibəsi zamanı A.Xosrovyan Cəbrayıl istiqamətində kəşfiyyat xarakterli hərəkətlər apararkən Azərbaycan ordusunun hərbi qulluqçuları tərəfindən ələ keçirilib: "Həmin ərazidə döyüş əməliyyatlarında iştirak edirdik. UAZ markalı avtomobilin bizə tərəf gəldiyini gördük. İçərisində hərbi formada bir nəfər vardı. Maşını saxladıq, içərisindəki həmin bu Alyoşa Xosrovyan idi, maşında silah-sursat da var idi".
Digər şahid, hərbi qulluqçu Tural Davudov ifadəsində bildirib ki, A. Xosrovyan Azərbaycan hərbçilərini ermənilərlə səhv salmışdı: "Bizə dedi ki, “özümüzünkülərsiz”? Görəndə ki Azərbaycan hərbçiləriyik, dərhal maşına tərəf qaçıb silah götürmək istədi, zərərsizləşdirdik". A. Xosrovyan isə əsir götürüləndə guya silaha əl atmadığını, Azərbaycan hərbçilərinə "könüllü təslim olduğunu" deyib.
Şahid qismində dindirilən digər iki hərbi qulluqçular - Aydın Məmişov və Elnur Süleymanov da anoloji ifadə veriblər. Onlar ifadələrində deyiblər ki, ötən il oktyabrın 4-də Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edərkən UAZ markalı avtomobilin onlara yaxınlaşdığını görüblər. "Maşında olan şəxs bizi ermənicə çağırdı. Amma tutulanda bildi ki, biz erməni deyilik. Avtomobilə baxış keçirdik, silah-sursatı  götürdük" - A. Məmişov ifadəsində deyib.
Daha sonra prosesdə zərərçəkən Zahid Həsənov ifadə verib. O ifadəsində  1994-cü ildə dörd əsirlə birgə Xankəndində saxlanıldıqlarını deyib: "Həmin əsirlərdən biri Azər Aslanov idi. Beş-altı erməni hərbçisi gəlib Azəri  komandirin otağını təmizləməyə apardılar. Azər iki saatdan sonra gəlib çıxdı. Ermənistan xüsusi xidmət orqanları Azəri otağı təmizləmək adı ilə aparanda onu "verbovat" eləyiblər. Komandirin otağını bizimlə bir yerdə əsirlikdə olan Serqeyə təmizlətdilər. Serqey gəlib dedi ki, Azər otağı təmizləməyib. Sonradan Serqeyi güllələdilər. Guya qaçmaq istəyirmiş. Azərə isə ermənilər xüsisi diqqət göstərir, ona istədiyi yeməkləri verirdilər. Şuşa türməsinə təzə gələndə Azərə də bizim kimi işgəncələr verirdilər. Amma sonra onu ermənilər ələ aldılar. Həmin il Azər Bakı metrosunda partlayış törətdı".
Məhkəmə prosesi daha sonra Alyoşa Xosrovyanın dindirilməsi ilə davam edib. Dövlət  ittihamçısının suallarını cavablandıran "Lyoşa" Azərbaycana qarşı törədilən soyqırım cinayətlərində əli olan "Yerkrapa" erməni terror  təşkilatının üzvü olduğunu etiraf edib: "Həmin təşkilatın rəhbəri general-leytenant Manvel Qriqoryan idi. Təşkilata müharibədən  sonra üzv olmuşam. 1991-92-ci illərdə Rusiyada işləyirdim. 1988-90-cı illərdə hərbçi kimi sərhəddə dayanmışam. O vaxt ermənilər Zəngilana bir neçə dəfə hücumlar etdilər. Həmin vaxtlarda mən postlarda olmuşam. Ayağımda yara vardı deyə, sonradan postlara da getmədim. Həmin ərəfələrdə ermənilər Qafandan Zəngilan və Qubadlıya gedirdilər. Qarabağ ermənilərinin Zəngilan və Qubadlını zəbt etdiklərini bilirdim".
“Lyoşa” deyib ki, 2020-ci il oktyabr ayının 3-də Azərbaycan ordusunun Cəbrayıl rayonunu işğaldan azad etdiyini eşidib: “Amma mənə zəng edən zabit dedi ki, Cəbrayılda erməni əsgərləridir, qorxma, gəl.
Prokuror “Lyoşa”dan soruşub:
-Samvel Babayanı (qondarma “dqr”in keçmiş “müdafiə naziri”, azərbaycanlı hərbi əsirlərə zülm edənlərdən biri) tanıyırsan?
"Lyoşa"nın cavabı belə olub:
-Tanımıram. Onun "Yerkrapa" təşkilatının üzvü olduğunu bilmirdim. 1984-cü ildə bir dəfə Hadrutda olmuşam, ondan sonra o əraziyə getməmişəm. Qarabağ ərazisində Hadutdan başqa heç yerdə olmamışam.
Zərərçəkmişlər - Zaur İbadov, Həbib Kazımov və Cavid Hüseynov "Lyoşa"nın yalan danışdığını, bu erməni cəlladının onlara qarşı qeyri-insani rəftarlara yol verdiyini, işgəncələrə məruz qoyduğu deyiblər.
Prosesdə daha sonra təqsirləndirilən Lüdvik Mkrtçyana sərbəst ifadə vermək təklif olunub. O "sözüm yoxdur" deməklə kifayətlənib. Prokurorun suallarını cavablandıran "Lyoxa" isə Naxçıvanda doğulduğunu,18 yaşına kimi orada yaşadığını deyib:
-1987-ci ildə orta məktəbi bitirmişəm. 1987-89-cu illərdə Rusiyada hərbi xidmətdə olmuşam. Rusiya ordusunda xidmət etmişəm. Ordan ailəlikcə gəlmişik Ermənistana. Zərərçəkmişləri ilk dəfə burda görmüşəm. Alyoşanı da burda görmüşəm. 89-cu ildən sonra 90, 91, 92-ci illərdə mən və kiçik qardaşım Yerevanda ayaqqabı sexi açmışdıq. 9-cu sinifdən mən ayaqqabı tikirəm. Ailəlikcə bu işlə məşğul idik. 1992-ci ildən sonra Yerequs kəndində olmuşam. Heç bir döyüş əməliyyatlarında iştirak etməmişəm. 1993-cu ildən sonra Ağdərədə olmuşam. Heç bir vəzifəm olmayıb. Əsgər olmuşam səngərdə. Təcrübəm yox idi, ona görə cəmi 1 dəfə posta çıxmışam. Ordakı evlərə qarovul çəkirdim, yeməkxanalarda kömək edirdim. Mənə AK-74 silahı vermişdilər...
Prokuror soruşub:
-Bəs əlində silah postda nə gəzirdin?
Mkrtçyan izah verə bilməyib:
-Bu suala cavab verməkdən çətinlik çəkirəm. O vaxt könüllülər yığışıb azərbaycanlılara qarşı vuruşurdular. Mən azərbaycanlılardan heç bir ziyan görməmişəm. İki ay Hadrutda olmuşam. 1994-də hərbi münaqişə bitdikdən sonra isə Suqovuşanda olmuşam. Xocalı şəhərinin Azərbaycan ərazisi olduğunu, ermənilərin orda soyqırım törətdiyini bilirəm. Amma mən orda iştirak etməmişəm. Ermənistan kanallarında Xocalı barədə süjetlərə baxmışam...

İnarə Rafiqqızı

Комментариев нет:

Отправить комментарий