06.06.2014

Əhalinin cibinə girib "cin çıxaran" "Bakcell" müştəriləri necə aldadırmış?

Ölkədə fəaliyyət göstərən mobil operatorların abonentləri aldatması, bahalı tarif siyasəti yeritməsi adi hala çevrilib. Operatorlar daha çox pul qazanmağa kökləndiklərindən sektorda rəqabətləri də saxta endirimlərə ünvanlanıb, nəinki texniki yeniliklərə.
Hazırda ölkədəki mobil operatorların – “Azercell”, “Bakcell” , “Nar Mobile” - hər birinin özünün bazar siyasəti, funksiyası  var. Məsələn, birinci açıq şəkildə bahalı tarif siyasəti yeridir. “Bakcell” isə aşağı qiymətlərlə, şirnikləndirici xidmətlələrlə abunəçilərin cibinə girir. Yəni mobil operatorun mənfəət götürmək siyasəti dolayı və gizlidir. Açıq bazar qanunauyğunluqlarından çox-çox uzaq.  “Nar Mobile” gəlincə, ”iki köhnə qurdun” olduğu bazarda hələ də yerini müəyyən edə bilməyib. Xidmət keyfiyyəti aşağıdır. Bu məsələdə operatora ən çox maneəni isə  “Azercell” yaradır. (Bu barədə növbəti məqaləmizdə bəhs edəcəyik).

Başlayaq, daha çox şikayətlərin eşidildiyi, ölkənin ikinci böyük mobil operatoru olan  “Bakcell”dən. Hansı ki bu şirkət internet trafiklərində, tarif paketlərində, kontur yüklənməsində abunəçilərinin cibinə “mahir cibgir” kimi girir.  Məsələn, bu günlərdə  Fuad Ağamaliyev adlı “Bakcell” abunəçisi az qala bütün ölkəyə şikayət etdi. Abunəçinin  şikayətində bildirilirdi ki,  “Bakcell” 9971 nomreli bir xidmetlə müqavilə imzalayıb və onun balansındakı pulu mənimsəməklə məşğuldur: “Tanımadığım sayta nömrəmi qeydiyyata aldıraraq günə minimum 0.58 qəpik pul tutur. Bu gün ərzində iki-üç dəfədə təkrarlanır bəzən.  Balansda həftə ərzində 10 AZN-ə yaxın pul bu xidmətə görə yoxa çıxır. Şikayət etdikdə isə bildirirlər ki, 9971-ə böyük hərflərlə stop yazıb göndərin xidmət deaktiv edilsin. Deaktiv xidmətinin qiyməti isə 0.76 qəpikdir.
Əslində bu, bir abunəçinin etirazıdır. “Bakcell”in qiymət siyasətinə nəzər yetirdikdə hərc-mərcliyi açıq aydın görmək olur.

Kredit maxinasiyası

“Bakcell”in kredit xidməti də rəsmən sələmçi funksiyasını yerinə yetirir. Belə ki, əvvəllər 1 kredit borcu olan abunəçi 1 manatlıq kontur almaqla borcunu ödəyə bilərdi (96 qəpik). İndi isə bunun üçün ən az 2 manatlıq kontur almaq lazımdır. Çünki yeni tarifə əsasən kredit borcu 1.20 AZN təşkil edir.
Eyni qayda ilə, 2 kredit borcunu ödəmək üçün dəyişikliyə qədər  2 manatlıq kontur almaq kifayət edirdisə, indi bu rəqəm 2.40 AZN-dir, Lakin bu hamısı deyil. Mobil operator kredit borcu ödənildikdən və balans artırıldıqdan sonra da 1 AZN  çıxır. Balansından pulu  yoxa çıxan abunəciyə isə heç bir arayış verilmir.  
Digər tərəfdən, 2 kredit borcunu ödəməyənlər nə əlavə kredit əldə edə bilir, nə də başqa nömrədən öz balansına məbləğ göndərə bilir.

Bahalı pul köçürməsi

“Bakcell”in pul köçürmə əməliyyatı da ucuz deyil. Balansınız hesabına digər CIN abunəçisinin balansını artırdığınız zaman hər 20 qəpiyə 1 qəpik xidmət haqqı tutulur. 6-10-cu göndərişlərin qiyməti- hər bir göndəriş üçün 5 qəpik  təşkil edir.Növbəti göndərişlərin qiyməti 10 qəpik olur.

Günboyu 0  tarifi ilə soyul

Operatorun kampaniyalarının şərtləri sərfəliliyi ilə “gözləri yaşardır”. Götürək   Günboyu 0  tarifini. Tarif  dəqiqəsi 0 qəpiyə səhər saat 8:00-dan axşam saat 18:00-dək şəbəkədaxili limitsiz danışmağı nəzərdə tutur. Hansı şərtlərlə? Əsas məsələ də budur. Tarifə qoşulandan sonra balansından hər gün 29 qəpik çıxılır.  İlk 3 gün ərzində yeni nömrələrdə gündəlik abunə çıxılmır.Göründüyü kimi, istifadə edildi –edilmədi gün ərzində abunəçi  29 qəpik itirir.  Bundan əlavə nəzərə alsaq ki, 8:00-dan axşam saat 18:00-dək ölkədə iş saatıdır. Aradakı müddətdə insanlar daha çox işləməyə üstünlük verirlər nəinki ünsiyyətə.

“ƏlaCIN” tarifi

Saatlarla danışmağı xoşlayanlar üçün olan  bu tarifdə  şəbəkədaxili 1 saat ünsiyyət 7 qəpik təşkil edir. Tarifə qoşulma haqqı da ucuz deyil. Nə az nə çox 1 AZN. Amma əsas məsələ bu deyil. İlk baxışdan sərfəli görünən tarifin sualtı daşları var. Konkret olaraq, tarifə qoşulanların heç də hamısı gün ərzində yığdıqları nömrələrlə   1 saat danışmırlar. Nəticədə hər şəbəkədaxili zəngə 7 qəpik “Bakcell”in cibinə gedir.

Sevimlicin

Tarifin şərtləri də digər tariflərdən fərqlənmir.   Bu tarifdə Azərbaycanın bütün mobil operatorların nömrələrinə və şəhər telefonlarına zənglər üçün vahid qiymət (dəqiqəsi) 8 qəpikdir.Ta rifə keçid haqqı – 1 AZN-dir. Əgər bu tarifə keçidi təzə SİM kartı (SevimliCIN) aldığınız gün edərsinizsə, keçid pulsuz həyata keçirilir. Şəbəkədaxili zənglərin tarifikasiya müddəti 10 saniyə, şəbəkəxarici zənglərin tarifikasiya müddəti – 15 saniyədir.Göründüyü kimi avantajları geniş deyil.

“BlackBerry” paketi

“Bakcel”l “BlackBerry” paketi isə ən bahalı xidmət sayıla bilər.Mobil operator  CIN, Klass və Gold abunəçilərinin qoşulma  tariflərinə nəzər yetirək. Bu sahədə 5 paket növü təqdim edir. Bunlardan ən ucuzu və keyfiyyətsizi Social 7 paketidir. Hansı ki istifadə müddəti 7 gün, trafikin həcmi 150 MB-dır. Qiyməti 3,33  manat olan paketlə “BlackBerry”nin “yes” düyməsi belə işləmir.Belə ki, operatorun saytında  Social 7 paketində BBM (çat), BB mail (electron poçt), social şəbəkələr üçün BB əlavələr, internetə giriş kimi xidmətlərin mümkün olduğu qeyd edilir. Halbuki  reallıqda 150 MB  trafiklə bu xidmətlərin heç birindən istifadə mümkün deyil.  Social 7  paketi sadəcə telefonun ekranında internetə çıxış işarəsinin yanıb sönməsinə kifayət edir. İnternet trafiki  “BlackBerry” telefonları üçün deyil.
600 MB-lıq Social 30 paketində də sürətli internet xidmətindən söhbət gedə bilməz. Əslində “BlackBerry” telefonları üçün paketlərinin qiyməti 14 manatdan başlayır. 1GB-lıq “Complete” paketinin qiyməti  13.99 manatdır.
Diqqəti çəkən daha bir məqam paket üçün ayrılmış trafik bitdikdən sonra abunəçinin başına gətirilən oyunlardır. Operatorun rəsmi internet ünvanında  hər 1 MB-ın  0.10 AZN təşkil edəcəyi bildirilir.  Lakin bir məsələ də var. İnternet istifadə edilmədiyi halda növbəti paket yüklənənə qədər “BlackBerry”  konturları “yeyir”.  Hər 1 saata balansdan 10 qəpik çıxılır.

publika.az

Комментариев нет:

Отправить комментарий