20.06.2021

Vaqif Nəsir - TALIŞ DİLİM

Vaqif müəllim bu şedevri ilə xalqının qəlbində daim yaşayacaq

1992-ci ilin əvvəllərində Gənc Tamaşaçılar Teatrının binasında  Respublika Talış Mədəniyyət Mərkəzinin (sədri dr. Novruzəli Məmmədov, mən isə müavini idim) Talış mədəniyyətinə həsr edilmiş  konfransın bədii hissəsinə rəhbərliyi Azərbaycan Pedaqoji İnstitutunun fizik pedaqoqu, professor Vaqif Nəsir öhdəsinə götürmüşdü. İki gənc - tələbə oğlan və qız aparıcı idilər. Qəfildən belə qərara aldıq ki, talışca yanaşı həm də türkcə (azərbaycanca) bir şeirlə başlansın, amma münasib bir şeir tapa bilmirdik… Təxminən min nəfərlik bu möhtəşəm yığıncağın ikinci- bədii hissəsinin başlanğıcına isə dəqiqələr qalmışdı. Vaqif müəllim dərhal bir qələm götürüb bədahətən (1-2 dəqiqə ərzində) aşağıdakı şeiri yazdı və aparıcı da dərhal əzbərləyib səhnəyə çıxdı…
Hal-hazırda da ADPU-nin pedaqoq-professoru olan, AYB-nin üzvü, şair-yazar Vaqif Nəsirin elə bu şedevri ilə də daim xalqının qəlbində yaşayacağına əminik. Allah ona cansağlığı və uzun ömr bəxş etsin…

TALIŞ DİLİM

Kim deyir ki, sən ölüsən,
Aşıb-daşan dağ selisən,
Ulu babamın dilisən,
Din, dillərə qarış, dilim,
Talış dilim, talış dilim!

Hər bir kəlmən şirin səsdi, 
Dinləyəndə qəlbim əsdi…
Xəcalətdə qaldın, bəsdi,
Kürsülərdən danış, dilim,
Talış dilim, talış dilim!

Torpaq şehi çəndən alır,
Zil gücünü bəmdən alır,
Ürək odu səndən alır,
Dodaqlarda alış dilim
Talış dilim, talış dilim!

Bir günahım dərddi mənə,
Gəc baxmışam bəzən sənə.
Üzr istərəm dönə-dönə,
Övladınla barış, dilim-
Talış dilim, talış dilim!

Hilal Məmmədov

Комментариев нет:

Отправить комментарий