30.04.2011

Elçin Əlibəyli jurnalistikanı Jalə şirələri ilə səhv salırdı

Milli faciəmiz


Elçin Əlibəyli və televizyon. Mənə görə bunlar antonimdir. O peşakar jurnalistika qanunlarını Jalə şirəsiylə səhv salırdı.  Hökm verirdi, sonda isə yalnız öz qənəatini diqtə edirdi. Sizlə, bizlər, repressiya təfəkkürü...


                                                                    Qismət

Təkimə iki nəfərin yerinə sevdim


Arazın o tayından...

                                                                      Ülkər Ucqar

YAR

Yıxılar bu duvar.

Dağılar bu tufaq.

Öksüz qalar çatmaqaş qızlarım

və bircə quzum.

Əllərin ovutdu

gözümdə yaşı,

köksümdə çalxalanan qan çanağını

və əllərimdə gizildəyən,

üzülmək həvəslərini!

Arxamda

yaram

qaldı ancaq!

və ağırlaşdı gündən-günə.

Arxamda yaram

sənin möcüzə‌lərinə inanmadı heç.

Yara deyiləm deyib yük kimi çatıldı arxama.

Yük kimi mən də çəkdim onu.

möcüzə dediyim qondarma bir söz bəlkə

və yara dediym bilə.

Yıxılar bu duvar.

Dağılar bu tufaq.

Mən yorğunam

artıq!

Təkimə iki nəfərin yerinə sevdim.

Təkimə buraxdım təkimi hətta.

Mən təkimə savaşıb yenildim.

Təkimə, yardım arxamı!

və yorğun-arğın yetişdim sənə:

«Yar» dedikləri siz deyilsiz

gözləri gözlərimə bənzəyən heykəl?

«Yar» dedikləri siz deyilsiz

uzaq yollardan gələ‌cək atlı?

«Yar» dedikləri siz...

Belə mən yorğunam «yar»!

Olursa,

bu dirəkləri neçə an da

Sən saxla !

QARININ SÖZÜ

Gizli öpüşün izləri qalar adamın yanaqlarında
Yanıq yarası kimi
Deyərdi ənnəm
Ağ birçəyinə əl çəkib sırğalarını səsləndirərkən
Və ayaqlarından asılmış bir cüt quş kimi pəhləvi sikkələri
                                             qol-qanad çaldiqca acıqlı baxardi
Mədrəsə uşağı mən
Öpüş
Özü də gizlisin
Yazıq qarıcıq ənnəm
Yazıq qadın!
Göynəyib
Köksümdə ətəyimdə əllərimdə yandı
Yalnız yanaqlarım deyil
Boynumda boyun bağım
Telsancağımda telimdə yandı
İzləri qalmadan!

QARĞALAR


Öz həyətimizin tək ağacından
Qoymadız doyunca gilanar dərəm.
Çuğulçu qarğalar! Gəzgin qarğalar!
Nə yalançı imişsiz indi bilirəm!

Gözümü açandan güdürdüz məni.
Duvarlar başında yalqız gəzmələr!
Gizlətdiyimi anama dediz.
Göz altı baxdığız yadıma gələr...

Kiçik bir sirri də qısardız məndən.
Qorxumu dalımca gəldiz iz bə iz.
Nə qədir gözlədim, qısqanan quşlar!
Sevildim demədiz, sevdim demədiz.

                                                                                                   Facebook, "Dayaq", "Azadlıq"

«Nəsrə poeziyadan gələn yazıçı isə sözlərlə yazır»


Səlim Babullaoğlu və Yuri Polyakov
Səlim Babullaoğlu və Yuri Polyakov
«Literaturnaya qazeta»nın baş redaktoru Yuri Polyakovla söhbət. Səlim Babullaoğlunun yenicə çapdan çıxan "Ədəbi söhbətlər" kitabından.

Yuri Mixayloviç Polyakov müasir Rusiyanın ən çox oxunan yazıçılarındandır, dramaturq, tanınmış ictimai xadim, jurnalistdir.

Rusiya Yazıçılar Birliyinin üzvü, Rusiya prezidenti yanında mədəniyyət və incəsənət üzrə şuranın üzvü, «Beynəlxalq Ədəbiyyat Fondu»nun həmsədridir.

2001-ci ildən Rusiyanın ən nüfuzlu ədəbiyyat nəşri olan «Literaturnaya qəzeta»nın baş redaktorudur.

Rus ədəbi mühitində sərt satirik və tənqidi realist üslubda yazılmış nəsr əsərləri ilə parlayan Polyakov yaradıcılığa 80-ci illərin əvvəlində şair kimi başlayıb.

Sonra isə hələ sovet dövründə orduda mövcud olan neqativlər- «dedovşina» və komsomol aparatındakı bürokratiyadan bəhs edən, yazıçının vizit kartına çevrilən 

"Və mən beş il əvvəl qəzetin baş redaktoru olanda, işə başlayanda gördüm ki, qəzet ədəbi prosesi obyektiv işıqlandırmır, əslində mən bunu əvvəl də görürdüm, oxucu kimi. Qəzet o vaxtkı qəzet rəhbərliyinin siyasi və estetik görüşlərini bölüşən, onlara yaxın adamlardan danışır, qalanlarını isə görmürdü. Mən anladım ki, Rasputin kimi yazıçının adı qəzetdə 1991-ci ildən bu yana çəkilməyib, xatırlanmayıb".
 
«Rayon miqyasında fövqəladə vəziyyət», «Sərəncama yüz gün qalmış» povestlərini yazır. «Apofoqey», «Demqorodok», «Kostya Qumankovun Paris sevgisi» və başqa əsərləri dəfələrlə çap olunub, oxucu rəğbəti qazanıb.

Onun əsərləri əsasında onlarla film çəkilib, tamaşalar oynanıb. Əsərləri dünyanın bir çox dillərinə çevrilib.

Bakıya gəlişi ərəfəsində Polyakovun olduqca məhşur əsəri, «Süddə çəpiş» dilimizə çevrilərək nəşr olunmuşdu və Bakı Slavyan Universitetində yazıçı ilə görüş keçirilmişdi.

Yazıçının Bakıda olduğu müddətdə onu bir çox görüşlərdə müşayiət elədim. Mədəniyyət və Turim naziri Əbülfəs Qarayevlə, Prezident Aparatında, o vaxtkı Milli Məsələlər üzrə dövlət müşaviri Hidayət Orucovla maraqlı görüşlərdə birlikdə iştirak etdik.

Söhbətimiz oteldə baş tutur. Düz 5 il əvvəl.

– Xoş gəlmisiz, Yuri Mixayloviç, bu artıq yazı üçün olan «xoşgəldindi». Zəhmət olmasa deyin, «Literaturnaya qazeta» Rusiya ədəbi mühitini nə qədər və nə qədər obyektiv əhatə edə bilir?

– Fikirləşirəm ki, bu gün Rusiyanın bütün ədəbi nəşrlərinin arasında heç bir qəzet ədəbi prosesi «Ltreaturnaya qazeta» qədər obyektiv işıqlandıra bilmir. Və mən beş il əvvəl qəzetin baş redaktoru olanda, işə başlayanda gördüm ki, qəzet ədəbi prosesi obyektiv işıqlandırmır, əslində mən bunu əvvəl də görürdüm, oxucu kimi. Qəzet o vaxtkı qəzet rəhbərliyinin siyasi və estetik görüşlərini bölüşən, onlara yaxın adamlardan danışır, qalanlarını isə görmürdü. Mən anladım ki, Rasputin kimi yazıçının adı qəzetdə 1991-ci ildən bu yana çəkilməyib, xatırlanmayıb. Şəxsən mənim özümlə də oxşar situasiya vardı. Mən 1993-cü ilədək «Literaturnaya qazeta»nın aktiv müəlliflərindən olsam da, amma o il, «Komsomolskaya pravda» qəzetində Ağ Evin gülləboran olunmasının əleyhinə yazım dərc olnunadan sonra, yeri gəlmişkən, bu mətbuatda dərc olunan yeganə məqalə idi, çünki həmin dövrdə müxalifət qəzetləri bağlanmışdı, hakimiyyətyönlü qəzetlər isə hadisəni dəstəkləyirdilər, hə, baxın o hadisədən sonra düz beş il məni «Literaturnaya qazeta»da nəşr eləmədilər. Və mən qəzetə gələndə dedim ki, belə şey bir də olmayacaq. Qəzet vəziyyəti necə varsa elə də əks edəcək, heç kimin üzünə bağlı qalmayacaq. Kiminsə kimdən xoşu gəlib-gəlməməsinin də məsələyə dəxli olmayacaq. Mənim də bir çox yazıçılardan xoşum gəlmir. Əlbəttə, oxucu kimi. Baş redaktor kimi mənə hamı və hər şey maraqlı olmalıdı.

– Deyirsiz, bu mümkündü də, şəxsi fikri, şəxsi münasibəti unutmaq, kənara qoymaq?..

– Əlbəttə. Bəli, mən bir çox yazıçılar var ki, onları zərəli hesab edirəm, onların ədəbiyyatdan müxtəlif şəxsi, ziyanlı ictimai maraqlar üçün yararlandıqlarını düşünürəm.

– Məsələn, Sorokin, hə?

– Doğrudur, Sorokin və tipdə olan yazıçılar. Biz onlara yer ayırırıq.

– Prinsipcə, mən sizin qəzeti oxuyuram, demək olar ki, il ərzində nəşr olunan saylarınızın yarısını diqqətlə oxuyuram, hamısına isə demək olar göz ata bilirəm. Və təxminən bilirəm ki, kimləri nəzərdə tutursuz. Amma mənə elə gəlir ki, «Literaturnaya qazeta» da daha çox onların yazıları yox, onlar haqqında publisistik yazılar çap olunur. Məsələn, mən «literaturnıye sumerki» rubrikasını nəzərdə tuturam...

– Doğrudu, onların haqqında da yazılar olur. Bəlkə daha çox «haqqında» yazıları olur... Bu bəlkə də bizmlə əməkdaşlıq eləmək istəməyən tənqiqçilərə görk olmaq üçün olur... Biz qəzetin qapılarını hamı üçün açan kimi onun tirajı sıçrayışla qalxmağa başladı. Bilirsiz, oxucu obyektiv səhnə ilə ona sırınan və yalnız kimlərinsə dünyagörüşünü ifadə edən səhnənin fərqini çox yaxşı başa düşür. Bu əlbəttə ki, çoxlarının xoşuna gəlmir... Əvvəl ultraliberal baxışları bölüşməyən yazıçılarla nə edirdilər, sadəcə onlar barədə susurdular. İndi isə bu mümkün deyil. Və bu, bizim mən deyərdim ilk gördüyümüz işimiz, uğurumuzdu. İkinci, bundan daha çətin məqsəd geniş spektri əhatə edən sənət xadimlərini, yazıçıları, kulturoloqları dialoq rejiminə qaytarmaq, könüllü olaraq sövq eləməkdi. Bu çox vacibdi, çünki, 1991-1993-cü illəri əhatə edən hadisələrdən sonra ikiqütblü bir səhnə, ədəbi-siyasi getto yaranmışdı: ultraliberallar və vətənpərvərlərdən ibarət.

– Təbii ki, onlar bir-birini inkar edirdilər, bir-birlərinə nifrət edirdilər.

– Bəli. Üstəgəl, onlar öz dəyərləri əsasında istedad iyerarxiyası, siyahıları düzəltmişdilər. Məsələn, Rasputin liberallar və demokratlar üçün böyük yazıçı deyildi, amma vətənpərvərlər üçün böyük yazıçı idi.

– Yaxud tərsinə, Bitov.. patriotlar üçün bir yazıçı deyildi, amma liberalların favoritlərndən biriydi.


– Bəli, halbuki bu münasibət doğru deyil, onların hər ikisi böyük yazıçıydı və eyni, bütöv ədədbi prosesin tərkib hissəsiydi. Və belə süni bölgü yalnız ədəbi prosesi kasıblaşdırır, misginləşdirirdi...Və məqsəd, dediyim kimi bizim yazıçıları ideya-bədii münaqişə, fundamentalizm rejimindən, dialoq rejiminə qaytarmaq idi. Biz buna nail olduq. Bu illər ərzində nəsr, poeziya, uşaq ədəbiyyatı, kino, televiziya və sair sahələrlə bağlı həqiqi, silsilə diskussiyalar aça bildik, ilk əvvəl heç kim qoşulmayacaq deyə tərəddüd vardısa, indi bu yoxdu.

– Hə, mən onları xatırlayıram...Mnasakanyan, Latınina...

– Hə, hə, doğrudu. Düzdü, bizdən inciyənlər də vardı. Məsələn, biz Voynoviçi tənqid eləmişdik, o da bizdən incimişdi. Halbuki, tənqidi satira yazan bir adam kimi bunu daha rahat qarşılamalıydı. Özünü...özünü...

– Özünütənqid və özünəironiya hissi güclü olmalıydı demək istəyirsiz...

– Bəli...İndi bizdə...

– Bağışalyın, amma başqa bir sual da verim. Bəs, «Literaturnaya qazeta» Rusiya sərhədlərindən kənarda yaranan rus dilli ədəbiyyatı, ədəbi prosesi necə izləyir?

– Belə deyim ki, biz bu mənada yolun başlanğıcındayıq. Əgər mən qəzetə gələnədək yalnız ABŞ-da, Almaniyada və İsraildə yaranan rusdilli ədəbiyyatı izləyirdiksə, yəni, dostlar, tanışlar səviyyəsində, indi, bu məsələdə konsepsiya var. Məsələn, biz rubrika açmışıq: «Poverx baryerov» (maneələrə rəğmən, yaxud, əngəlləri aşaraq- S.B.). Məsələn bu rubrikada mətnlərlə yanaşı xaricdə rusca yazılan, nəşr olunan kitablarla bağlı rəylər, məqalələr çap edirik. MDB və dünyada nəşr olunan almanax və jurnallarla bağlı icmallar dərc edirik. O cümlədən Azərbaycan da baş verənləri qismən əks elətdiririk. Amma qəzet özü özünü dolandırır. Məsələn, biz istərdik ki, MDB ölkələri
Səlim Babullaoğlu
ədəbiyyatlarını, ədəbi prosesini göstərə bilən ayrıca və dövri səhifələrimiz olaydı, bunu biz indi öz hesabımıza edə bilmirik, amma düşünürəm edəcəyik. İndi bunun zamanıdı. Əgər əvvəl «SSRİ xalqları ədəbiyyatı» şöbəsi vardısa qəzetdə, indi «MDB ölkələri ədəbiyyatı» şöbəsini yaratmağı düşünürük.

– Mən illər əvvəl Moskvada olanda, siz demişkən, müxtəlif qütbləri, gettoları təmsil edən yazıçılarla görüşdüm. Onların «Literaturnaya qazeta» ilə bağlı fikirləri ilə tanışam. Belə fikri də var dı ki, qəzet hakimiyyət yönlü olmasa da dövlətyönlü mövqe tutur. Sizin bu fikrə münasibətinizi bilmək istəyirəm. Bu nə qədər belədi, nə qədər doğrudu? Ümu¬miyyətlə, sizin yazıçı kimi «hakimiyyət və ədəbiyyat» məsələsinə münasibətinizi bilmək istəyirəm.

– Məsələ budu ki, «Literaturnaya qazeta» mən ora gələnədək artıq dövləti bir mövqedəydi. Söhbət Yeltsin dövründən gedir. Amma məsələ budu ki, o dövrdə hakimiyyətin siyasəti dövlətin dağıdılmasına xidmət edirdi. Mənim qəzetə gəlişim həmin dəhşətli krizisdən qurtuluşun başlanğıcı dövrünə təsadüf edirdi. Və mənim yazıçı kimi də mövqeyim bəlli idi. Ümumiyyətlə, mən ədəbi antiyeltsinizmin banisiyəm. O vaxtdan bu yana dəyişən budur ki, indi siyasət dövlətin dağıdılmasına xidmət eləmir. Biz də təbii ki, öz dövlətimizi sevirik. Amma mənim yazıçı kimi mövqeyim belədi ki, yazıçı hakimiyyətə müxalif olmalıdı və bu vacibdi. Çünki hakimiyyət gücdü, o böyük məqsədləri üçün kiçik adamları görməyə bilər, onu əzə bilər. Xüsusən, rus ədəbi ənənələri üstündə formalaşan ədədbiyyatçı belə olmalıdı, o daim bürünc atlıya onun atının nalı altında kimin qaldığını, qala biləcəyini xatırlatmalıdı. Amma isterik şəkildə olmamlıdı. Konstruktiv şəkildə olmalıdı, hər halda ən azı ideya şəklində. Çox nadir hallarda yazıçı dövlətə də müxalif ola bilər, hakimiyyətə, konkret adama demirəm. Amma yazıçı heç vaxt dövlətçiliyin əleyhinə olmamalıdı.

– Gəlin, söhbəti bir az nəzərilikdən çıxardaq. Sizin yazıçı kimi hakimiyyətlə probleminiz olubmu?

– Yazıçı kimi mən həmişə kəskin şeylər yazmışam, bu da həmişə hakimiyyətdəkilərin xoşuna gəlməyib, onları qəzəbləndirib. Sovet dövründə mənim əsərlərimi çap eləmirdilər, 80-ci ildə yazdığım «Sərəncama 100 gün qalmış» povestini 87-ci ilə qədər çap eləməmişdilər.

– Dedovşina ilə bağlı olan povestinizi?

– Sonra, yeddi il sonra onu «Yunost» jurnalı, Andrey Dementyev çap elədi. Hətta hərbi senzuraya məlumat verəndə ki, əsəri nömrəyə qoyub, onsuz da biz onu buraxmayacağıq demişdilər. Dementyev də kaş siz Rustu buraxmayasız demişdi...

– Rustu?

– Hə, Qızıl Meydana enən alman təyyarəçisini nəzərdə tutmuşdu...Ya da «Rayon miqyasında fövqəladə vəziyyət», o da əslində ciddi müxalif düçüncəli əsərdi, özü də daha əvvəl çap olunmuşdu, 85-ci ildə...Bu sovet dövründəydi hələ. Amma mənim Yeltsin hakimiyyəti ilə də bağlı problemlərim olmuşdu. O dövrdə çap olunan «Demqorodok» əsərimi, kitabı dükan¬larda satmaq qadağan olunmuşdu. Biz əvvəl də danış¬mışdıq, siz mənim məqalələrimin bəzilərini oxumusuz, onlar da hakimiyyət eşalonunda xüsusi vəcd doğurmayıb heç vaxt. Yeri gəlmişkən, mənim «Qaçmağı düşünmüşdüm mən» əsərim əsasında çəkilən film, bilirsiz ki, onun rejissoru Murad İbrahimbəyovdur.

– Bilirəm, bəli...

– O filmi 1-ci kanalla translyasiya eləyəndə ciddi şəkildə kəsib doğramışdılar.

– Sizcə bu necə olur, axı, sanki Rusiyada demokratiyadı, yox? Amma filmi kəsirlər...

– O vaxt necə olurdusa indi də elə olur. Belə çıxır ki, kommunistlərə gülmək olar, amma demokratlara olmaz. Adi məntiqdi.

– Daha doğrusu məntiqsizlik.

– Elədi. Məncə demokratlar daha gülməli vəziyyətdədilər. O birilərinin pis-yaxşı prinsipləri vardı, bunların isə heç nəyi yoxdu. Yeri gəlmişkən, rus dilində, ən azı mətbuatının dilində populyar olan «demokradı» sözünün müəllifi də mənəm.

– Yəni, oğrular...Yaxşıdı. Yeni rus ədəbiyyatını, gəncləri izləyə bilirsiz?

– Yox, deyə bilmərəm ki, yeni ədəbiyyatın bilicisiyəm. Amma biz onları da çap edirik, vaxtaşırı onlara yer ayırırıq. «Qanunsuz kometa» adlı səhifəmiz də var, məxsusi onlar üçün. İnternetdən mətnlər götürürük. İnternet jurnallarla əməkdaşlıq edirik. Ən yaxşıları çap etməyə çalışırıq. Amma internet yeni ədəbiyyatın ən qəliz tərəfidi. İnternet onlarla çox pis zarafat eləyir əslində. Yazıçı üçün iki bəla var: tez görünmək və gec görünmək. Hələ bilmək olmaz ki, hansı daha pisdi yazıçı üçün. İnternet – qaralamanın hamı üçün əlçatan olmasını təmin edir, onu kütləviləşdirir. İnternet qaralamanın qloballaşmasıdı əslində. Peşəkarlıq, ustalığın artırılması isə qaralamanın ağlamaya çevrilməsi prosesidi. Bizim nəsilin qaralamadan ağlamaya yolu xeyli çəkmişdi, ola bilsin ki, lazım olandan daha artıq hətta.

– Amma bu mənada gec daha yaxşıdı, nəinki tərsi.

– Məhz belədi.

Yuri Polyakov (sağda)
– Amma siz həm də oxucusuz, yeni ədəbiyyatdan adlar çəkə bilərsiz, məncə...


– Məsələn, Sergey Şarqunov...

– Mən onun yazılarını, publisistikasını oxumuşam. Təəssüf ki, iri əsərini oxumamışam. Bir də onun «Ura!» romanı haqda bir neçə yazı oxumuşam. Siz onu necə qiymətləndirirsiz?
– Demək olmaz ki, mən onun bütün əsərlərini oxumuşam. Amma oxuduğum qədər deyə bilərəm ki, gənc yazıçı kimi o maraqlıdır. Hələki...sabah nolacaq, bilinmir. Yaxud, Anna Kozlova...Ədəbiyyat marafon qaçışıdır.

– Bu fikirdən mənim də xoşum gəlir, tez-tez isitfadə edirəm.

– Əvvəl hamı eyni cürdü, qısa tumanda, maykada. Start verilən kimi minlərlə adam birdən irəli atılır. Kim kimdi bilmək olmaz. 1 saat sonra artıq yalnız yüz nəfər irəlidə qaçır, yaxud ümumiyyətlə qaçır. Sonda 5 nəfər, özü də böyük aralarla... Məsələn, mən şair kimi yazmağa başlayanda elə adamlar, həmyaşıdlarım vardı ki, mən onlar haqqında yüz faizlik əminliklə gələcəyin böyük şairləri olacaqlar deyə düşünürdüm. Amma olmadı. Görünür, hər bir yaradıcı adamın içində fərqli inkişaf mexanizmi qoyulub. Heç kim o mexanizmin hansı müddətə işləyəcəyini bilmir. Məsələ budu ki, o istənilən vaxt sönə, dayana bilər.Onda sən inkişafda olan yazıçıdan adiliyə çevrilirsən.

– Necə bilirsiz, o mexanizmə təsir edən, təyinedici şəkildə təsir edən hansı ünsürdü? Məsələn, deyək ki, həyat tərzi. Ola bilərmi?

– Həyat tərzi... Hə (gülümsəyərək), əgər sən Yesenin kimi coşğun həyat yaşayırsansa, tez də dayana bilərsən, həm fiziki, həm də yaradıclıq baxımından. Amma o da ola bilər ki, şair kimi fiziki yaşın səksənə çata bilər, amma sənin yaradıcılıq inkişaf mexanizmin 35 yaşında dayana bilər.Məni həmişə başqa şey təəccübləndirib, birlikdə başlayarkən nəhəng təəssüratı yaradan birini on il sonra görəndə, anladım ki, o artıq ortaboyludur, daha bir on il keçdi, həmin adam artlq cırtdana çevrilmişdi.

– Mənim zaman baxımından böyük təcrübəm olmasa da mən də oxşar şeyləri müşahidə eləmişəm.

– Görürsüz. Özü də bunu öncəgörmək, proqram¬laşdırmaq olmur. Ədəbi fəaliyyətin qəddar tərəfi də məhz budur.

– Razıyam. Posmodernizm bumu Rusiyada 7-8 il əvvəlki deyil. Bunu hiss eidrəm mən. Polemikalardan, ədəbi mətbuatdan. Biz də isə bu proses Rusiyadakı, daha doğrusu Moskvadakı 7-8 il əvvəlki situasiyanı xatırladır. Mən şəxsən müxtəlif nəzəri yazılar oxumuşam, xeyli təzadlı, bir-birini təkzib edən şeylər də görmüşəm, amma məntiqi şeylər də təbii ki. Nədir postmodernizm? Sizin münasibətiniz...

– Postmodernizmə mənim ikili, iki münasibətim var. Biri ona ümumdünya bədii metod kimi baxışdı.Bunun yaranışını olduqca təbii hesab edirəm. O hansı zərurətdən yaranıb? Nədir intertekstuallıq? Məsələ budur ki, bəşəriyyət özünün yaradıcı yüzilləri boyunca obrazların, mətnlərin o qədər böyük kütləsini əldə etmişdi ki, birdən onu özünəməxsus kataloqlaşdırmağa ehtiyac duydu. Yəni, adi kataloqlaşdırma kimi hərəkətsiz, ölü deyil, canlı, mütəhərrik kataloqlaşdırmaydı bu. Üslubların səsləşməsi, obrazların səsləşməsi aktuallaşdı postmodernizm vasitəsiylə.

– Yəni, hardasa minillərlə əldə olunmuş mədəni, bədii irsin özünəbaxışı, özünü təftişi kimi də baxmaq olar.

– Tamamilə doğrudur. Və bu qanunauyğunluqdur. Amma eyni zamanda postmodernizm xeyli sayda, olduqca böyük sayda yaradıcılığa iddialı kütlə üçün gizlənmək yeri oldu. Çünki orijinal səsləri, dəsti-xətləri yoxdu o adamların.Çünki nonseleksiya ilə istənilən qrafomanlığı ört-basdır eləmək asandır. Və bunula da postmodernizm fırıldaqçıların iqamətgahına çevrildi. Məsələn, Rubinşteyn...o məyər şairdi ki?

– Onun haqqında mən də eyni cür düşünürəm.

– Yeri gəlmişkən, mənim «Süddə çəpiş» əsərim postmodernizmə parodiyadır.

– Parodiyaya parodiya.

– Hə, həm parodiya, həm polemika. Mən bunu mərclə yazmışam. Bilirsiz, realist yazıçıyla postmodernist yazıçının bir ciddi fərqi var. Birincilər postmodernist roman yaza bilər, ikinci isə realist roman yaza bilməz. Və mənim «Süddə çəpiş» romanımın 25 -ci nəşri oldu. Tərcümə olundu, səhnələşdirildi, kino həyatı qazandı və sair. İndi yeri gəlmişkən, Azərbaycanda da nəşr olundu.

– Təbrik edirəm. Sizin müəllimləriniz kim olub. Sevdiyiniz şairlər, yazıçılar?

– Mən yaradıcılığa şair kimi başlamışam. İlk müəllimim, elə həm də sevdiyim şair Vladimir Sokolovdu. Mənim ilk şeir kitabıma ön söz də yazıb. Onu XX əsrin ikinci yarısına aid böyük rus şairlərindən hesab edirəm. Yazıçı kimi isə məncə yaradıcı başlanğıcım Şedrindən, Qoqoldan, Dosto¬yevskidən gəlir. Bir qədər ictimai motivli, satirik meylli əsərlərindən həmin yazıçıların. Sonrakı etapda İlf və Petrov. Və bütün satirik ruhlu milli ədəbiyyatımız. Satira Bunin lirizmi ilə qovuşanda, gülməli dəhşətli ilə qonşuluq edəndə ədəbi nəticə çox yaxşı olur.

– Siz indi özünüzü daha çox şair hesab etmirsiz təbii ki...

– Əlbəttə. Mən yazıçıyam. Bilirsiz, nasir fəsillərlə yazır. Yaxşı nasir isə abzaslarla yazır. Nəsrə poeziyadan gələn yazıçı isə sözlərlə yazır.

– Bu maraqlı nəticədi. Ədəbiyyat nədi, Yuri Mixayloviç, sizcə?

– Bu haqda düşünməmişəm. Yəqin oxucu ilə zərif enerji mübadiləsidi ədəbiyyat.

– Çox yaxşı, mən sizə bu mübadilə işində uğurlar arzulayıram.

Bakı, «Avropa» oteli, 15 may 2006-cı il

"Ədəbi söhbətlər" kitabınnda Səlim Babullaoğlunun dünyanın tanınmış yazarları ilə müsahibələri yer alır. Kitabı "Bayatı" (AYB), "Akademiya" Kitab Mərkəzi (Ədəbiyyat Muzeyinin 1-ci mərtəbəsi) və "Əli və Nino" kitab dükanlarından əldə etmək olar.

M.Köhnəqala: "AYB-nin sədri yox, tipi dəyişməlidir!"

İlqar Rəsul

Murad Köhnəqala
"Bu saat azad fikirli bir gənci Azərbaycan Yazıçılar Birliyinə rəhbər qoysalar, yenə də orada xoş ab-havanın yaranması mümkün deyil.

Çünki AYB-nin bir təşkilat kimi strukturu, tipi dəyişməlidir.

AYB rəsmən bir dövlət təşkilatı deyil. Sadəcə olaraq qeyri-rəsmi ədəbiyyat nazirliyidir.

Və belə olan halda AYB-yə il ərzində tendersiz bu qədər pulun ayrılması cinayətdir". 


Bu fikirləri Azadlıq Radiosunun "Pen klub" proqramında şair Murad Köhnəqala bildirib.

Verilişin mövzusu "Yazıçılar birliklərinin başına gənclər gəlsə, nə dəyişəcək?" olub.

Qarşıdan gələn qurultayda AYB-nin rəhbərliyi dəyişməlidirmi?


Murad Köhnəqala:

"Bax o yeni tikilən binaların mənə nə dəxli var? Əgər deyildiyi kimi ölkədə sürətli inkişaf varsa, o inkişaf mənə niyə gəlib çatmır?"
 
Və Azad Yazarlar Ocağını yaradanlar onu gənclərə verib getməlidirlərmi?

Proqrama tənqidçi Cavanşir Yusifli də telefonla qatılıb.

Murad Köhnəqala:

- AYB sovet dövrünün - o köləlik dövrünün formasını indiyədək özündə saxladığı üçün bu gündədir.

Nə vaxtsa AYB tarixin arxıvınə gedəcək. Və biz bir muzey kimi ziyarət edib onu ədəbiyyatın cəza maşını kimi xatırlayacağıq.

M.Köhnəqala dövlətdən pay ummayan, azad yazarların bir çoxunun acınacaqlı vəziyyətdə yaşadığını dilə gətirib. 

- 50 yaşı keçmişəm. Evim də yoxdur. Bax o yeni tikilən binaların mənə nə dəxli var?

Əgər deyildiyi kimi ölkədə sürətli inkişaf varsa, o inkişaf mənə niyə gəlib çatmır?

Axı məni Azərbaycanda tanıyırlar, ortada olan bir adamam, bu mənə də dəyməlidi də. Mən tikilən binalara, çəkilən yollara nifrətlə baxıram...

M.Köhnəqala AYB-yə müxalif olan Azad Yazarlar Ocağında da islahata ehtiyac görür.

- AYO –nun adını mən qoymuşam. O yarananda da fikrim belə idi ki, orada gənclər olsun. Özü də məncə ocağın sədri olmamalıdır. Olsa-olsa ocağın ocaqçısı olar də.

Mən çox istərdim ki, AYO-da gənc yazarlar çox olsun. İstərdim ki, orada Rafiq Tağı yaşda yazıçı olmasın.

Cavanşir Yusifli
Necə ki mən AYO-dan çıxmışam, onlar da çıxsın. Bilmirəm niyə çıxmırlar. Amma heç demirəm də çıxsınlar. Bu, sadəcə mənim fikrimdir.

Düşünürəm ki, bişmiş yazıçıların nəfəsi cavanların başının üzərində olmamalıdır. Mən bunu arzulayıram.

Cavanşir Yusifli:


- Cəmiyyətin, idarəetmənin, rejimin tipi dəyişməzsə, münasibət dəyişməzsə, AYB-nin növbəti qurultayında seçiləcək gənclər 2 dəqiqədən sonra qocala bilərlər.

Çünki insanın cavanlığı, qocalığı onun necə düşünməsi ilə ölçülür.

AYB-də 18 yaşından 30 yaşadək cavanların yazılarını oxuyanda görürsən ki, aralarında zəifləri, otababları ilə yanaşı doğrudan çox yaxşıları da var.
Amma idarəetmə, tendensiyalara yol verilməsi və sair məsələlər ideologiyasız mümkün deyil.

Bunun da özülündə o durmalıdır ki, insanların bu cəmiyyətdən, bu qurumdan saf su içmələrini necə təşkil etmək lazımdır.

Əsas məsələ də əlində qələm olan insanların maddi durumunun necə yaxşılaşdırılmasıdır.

Halbuki doğrudan da bu tikilən binaların, çəkilən yolların, bu gözqamaşdırıcı sürətlə müqayisədə insanların nə qədər böyük səfalət icərisində olduğunu hamı bilir.

Gözümüzün qarşısındə hər gün zibillikləri eşələyən insanların arasında qələmini cibində gizlədən yazıçılar da olmamış deyil.

Məncə yaşlı yazarlarrın AYO üzvü kimi qalmaları elə bir problem deyil. Əsas odur ki. üzvlər arasındakı münasibətlər düz qurulsun.

Atmosfer yaxşı olandan sonra yaşlı, yaxud cavan olmasının bir əhəmiyyəti yoxdur. Hesab edirəm ki, AYO-nun yaradılması niyyəti düzgün qoyulub.

Və bəlkə də başqa alternativ qurumlar da olmalıdır ki, yeganə təşkilatın varlığı məsələsi unudulsun.

Yazıçılar Birliyinin sədri, yazıçı ANAR
Amma heyf ki, AYO hələ də rəsmi qeydiyyata alınmayıb. Halbuki, qeydiyyata alınsa, digər qurumların da yaranmasına təkan verərdi.

Murad Köhnəqala:

- Biz AYO-nu yaradandan sonra Anar, Elçin və digər nüfuz sahiblərini tənqid etdik.

AYO-nun qeydiyyata alınmaması da nizamnamədə nəyinsə düz yazılmamasına görə yox, buna görədir. Azərbaycanda bax bu reallıqlar var.

Köşə yazıları həmişə yazaram. Amma çox arzulayardım ki, indiki kimi onun qonorarından asılı olmayım.

Köşəni hərdənbir yazım və qalan enerjimi əsas yaradıcılığıma həsr edim.

Axı mən robot deyiləm ki, şeir, nəsr yazmaqla yanaşı, gündəlik publisistika ilə də məşğul olum.

Cavanşir Yusifli:

- Bu cəmiyyətdə sevdiyin işlə məşğul olmaq da bir az qorxuludur.

Çünki, bəzən bizdən asılı olmayaraq gərginlik hərdən elə həddə çatır ki, insan sevdiyi şeyə nifrət də edə bilər.

Axı insanın işləməsinin, çalışmasının da bir həddi olmalıdır. Hərdən öz-özünə düşünürsən ki, ailə, uşaqlar var, bunları dolandırmaq lazımdır.

Və özünə söz verirsən ki, yıxılanadək işləyəcəksən. Amma kənardan baxanda deyirsən ki, bu manyaklıqdır, insan bu qədər işləməz.

Murad Köhnəqala:

- Sonunda da təqaüdümüz yoxdur. Bu qədər işləməkdən sonra bizim təqaüdümüz olmayacaq. Yıxılıb ölsək necə olacaq?... 

Yazar və yüngül həyat

Əsəd QARAQAPLAN


Yaxınlarda Facebook-da dostlardan biri mənə belə bir sual ünvanladı: Sizcə, yazarlar niyə içkiyə meylli olur? Nədən qaynaqlanır bu qədər içkiyə həvəs?

Mənsə elə o günkü halıma uyğun olaraq bunları yazdım ona:

Həyat, yaradıcılıq adamı ağır enerjiylə yükləyərkən sən həyatının bütövlüyünü tənzimləməkdən ötrü içkiyə, qadına, ən yüngül əyləncələrə meyl etmək zorunda qalırsan.

Ki, yenidən həyatını, yaradıcılığını qaydasına salıb, balanslaşdıra biləsən.

Təsadüfi deyil, yaradıcı adamları qatillərlə, atılmış səfil uşaqlarla müqayisə eləyirlər.

Yəni gündəlik həyatda, ötəri qayğılarda hardasa naqis olmağa məcbursan ki, öz içinin təmizliyini qoruya biləsən.


Dostoyevskini qınayırlar, o içki düşgünü, qumarbaz, nə bilim qadınlara meyilli olub.

Ama anlaya bilmirlər ki, Dostoyevskini ayaqda saxlayıb, bütün bu böyük əsərləri yazdıran da bütün bunlar idi.
 
Həyatının bir tərəfi plyus olanda, bir tərəfi mütləq minus olmalıdı. Hətta bunu K.Yunq da yazır..

İstedadlar çox vaxt ona görə məhv olub gedirlər, onlar bunların hər ikisini eyni vaxtda etmək istəyirlər.

Halbuki ya şəxsi həyatın rahat düzənini, ya da narahat ruhlu yaradıcılıq yolunu seçməlisən. Burda istedad yalnız ilkin şətrdi.

Qalanı sənin bu istedadla seçəcəyin yoldan asılıdı

İçki də yaradıcı adamın yükləndiyi halda dadına çatan bir vasitədi.

Ama bütün bunlarla yanaşı, içkini də ehtiyac olmadan içmək düzgün deyil.

Yəni sən öncə bütün bunları öz içində duymalı, sonra buna qərar verməlisən.

Məsələn, hansısa yaradıcı məhşurun dediyi bir məhşur kəlamı həyatına tətbiq etmək və dəyərləndirməkdən ötrü ən azından onun gəldiyi yol qədər yol gəlməlisən.

Ona görə hansısa məşhurun sözü, həyat tərzi, içkisi, yüngül əyləncələrə meyli bunu duymayan adamlarda yalnış effekt yaradır.

Fyodor Dostoyevski
Dostoyevskini qınayırlar, o içki düşgünü, qumarbaz, nə bilim qadınlara meyilli olub.

Ama anlaya bilmirlər ki, Dostoyevskini ayaqda saxlayıb, bütün bu böyük əsərləri yazdıran da bütün bunlar idi.

Biz nədənsə həyatın görünən reallıqlarına daha çox aludə oluruq, əsl həqiqətsə çox vaxt kənarda qalır.

Mənim niyə içki içdiyimi bilməkdən ötrü mənim yaşantılarımı, duyduqlarımı duymaq lazımdı.

Ən büyük əsərlərin yaranması üçün çox vaxt ən xırda, ən iyrənc bilinən vasitələr lazım olur.

İnsanlar bunu duysalar, yaradıcı adamı da bu qədər qınamazlar, yeri gəlsə içkiyə də meyilli olmazlar.

Yaradıcı adam bütün bu xırda, iyrənc, əxlaqsız kimi görünən şeylərdən böyük əsərlər yaratmaqçün bir vasitə kimi istifadə edir.

Ona görə də bu vasitəçilik çox vaxt onların şəxsi həyatını darmadağın bir duruma gətirir.

Məni içki içməyə, qadına, yüngül əyləncələrə meyl etməkdən ötrü qınamaqdansa, necə yazdığıma görə qınamaq daha yaxşıdı.

Əslində bütün bu qınaqlar da, ittihama bənzər nələrsə, şəxsi həyatın darmadağın olması da əsl yaradıcını yolundan döndərə bilmir.

Çünki o, İlahi bir şeylə məşğul olduğunu duyanda, İlahinin yaratdığı bütün bunların ona irad tutulması gülməli görünür.

Amerika yazıçısı O Henri - alkoqol aludəçisi olub və 48 yaşında vəfat edib.
Əlbəttə, içki, qadın və s. burda yalnız bir vasitədi, adam içməyib də başqa əyləncələrlə həyatını, yaradıcılığını balanslaşdıra bilər.

Ama bütün bu vasitələrdən birinin, ya da bir neçəsinin olması, mən deyərdin, hətta qaçılmazdı.

Bütün bunlardan sonra indi kim məni içki içdiyimə, qadına, yüngül əyləncələrimə görə qınaya bilər?

Axı bu qınamaq eşqinə düşənlərin bildikləri, duyduqları mənim buna görə bildiklərimdən, duyduqlarımdan üstün deyil.

Bəzən yaradıcı adama ağıldankəm, səfeh, heç nəyə yaramayan biri kimi baxılsa da, çox zaman bunu o, özü istəyir.

Çünki bütün bu yersiz, mənasız iradlardan, ətrafın basqısından yaxasını kənara çəkib yazmaqdan ötrü bunun vacibliyini duyur.

Əlbəttə, bütün bunların yaradıcı insançün çox vaxt faciəli sonluğu da olur, ama bu yaranan gözəl əsərlərin qarşılığında bu faciəli sonluğun olması gülməli deyilmi?

Özünü bir Fərd kimi hiss edəndə bütün bunların da mahiyyətini dərk eləyib, öz həyatını yaşamağa davam edirsən...

Leyla Yunus: «Repressiyaya məruz qalanların sayı artır»


Leyla Yunus
Leyla Yunus
AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquq müdafiəçisi Leyla Yunusvə vəkil Yalçın İmanov son vaxtlar insanların həbs olunma, saxlanma, izlənmə və təzyiq faktları barədə danışırlar.

Leyla Yunus:

«Hər gün repressiyaya məruz qalanların sayı artır. Dünən 25 nəfər idisə, bu gün artıq 26 nəfərdir. 2011-ci il ilin əvvəlindən baş alıb gedən repressiyalara görə tarixə düşəcək».

Yalçın İmanov:

«Hüquq siyasi hakimiyyətin əlində vasitəyə və alətə çevriləndə, siyasi proseslər qaçılmaz olur. Azərbaycanda siyasi hakimiyyətin sifarişi istintaq orqanı və məhkəmələr üçün artıq əvvəlcədən müəyyən prioritet təşkil edir. 2 aprel aksiyası ilə əlaqədar saxlanmış və barələrində həbs-qətimkan tədbiri seçilmiş şəxslər az ağır cinayətlərdə ittiham olunurlar. Ali Məhkəmənin 3 noyabr 2009-cu il tarixli plenum qərarına əsasən, məhkəmələrə tövsiyə olunur ki, həbsdənsə başqa qətimkan tədbirlərinə üstünlük versinlər. Absurd bundan ibarətdir ki, Azərbaycanda ağır cinayət işlərində buna əməl edilir. Amma az ağır cinayətlər üçün - hansı ki, siyasi proseslər adlandırılır - həbs qərarı seçilir. Bu, artıq fərqli yanaşmanın, siyasi ayrı-seçkiliyin bariz nümunəsi hesab oluna 
Yalçın İmanov
bilər».

Leyla Yunus:

«Bütün bu cinayət işlərinin arxasında Azərbaycan iqtidarının məqsədi dayanır. Yəni, bütün cəmiyyət qorxu hissi ilə yaşasın. Azad fikir, fərqli fikir qadağandır. Məsciddə öz fikirlərini demək qadağandır. Söz azadlığı, toplaşmaq azadlığı yoxdur. Azərbaycan hökuməti vətəndaşlarla repressiyalar, dubinka, qanunsuz məhkəmələr və qanunsuz həbslərlə danışır. Hələ 26 potensial vicdan məhbusu ilə iş bitməyəcək. Bunların işi böyük bir iş açmaqdır».

Yalçın İmanov:


«Məhkəmə mübarizə vasitəsi kimi effektivliyini artıq Azərbaycanda itirib. Bəzən adama elə gəlir ki, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq əbəs yerədir. Hakimlər dürüstlük prinsipinə riayət etmirlər...». 

ŞƏHƏRİN İÇİNDƏ 1001 DƏRDİ OLAN KƏND - ƏHMƏDLİ

Kənd camaatı sulu, işıqlı, qazlı, kanalizasiyalı sovet dövrünün xiffətini çəkir



Bakının sosial problemlər içində itib-batan qəsəbələrindən biri də şəhərin bir addımlığında yerləşən və el arasında “Kənd Əhmədli” kimi tanınan Əhmədli kəndidir. Son illər burada xeyli yeni ev tikildiyindən ilk baxışdan kəndin görünüşü bir o qədər də pis deyil. Buna baxmayaraq kəndin bitib-tükənməyən problemləri çoxdur.
Bakının digər kəndlərində olduğu kimi burada da əhali işıq, qaz, su və kanalizasiya problemləri üz-üzə qalıb. İşsizlik isə kənd sakinlərinin əzəli problemi sayılır. Qəsəbəyə işləyən 323 saylı avtobuslar köhnə olduğundan sakinlər şəhərə gedib-gəlməkdə əziyyət çəkir. Hətta bu günlərdə marşrutda işləyən avtobuslardan biri nasazlıq üzündən yanıb. Qəsəbədəki dar yollar marşrut avtobusların hərəkətinə mane olur. Dar küçədə iki maşının yanaşı hərəkət etməsi qeyri-mümkündür. Bu səbəbdən də avtomobillərin hərəkəti məhdudlaşır və tıxaclar yaranır. Sakinlər qəsəbəyə işləyən marşrutların azlığından da şikayət edir. Marşrutlar fasilələrlə işləyir.
***
Əhmədli kəndinin IX əsrdə salındığı söylənir. Ancaq sakinlər kəndin adının XVI əsrdə yarandığını deyir. Onların sözlərinə görə, Səfəvilər dövründə Əhməd və Mahmud adlı iki varlı maldar qardaş öz tayfaları ilə birgə qış otlaqları tapmaq məqsədilə bu yerlərə gəlmiş və həmişəlik burada məskunlaşmışlar. Tayfa başçısı Əhmədin şərəfinə bura “Əhmədli” adlandırılır. Həmin vaxtdan bu günə qədər Əhmədli kəndinin adı dəyişmədən qalmaqdadır.
Bakının 32 kəndindən biri olan Əhmədlinin tarixində üç mərhələ var. Əhmədli kəndi 1936-cı ildə şəhər tipli qəsəbə statusunu alıb. Əhalisi 15 min nəfər, ərazisi 108 hektardır.
Əhmədli məscidinə də baş çəkdik. Maraqlısı odur ki, məscidin axundu bizə məscidin tarixi barədə məlumat verməkdən imtina etdi. O, bildirdi ki, Qafqaz Müsəlmanları İdarəsinin tapşırığı olmadan jurnalistlərə açıqlama vermir. Bununla belə öyrənə bildik ki, minarəsi olmayan bu məscid 1904-cü ildə tikilib. Kənd sakinlərinin sözlərinə görə, hazırda Bakıda iki yerdə minarəsiz məcid var. Onların biri Əhmədli, digəri isə Keşlə kəndindədir. Məscidin maraqlı tikilmə tarixi olub. Belə ki, məscid tikilərkən Bakının neft milyonçusu Hacı Zeynalabdin Tağıyev faytonla kənddən keçirmiş. Görür ki, camaat məscid tikir. Hacı Zeynalabdin “məktəb tiksəydiniz, daha yaxşı olardı” deyir. Daha sonra “məscid də tikirsinizsə eybi yoxdur” deyərək məscidin tikilməsinə maliyyə köməkliyi edir.
Bunları danışan 70 yaşlı kənd sakini Ağacəfər dayı deyir ki, bu məscid onlara çox əzizdir: “Bax bu məscidin tikilmə pulunu o rəhmətlik verib. Buna görə də bu gün uşaqdan böyüyə kimi hamı onun adını hörmətlə çəkir”.
Kəndin problemləri bir deyil, beş deyil. Qəsəbə sakini Nəcəf Muradxanov bizimlə söhbətində bildirdi ki, Əhmədli kəndi hazırda problemlər içində batır. Onun dediyinə görə, Əhmədli sovet dönəmindən sonra bu vəziyyətə düşüb: “Prezident gələndən sonra kəndin girişini yaxşı asfaltlayıblar. Çünki magistral yola yaxındır. Ancaq bir az aşağılara getsəniz, biabırçılıqları özünüz də görəcəksiniz. Sovet dövründə bu kəndin yaxşı kanalizasiya xətləri olub. Elə ki müstəqillik qazandıq, bu günə qədər kənd problemdən yaxa qurtara bilmir. Bu qəsəbədə kanalizasiya xətti adlı bir şey yoxdur. Çirkli sular birbaşa asfalta axıdılır. Bu da asfaltın tezliklə sıradan çıxmasına səbəb olur. Yağış yağanda vəziyyət daha dözülməz olur”.
Sakinlər kənd bələdiyyəsinin fəaliyyətindən də söz açdılar. Onlar bildirdilər ki, bu qurum sadəcə torpaq paylamaqla məşğuldur: “Kəndin heç bir sosial problemlərini həll etməyiblər. Əhali çirkli suları axıtmaq üçün dəmir borulardan istifadə edir ki, bu da tez-tez sıradan çıxır. Prezident İlham Əliyev aprelin 1-də Əhmədli kəndində oldu və biz sakinlərlə görüşərək problemlərimizlə maraqlandı. Amma ölkə başçısı qəsəbəyə gələndə bir neçə küçəyə asfalt salınsa da əksər küçələr bərbad vəziyyətdədir. "Əhmədli" metrosunun bir addımlığında olan qəsəbə bu gündədirsə, görün digər kəndlərimiz nə gündədir".
Kənd sakini Arif Qasımov dedi ki, uzun illərdir onlar bu kənddə yaşayır: “Ulu babalarımız bura İrandan gəlib. Biz Qacarlar nəslindənik. Bu kəndin məşhur sakinləri olub. Molla Əliqulu, Molla Əbdüləli, Korbaba kəndin sayılıb-seçilən kişilərindən olublar. Bəstəkar Hacıbaba Həsənov bu kənddə doğulub. Mənim əmim 30-cu illərdə ticarət texnikumunun direktoru işləyib. Kənddən tanınmış ziyalılar da çıxıb. Hazırda kənddə xəstəxana, poliklinika, mədəniyyət evi və poçt var. Eşitdiyimə görə, bu yaxınlarda qəsəbədə geniş abadlıq işlərinə başlanacaq. Kənddə ən böyük problem işsizliklə bağlıdır. Yaxşı olardı ki, yerli icra nümayəndəsi və bələdiyyə imkansız ailələrin mənzillərinin təmirinə kömək göstərsin. Kənddə elə ailələr var ki, onların yaşadıqları ev tamamilə uçub”.
Qəsəbədə olarkən onu da öyrəndik ki, kənd sakinlərinin meşə kimi tanıdığı böyük bir ərazi Xətai Rayon İcra Hakimiyyəti tərəfindən talan edilərək ayrı-ayrı şəxslərə satılıb. Əhmədli sakini Məşədi Həsən bizimlə söhbətində bildirdi ki, bu meşə sahəsindən əsər-əlamət qalmayıb: “Ekologiya və Təbi Sərvətlər Nazirliyi yerli qurumlarla birləşərək ərazini pay-püş etdilər”.
Doğrudan da biz həmin ərazidə olanda böyük şam ağaclarının hasara alındığının şahidi olduq. Ərazi meşə sahəsi adlandırılsa da artıq meşədən əsər-əlamət qalmayıb. Ağacların yarısı kəsilib, yarısı isə şəxsi təsərrüfat kimi hasara alınıb. Onu da öyrəndik ki, qəsəbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geologiya idarəsi fəaliyyət göstərir. Ancaq bu qurumun nə işlə məşğul olmasına heç kəs aydınlıq gətirə bilmədi. İdarənin həyətində olarkən orada bir neçə sınıq-salxaq maşının olduğunu gördük.
...Kənddən ayrılanda bir yığın problemi bir yazıya necə yerləşdirmək haqda fikirləşirdik. Sakinlər isə bu yazıdan sonra onların problemlərinin həll olunub-olunmayacağı haqda suallar verirdilər. Bizdən yazmaq idi. Müvafiq qurumlardan da problemləri həll etmək olmalıdır...

Elmin BƏDƏLOV, Məhəbbət ORUCOV                               musavat.com

MÜXALİFƏTÇİ QADINLAR HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ ETİRAZ EDİR

“Onlar müraciət olmadan zorakılıqları araşdırmaq istəmirlərsə, heç etməsinlər”



Qəzetimizin ötən sayında hüquq müdafiəçilərinin müxalifətçi qadınlardan ərizə gözlədiyi barədə yazmışdıq. Hüquq müdafiəçiləri bu fikirdədir ki, aksiyalar zamanı və aksiyadan sonra qadınların üzləşdikləri problemlərin araşdırılması üçün onların rəsmi şəkildə müraciət etməsi vacibdir. Bunu “Yeni Müsavat”a D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Novella Cəfəroğlu demişdi.
Bakıda keçirilən son aksiyalar zamanı və ondan sonra zorakılığa məruz qalan qadınlar isə hüquq müdafiəçisinin bu fikrinə etiraz edir. Onların sözlərinə görə, hüquq müdafiəçiləri qadınların, ümumən vətəndaşların zorakılığa məruz qalmasını müraciət olmadan da araşdırmağa borcludur. Müxalifətin 17 aprel aksiyası zamanı saxlanılan və 5 sutka həbs cəzası alan AXCP sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə, hüquq müdafiəçiləri 17 aprel aksiyasında qadınlara təzyiqlərdən xəbərdardır: “Novella xanım qadın hüquqlarını müdafiə cəmiyyətinin rəhbəridir, bu sahədə böyük xidməti, rolu var. Amma Novella xanım həmin gün orada idi, xanımlara hansı təzyiqlərin olduğunu özü də gördü. Bunu araşdırmaq üçün onlara müraciət etməyə, ərizə yazmağa ehtiyac yoxdur. Təzyiqə, zorakılığa məruz qalan, haqqı tapdanan vətəndaşı müdafiə etmək hüquq müdafiəçisinin borcudur, onun bilavasitə vəzifəsidir. Onlar da mitinq günü monitorinq aparıb, sonra polis idarəsinə gediblər. Baş verənlər barədə bu qədər mətbuatda gedib, hər şey göz qabağındadır, şəkillər və məlumatlar var. Mən niyə müraciət edim? Müraciət etməyi doğru hesab etmirəm və belə bir niyyətim yoxdur. Əgər hüquq müdafiəçiləri onlara müraciət olmadan hər hansı zorakılıq faktını araşdırmaq istəmirlərsə, heç araşdırmasınlar”.
İctimai Palatanın 2 aprel mitinqi ilə bağlı açılan cinayət işinə görə polisə aparılmış Müsavat başqanının müşaviri Dünyaxanım Cərullayeva da eyni fikirdədir. O da bildirdi ki, hüquq müdafiəçisi vətəndaşa qarşı edilən zorakılıq və təzyiq faktını ona müraciət olmadan araşdırmağa borcludur: “Bu, sözsüz ki, onların borcudur”.
Bununla belə D.Cərullayeva hüquq müdafiəçilərinə müraciət edəcək: “Artıq ərizə üzərində işləyirəm. ərizəni tezliklə hüquq müdafiəçilərinə çatdıracam, şəkillərimi verəcəm. Baş verənlər barədə mətbuatda məlumat gedib, bunu da onlara göstərəcəm”.

R.RƏFİYEVA             "Yeni müsavat"

“OĞUZ-BAKI SU KƏMƏRİ İLƏ BAĞLI SENSASİON FAKTLAR

“Boru 2-3 ilə yararsız hala gələcək”
Mirvari Qəhrəmanlı: “Bu uğursuz layihədən yerli əhali də əziyyət çəkir”




Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı “Oğuz-Qəbələ-Bakı” (OQB) su kəməri tikintisinin icrası zamanı yaranmış problemlərin həllini tapmamasından və kəmərin təhlükəsizliyinin təmin olunmamasından narahatdır. Bununla əlaqədar təşkilatın sədri Mirvari Qəhrəmanlı mətbuat konfransı keçirdi və NHMT-nin aprel ayında apardığı monitorinqin nəticələrini açıqladı.
Xatırladaq ki, OQB su kəməri layihəsinin idarə edilməsi və sifarişçi funksiyası Nazirlər Kabinetinin sərəncamı ilə «Azərsu» Səhmdar Cəmiyyətinə həvalə edilib. Layihənin icrasına 01.03.2007-ci ildə başlanıb, açılışı isə 28.12.2010-cu ildə baş tutub. M.Qəhrəmanlı bildirdi ki, layihənin 14 ay ərzində 480,0 mln. manata başa gəlməsi planlaşdırılsa da, tikinti 45 aydan çox vaxta və 747,0 mln. manat vəsaitə başa çatıb. 2011-ci il üçün isə daha 33,4 mln. manat vəsait ayrılıb ki, bu da 1 kilometrə təxminən üç milyon manat edir.
Təşkilat rəhbəri dedi ki, tikintinin sifarişçisi olan Azərsu ASC NHMT IB-nin sorğusuna cavab olaraq kəmər üçün 3257 nəfər xüsusi mülkiyyətçidən 975,99 ha torpaq sahəsinin alındığını bildirib: “Aprelin 20-də növbəti monitornq-müşahidəsi Qəbələ rayonu Şamlı kəndi və Oğuz rayonu Bayan kəndlərində aparılıb. Su kəmərinin və bununla əlaqədar digər qurğuların altına düşən xüsusi mülkiyyətdəki torpaqların sahibləri ilə görüşlər keçirilib, eləcə də su kəməri keçən ərazilərə baxış keçirilib. Su kəmərinin ”açılışı" 28 dekabr 2010-cu ildə ölkə ictimaiyyətinə təqdim edilsə də, orada yaranmış problemlər qalmaqda davam edir. Belə ki, dövlət tərəfindən torpaq mülkiyyətçilərinə ödəniləcək kompensasiyalar və itirilmiş faydalar hələ də ödənilməyib. Mülkiyyətçilərə adekvat torpaq sahələri təklif olunmayıb. Şifahi şəkildə kəndlilərə təklif olunan torpaqlar isə xeyli uzaq sahədə yerləşir və münbitliyi onlardan alınan torpaqlardan aşağıdır. Mülkiyyətçilər 4 ildir ki, torpaqların becərilməsi ilə məşğul ola bilmir".
M.Qəhrəmanlı su kəmərinin tikintisinin çox yararsız və səliqəsiz aparıldığını da vurğuladı: “Oğuz-Qəbələ-Bakı su kəmərinin təhlükəsizliyi təmin olunmur. Kəmər və qurğular üzərində heç bir nəzarət yoxdur. Kəndlilərin torpaqları da demək olar ki, yararsız vəziyyətə düşüb. Tikinti şirkətləri kəmərin tikintisindən sonra heç bir bərpa işləri aparmayıb. Bayan kənd sakinlərinin kompensasiya haqqında Nazirlər Kabinetinə etdikləri müraciət yenidən Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinə ünvanlanır. Hüquqları pozulan mülkiyyətçilərdən biri artıq məhkəməyə müraciət edib, onun xeyrinə 40 min manat kompensasiya ödənməsi barədə qərar verilib, digərləri də məhkəməyə müraciət edəcəklər”.
M.Qəhrəmanlı NHMT-nin illik hesabatındakı ekspert rəyini də açıqladı: “Bölgənin ildə 160 milyon kubmetr su verməyə imkanı yoxdur. Su tədricən azalacaq. 2-3 ildən sonra isə bölgənin su ehtiyatları tükənməyə başlayacaq. Nəticədə layihə iqtisadi cəhətdən yararsız vəziyyətə düşəcək. Sudan düzgün istifadə edilməməsi isə ekoloji fəlakətə səbəb olacaq. Ərazidə səhralaşma prosesi başlayacaq. Bu isə artıq müşahidə olunmaqdadır”.
Təşkilat sədri sonda onu da bildirdi ki, jurnalistlərdən ibarət qrup yaradılıb və sözügedən kəmərlə bağlı yaranan problemlərə yerində baxış keçiriləcək: “Deyirlər ki, Bakıda su var, qoy mənbədən mənsəbə kimi bu jurnalistlərin şahidliyi ilə müşahidə olunsun”. M.Qəhrəmanlı hesab edir ki, jurnalistlərin obyektiv baxışı aidiyyəti dairələri də məsuliyyət qarşısında qoyar ki, bu da baş verən saxtakarlıqların aradan qaldırılmasına kömək edər.

S.HİLALQIZI          musavat.com

NAZİR ƏLƏKBƏROVUN ŞOK MAXİNASİYASI

Bir məmurun “Aldanmış kəvakib” hekayəti
Çernobıl əlillərinə telekameralar qarşısında verilən maşınlar sonradan geri alınıb; tədbirdə təqaüdçü qadın “pulumu verin” çığırmaqla naziri pis duruma salıb




Aprelin 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Çernobıl əlillərinə avtomobil paylanıb. Bir sıra məmurların və telekanalların iştirakı ilə keçirilən tədbir biabırçı olaylarla yadda qalıb. Nazir Fizuli Ələkbərovun çıxışı zamanı yaşlı bir qadın ona yaxınlaşmaq istəyib. Nazirin mühafizəçiləri qadının qarşısını kəsərək, ona sözünü deməyə imkan verməyiblər. Vəziyyətin belə olduğunu görən qadın “pulumu verin, məni qəbul edin” deyərək çığırıb-qışqırmaqla israrla nazirlə görüş tələb edib.
Nazirin göstərişi ilə telekanalların kameraları söndürülüb və qadını mühafizəçilər sürüyüb aparıblar. Bundan sonra heç nə olmamış kimi nazir yenidən çıxışına davam edib. Çıxışdan sonra 10 avtomobilin açarları əlillərə təqdim olunub. Daha böyük biabırçılıq isə məhz bundan sonra baş verib: “Çernobıl əliliyəm. Dünən bizi çağırıb yığdılar nazirliyə. Dedilər ki, sizə maşın verəcəyik. Şərt irəli sürdülər ki, siz bizim dediyimizi telekanallarda deyin. Naziri pis vəziyyətdə qoymayın. Tərifləyin, biz də sizi razı salacağıq”, deyə Çernobıl əlili müxbirimizə söyləyib. Onun sözlərinə görə, nazirlik rəsmiləri əvvəlcədən onlara deyiblər ki, avtomobili sürüb getsinlər:"Bizə açarları verəndən sonra dedilər maşınınızı sürün gedin. Hamınız bir yerə gedin ki, bız çağıranda gələ biləsiniz. Dedikləri kimi etdik. Getdik “Nizami” metrosunun qarşısında dayandıq. Biz nazirliyə qayıdanda orda kənar adam qalmamışdı. Hamısı nazirliyin əməkdaşları idi. Dedilər açarları qaytarın verin sənədləşmə işlərini həll edək, gəlib götürərsiniz. Biz də qaytarıb verdik, amma maşınımızı qaytarmadılar. Keçən il də bu cür olmuşdu. Digər əlil yoldaşlarımızın da başına bu cür oyun açmışdılar. Bir nazir əlilin maşınına göz dikirsə, daha mənim sözüm yoxdur".
Qeyd edək ki, Füzuli Ələkbərovun bu cür oyunları dəfələrlə baş verib. Nazir özünü o qədər arxayın hiss edir ki, hətta prezidentə belə yalan satmaqdan çəkinmir. Belə ki, ötən il oktyabrın 15-də ƏƏSMN xətti ilə Hövsan qəsəbəsində II dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 7 mərtəbəli, 3 bloklu bina təntənəli şəkildə sakinlərin istifadəsinə verildi. Tədbirə dövlət başçısı İlham Əliyev də qatılmışdı. Təqdimat mərasimində nazir dedi ki, güya sakinlər üçün komfort şərait yaradılıb. Binanın qaz, işıq, su, mebel təchizatı lüks səviyyədədir, bütün mənzillərə telefon çəkilib və s. Lakin sonradan məlum oldu ki, binada vəziyyət acınacaqlıdır. Sakinlər binaya köçəndən sonra problemləri bitib-tükənmir.
Üstəlik, prezidentin baxışı üçün hazırlanmış otağın aksesuarlarını da sonradan daşıyıb aparıblar. Bu barədə qəzetimiz həmin vaxt təfsilatlı yazı dərc etmişdi.Müxbirimiz həmin binada olaraq, sakinləri danışdırmış, şəkillər çəkmiş və onların dilindən biabırçılıqları, nazirin yalanlarını ifadə etmişdi. Nadir adlı bina sakini həmin vaxt müxbirimizə deyib ki, prezident binanın açılışında iştirak edərkən ona xüsusi hazırlanmış bir-iki mənzil göstərilib: “Həmin mənzillərə mebel də düzmüşdülər. Ancaq sonradan gəlib apardılar. Deməli, bunu özlərini prezidentə şirin salmaq, əslində onu aldatmaq üçün ediblər. Mətbəxdəki şkafın içinə qaz balonu qoydular ki, prezidentin gözü qabağında qazı yandıranda o, mənzillərə hətta qaz da çəkildiyini görsün. Guya bina standartlara uyğun tikilib”. Qalib Cabbarov adlı sakin isə deyib ki, binada qaz yoxdur, işıqlar tez-tez sönür; üstəlik, onun özündən bu binada mənzil almaq üçün 5000 manat rüşvət alıblar. Digər sakinlər də bu cür iddialarla çıxış edib.
Qeyd edək ki, ölkə insanlarının ən narazı qaldığı və xalqın sadə kütlələrinə yönəlik maxinasiyaların baş verdiyi nazirlik də ƏƏSMN-dir. Son vaxtlarda prezidentin başlatdığı antikorrupsiya prosesi çərçivəsində aparılan yoxlamalar da göstərfi ki, Füzuli Ələkbərovun rəhbərlik etdiyi sahədə vəziyyət bərbaddır, dözülməzdir və sadə xalq kütlələrini narazı salmaq baxımından yetərincə qüsurludur.
Bu baxımdan, hətta YAP rəhbərliyində, hakimiyyətin üst qatında olan bəzi şəxslər də nazir Füzuli Ələkbərovun vəzifədən götürülməsinin tərəfdarıdırlar. Böyük ehtimalla, bu, belə də olacaq. Siyasi hakimiyyət anlayır ki, ölkədə total narazılıq yaradan ocaqlar söndürülməsə, kimlərsə cəzalandırılmasa, rejimin təhlükəsizliyinə ciddi xələl gələcək. Hətta bütün müxalifət susdurulsa da, xalqın narazılığı və bu narazılığı yaradan köklü səbəblər aradan qaldırılmayınca, iqtidarın bu ölkədə rahatlığı və təhlükəsizliyi aradan qalxmayacaq.

T.T.BƏŞİR    musavat.com

Vitse-spikerin bacısı oğlunu icra başçısı tutdurub?


Valeh Ələsgərovla Vilyam Hacıyev arasında torpaq üstündə qamaqal yaranıb

Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun Musa adlı bacısı oğlunun həbsi ilə bağlı yeni təfərruatlar ortaya çıxıb. Rayondakı mənbələrdən əldə etdiymiz məlumata görə, Musanın atası Dövlət Neft Şirkətində yüksək vəzifə tutur. Xəbərdə bildirilir ki, vitse-spikerin bacısı oğlu narkotik maddələr qəbul etdiyinə görə, Narkotiklərə Qarşı Mübarizə İdarəsidə qeydiyyatda olub. Onun məhz indi həbs olunması isə bir sıra maraqlı səbəblərlə bağlıdır. Əldə etdiyimiz məlumata görə, son dövrlərdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevlə vitse-spiker arasında ziddiyyət yaranıb. Mübahisələrə səbəb isə Kür çayı sahilindəki 1500 hektar münbit torpaq sahəsi olub. İcra başçısı Valeh  Ələsgərova həmin ərazini vermədiyinə görə, tərəflər arasında gərginlik yaranıb. Mənbəmizin bildirdiyinə görə, V.Ələsgərovun bacısı oğlunun həbsi sifarişi bu qalmaqaldan dolayı məhz icra başçısından gəllib.
Xatırladaq ki, Mussa Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının  keçirdiyi əməliyyat nəticəsində həbs edilib. 5 nəfərin həbsi ilə nəticələnən əməliyyatda saxlanılanlara qarşı narkotik maddələrin dövriyyəsi və satışı maddələri üzrə cinayət işi açılıb. Xatırladaq ki, xəbəri qəzetimizə Samux Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev də təsdiqləyib. Polis rəisi bildirib ki, belə bir əməliyyat olub və beş nəfər həbs edilib. Vitse-spikerin bacısı oğlunun həbsinə gəlincə, polis rəisi bizdən bu barədə yazmamağı xahiş etmişdi: «Valeh müəllim, ziyalı, hörmətli adamdır. İndi o neynəsin ki, bacısı oğlu narkotik üstündə həbs edilib. Birdə ki, o adamlar tutulanda mən məzuniyyətdə olmuşam».
Xatırladaq ki, Valeh Ələsgərov Samux rayonundan millət vəkili seçilib. 


  "Bizim yol"

Həsən Kərimov vətənə qayıtdı


Türkiyənin İstanbul şəhərindəki Siyami Ersek xəstəxanasında ürəyindən əməliyyat olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Həsən Kərimov aprelin 29-da Bakıya qayıdıb.
Həyat yoldaşı Almaz Kərimova “Media forum” saytına deyib ki, H.Kərimov hazırda özünü yaxşı hiss edir: “Həkimlər dərman yazıblar. Onu qəbul edir. Müalicəsini ev şəraitində davam etdirəcək, müəyyən müddət sonra isə müayinədən keçmək üçün yenidən Türkiyəyə gedəcək”. H.Kərimov aprelin 21-də əməliyyat olunub.

Tələbələrin portalının bir yaşı oldu

Azərbaycan Mətbuat Şurasında “Azxeber.com” portalının 1 illik fəaliyyəti ilə əlaqədar mərasim keçirilib. Tədbirdə saytın kollektivi, jurnalistika fakültəsinin müəllimləri, müxtəlif media qurumlarının təmsilçiləri və tələbələr iştirak ediblər.

Mərasimi açan “Azxeber.com” portalının redaktoru Əfsələddin Ağalarov əvvəlcə Mətbuat Şurasına toplantının təşkili üçün yaratdığı şəraitə görə tələbələr və saytın kollektivi adından minnətdarlığını bildirib. “Azxeber.com”un yaranması və 1 il ərzində gördüyü işlər barədə məlumat verən redaktor deyib ki, portal internet jurnalistikadakı fəaliyyətinə “jurfak.tk” bloqu vasitəsilə başlayıb. “Bloq kollektiv səciyyə daşıyırdı. Burada Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrinin yazıları, yaradıcılıq nümunələri yayımlanırdı. Daha sonra yaxın əhatəmizdəki insanların, xüsusən də müəllimlərimizin bizə verdiyi stimuldan cəsarətlənərək, fəaliyyətimizi daha da genişləndirmək qərarına gəldik. Beləcə 2010-cu ilin 13 aprel tarixində “Azxeber.com” yarandı. Portalda ölkədə və dünyada baş verən ən aktual xəbərlər yerləşdirilir. “Siyasət”, “sosial”, “şou-biznes”, “idman”, “secdiklərimiz”, “gənclik”, “maraqlı” adlı bölmələrimiz var. Saytımızın gündəlik istifadəçilərinin sayı 2000-3000 arasıdır (İP ünvandan )”.

MŞ sədri Əflatun Amaşov çıxışına rəhbəri olduğu qurumun gənclərə daim dəstək göstərdiyini və mövcud ənənənin davamlı olduğunu xatırlatmaqla başlayıb. O bildirib ki, xəbər jurnalistika janrları sırasında ən çətinidir. İnternet jurnalistikada isə onu istehsal edənin reytinqi xəbərin keyfiyyəti ilə ölçülür. “Belə görürəm ki, portalda çalışanlar aldıqları jurnalistika təhsilinə sadiq qalmağa çalışırlar. Bilik və bacarıqlarını yeni media imkanları ilə uyğunlaşdırırlar. Şura məhz bu səbəbdən “Azxeber.com”u “Ən perspektivli media qurumu” diplomu ilə təltif edir. Ümidvaram ki, portal fəaliyyət istiqamətlərini daha da genişləndirəcək və yeni-yeni nailiyyətlərə imza atacaq”, - deyən Ə.Amaşov MŞ-nın diplomunu “Azxeber.com” portalının redaktoru Ə.Ağalarova təqdim edib.
Tədbirdə çıxış edən BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli bunları deyib: “Mən daim tələbələrimlə öyünürəm. Son dövrlər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bir canlanma, yeni nəfəs hiss olunmaqdadır. Etiraf etməliyik ki, bu prosesdə müəllimlərdən daha çox, tələbələrin təşəbbüsləri və fəaliyyətləri əsas rol oynayır. Gəncləri həvəsləndirmək, gələcəyə ümidləndirmək biz müəllimlərin borcudur”

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun jurnalistika fakültəsinin müdavimlərinin daim istedadları və dünyagörüşləri ilə digər tələbələrdən seçildiklərini önə çəkib. Baş redaktor bildirib ki, 1 yaşını qeyd edən “Azxeber.com” portalının yaranması və fəaliyyəti də məhz həmin fakültənin tələbələri olan Əfsələddin Ağalarov və Hacıbəy Heydərlinin gərgin əməyinin nəticəsidir. Saytı müntəzəm olaraq izlədiyini deyən A.Aşırlı diqqəti orada gün ərzində 30-dan çox xəbərin yayımlanmasına çəkib. “Sayt bəzi eksklüziv xəbərlərə də imza atmaqdadır. İstərdim ki, portal və kollektivi inkişaf tempini qorusun. Hadisələrə daim obyektiv, qərəzsiz və vicdanlı yanaşsın”, - deyə o əlavə edib.

Azəri Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı jurnalistika fakültəsinin tələbələri üçün yaradıcılıq labaratoriyasının olmasının vacibliyini vurğulayıb: “Görünür, tələbələr həmin labaratoriyanı “Azxeber.com”un timsalında artıq yaradıblar. Əminəm ki, onlar gələcəkdə daha böyük layihələrə imza atacaqlar”.

“Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Ərud da öz növbəsində portala uğurlar arzulayıb: “Azxeber.com portalını təbrik edirəm. Əminliklə, demək olar ki, artıq BDU Jurnalistika fakültəsinin müəllimləri tələbələrdən nəsə öyrənirlər, dərs zamanı tələbələrin yaratdıqları portaldan misallar çəkir, onları örnək gətirirlər. Azxeber.com-a və gənc jurnalistlərə gələcək fəaliyyətində uğurlar arzulayıram.

Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında “dövr dəyişdikcə imkanlar da genişlənir. İnternet sürətlə həyatımıza nüfuz etməkdədir. Bu kontekstdə internet jurnalistika bəlkə ilk baxışdan asan görünə bilər. Amma peşəkarlar da təsdiqləyə bilərlər ki, əsl jurnalist daim peşəsinin məsuliyyətini dərk etməli və ona sadiq qalmalıdır. Sizə bu çətin və məsuliyyətli işinizdə uğurlar diləyirəm” - deyib.

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin müəllimi, tanınmış jurnalist Qulu Məhərrəmli gənc həmkarlarını təbrik edərək bildirib ki, “Azxeber.com” portalı qısa müddətdə tələbələrin yaradıcılıq meydanına çevrilib. “Saytın fəaliyyətə başlaması ilə jurnalistika fakültəsindəki sükut pozuldu. Bunu edən siz gənclər oldunuz. Gələcəkdə qarşınıza daha böyük məqsədlər qoymanızı və onlara çatmanızı arzu edirəm”.

Tədbirdə çıxış edən digər şəxslər də təbriklərə qoşularaq, “Azxeber.com”un kollektivinə qarşıdakı fəaliyyətində uğur diləyiblər.

Polis vərəqə paylayan qızları həbs etdi


Bəyim Həsənli və Aysel Saday xəbərdarlıqdan sonra sərbəst buraxılıb
Dünən AXCP-nin iki fəalı Bəyim Həsənli və Aysel Saday həbs olunublar. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Yasamal polisinə aparılan qızları ADNA-nın anım mərasimi ilə bağlı vərəqə paylayarkən həbs ediblər. Yasamal polisindən bildiriblər ki, saxlanılan hər iki şəxsin izahatı alınıb. 
Daxili İşlər Nazirliyi vərəqə paylayarkən saxlanılan AXCP fəalları ilə bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin “Qafqazinfo”ya verdiyi məlumata görə Bəyim Həsənli və Aysel Saday polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal rayon Polis İdarəsinə gətiriliblər. Burada onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi (yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulması ) ilə inzibati protokol tərtib olunub, rəsmi xəbərdarlıqdan sonra sərbəst buraxılıb.

Araba oğrusu


Məmməd Süleymanov       mameds@mail.ru         "Bizim yol"

Sol filosof Slavoy Jijek kapitalizmin məzmununu obrazlı ifadələrlə təqdim etməyi bacaranlardandır. Ondan bir misal:
Bir zavodda bir işçi oğurluq edir. Şübhələnirlər, ancaq oğurluq üstündə yaxalaya bilmirlər. Hətta bilmirlər ki, Nə oğurlayır.

Hər gün işdən çıxanda keşikçilər onun sürdüyü arabanı çıxışda yoxlayır, heç nə tapmırlar. Arabada oğurluq heç nə olmur. Bir dəfə, beş dəfə...
Sonunda axtaranlara çatır: İşçi elə arabaları oğurlayırmış...
Qabağımızda ölkə adında araba oğurlanır, sökülür, dağıdılır. Biz isə bu oğurluq arabanın içində oğurluq əşyalar axtarır, tapmır, hay-küy salır, etiraz edirik. Biz oğurlanan əşyanı oğurluq arabada axtarırıq. Nəhəngi qoyub, detallarla əlləşənlər məmləkəti.

***
Bu nöqtədən baxanda əsl, real Azərbaycan haradadır? Oğru o arabanı sürüb aradan çıxandır, yoxsa onun haray-qışqırığına inanıb onu saf, doğru, təmiz sayanlardır? Biri araba oğurlayır, o birisi bunu ağlına da gətirmir, çünki xırda oğurluqlara alışıb və ağlına da gətirmir ki, bu dərəcədə sinizm ola bilər - ölkəni oğurlamaq.
Oğurlanan ölkədə isə təkcə təmizlə çirklinin yeri səhv düşmür. Səhv düşən həm də realla irrealın yeridir. Oruell necə deyirdi? “Müharibə - Sülhdür, Azadlıq - Əsarətdir, Savadsızlıq - Gücdür”. Bizim həqiqətlərimiz. Və get-gedə reallıqla nağılı bir-birindən ayırmaq çətinləşir. Bizim hələ ki yaddaşımız və təcrübəmiz var, 2 dəfə 2-nin 4 olduğunu heç də həmişə unutmuruq. Bəs bizdən sonra gələnlər?
Bizdən sonra gələnlər üçün bütün irreallıqlar reallıq kimi qavranılacaq, şablon - orijinal sayılacaq, əsarət - norma, yaltaqlıq - praqmatizm, əclaflıq - qanunauyğunluq, oğurluq - ağlın xüsusiyyəti.
Və bizdən sonra gələnləri inandırmaq olmayacaq ki, Astarada, Qəbələdə insanları öz torpaqlarını “sot”u 30-40 manatdan satmağa məcbur edirlər. Hələ üstəlik bu qəpik-quruşu da nəqd vermirlər, yəni heç vaxt da verməyəcəklər. Bu faktı onlara deyəndə Yaşar Nurinin “Ac həriflər” tamaşasındakı qəhrəmanı sayaq “Hə nə olsun?!” deyib üzümüzə duracaqlar.
Onlara deyəndə ki, 1,5 ilə çəkilməli Bakı-Oğuz-Qəbələ su kəməri 3,5 ilə çəkildi, dəyəri bu gedişatda 2 dəfə bahalaşdı, yol boyu insanların torpaqları əlindən alınıb pulları verilmədi, yenə də deyəcəklər: “Hə nə olsun ey?!
Onlara deyəcəksən: Həmin kanal su ilə təchiz edə bilmir, layihə özünü doğrultmur, ancaq büdcənin (həm də sənin) pulunu havaya (və ciblərə) sovurublar, deyiblər ki, daha Bakıda 24 saat mənzillərə su gələcək, ancaq yenə də gündə 3-4 saat su gəlir...  yenə də Yaşar Nurinin personajının kəlməsini eşidəcəksən.
Başqa misal çəkəcəksən: nazir Füzuli Ələkbərov əlillərə telekameralar qarşısında maşın paylayıb kameralar söndürülən kimi də geri alıb. Hələ bu ötən il də baş verib. Yenə eşidəcəksən: Bəs bu ötən il də olmuşdusa, əlillər nəyə, kimə və niyə inanırdılar? 
Sonra qapadılan Neyrocərrahiyyə xəstəxanasından danışacaqsan - bütün tibb personalı işsiz qalır, ağır xəstələr isə müalicəsiz. Və bu, planlı təmirlə bağlıdırsa, niyə bu plandan heç kəsin xəbəri yoxdu?!
Yaxud son 1 ayda ikinci dəfədir baş verən dəhşətdən - polislərin qabağında özlərini yandırıb intihar edən ailə başçılarından danışacaqsan. Hər ikisinin 3 övladı qalıb, o cümlədən, 24 yaşlı gəncin övladları lap körpədir! Yenə də eşidəcəksən: Hər kəs öz qismətini özü seçir, kimi özünü yandırır, kimi də onu bu həddə çatdıranı.
Bir sözlə, sosial-darvinizmi bir sosial dəyər kimi qəbul edən bioloji toplum formalaşmaqdadır. Onlar üçün yaşamaq uğrunda mübarizə heyvanların yox, elə məhz insanların xüsusiyyətidir.
Ancaq o toplumu yetişdirən də biz özümüzük. Axı hələ də oğurlanan arabanı görməyib onun içində oğurluq əşya axtarırıq. “Araba oğruları” üçün cənnət...