25.09.2020

Brejnev-Kosıgin nifaqı – baş nazir sanballı və dürüst adam olsa da, baş katib fitnə-fəsad qaynağı olub

SSRİ-nin mövcud olduğu 70 ilin bütün dövrlərində Kremldə saray çəkişmələri, siyasi intriqalar, hakimiyyət uğrunda mübarizələr səngimədən bir-birini əvəz edib. O cümlədən Nikita Xruşovu devirdikdən sonra hakimiyyətə gələn Leonid İliç Brejnev də siyasi müstəvidə “sakit”liyi təmin edə bilməyib. Əslində Kremldə yaranan siyasi gərginliyin müəllifi elə Brejnevin özü olub…
1964-cü ildə Mərkəzi Komitənin plenumunda Brejnev baş katib seçildikdən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsi Nikolay Podqornıya, SSRİ Nazirlər Sovetinin sədri kürsüsü isə Aleksey Kosıginə etibar edilib.
Hələ Mərkəzi Komitədə mövqelərini tam möhkəmlədə bilməyən Brejnevi bir məsələ qorxudub. O Xruşovu devirdiyi kimi, onu da nə vaxtsa qəfil devirə biləcəklərindən çəkinib. Bu məsələdə onun ən çox özünə rəqib saydığı adam Aleksey Kosıgin olub. Və elə ilk gündən Brejnev Kosıginə olan qısqanclığını gizlədə bilməyib.
Belə ki, oktyabr plenumunda baş nazir kürsüsünə Kosıginin namizədliyi irəli sürüləndə və yekdilliklə ona səs veriləndə plenum iştirakçılarının bu təyinatı sürəkli alqışlaması Brejnevi qıcıqlandırıb:
- Hələ ki bu alqışlara bir səbəb yoxdur. Partiyanın qarşımıza qoyduğu bir çox vəzifələr var, onları yerinə yetirdikdən sonra bir-birimizi alqışlayacağıq...
Ümumiyyətlə, Brejnev bütün iclaslarda mövzunun nədən ibarət olmasından asılı olmayaraq partiyanın mövqeyini önə çəkib. Düzdür, o partiyanın rəhbəri kimi bunu etməyə borclu olub. Amma Breynev bu mövqedə olmaqla ətrafdakılarına başqa bir mətləbi anlatmağa çalışıb, ölkədə mütləq hakim olduğunu sübut etməyə cəhd edib. Əslində hüquqi baxımdan ölkənin prezidenti SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri sayılıb, ölkə iqtisadiyyatını idarə edən isə baş nazir olub, yəni SSRİ Nazirlər Sovetinin sədri. Bu struktur Brejnevi çox narahat edib.
Baş katib ilk növbədə Podqornını sıradan çıxarmaq haqqında düşünüb. Podqornı Brejnev komandasının üzvü olub və onu Brejnev özü Ukraynadan Moskvaya, Kremlə gətirib. Bu baxımdan baş katib üçün onu zərərsizləşdirmək çox da çətin olmayıb və nəhayət, 1977-ci ildə Brejnev Podqornınnı “öz ərizəsi” ilə təqaüdə göndərərək ikinci bir kürsüyə də sahib olub.
Baş nazir Kosıginlə mübarizə isə Brejnevə çox da asan başa gəlməyib. Əslində Kosıgin heç vaxt Brejnevin bərk-bərk yapışdığı kürsüyə göz dikməyib. Kosıgin xalq arasında kifayət qədər hörmət qazanmış bir məmur kimi öz işi ilə məşğul olub. Arada nə gərginlik yaranıbsa, yalnız Brejnev tərəfindən gəlib.
Aleksey Kosıgin baş nazir kimi ölkə iqtisadiyyatında ciddi islahatlara başlayıb. Bu islahatlar sırasında o, istehsal müəssisələrinin, zavod və fabriklərin müstəqil fəaliyyətini, heç bir kənar müdaxilələrin olmamasını təmin etməyə çalışıb. Onun bu mövqeyi yerlərdə partiya komitələrinin rəhbərləri tərəfindən müsbət qarşılanmayıb. Çünki bu vilayət və şəhər partiya komitələrinin birinci katiblərinin zavod və fabrik direktorlarına “söz demək” hüququndan məhrum olması demək idi. Bu məsələ Brejnevin də ürəyincə olmayıb və o öz münasibətini Siyasi Büronun iclasında Kosıginə açıq şəkildə bildirib:
- Aleksey Nikolayeviç, iqtisadi islahatlar heç də o demək deyil ki, kollektivlər partiya nəzarətindən kənarda qalmalıdırlar, siz bunu nəzərə alın və unutmayın ki, özünüz də kommunistsiniz...
Kosıginə qarşı baş katib tərəfindən bu cür yersiz təpkilər tez-tez olub. Bununla yanaşı, Brejnev öz yaxın ətrafını da ona qarşı xoşagəlməz əhvalda kökləyə bilib.
Brejnev “Ukrayna klanı”nın fəallarından biri olan Nikolay Tixonovu Nazirlər Soveti sədrinin müavini təyin etməklə Kosıginin sərbəstliyini məhdudlaşdırmaq məqsədi güdüb.
Baş katibin daha yaxın bir adamı Andrey Qromıko bütün cəhdlərdən istifadə edərək Kosıginin fəaliyyətini əngəlləmək istəyib. Ancaq Kosıgin də zaman-zaman ona qarşı olan bu münasibətlərə layiqli cavab verib.
1966-cı ildə Pakistan və Hindistan rəhbərlərinin görüşünün keçirilməsində SSRİ-nin vasitəçilik missiyasını Kosıgin həyata keçirib. Bu məqsədlə o görüşün keçiriləcəyi Daşkənd şəhərinə ezam olunub. Kosıgini müşayiət edənlərdən biri də xarici işlər naziri Qromıko olub. Səhər mehmanxanadan görüşün keçiriləcəyi iqamətgaha yollananda Qromıko sənədlərin olduğu qovluğu mehmanxanadakı otağından götürməyi unudub və tələsik geri qayıdıb. Kosıgin onu gözləməyib. Qromıko məcbur olaraq görüşə tərçüməçilərin maşını ilə gedib.
Görüşdən sonra Kosıgin Qromıkodan soruşub:
- Belə vacib bir görüşə geçikməyinizin səbəbi nə idi?
- Qovluq mehmanxanada qalmışdı, götürməyi unutmuşdum.
- Bəli, həmin qovluq ki, onun içərisində bizim siyasətimizi, SSRİ-nin mövqeyini əks etdirən sənədlər var idi. Siz beləliklə bizim bütün sirrlərimizi göyə sovuracaqsınız...
Təbii ki, bu “danlaq” Qromıko üçün ağır zərbə olub. O Moskvaya qayıtdıqdan sonra Brejnevlə görüşündə Nazirlər Soveti sədrinin ölkənin xarici və daxili siyasətində belə fəal olmağının heç də məqsədəuyğun olmadığını söyləyib. Qromıko həmçinin onu da qeyd edib ki, Kosıginin bu fəaliyyəti Brejnevin fəaliyyətinə kölgə salır.
Həmin günün axşamı “Vremya” xəbərlər proqramında ilk xəbər kimi Kosıginin Özbəkistan səfəri təqdim olunub. Brejnev dərhal televiziya rəhbərliyinə zəng vurub iradını bildirib. Məhz elə bu hadisədən sonra efirdə qeyri-rəsmi reqlament yaradılıb. Daha çox Brejnev efirdə olmalı, Kosıginə isə məhdud dəqiqələr ayrlmalıdır.
Kosıginin populyarlığı artıqca Brejnevin də narahatlığı artıb. O baş naziri özünə ən güclü rəqib görüb. Və baş katib yaxın ətrafı ilə konkret tədbirlərə əl atmağı planlaşdırıb.
Həmin dövrdə Moskvanın birinci katibi vəzifəsində işləyən Vuktor Qrişin öz xatirələrində Brejnev-Kosıgin münasibətləri haqqında yazıb:
“Brejnevlə Kosıgin arasında münasibətlər günü-gündən daha da gərginləşirdi. Mənim Kosıginlə yaxın münasibətlərim var idi. Biz ailəvi dostluq edirdik. Brejnevin də bundan xəbəri var idi. Ona görə də məni özünə çox da yaxın buraxmırdı. Bir dəfə Kremlin həyətində Brejnevlə Qromıko gəzişirdilər. Mən onları görcək yaxınlaşıb salamlaşdım. Brejnev gözlənilmədən üzünü mənə tutdu:
- Viktor, sənin mənim xəttimi dəstəklə, Kosıginin yox.
Çox təəcübləndim və cavab verdim:
- Leonid İliç, bizim hamımızın bir xətti var, vahid partiya xətti...
1980-ci ildə Kosıgin birinci infarktı keçirəndə o Kreml xəstəxanasında müalicə alırdı. Həmin ərəfədə Brejnev mənə zəng vurdu. Yəqin ki, o Siyasi Büronun digər üzvləri ilə də danışmışdı. Baş katib söhbəti uzatmadan mətləbə keçdi:
- Biz belə düşünürük ki, Kosıgini vəzifəsindən çıxaraq. Bu məsələdə Siyasi Büro üzvü kimi sənin də münasibətin vacibdir.
Mən mövqeyimi açıq bildirdim:
- Leonid İliç, bəlkə Kosıgin öz fəaliyyətini bir az da davam etdirsin. Axı o, ölkəmizə daha çox xeyir verir.
- Viktor, mən səni anlayıram, amma Yevgeni Çazovun (SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi) Mərkəzi Komitəyə göndərdiyi rəsmi məktubda Kosıginin səhhətinə görə bu vəzifədə işləməyinin mümkünsüz olduğu açıq şəkildə göstərilib. Biz bu vəzifəyə Tixonovu təyin edəcəyik. O, Kosıgindən də yaxşı işləyəcək.
Mən başa düşdüm ki, artıq hər şey həll olunub...”
Beləliklə, Brejnev Kosıginin xəstəliyindən istifadə edərək ən güclü rəqibini siyasi səhnədən uzaqlaşdıra bilib.
1980-ci ilin oktyabrında Aleksey Kosıgin bütün vəzifələrindən azad olunub. İki ay sonra, dekabrın 18-də isə vəfat edib. Onun vəfatı ilə bağlı xəbər 3 gün ictimaiyyətdən gizlədilib. Səbəb isə dekabrın 19-da Brejnevin doğum gününün təntənəli keçirilməsi olub.
Kosıginin dəfn mərasimi dekabrın 21-də keçirilib. Brejnev mərasimdə iştirak etmək istəməyib. Siyasi Büro üzvlərinin təkidindən sonra baş katib mərasim tədbirində iştirak edib.
76 yaşında vəfat edən Aleksey Kosıginin nəşi yandırılaraq Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.
Qeyd edək ki, Aleksey Kosıgin SSRİ-nin ən uzunömürlü baş naziri olub. O 16 il SSRİ Nazirlər Sovetinin sədri vəzifəsini daşıyıb. /baku.news/

Bu, artıq Andrey Qromıkodur...

SSRİ-nin diplomatiya tarixində Andrey Qromıkonun özünəməxsus yeri olub. 28 il xarici işlər naziri kürsüsündə əyləşən Andrey Qromıko 1950-ci illərin ortalarından başlayaraq dünyanın siyasi müstəvisində SSRİ-nin xarici siyasətini böyük peşəkarlıqla ifadə edib, həm də bu müstəvidə həlledici mövqeyini ustalıqla nümayiş etdirib.
Xarici diplomatlar tərəfindən “Cənab Yox” titulunu qazanan Qromıko ilə bir masa arxasında müzakirələr aparmaq heç də asan olmayıb, qarşı tərəf onun fikirlərini oxumaqda həmişə çətinlik çəkib, Qromıkonun peşəkar siyasi manevrləri çoxlarını çaşdırıb. Bəli, Qromıko haqqında deyilən məşhur ifadə də səbəbsiz yaranmayıb: “Əgər diplomat “hə” deyirsə, bu “ola bilər” deməkdir, əgər “ola bilər” deyirsə - bu “yox” deməkdir, əgər “yox” deyirsə, bu, artıq Andrey Qromıkodur...”
28 illik nazirlik fəaliyyətində Andrey Qromıkonun xarici ölkələrə saysız-hesabsız səfərləri olub. Sözsüz ki, bu səfərlər zamanı kuryoz hadisələr də nazirdən yan keçməyib.
Belə hadisələrdən biri də 1967-ci ildə Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının iclasında baş verib. Çıxışı zamanı Andrey Qromıko huşunu itirərək yıxılıb. Onu təcili zaldan çıxarıblar. 5-10 dəqiqə keçməmiş Qromıko geri qayıdıb, zalda olan iştirakçılar Sovet nazirini alqışlayıblar.
SSRİ-nin ən mühüm postlarından birini tutan xarixi işlər nazirinin Amerika Birləşmiş Ştatlarında tribunadan yıxılması hadisəsi böyük şayiələrə səbəb olub. Bu hadisəyə siyasi don geyindirənlər də olub, Qromıkonun Nyu-Yorkda yeməkdən zəhərlənməsi fikirləri də səslənib, bəziləri elə düşünüb ki, nazirdə ciddi xəstəlik var. Amma bu fikirlər şayiə olaraq qalıb.
Çünki, əvvəla, Qromıko olduqca sağlam bir adam olub. İkincisi, sovet nümayəndə heyətinin xarici dövlətlərə səfəri zamanı qida məsələsinə son dərəcə ciddi yanaşılıb, təhlükəsizlik məsələsi yüksək səviyyədə həyata keçirilib. Qromıkonun huşunun itirməsinin isə tam başqa səbəbi olub, geyim məsələsi.
Kremlin əsas tərcüməçisi olan və həmin tədbirdə iştirak edən Viktor Suxodrev “Dilim mənim, dostum mənim” xatirə toplusunda Qromıko ilə bağlı fikirlərini belə bölüşüb:
“Qromıko siyasi fəaliyyətində olduğu kimi, şəxsi həyatında da kifayət qədər ciddi bir şəxs idi. O cümlədən o, geyim məsələsinə də çox ciddi yanaşırdı. Dəblərin dəyişməsinə baxmayaraq, Qromıkonun qarderobu dəyişmirdi. Tünd rəngli kostyum, tünd rəngli qalstuk, açıq rəngli köynək. Köhnə dəbdə olan şlyapa isə Qromıkoya məxsusi olaraq Amerikada tikilib göndərilirdi. Onun geyimində diqqəti çəkən qeyri-adi bir məsələ də var idi. İlin fəsillərindən asılı olmayaraq Qromıko şalvarın altından isti alt paltarı geyinirdi. Yaxşı xatırlayıram, İndoneziyada səfərdə olan zaman görüşə gedərkən mən avtomobilin arxa oturacağında onun yanında əyləşmişdim. Qəfil gözlərim Qromıkonun ayaqlarına sataşdı, altdan geyindiyi isti paltarı corablarının içinə salmışdı. Çöldə isə havanın temperaturu müsbət 35-40 dərəcə idi. O bunu hansısa bir xəstəliyinə görə etmirdi. Qromıko çox sağlam bir adam idi. İş günü səhər saat 9-da başlayıb axşam 10-a qədər davam etsə də o gərgin işdən sonra 1 saat piyada gəzməyə vaxt ayırırdı, vaxtlı-vaxtında həkim müayinələrindən keçirdi. Onunla işlədiyim uzun illər ərzində bir dəfə də olsa onun dilindən səhhəti ilə bağlı şikayət eşitməmişdim. BMT tribunasından yıxılması da səhhəti ilə bağlı deyildi. Çünki həmin hadisədən sonra Qromıko ciddi şəkildə tibbi müayinədən keçirildi və heç bir patoloji hal aşkar olunmadı. Səbəb başqa idi. Onu yıxan isti olmuşdu. Zalda normal temperatur var idi, Qromıkonun “geyim temperaturu” onu haldan salmışdı. Onu zaldan çıxaranda otaqların birinə apardılar, pəncərinin nəfəsliyini açdılar, sərin su verdilər və o bir neçə dəqiqəyə özünə gəldi, zala qayıdıb çıxışını davam etdirdi. Heç bir ciddi həkim müdaxiləsinə, dərman preparatlarına ehtiyac olmadı, sadəcə naziri bir az “soyutdular”, vəssalam...”
Qeyd edək ki, 1909-cu ildə Qomeldə anadan olan Andrey Qromıko hələ Stalinin hakimiyyəti dövründən xarici işlər nazirliyində işləməyə başlayıb. Nazirliyə yeni kadrlar işə qəbul olunanda Vyaçeslav Molotov namizədlərin siyahısını Stalinə təqdim edib. Stalin Qromıkonun soyadını oxuyanda “bu soyad mənim xoşuma gəlir” deyib və tanımadığı bir adamın nazirliyə işə qəbul olunmasına razılıq verib. 1939-cu ildən xarici işlər nazirliyində çalışan Qromıko 1957-ci ildə Xruşov tərəfindən nazir vəzifəsinə təyin edilib və 1985-ci ilə qədər SSRİ tarixində ən uzun müddətli nazir olub. Qromıkonun 28 illik nazirlik fəaliyyəti SSRİ-nin xarici siyasətində bir çox hadisələrlə yadda qalıb. Dünyanın ən tanınmış siyasətçiləri Qromıkonun diplomatik fəaliyyətini yüksək qiymətləndiriblər, onun əsl diplomatlara xas olan soyuqqanlığını xüsusi vurğulayıblar.
Andrey Qromıko 1985-ci ildə baş katib kürsüsünə yiyələnə biləcək ən real namizəd olub. Ancaq o bundan imtina edərək Mixail Qorbaçovun namizədliyini dəstəkləyib və sonralar bu addımını siyasi fəaliyyətində yeganə səhvi kimi qiymətləndirib.
Öz yerini Qorbaçova verən Qromıko 1985-1988-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyib.
Andrey Qromıko ətrafdakı adamlara quru və soyuq adam təəssüratı bağışlayıb. Yaxın ətrafı onun gülməyini çox nadir hallarda müşahidə ediblər. Hətta yay fəslində belə isti alt paltarı geyinməsinə baxmayaraq 80 illik ömründə Qromıko öz daxili soyuqluğunu dəf edə bilməyib.
Qromıko 1989-ci ildə vəfat edib. Mərkəzi Komitədə onun Kreml divarları qarşısında dəfn olunması müzakirə olunsa da, naziri öz vəsiyyətinə uyğun olaraq Moskvada, Novodeviçye qəbirstanlığında dəfn ediblər.

AMERİKALI JURNALİSTİN ƏLİYLƏ ERMƏNİ DİVERSİYASI - “Həmzə” briqadasını Azərbaycana “göndərən” Lindsi Snell kimdir?

Bu günlərdə Suriyanın şimalından Türkiyənin dəstəklədiyi “Həmzə” briqadasının minə yaxın döyüşçüsünün Azərbaycana yola salınmaq üçün “hazır vəziyyətdə olduğu” barədə dezinformasiyanı sosial şəbəkələrdə dövriyyəyə buraxan amerikalı araşdırmaçı juralist Lindsi Snelldir (Lindsey Snell).
Azərbaycan rəsmi strukturlarının artıq qəti təkzib etdiyi və arxasında Ermənistanın dayandığı heç bir şübhə doğurmayan bu dezinformasiyanı Tvitter-də yayan Lindsi Snell ABŞ-ın Florida ştatındandır, sosial media profilində göstərdiyi kimi Floridada Fordham Universitetini bitirib. Özünü müstəqil videojurnalist kimi tanıdıb və İstanbulda yaşayırdı.
Lindsi Snell müsəlmanlığı qəbul edib, çünki əri müsəlmandır. O, Suriyada və digər münaqişə zonalarında videoreportajlar hazırlayaraq bir sıra Amerika və ərəb KİV-lərində yayıb.
2016-cı ildə Lindsi Snell Suriyanın şimalında “Cəbhət ən-Nusra” qruplaşmasının (“Əl-Qaidə”nin Suriya filialı) yaraqlıları tərəfindən oğurlanıb. Özünün bildirdiyi kimi, iki ay zirzəmidə saxlanılıb. Daha sonra sərhədi qeyri-qanuni keçərək Türkiyəyə daxil olduğu üçün bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən Hatay vilayətində saxlanılıb. İki ay sonra azadlığa buraxılıb.
Lindsi Snell Türkiyə əleyhdarı və bu ölkə hakimiyyəti əleyhinə reportajları ilə tanınır. O Türkiyənin “Əl-Qaidə”yə bağlı yaraqlıları Liviyaya göndərməsindən də bəhs edib. Xüsusi xidmət orqanlarının təsiri altında olduğu ehtimal edilən bu jurnalist sonuncu dəfə sentyabrın 21-də “Həmzə” briqadasının hansısa döyüşçüsünün “qardaşından” aldığı informasiyanı tirajlayıb və bu qruplaşmanın döyüşçülərinin Azərbaycana göndərilmək üçün avtobuslarla Türkiyəyə keçdiyini yazıb. Onun dezinformasiyanı dərhal Gevorg Almasyan adlı erməni tirajlayıb və Türkiyənin “Ermənistana qarşı döyüşmək üçün Azərbaycana suriyalı muzdluları göndərməyə hazırlaşdığını” yazıb. /virtualaz.org/

Sadəcə şarı bu il çox şişirtdilər

Cəmil Şirvanov

Bəzi qardaşlar sadəlövhcəsinə inanırlar ki, böyük dövlətlərin Qarabağla bağlı çəkindikləri yeganə məsələ müharibənin yenidən alovlandığı təqdirdə "islam bayrağı altına keçməsi", "cihada çevrilməsi"dir. Mən isə bunu mümkünsüz hesab etdiyim üçün həmin statuslarını birinə şərh yazdım. Amma nədənsə şərh çap edilmədi. Olsun. Məsələnin populyarlığını anlayıb həmin şərhi burada vermək istəyirəm.
20-21-ci əsrlərdə islam bayrağı altında heç bir müharibə olmayıb (ondan əvvəlki tarixdən danışmaq istəmirəm). İslam bayrağına bürünən psevdoislamçı qruplaşmalar, terror təşkilatları bəzi ölkələrdə müharibə aparmışdır ki, onların da "müctəidi", "müftisi", "dini rəhbərləri" (bunu nə adlandırırsız adlandırın, mahiyyət dəyişmir) əslində Qərb dairələri olub.
Hətta bizə milli azadlıq müharibələri kimi sırınan müharibələrin belə çoxusu fake olub. Sadə camaatı, iman əhlini, savadsız inanclıları və vətənpərvərləri aldadıb bu müharibələrə cəlb edib qırdırıblar.
Qarabağda müharibənin islam bayrağı altına keçməsi ehtimalı demək olar sıfıra bərabərdir.
Son zamanlar süni surətdə yaradılan ajiotaj Türkiyəmeyilli mətbuatın və sosial media iştirakçılarının "əməyidir".
Əslində nə TC-nin müharibə dəstəyi var, nə də müharibə əhval-ruhiyyəsi (yuxarı siyasi eşalonda). Sadəcə əvvam camaatı qaza gətirirlər. Bu qaz da bir neçə günə çıxacaq.
Real olan odur ki, TC SQ-nin "dəstəyi" inspeksiyadır, təlimdir. Bu təlimə bənzər təlimlər son illərdə hər il baş verir. Sadəcə bu "şarı" bu il çox şişirdirlər.
Yenə də ciddi heç bir dəyişiklik baş verməyəcək və biz yenə də eyni cür davam edəcəyik.

23.09.2020

Döyüş alnımıza yazılıb (Vətən naminə)

Azər Elşadoğlu

Dünən oğlum Mustafa Kərəmi həkimə aparmışdım. İki aydı dünyaya gəlib. Hər dəfə yoxlanışa gedəndə və ya nəsə narahatlıq olanda 40 manat ora, 50 manat bura, 100 manat dərmana, bir də baxırsan rahat 200 manat çıxdı.
Məsələn, 20 günlük körpə idi, qrip infeksiyası düşmüşdü, şükür sağaldı, 15 günlük müalicə dövründə hesabladım gördüm ki, təkcə həmin periodda 560 manat xərcləmişəm. İndi bunun üstünə uşağın digər xərclərini gəlin. Hələ ipoteka, kommunal xərclər, aylıq yemək-içmək və s. İndi mən çatdırıb edirəm, bəs ailəsində iki-üç uşaq olanlar, çatdıra bilməyənlər?!
Oğlum düz on ildən sonra dünyaya gəlib. Bu on ildə həkimlərə rahat 25-30 min manatdan çox pul xərcləmişik. And ola Allaha, bu rəqəmi sıxmışam hələ. Dişimizlə, dırnağımızla qazanmışıq bu pulu. Zərrə qədər də olsa, gənc ailə kimi nə dövlətin, nə də Vətənin diqqət və qayğısını hiss etməmişik.
Gecə olub yorğunluqdan, ayaqlarımın ağrısından yata bilməmişəm. Yoldaşım səhərdən-axşama kompüterin qarşısında maliyyə hesabatları, buxalteriya işləri ilə gözünü kor edəndə və axşam göz ağrılarından yata bilməyəndə, ailəmlə saatlarla avtobuslarda tıxacda qalıb evə 10-un yarısı gəlib çıxanda mən bilməmişəm dövlət və Vətən hardadır. İkimiz də qırmızı diplomla universitet bitirmişik. İkimiz də yazı-pozu adamıyıq, bundan zövq alırıq. Amma tamam ayrı sferada işləmişik və işləyirik uzun illər.
Hazırda öz işimi qurmuşam, hər şey qanuna uyğun və rəsmidir. Vergi ödəyicisiyəm. Stomotologiya sahəsində çox köklü və sanballı bir alman şirkəti ilə əməkdaşlıq edirik. Çindən də əməkdaşlıq etdiyimiz dünya səviyyəli bir şirkət var. İmkan olsa, çox böyük işlər görmək mümkündür. Bu işi quran zaman, külli miqdarda risk edib borc və xərcə girəndə fikirdən, heç bir şeyin zəmanətli olmamasından yuxularım ərşə çəkiləndə, and ola Allaha, mən bilməmişəm dövlət və Vətən hardadır. Əksinə, səhv etməyim deyə hər şeydə ürkəklik, amansız qanun keşikçilərinin vahiməli nəzərlərini “domokl qılıncı” kimi ənsəmdə hiss etmişəm.
Məsələ şikayət etmək deyil.
Adi bir misal. Dərdə baxın.
Deməli, bizim əməkdaşlıq etdiyimiz alman şirkəti müəyyən sifarişlərin sayından asılı olaraq bizə “invoice” dəyəri 0 olan və ya hədiyyə kimi məhsul göndərir, mən onu ölkəyə idxal edə bilmirəm. Çünki mənim Vətənimdə, dövlətində gömrük şəxsi əhval-ruhiyyə ilə işləyir, hədiyyə və ya 0-la yazılan məhsulu buraxmır. Biz də almanlara deyirik ki, bu hədiyyələrə də simvolik rəqəm yazın. Haqlı olaraq adamlar bizi başa düşmür, biz də başa sala bilmirik, Vətəndir axı. Təsəvvür edin, alman bizə hədiyyə verir, mənim ölkəmdə qəbul etmirlər, deyirlər qiymətləndirmək lazımdır, nəticədə hədiyyə üçün idxal rüsumu və ƏDV ödəyirəm.
Bir qədər öncə, anam üçün şəkər dərmanı aldım. Dərmanın təkcə birinin qiyməti 68.80 manat idi. Yollar açıq olanda İrandan bu pula 10 qutu dərman alırdıq.
Səmimi olaq da, mənim kimi milyonlarıq bu ölkədə. Əlbəttə, bu şərtlərlə dolanan insanın övladı şəhid olanda adamın başı gedər də. Axı bu Vətən, Dövlət insanlar min bir çilədən keçib övlad böyüdəndə harda idi?!
Vətən? O haradır?!
Əgər kasıbın evinin kandarıdırsa, mən o torpağa səcdə edib namaz qılaram.
Yox, əgər zəngin və harınların öz sərvətlərini qorumaq naminə əllərində mexanizmdirsə, mən bu sayaq avantürist və populist ideyalara bilmərrə yoxam.

ROJAVA, YOXSAMI LİBERALİA?

Həmid Herisçi

Suriya Kürdüstanındakı feminist, liberal "Rojava" adlı kürd layihəsi respublikaçıların yox, ABŞ demokratlarının, Barak Obamanın layihəsidir. Fəlsəfi, ideoloji, sosial baxımından ABŞ anarxisti Mürrey Bukçinin əsərlərinə əsaslanır. Fransa kəşfiyyatında bu layihə "Liberalia" adlanır. Orda, feministlər hakimiyyətdədir. Ayrıca silahlı dəstələri də var. Paşinyanın xanımı məhz bu yaraqlıları Qarabağa gətirib.
Ancaq ABŞ respublikaçıları, Tramp bu layihəni demokratlarınkı bilərək onu dəstəkləmir. Onu azdırır. Niyə? Çünkü ABŞ-dakı qaradərili etirazçılar da bax bu Mürrey Bukçin fələsəfəsi tərəfdarları, anarxistlərdi. Yəni bu "liberalia" layihəsi indi ABŞ demokratları, Fransanın kuratsiyasındadır. ABŞ seçkilərində Bayden udsa, hə, vəziyyət çətin olacaq. Çünkü Nikol Paşinyan özü də "Liberalia" layihəsi üzvüdür.
Layihənin Fransa kuratoru məşhur filosof Bernar Anri Levidir. Mən, çox ciddi xakerəm. Bu ultraliberal Fransa filosofu Bernar Anri Levinin bilgisayarına girib, orda çox məxfi "LİBERALİA" kodlu bir layihə aşkarladım. Layihəyə əsasən, Kürd, Erməni mövzusu, dar çərçivəli millətçilik ruhundan təcrid edilməli, tam beynəlmiləl məzmun almalı və yalnız bu halda həyata keçirilməlidir.
Nikol Paşinyan həmin layihənin indi Qarabağda, Ermənistanda icrasına başladı. Layihəyə görə minlərlə solçu, kürd, serb, rus, xarici erməni muzdlu yaraqlısı Qarabağa, Ermənistana yığılmalı, orda öz millətçilik ruhunu liberal dəyərlərlə əvəzləməli, böyük beynəlmiləl bir orduya çevrilməlidir.
Layihənin birinci pilləsi 2016-2019-cu illərdə Suriyada, qondarma kürd kvazidövləti "Rojava"da həyata keçirilsə də, Ərdoğanın hərbi müdaxililəsi buna nöqtə qoydu.
Nəticədə, Paris, Bernar Anri Levi qərar verdi ki, bu "Lİberalia" layihəsi görün bir hara?- Ermənistana, Qarabağa köçürülsün! Liberal Paşinyana etibar edilsin. Sonuncunun "100 minlik xalq ordusu" çağrışı arxasında məhz bu "Liberalia" layihəsi gizlədilib.
Bernar Anri Levini yaxşı tanıyın. Suriyanı, Türkiyəni parçalamaq, yerində qondarma kürd kvazidövləti "Rodjava"nı qurmaq məhz bu "liberal"ın növbəti nəxşəsidir.
"Rodjava"nı o ABŞ anarxisti Mürrey Bukçinin sərsəm fəlsəfəsi əsasında yaradıb.
Abdulla Öcalanı marksizmdən ayırıb Bukçin anarxizminə sürükləyən məhz odur.
Kiçik detal- qondarma kürd "Rodjava"sını o 2016-cı ilin 17 mart tarixində qurub. Qədim Roma tanrısı "Libera"-nın doğum günündə. Həmin gün qədim romalılar bütün etik, milli, mənəvi qaydaları kənara qoyar, Libera tanrısı şərəfinə "Liberaliya" şənliklərini, anarxiyasını həyata keçirərdilər.
Liberalizm beləliklə ateizm deyil. Arxasında qədim Roma tanrılarına, ilk növbədə Libera tanrısına inanan gizli qüvvələr toplaşıb. Femenistdirlər. Hesab edirlər ki, silah kişilərdən alınıb qadınlara ötürülməlidir. Rodjavadakı kürd qadın ordusunu da məhz o yaradıb- Anri Levi... Avropa ölkələrində Müdafiə Naziri vəzifəsinə qadınların gətirilməyi də bu ssenari çərçivəsindədir.
Bernar Levi, yadda saxlayın, kürdlərin, Suriyanın bəlasına çevrilib. Qəddafini deyilənə görə məhz o öldürtdürüb...
Ərdoğana qarşı gizli təxribatları da məhz o hazırlayır.
Fransaya bağlı bütün liberal layihələr bax bu şəxsin dar süzgəcindən keçərək prezident Makronun masasına qonur.
Ancaq Suriya hadisələri vaxtı prezident Donald Tramp bax bu "Liberalia" layihəsini ABŞ demokratlarının layihəsi kimi götürüb bir kənara atdı. Rodjavadan ABŞ qüvvələrini geri çəkdi. Liberalları Ərdoğanın qılıncı ilə təkbətək qoydu.
Çünkü Trampa qarşı ABŞ-dakı qaradərili etiraz məhz Mürrey Bukçin fəlsəfəsinə, anarxizminə söykənir.
Detallar - Bernar Anri Levi, fikir verin, gələcəkdə Sorosu əvəzləyəcək bir kadr kimi düşünülüb.

Bu xəyallara inanmağımız - fəlakətdir

Zahir Əliyev

Çıxışlarında tez-tez "Bir gece ansızın gelebiliriz" deyən Ərdoğan, böyük ehtimal, bunu qonşusu Fatmagül üçün deyir.
AKP hakimiyyəti ölkəsindəki terroru bitirmək üçün heç bir addım atmır, nəticədə vətəndaşlarının özlərinə də məğzi tam aydın edilməyən bir savaşda hər gün əsgərlər ölür. Amma hakimiyyət, milli və dini rıçaqlardan istifadə edib Türkiyə xalqının emosiyaları üzərində oynayaraq, bu davanın onların müqəddəs cihadları olduğuna inandıra bilib. Nəinki öz xalqını, hətta bir qədər də uzağa gedərək, bizim xalqımızı da bu xəyalət PKK cihadına həmfikir etməyi bacarıb.
Ölkəsinin sərhədində sülhü bərqərar edə bilməyən bir dövlət, belə bir məsələdə bizə necə kömək edə bilər? Onlar belə bir xəyalı qura bilər, səbəbləri var, amma bizim buna inanmağımız - fəlakətdir.
Türkiyə toplumunun köhnə imperiya xatirat və ehtirası ilə zirehlənib, çarəsiz hakimiyyətinə cazibə qataraq regiondakı geosiyasi mübarizələrdə pay axtaran AKP hocaları, xalqımızın dərdi və emosional vəziyyətindən məharətlə istifadə edir, hakimiyyətini və xirtəyə qədər zibilə batan TC-ni mürtəce bir romantizmlə bizimçün cazibədar etməyə, özünü köməyə gəlirmiş kimi göstərməyə çalışır. Qarabağı alıb bizə verəcəkmiş kimi saxta bir duruş sərgiləyir. Halbuki, 30 il qabaq iki vertolyotla, Yeltsinlə iki qədəh vurmaqla bunu rahat həll etmək olardı - hərgah münaqişə TC çapında olsaydı. Amma nə edəsən ki, romantik xalqım bu müqayisəni apara bilmir. 30 il əvvəl Qarabağ düyünü kimlərin əlində idisə, bu gün də elə ordadır. 30 il əvvəl TC münaqişənin harasında idisə, bugün də ordadır - dəyişən bir şey yoxdur.
Rusiya, İran, Çin kimi dövlətlərlə strateji müttəfiqlik vəziyyətindəykən, özünü NATO "genişlənməsinin" qurbanına çevirən TC, gözünü açıb özünü Qarabağ probleminin sərhədində gördü. Hərçənd, AKP hakimiyyətinə gəldikləri yerin əslində Rusiya sərhədi olmasını izah etməyə lüzum yoxdur məncə.
Amma hər ehtimala qarşı, hocam gələndə özü ilə "Paşinyan PKK ilə müttəfiqdir"i də gətirməyi unutmayıb. Hər iki xalqı bir daha "kandırmak" üçün yetərli izahatdır. Onlar elə bunu eşitmək istəyir. Qərbin Rusiya üçün qurduğu blokada həlqəsi və İran üçün yeni nəzarət pultu onların vecinə də deyil. 
TC-nin indiyədək heç bir geopolitik fəaliyyəti Türkiyə xalqının xeyrinə olmayıb. Nə qədər ki, NATO-nun üzvüdür, bu, belə də qalacaq. 
İllərdir Avropa Birliyi kimi bir xristian klubunun qapısında burnunun suyunu silən TC hökümətinin, xristian aləmində ciddi nüfuz və mövqe itkisi, tənqid və antipatiya qazancağına baxmayaraq, Ayasofyanı məscidə çevirmək addımı adekvat deyil, hərgah bu, Türkiyədəki müsəlman toplumunun gözünü boyayıb, ruhuna daha bir saxta islam pərçimi vurmağa xidmət etmirdisə; və ya regional münaqişələrdə islam faktorunun aparıcı hərbi güc kimi möhkəmlənməsi üçün, islam ümmətinə yalançı bir jest deyildisə. 
Mən dəqiq bilmirəm hocamız bunu nə üçün elədi, orada açılışda niyə Quran oxudu və sair. Amma bir şeyi dəqiq bilirik ki, bütün bu şounun islam dininə və müsəlmanlara heç bir dəxli yox idi.
Camelərin sayının məktəblərin sayından çox olduğu bir ölkədə, Ayasofya kimi tarixi bir incinin, mədəniyyətlər arasında mühüm bir körpünün, ölkədəki onlarla dindən birinə ibadət üçün təslim etmək - mürtəcelikdir. AKP hakimiyyəti bunun belə olduğunu yəqin ki, bilir və bu siyasi savadsızlığı özünə yaraşdırmaz. 
Nə Ayasofyanın tarixi keçmişi, nə də Türkiyə və Avropadakı multikultural vəziyyət bu addımı təqdir edir. Şayət siyasi xristianlıq lojası şəxsən bunu hocamızın qulağına pıçıldamayıbsa, kişilər yəqin ki, hələ də bu şokdan ayılmayıb.
Sentimental Türkiyə toplumu tez-tez adi həyatla filmləri və şişirdilmiş tarixi hekayələri bir-birinə qarışdıraraq, hocamızı "Reis" deyə çağırır. Yəqin, bu tipli qeyri-rəsmi xitablardan bəzən dövlət başçısı olduğunu unudub emosiyalara qapılır və məsələn, gedib Ayasofyanı came edir, prezidentlərin mühafizəçilərini yumruqlayır və sair.
Amma bu gün, TC-də sayca çox olan müsəlmanlar hocamızın ən güclü qalxanı və zirehidir. Əks halda şəhidlik, cihad və sair kimi islam ümməti üçün müqəddəs və məqbul sayılan hallar olmasa, ordudakı gərəksiz itgiləri, PKK, PYD propaqandalarını cəmiyyətə necə həzm etdirəcək hocam?
Hərçənd, bütün bu zülmü hocama rəva bilən coğrafi cəhət məlumdur.
Necə etdilərsə, xüsusən sünni təriqətində olan müsəlmanlar üçün barıt qoxusunu cənnət qoxusuna çevirə bildilər. Ərəb dünyasında bu, belədir. Amma Türkiyədəki müsəlman toplum, daha çox mötədil, sentimental, dini ideologiyası vətən-millət-bayraq üçlüyü ilə çulğalanmış, qatı türkçülük ideyası ilə örtülmüş bir müsəlman toplumudur. Belə bir toplum milli ideyaya görə hər kəsi tapdalaya-tapdalaya al bayrağı Çinə, Dərbəndə dikməyi məqbul və müqəddəs hesab edər. 
Fəlsəfi nöqteyi-nəzərdən millətçiliklə islam ideyası daban-dabana zidd olduğu üçün, Türkiyə müsəlmanını pozulmuş ilahi dəyərlər daha az narahat edir və ayağa qaldırmır. Bu fakt, onu rahat idarəolunan və sözəbaxan edir. Necə ki, AKP bir Ayasofyanı məscid etməklə özünü islama xidmət etmiş kimi göstərə bilirsə, Türkiyə müsəlmanı da bu addımı rahatlıqla göz yaşları və emosiyalarla Allaha xidmət kimi qəbul edə bilir. Ümumbəşər bir tarixi abidəyə bu qədər barbar münasibətin Türkiyə toplumunun əksər hissəsinin sevinc göz yaşları içində qarşılaması, əslində Türkiyədə islam adı altında, mərkəzində "namazqılan və milli təssübkeş" liderlər dayanan təhlükəli bir kultun formalaşmasını və bu liderlərin xalqın bütün mənəvi boşluqlarını necə rahat şəkildə öz xeyirlərinə doldura bildiklərini açıq şəkildə göstərə bildi. 
Hocamız dini zəmində fələstini, dini-milli zəmində uyğurları eyni zamanda ustalıqla müdafiə edə bilir. Bu haqda verdiyi mesajlardan toplumun emosiyaları coşur. 
Davosda o boyda Peresi "Polat Alemdar"ın jarqonunda çiləməsi belə, Türkiyə toplomuna "Bravo, Reis!" dedizdirə bildi. Kütlə təkrar aşiq oldu, alqışladı, sahibləndi. Halbuki ayıq xalq, bu siyasi səbatsızlığa görə ölkəni İsrail kimi dünya gücü ilə diplomatik krizis vəziyyətinə gətirdiyi üçün onu aylarla danlamalı, ictimai rəydə yıxıb sürüməli idi. Davosda başqa motivlər olmuş olsa da, hoca barıtı məhz Türkiyə toplumuna görə artırırdı. Çünki İsrailin qabağında mütləq bir diplomatik çöküş və siyasi məğlubiyyət faktı vardı. Bir az da hoppanıb düşmək icazəsi alınmışdı ki, bütün müsəlman və xüsusənTürkiyə toplumunun gözünə kül üfürsün. Acı həqiqət olsa da, əzilmiş islam ümməti bu cür pafosdan çox təsirlənir; onun, yalandan da olsa, bu cür "qisas"a ehtiyacı var. Hocamız nə etdiyini bilir.
Romantizmin hər cürəsi ilə ram edilə bilən kütlə, AKP-nin saxta xarizmasından şübhələnməz və buna görə də Qərbin Rusiyanı hava hücumundan müdafiə sistemləri ilə həlqəyə almaq siyasətinin bəlkə də son halqası kimi Naxçıvanı nəzərdə tutduğunu, bununçün TC-nin saxta xilaskar obrazından yararlandığını və buna cavab olaraq Rusiyanın Ermənistana külli miqdarda hərbi sürsat daşıdığını sezməz. Çünki kütləyə, mənəvi boşluğunu doldurmaq üçün təcili material lazımdı - o təhlil etmək qabiliyyətindən məhrumdur.
TC, İslamın və Məhəmməd Peyğəmbərin varisliyinin yer üzərində ən nəhəng hamilərindən biri olan İrana illərdir tətbiq olunan haqsız beynəlxalq sanksiyalara, İsrail və Qərb bloklarının İrana etdiyi siyasi və hərbi təzyiqlərə qarşı susur. Çünki, şiəlik Türkiyədə əsasən yad ünsürdür və cazibədar deyil. Buna görə ölkəni diplomatik krizisə salan hakimiyyəti toplum daşqalaq edəcək.
Uyğurlara müstəqillik, azadlıq tələb edir, amma eyni dini bölüşdüyü kürdlərlə diplomatik masa arxasına oturmur, terror deyə müharibə edir, öldürür. Çünki qatı milli ideologiya buna cürət edən hakimiyyəti sürgün edəcək.
Halbuki din müstəvisində məsələn, İran, Türkiyə, Azərbaycan, Suriya, Livan və s. birləşə bilsəydilər, güclü bir blokla hər şeyi hər kəsə diqtə edə bilərdilər. Hansı ki bu gün İran bunu təkbaşına edə bilir. Şayət bütün məsələ dində olsaydı, bugünə qədər bu və ya buna bənzər nələrsə mütləq olacaqdı. Demək məsələ islam deyil.
Məncə, məsələ heç milli mənsubiyyətdə də deyil, çünki SSRİ-dən sonra 30 il ərzində türk dövlətlərinin, dünyanı bir kənara qoyun, Allahın Ermənistanını belə, bir-iki saat qarınağrıya sala biləcək bir "tokatlaşmaları"nı görə bilmədik. Türk geninin dominant olduğu Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan demək olar eyni siyasi idarəetmə xəttini bölüşür. Belə bir xətt daha çox sovet xətir-hörməti, sədaqəti və ortabab, amma sabit bərəkəti ilə Rusiya dostluğunu - köhnə dostluğu üstün tutur. Hər dörd dövlətdə həm də sabit dini atmosfer hakimdir. Baxmayaraq ki, TC gülənçilərlə bu sabitliyi oralarda da pozmağa çalışdı. Heç birinin də TC-yə olan etimadı Rusiyaya olandan çox deyil. Türk millətçi ideologiyasının da hələ ki TC-dən Bakıya qədər yayıldığı və Xəzəri keçə bilmədiyinin şahidiyik. Çünki bu ideologiyanı bişirən mətbəx günbatandadı. Gündoğandakılar onsuz da xalis türklərdir, onların bir də türkçülük şovinizminə nə ehtiyacları var ki? Başqa sözlə, əhalinin 99%-dən çoxunun türk olduğu bir ölkədə boz qurd simgəsi nə ayrıseçkilik salıb ara qarışdırar və bir işə yarayar ki? Buna çəkilən xərc də izafi olar.
Məncə, problem Osmanlının varisi müsəlman TC-də deyil, problem NATO üzvü, ABŞ, İngiltərə mütəffiqi TC-dədir. Baxanda, heç NATO, ABŞ, İngiltərə də problem deyil, problem köhnə peşə sahibi olmaqdadır.
Biri 30 il gözləyib, seyr edib 30 il sonra dərdinə  şərik çıxmağa gəlirsə, bil ki, mütləq səndə ona lazım olan bir şey qalıb... 30 il sənin nə vaxt bu günə düşməyini izləyib əslində...
Qəzamız mübarək...

Soros Ermənistanın başçısıdır - İlham Əliyev

Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Sən necə müstəqil ölkəsən ki, sən öz qərarını qəbul edə bilmirsən. Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur. Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Baxın, Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına. Hamısı ya Sorosdan, ya “Transperensy”dən, ya da ki, digər insan hüquqları təşkilatlarındandır. Onlar bu gün Ermənistanda baş verən despotik hərəkətlərə göz yumurlar.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.
“Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat heç məsələ qaldırmayıb. Ermənistanda indi iki prezident məsuliyyətə cəlb edilib, cinayət işi açılıb, iki keçmiş prezident, sırf siyasi fəaliyyətlərinə görə, bunu hər kəs bilir, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susur? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Sorosa görə. Soros Ermənistanın başçısıdır, Soros həmin bu dırnaqarası hüquq müdafiəsi təşkilatlarının sponsorudur. Onların sponsoru birdir”, - İ.Əliyev söyləyib.

"Beşinci kolonun" əsas maliyyə dayağı – Soros Fondu

Ərəstü Həbibbəyli,
iqtisad elmləri üzrə fəlsəfə doktoru

II Dünya Müharibəsindən sonra beynəlxalq münasibətlər sistemində xarici siyasətin metod və taktikalarında ciddi dəyişikliklər baş vermişdir. Uzun əsrlər müstəmləkəçilik siyasəti üzərində qurulan siyasi kursun mahiyyəti dəyişməsə də, yeni metodlar tətbiq olunmağa başlanmışdır. Keçmiş imperialistlərin maraqlarını artıq rəsmi dairələrdən daha çox qeyri-hökumət təşkilatları, fondlar, beyin mərkəzləri, media-holdinqlər qoruyurlar. Bütün bu qurumlar Qərbin xarici siyasətinin yeni silahlarıdır.
Taktiki dəyişiklik olaraq isə artıq birbaşa işğal deyil, hədəfdə olan ölkələrin daxilində öz əlaltıları – “beşinci kolon” vasitəsilə hərəkət nəzərdə tutulur. Bu mənada Qərb ölkələri sanki səbəbkarı olduqları dünya müharibələrini, keçmiş müstəmləkəçilik ənənələrini bir gündə yaddan çıxardıblar. Əvəzində onların "demokratiya və insan haqlarını” bəhanə etməklə bütün dünya üzərində təsir mexanizmi yaratmaq istəkləri müşahidə olunur.
Qərbin yeni dünya siyasəti ölkələr və regionlar üçün fərqli alətlərlə aparılır. Bu yeni dünya nizamı Əfqanıstan və İraq kimi ölkələrdə birbaşa hərbi müdaxilə hesabınadırsa, bəzi ölkələrdə, xüsusilə də post-sovet məkanında vətəndaş cəmiyyəti təşkilatları vasitəsilə həyata keçirilir. Cəmiyyətin transformasiyası layihələri adı altında sapı özündən baltalar öz cəmiyyətlərinə hərbi müdaxilədən də ağır zərbələr vura bilirlər.
ABŞ başda olmaqla Qərb ölkələri “demokratiya və insan haqlarına” əsaslanan dünya sisteminin qurulmasını əsas məqsədləri elan etdikdən sonra yeni mənzərə yaranmışdır. ABŞ üçün demokratiya hansı metodla olursa olsun, ixrac edilməli olan bir məhsul kimi baxılır. Bu zaman isə hədəfdəki ölkələrin milli xüsusiyyətləri, yerli şərait və digər arqumentlər nəzərə alınmır. Nəticədə “demokratiya” adlandırdıqları prinsiplər belə demokratik olmayan metodla - zorla yayılmağa çalışılır. Bu istiqamətdə milli maraqların müdafiəçisi olan dövlətlər Qərbin planlarına uyğun gəlmir. Ona görə də Qərb fondları, beyin mərkəzləri, siyasi partiyaları, bələdiyyələr və qeyri-hökumət təşkilatları yerli tərəfdaşları ilə qurduqları birbaşa əlaqə hesabına dövlətin kənarda qalmasını istəyirlər. Təhsil, mədəniyyət, incəsənət sahələrinə ayrılan qrantlar hesabına cəmiyyətin milli təfəkkürünü yox edərək, kosmopolit dəyərlər aşılamağa çalışılır. Bütün bu anti-milli fəaliyyətdə isə onların əsas ümidləri müxtəlif vasitələrlə ələ aldıqları “beşinci kolon” nümayəndələrinədir.
Beynəlxalq müstəvidə “beşinci kolon” Qərbin müxtəlif fondları tərəfindən maliyyələşdirilir. Belə maliyyə dayaqlarının ən mühümlərindən biri də Soros fondlarıdır. Biznesdən tutmuş missionerliyə qədər müxtəlif sahələri əhatə edən bu fondların başında Corc Soros dayanır. “Forbes” jurnalının 2012-ci il məlumatına əsasən, o 20 milyard dollarlıq sərvətə malik olmaqla ABŞ-ın ən varlı 7-ci milyarderidir.
Corc Sorosun “xeyriyyəçilik” missiyası 1979-cu ildə təsis edilmiş Açıq Cəmiyyət İnstitutu ilə başlamışdır. Hazırda bu qurum dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir. 2009-cu ildə Açıq Cəmiyyət İnstitutunun Yardım Fondu dünya üzrə bütün proqramlara 683 milyon dollar (OSİ Report 2009) xərcləmişdir. Corc Sorosun yaratdığı bu fondlar “demokratiya və insan haqlarını” əldə bayraq tutan onlarla təşkilatı maliyyələşdirir. Xüsusən Varşava Müqaviləsi Paktı dağıldıqdan sonra bütün inqilab və çevrilişlərdə Sorosun adı hallanır. Gül inqilablarında Soros əsas aktorlardan biridir. ABŞ-ın hökumət olaraq nüfuzunun zəif olduğu əksər regionlarda (İslam ölkələri, post-sovet, sosialist, Cənub-Şərqi Asiya) bu fond ən aktiv rol oynayır.
Ümumilikdə dünyada Corc Sorosun adı daha çox müxtəlif maliyyə fırıldaqlarında hallanır. O Londonda təhsil alarkən məşhur filosof Karl Popperdən təsirlənərək həyat kredosu olaraq müəyyənləşdirdiyi “açıq cəmiyyət” quruculuğu ideyasını bu fırıldaqları ört-basdır etmək üçün məharətlə istifadə edir. Onun görünməyən himayədarları isə “demokratiya və insan haqları” ruporu olmağı müqabilində Sorosun bütün maliyyə möhtəkirliklərinə şərait yaradırlar.
Sorosun qlobal miqyasda açıq cəmiyyət yaratmaq təşəbbüsü heç də birmənalı qarşılanmır. Onun bu ideyalar altında ölkədaxili təzyiq qrupları yaratmaq niyyəti daha çox vətəndaş cəmiyyətini satın almaq planı kimi qiymətləndirilir.
ABŞ-da belə Sorosun maliyyə imperiyası daim tənqid hədəfindədir. Belə ki, bu məşhur “xeyriyyəçi” ölkədə varlılar üçün daha ağır vergi yükü və fəaliyyətlərinə ciddi nəzarət mexanizmi tələb etdiyi halda, özü daim nəzarətdən yayınmağa çalışır. Onun əsas qazancını təşkil edən şirkətlər ofşorlardır. Corc Soros maliyyə əməliyyatlarını 1969-cu ildə yaratdığı “Quantum Fund NV” vasitəsilə həyata keçirir. Rəsmi olaraq bu şirkət Holland Antil adalarında qeydiyyatdadır və Corc Soros idarə heyətində təmsil olunmur, yalnız investisiya məsləhətçisidir. Bu tip fondlarda səhmdarlar açıqlanmır. “Quantum Fund”un adı dünyanın bütün yerlərində qaranlıq maliyyə əməliyyatlarında hallanır. Qəribə bir paradoks yaranır: “ABŞ-da varlılar üçün daha ağır şərtlər tələb edən birisi müxtəlif yollarla vergidən yayınır və hətta ölkədə vergi qeydiyyatında deyil”.
Sorosun maliyyə imperiyası fəaliyyətinə nəzarət güclü olmayan investisiya bankları, ofşor investisiya fondları, hedge fondlar və bu kimi qurumlar üzərində qurulub. Hazırkı qlobal iqtisadi böhranda bu təsisatların müstəsna rolu var və hazırda ekspertlər onlara nəzarətlə bağlı yeni mexanizmləri ciddi müzakirə edirlər. ABŞ-da maliyyə bazarının sabitliyinə nəzarətlə bağlı 2010-cu ildə yeni qanun qəbul olunmuşdur (qanun onu hazırlayan konqresmenlər Kris Dodd - Barni Frankın adı ilə adlanır). Maraqlıdır ki, 2012-ci ilin avqust ayından etibarən Dodd-Frank qanununun qüvvəyə minməsini nəzərə alaraq Soros Fondu dərhal öz fəaliyyətində taktiki dəyişiklik etmişdir. Belə ki, Corc Soros bildirmişdir ki, onun hedge fondu “Soros Fund Management LLC” dövriyyəsində yalnız özünə və ailəsinə məxsus vəsaitləri saxlayacaq, digər şəxslərin sərmayələri isə özlərinə qaytarılacaq. Çünki bu qanuna əsasən həmin tarixdən etibarən ABŞ-da şirkətlər dövriyyədə üçüncü şəxslərin vəsaitini saxlamaqda davam edərsə, ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyasında (SEC) qeydiyyatdan keçməli və konfidensial məlumatlar da daxil olmaqla mütəmadi olaraq federal hökumət qarşısında hesabat verməlidirlər. Corc Soros isə bunu istəmədi. “Açıq cəmiyyət” qurucusunun şəffaflıqdan çəkinməsi dünyada ədalət çarçılarını – nə rəsmi, nə də qeyri hökumət təşkilatlarını bir azca da olsa narahat etmədi. Çünki bu dairələrin əsas maliyyə mənbəyi və idarəedəni elə Soros və onun havadarlarıdır.
Soros Fondunun əsas fəaliyyət mexanizmi iqtisadi asılılıq üzərində qurulub. Hədəfdə olan ölkələrdə sabitliyi pozmaqla iqtisadiyyatda inkişafın qarşısı alınır. Yaranan durğunluq şəraitində isə istehsal azalır, işsizlik artır, ölkənin maliyyə resurslarına tələbatı artır. Bu zaman beynəlxalq maliyyə institutları, Qərbin maliyyə möhtərkirləri – investisiya fondları, hedge fondlar dərhal hərəkətə keçərək milli dövlətlərin borclanmasına və asılı duruma düşməsinə səbəb olurlar.
Təsadüfi deyil ki, bütün iqtisadi tərəddüd və böhranlarda Sorosun “Quantum Fond”unun adı hallanır. Sonrakı proseslərin təhlili göstərir ki, Sorosun fondları maliyyə bazarına süni müdaxilələrlə qısa müddətli durğunluq yarada bilir və bu müddətdən istifadə edərək dərhal müxtəlif əməliyyatlar apararaq milyonlarla dollar qazanc əldə edir. 1997-ci il Şərqi Asiya iqtisadi böhranında, 1998-ci il Rusiya iqtisadi böhranında Soros fondlarının əməyi var. Maraqlıdır ki, Soros hətta İngiltərəyə belə rəhm etməmişdir.
Sorosun maliyyə möhtəkirliyi bütün dünyaya məlumdur. Ona görə də avrobondların reallaşdırılması ilə bağlı onun təkliflərinə iqtisadçılar şübhə ilə yanaşırlar. Corc Soros birjada avroya qarşı oynamayacağını bildirsə də heç kəs ona inanmır. Dünya 1992-ci ildə Sorosun funt-sterlinqlə bağlı spekulyasiyada bir gündə 1 milyard dollar qazanmasını hələ unutmayıb. 1992-ci ilin sentyabr ayının 16-sı İngiltərə tarixində “Qara çərşənbə” kimi yadda qalmışdır. Sorosun keçirdiyi maliyyə əməliyyatları nəticəsində funt-sterlinqin dəyəri birdən-birə 12 % aşağı düşür ki, bu da Sorosun bir gecədə 1,1 milyard dollardan çox gəlir qazanmasına səbəb olur. Bundan sonra tanınmış missioneri “İngiltərə bankını dağıdan şəxs” adlandırmağa başlayırlar. Soros özü isə həmin çərşənbəni “Ağ çərşənbə” adlandırır.
Asiya bazarlarındakı möhtəkirliklərdə də Soros əsas iştirakçıdır. Malayziyanın keçmiş Baş naziri Mahathir Mohamad bildirmişdir ki, 1997-ci il Şərqi Asiya bazarlarının çökməsinə görə “Quantum Fond” da məsuliyyət daşıyır. Onun fikrincə, böhrana qədərki 3 ildə Soros fondu Şərqi Asiya fond bazarına və daşınmaz əmlakına qısamüddətli spekulyativ investisiya qoymuşdur. Sonra isə valyutanın ilkin devalvasiya ehtimalında dərhal sataraq bazarda spekulyasiya üçün şərait yaratmışdır.
Dünyanın bir sıra ölkələrində Soros fondlarının fəaliyyəti dayandırılıb və ya  məhkəməyə verilib. 2002-ci ildə Paris məhkəməsi Corc Sorosu “Societe Generale” bankı haqqında məxfi məlumatları bilməsindən sui-istifadə edərək onun səhmlərinin alqı-satqısından böyük qazanc götürdüyü üçün 2,2 milyon avro məbləğində cərimələmişdir.
2009-cu ildə Macarıstanın ən böyük bankı “OTP Bank Nyrt”-ın səhmlərinin məqsədli şəkildə dəyərdən düşməsi haqqında spekulyasiya yaradaraq bundan faydalandığı üçün “Soros Fund Management” 2,2 mln. dollar cərimələnmişdir.
Rusiyada da birjada Sorosun möhtəkirliyi ilə bağlı məsələ qalxmışdır. Rus kəşfiyyatı müəyyən etmişdir ki, Soros İsveç və Danimarka derivativləri vasitəsilə Rusiya Fond bazarına hücum etmək niyyətindədir. Məhz bundan sonra Rusiyada qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul olundu və Açıq Cəmiyyət İnstitutunun fəaliyyəti məhdudlaşdırıldı.
Belarusda, Özbəkistanda, Türkmənistada da Açıq Cəmiyyət İnstitutunun fəaliyyəti qadağan olunub.
Təcrübə göstərir ki, Soros hər dəfə birjada hansısa valyutanın məzənnəsinə təsir etmək üçün əvvəlcə kütləvi informasiya vasitələri və analitik nəşrlər tərəfindən informasiya hücumu təşkil edir. Məhz bu səbəbdən də Soros fondları bir çox məşhur media qurumlarını və nəşrlərini, beyin mərkəzlərini maliyyələşdirir. Sorosun hədəfə aldığı ölkəyə ilk hücumu informasiya məkanında olur və dünya ictimaiyyətində həmin ölkə haqqında mənfi obraz yaratmağa yönəlir. “Huffungton Post” qəzeti, “Eurasianet” internet nəşri birbaşa Corc Sorosa məxsusdur.
Açıq Cəmiyyət İnstututu fəaliyyət göstərdiyi ölkələrdə jurnalistlər birliklərini, alimləri, hüquqşünasları, radioları, insan haqları dərnəklərini maliyyələşdirir və ya bu qurumlar üçün mükafatlar təsis edir. Soros qrantının aludəçilərinə çevrilən bu mükafatçılar isə “beşinci kolon”un əsas bazasını təşkil edirlər.
Soros Fondu bir sıra beyin mərkəzlərinin maliyyələşdirilməsində də iştirak edir. Bu beyin mərkəzlərinin arasında Brookings İnstitutu, Amerikanın Gələcəyi Naminə İnstitut (İnstitute for America’s Future), Siyasi Tədqiqatlar İnstitutu (Institute for Policy Studies), Xarici Əlaqələr üzrə Avropa Şurasının (European Council on Foreign Relations) adını çəkmək kifayətdir ki, Sorosun təsir imkanlarını qiymətləndirə biləsən. Qeyd etməyə dəyər ki, təkcə Xarici Əlaqələr üzrə Avropa Şurasının Məsləhətçilər Şurasına Corc Sorosla yanaşı Avropa dövlətlərinin 4 keçmiş prezidenti, 12 keçmiş baş nazir, 7 hazırkı və 17 keçmiş xarici işlər nazirləri, Avropa İttifaqının 5 keçmiş komissarı, NATO-nun 3 keçmiş baş katibi daxildir.
Corc Soros Bilderberq klubunun aktiv iştirakçılarındandır. Məlum olduğu kimi, ictimaiyyət üçün bağlı olan bu klubda iştirakçıların üçdə biri hökumət və siyasətçilər, qalanı isə maliyyə, sənaye, təhsil, aparıcı media-holdinqlərin nüfuzlu şəxsləri arasından dəvət olunur. Bilderberq klubunun daimi üzvlüyü mövcud deyil. Hər il idarəedici komitə iclasa yüzə yaxın insan dəvət edir, onlardan hər biri sirri qorumaq ilə bağlı öhdəlik götürür. Bu klubu bəzən gizli dünya idarəetmə sisteminin əsas mərkəzi hesab edirlər. Corc Soros bu mistik klub vasitəsilə pərdəarxası siyasi proseslərdə iştirak edir, dünyanın siyasi fikrinə təsir edə biləcək təşkilatları dəstəkləyir. Özünün həyat fəlsəfəsini açıq cəmiyyət quruculuğu elan edən birinin qapalı təşkilatlarda fəaliyyəti isə olduqca təzadlı görünür.
Açıq Cəmiyyət İnstitutu bir sıra beynəlxalq QHT-lərin də əsas maliyyə dayağıdır. “Amnesty International”, “Human Rights Watch”, “Free Press”, “Mercy Corps”, Beynəlxalq Böhran Qrupu əsas benefisiarlardır.
Açıq Cəmiyyət İnstitutu “Human Rights Watch” təşkilatının birbaşa donorudur. 2011-ci ildə təşkilatın 128 milyon dollarlıq qrant layihələrinin 100 milyonu Soros Fondu tərəfindən maliyyələşdirilmişdir.
Corc Soros Beynəlxalq Böhran Qrupunun İcraedici Komitəsinin 8 üzvündən biridir.
“Freedom House” təşkilatının 80% xərclərini ABŞ rəsmi orqanları ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və ABŞ İnformasiya Agentliyi (USİA) maliyyələşdirir. Digər mühüm donorlardan biri də “Soros Foundations”dir. “Sərhədsiz Reportyorlar” təşkilatının maliyyələşməsində də Açıq Cəmiyyət İnstitutunun payı var. Ərəb oyanışı prosesində Misirdə, Tunisdə  “Freedom House”, “Sərhədsiz Reportyorlar” və Açıq Cəmiyyət İnstitutu aparıcı rol oynamışlar.
Beləliklə, maraqlı mənzərə müşahidə olunur. Aydın olur ki, bütün bu qondarma insan haqqları müdafiəçiləri bir mərkəzdən idarə olunur. “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanın əleyhinə qara piar aparan “Amnesty International”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatların Azərbaycana qarşı dezinformasiyalarının başlıca məqsədi Qərbin neoimperialist məqsədlərinə xidmət etməkdir. Corc Soros kimi öz biznes maraqlarını hər şeydən uca tutan birinin havadarlıq etdiyi təşkilatların ədalətsiz mövqeyinin həqiqiliyi isə inandırıcı deyil.
Ümumiyyətlə, Azərbaycanda Açıq Cəmiyyət İnstitutu başda olmaqla xarici donorların qrant ayırdığı layihələr insanda belə təəssürat yaradır ki, bu qrantlar sadəcə qrant vermək xatirinə verilir. Çünki layihələrin əksəriyyəti formaldır, real problemləri əhatə etmir. Azərbaycanda vətənpərvər, hərbi yönümlü QHT-lərin layihələrinə ABŞ və Avropadakı fondların, institutların bir dəfə olsun belə maliyyə ayırmamaları da danılmaz faktdır.
Heç bir mənəvi dəyərlərə hörmət etməyən Sorosun dünyada insan haqları müdafiəçi təşkilatlarına havadarlıq etməsinin arxasında isə başqa səbəblər dayanır. Corc Soros ABŞ daxilində belə öz maraqları çərçivəsində çıxış edir. Belə ki, o, marixuananın leqallaşdırılması təklifi ilə çıxış edir. CNN-in məlumatlarına görə, milyarder Kaliforniyada marixuananın leqallaşdırılması üçün referendum keçirilməsinə milyonlarla dollar pul xərcləyib. Onun fantaziyasına görə, marixuananın leqallaşması və bu sahəyə nəzarət marixuananın yayılması və satışına qarşı aparılan mübarizədə xərclənən böyük həcmdə maliyyə vəsaitinə qənaət etməyə imkan verəcək. San Fransiskoda “Tayds Fondu” Soros Fondundan narkomanlara pulsuz şpris paylanması üçün 1 milyon vəsait ala bilib. Narkotiklərin qanuniləşdirilməsi tərəfdarı olan güclü təsir edici dərman vasitələri sahəsində siyasət fonduna (DPF) 15 milyon dollar ayırıb. Sorosun dəstəklədiyi “Human Rights Watch” təşkilatı ABŞ-ın narkotik maddələr istehsalı bəhanəsi ilə Kolumbiyanın daxili işlərinə qarışmasına qarşı çıxış edir. Göründüyü kimi insan haqları yalnız lazım olanda yada düşür. Narkotika kimi bəşəriyyətin bəlasını müdafiə edənlər dünyaya azadlıq dərsi keçməyə cəhd edirlər.
Əslində Sorosun bu narkotika sevdasının qərəzini Azərbaycan da öz üzərində görmüşdür. Belə ki, ABŞ Dövlət Departamentinin 2010-cu il hesabatında Azərbaycanda 33 000 narkoman tələbə olması ilə bağlı yanlış məlumatda Açıq Cəmiyyət İnstitutunun əməyi var. Bu hesabat “beşinci kolon” nümayəndələrinin aldığı qrant qarşılığında yalan məlumatlarına əsaslanmışdır. Açıq Cəmiyyət İnstitutunun Azərbaycanda reproduktiv sağlamlığın təbliği adı altında maliyyələşdirdiyi layihələr kağızda narkomaniya, HİV, AİDS-ə yoluxmuş insanlarla iş nəzərdə tutur. Reallıqda isə ayrılan qrantın əvəzini vermək üçün narkomanların sayının şişirdilməsindən başqa bir mahiyyət daşımır. Bu layihənin benefisiarı olan yerli QHT sədrlərindən birinin Azərbaycanda 33 000 narkoman tələbə və bunlardan çoxunun qız olmasını bildirməsi Dövlət Departamentinin hesabatında statistik göstərici kimi qeydə alınıb. Beləliklə, demokratiya və insan haqları bayraqdarları olan beynəlxalq QHT-lər, onların havadarları və qranta görə bütün milli-mənəvi dəyərləri ayaq altına salmağa hazır olan “beşinci kolon” nümayəndələrinin Azərbaycan əleyhinə işbirliyi müstəqil siyasətə və milli dəyərlərə qarşı yönəlmişdir. Bu üçlüyü tamamlayan digər bir halqa isə erməni diasporudur. Sorosun tərəfdaşlarının timsalında bu fakt açıq-aydın görünür.
Qərbin müxtəlif fondlarının insan haqları bəhanəsi ilə Azərbaycana hücumunda erməni izləri də dərhal görünür. Məlumdur ki, Soros Fondu onunla eyni mərkəzdən idarə olunan digər beynəlxalq QHT-lər, fondlar, beyin mərkəzləri ilə sıx əməkdaşlıq edir. Bu həmin qurumların daxil olduqları ölkədə manevr imkanlarını genişləndirir. Belə ki, milli dövlətlərin etirazı ilə qarşılaşdıqda bu təşkilatlar dərhal öz funksiyasını digərinə təhvil verir, özü həmin ölkədə arxa plana keçsə də vahid məqsəd istiqamətində aparılan işlər davam etdirilir. Ölkədə bütün xarici havadarlar dəstəsinə qarşı şübhələr səsləndikdə isə bunu demokratik prinsiplərin pozulması kimi dünya ictimaiyyətinə təqdim edirlər.
Açıq Cəmiyyət İnstitutunun əsas tərəfdaşlarından biri də “Karnegi Korporasiyası”dır. Bu iki təşkilat bir çox sahələrdə, xüsusilə xarici ölkələrdə demokratik islahat tələbləri sahəsində əməkdaşlıq edir. Onların əməkdaşlığının əyani təsdiqi Açıq Cəmiyyət İnstitutu və “Karnegi Korporasiyası”nın Beynəlxalq Böhran Qrupunun iki ən mühüm donoru olmasında görünür. Karnegi Korporasiyasının Prezidenti isə İran ermənisi Vartan Gregoriandır. Təbrizdə doğulan bu erməni Fransanın Təbrizdə həmin dövr vitse-konsulu olan Edgar Maloyan tərəfindən 1948-ci ildə Livanda təhsil almaq üçün Beyruta göndərilmişdir. Maraqlıdır ki, Wikipediya məlumatlarına əsasən Vartan Gregorian Livana göndəriləndə fransız konsul ona 3 məktub vermişdi: biri Livan Daxili Təhlükəsizlik Agentliyinə, biri erməni kollecinə və üçüncüsü qalacağı otelə. Livanda “Erməni Yardım Cəmiyyəti” onun yaşamasını və təhsilini öz üzərinə götürmüş və diasporun xeyir-duası ilə ABŞ-a yollanmışdır. Bu işdə onun əsas himayədarı Ermənistan Demokratik Respublikasının baş naziri (1920-ci ildə) olmuş daşnak Simon Vraçyan olmuşdur. Vartan Gregorian hazırda ABŞ-da erməni diasporunun ən aktiv üzvlərindən biridir. ABŞ Prezidentləri Bill Klinton (National Humanities Medal) və Corc Buş (Presidential Medal of Freedom) onu medalla təltif etmişlər.
Karnegi Korporasiyasının İdarə Heyətində təmsil olunan digər bir erməni isə Edward P.Djerejiandır. ABŞ-ın İsrail (1993-1994) və Suriyada (1988-1991) səfiri, Dövlət Katibinin Yaxın Şərq və Cənubi Asiya məsələləri üzrə köməkçisi (1991-1993) olmuş bu şəxs isə erməni diasporunun Dövlət Departamentində maraqlarını qoruyanlardandır.
Beləliklə, Livanda daşnak mühitində tərbiyə edilən, xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və ABŞ rəsmilərinə yol tapan erməni diaspor nümayəndələrinin müxtəlif təşkilatlar vasitəsilə Azərbaycanda “beşinci kolon” nümayəndələri ilə eyni məqsədlərə xidmət edirlər.
Sorosun milli-mənəvi dəyərlərə düşmən olmasını Qərb mətbuatı da təsdiq edir. 2010-cu ildə “Washington Post” qəzetində iddia edilmişdir ki, Sorosun fikrincə din, milli maraqlar, ailə relikt institutlardır və onları aradan qaldırmaq lazımdır. Bu baxımdan da Sorosun insan haqları təşkilatlarının əsas hədəfi milli mentalitetə yönəlmişdir. Fikrimizcə, ailə dəyərlərinin son illər dəyişikliyə məruz qalmasında da Qərbdə maraqlı qüvvələr var və onlar daha çox televiziya və internet vasitəsilə sadə insanlara təsir imkanlarına malikdirlər. Azərbaycanın milli teleməkanda xarici serialların dayandırılmasına qarşı çıxanlar da bu dəyirmana su tökənlərdir.
Qərbin bəzi dairələrinin Azərbaycan cəmiyyətinə türk serialları vasitəsilə təsir etmək planları isə heç kəsə sirr deyil. Sorosun maliyyə dəstəyi ilə yaradılan Türk İqtisadi və Sosial Tədqiqatlar Fondu (TESEV) və Avrasiya Əməkdaşlıq Fondunun 2012-ci ilin mart ayında Tiflisdə keçirdiyi tədbirdə türk seriallarının Azərbaycana təsir etmək planları müzakirə olunmuşdur. Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Piter Semnebi, ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Kenneth Yalovitz, Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Freyzerin qatıldığı tədbirdə türk seriallarının Azərbaycan-Ermənistan münasibətlərində Azərbaycanı sülhə yönləndirmək üçün istifadə edilə biləcəyi bir tələb olaraq ortaya qoyulmuşdur.
Ümumiyyətlə Soros Fondu Türkiyədə “beşinci kolon”un yaradılmasında daha mütəşəkkil hərəkət edir. Maraqlıdır ki, hətta Türkiyədə belə Soros uşaqlarının əsas hədəflərindən biri yenə də Azərbaycandır. Soros Fondu Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılmasının əsas havadarlarından biridir. Sorosun maliyyə dəstəyi ilə yaradılan TESEV vasitəsilə türk cəmiyyətinə “demokratik açılım” adı ilə türk-erməni, türk-kürd münasibətləri ilə bağlı milli maraqlara uyğun gəlməyən təşəbbüslər təqdim edilir.
Sorosun Türkiyədəki “beşinci kolonu” ilə bağlı xüsusi bir məqam da diqqətimizi cəlb etmişdir. Qərbin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və Azərbaycanın bu prosesdən kənar tutulması Açıq Cəmiyyət İnstitutunun birbaşa maliyyələşdirdiyi TESEV və müxtəlif qrantlar yedirtdiyi Türkiyə İqtisadi Siyasət Tədqiqatları Vəqfi (TEPAV) tərəfindən aparılır. Bu qurumlar irəli sürdükləri müxtəlif layihələrlə Azərbaycan cəmiyyətinin qeyd olunan prosesə sərt reaksiyasını yumşaltmağa çalışırlar.
Corc Soros Türkiyə-Ermənistan yaxınlaşmasına şəxsi töhfəsini verməyə də çalışmışdır. Sorosun maliyyələşdirdiyi Avropa Tələbələr Forumu (AEGEE)  9-14 oktyabr 2009-cu ildə Türkiyədəki yeganə erməni kəndində (Vakıflı, Hatay) erməni və türk tələbələrin lageri təşkil etmiş və bu tələbələri Türkiyə-Ermənistan arasında futbol oyununa yollamışdır.
Sorosun Türkiyə planları milli maraqlara zərbə üzərindən qurulub. Açıq Cəmiyyət İnstitutu “TESEV”, “Açık Radyo”, “Tarix Vəqfi”,  “Helsinki Vətəndaş Assambleyası”, “İnsan Haqları Dərnəyi”, “Avropa Hərəkatı” kimi təşkilatlara maliyyə dəstəyi verir. Bilgi, Boğaziçi, Sabancı Universitetləri də bu siyahıdadır.
Corc Sorosun təhsil müəssisələrinə nə qədər əhəmiyyət verdiyi onun Sabancı Universitetinin açılışı ilə əlaqədar söylədiyi bu sözlər təsdiq edir: “Mərkəzi Avropa Universiteti Şərq blokunun dağılmasında mühüm rol oynadı. Türkiyədə də köklü dəyişikliklər və islahatlar üçün bu universitetə çox iş düşəcək”.
Aparılan müşahidələr göstərir ki, Türkiyədə erməni təəssübkeşləri eyni bir dairənin üzvlərinin təsiri altında formalaşırlar. Sorosun Türkiyədəki “beşinci kolon”unun üzvləri olan yuxarıda adı çəkilən təşkilatların nümayəndələri eyni zamanda “Ermənilərdən üzr istəyirik” kompaniyasının iştirakçılarıdır, Xocalı ilə bağlı “Taksim yürüşü”nün əleyhinə çıxanlardır. Türkiyə demokratik açılım adı altında ölkənin bölünməsinə çalışanlar, Türkiyə-Ermənistan yaxınlaşması uğrunda əsas aktorlar da məhz bu qüvvələrdir. Lakin Corc Soros və onun hamiləri Türkiyədəki “beşinci kolon” vasitəsilə Azərbaycanla bağlı planlar qurarkən nəzərə almayıblar ki, Azərbaycan və Türkiyə “bir millət iki dövlətdir”. Heç bir xarici qüvvə bu prinsipi pozmaq iqtidarında deyil.
Beləliklə, regionda müstəqil xarici siyasət yeridən Azərbaycan Qərbin müxtəlif siyasi fondlarının, beynəlxalq QHT-lərin, onların “beşinci kolon”unun nümayəndələrinin və erməni diasporunun birgə anti-təbliğatı ilə üz-üzədir. Əlverişli geosiyasi mövqeyi, Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin üzərində yerləşməsi, müxtəlif sivilizasiyalar və dinlər arasında körpü rolunu oynaması, enerji bazarının mühüm iştirakçısı olması Azərbaycanı müxtəlif maraqların toqquşduğu bir məkana çevirir. Müstəqil xarici siyasət və uğurlu inkişaf strategiyası isə regionda maraqlı olan bir çox qüvvələrin planlarına uyğun gəlmir. Bu qüvvələr həm xaricdən müxtəlif fondlar, QHT-lər, mətbuat orqanları vasitəsilə, həm də daxildən qrantlar hesabına formalaşdırdıqları “beşinci kolon” vasitəsilə Azərbaycana təzyiq etməyə çalışırlar. Lakin hər keçən gün daha da güclənən Azərbaycanın inkişafı və dünyada qazandığı siyasi mövqe bu təxribatçılara qarşı ən tutarlı cavabdır. /newtimes.az/

22.09.2020

 
Adil Hüseynoğlu:
"Türklə Türkiyəni bir-birinə qatmaq lazım deyil. Bu gün Türkiyə hökuməti masonların Orta Şərq proqramını icra edir. Məhz elə ona görə də Azərbaycan ictimaiyyətində Türkiyəyə simpatiya yaradılır. Hətta öz vətənimizi onlara qurban verəcək dərəcədə. Əslində İsrailin düşmənçiliyi bütün müsəlmanlarladır. Türkiyə isə onun strateji müttəfiqidir. İsrailin bütün düşmənləri ilə Türkiyə hökuməti də düşmənçilik edir. Tarixə baxın, belə olmayan Türkiyə hökuməti həmişə Pentaqonun idarə etdiyi Türkiyə ordusu tərəfindən devrilib. Məsələn, 1995-ci ildə Ərbakan hökuməti kimi. Bu gün İsrailin bütün içməli suyu Türkiyədən gedir. Bu xüsusda çox sadalamaq olar. Türklər isə bizim din qardaşımız, qan qardaşımızdır. Bir ümmətin üzvləyirik. Milli mənsubiyyətdən istifadə edib aranı qatmaq lazım deyil. Ortaya millətçilik söhbəti salanlar da masonların proqramını icra edirlər. Bunu yazılarda da açıq-aydın görmək olur".

“Rusdilli məktəblərin bağlanmasını istəyənlər şüursuzdurlar”

“Rusdilli məktəblərin bağlanmasını istəyənlər şüursuzdurlar və bunun heç bir məntiqi yoxdur”.

Bunu “MediaPost”a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq millət vəkili Araz Əlizadə deyib. O rusdilli məktəblərin bağlanması ilə bağlı müzakirələri yersiz hesab edib:
“Balalarımız rus, ingilis, alman dilində hamısı mükəmməl bilməlidirlər. Rusdili məktəblərinin bağlanması bizə heç nə verməyəcək. Bunu müzakirə edənlər populizmlə məşğuldurlar”.
A.Əlizadənin sözlərinə görə, siyasətin dil bilməyə heç bir dəxli yoxdur:
“Rusdili məktəblərdə təhsil alanların öz doğma dillərində danışa bilməmələri ilə bağlı deyilənlər boş şeydir. Rus məktəbini bitirənlər çox vaxt Azərbaycan dilini Azərbaycan bölməsini bitirənlərdən daha yaxşı bilirlər. Bu, ailədəki vəziyyətdən asılıdır. Əgər ailədə Azərbaycan dlindən istifadə edirlərsə, uşaq da Azərbaycan dilini bilir, əks halda yox”.

Nə tez yaddan çıxdı?

Zahir Əliyev

Vətən torpağında Türkiyə bayrağının qaldırılması - vətənə xəyanətdir! Bu adamların hamısı terror və xarici cinayətkar qrupların üzvləridir!
Sonuncu dəfə bizi Türkiyə bayrağı altında müstəqil görmək istəyən kölə elçibəyçi təfəkkürünün tüğyan etdiyi vaxt Qarabağı itirmişdik.
Sonuncu dəfə elçibəyçi təfəkkürlü millətçilər bu qədər pafoslu "vətənpərvər" olduqları zaman ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı və Qarabağı itirmişdik.
Sonuncu dəfə bütün qonşularımızı düşmən elan edib, yeganə xilaskarımızı Türkiyə bilib başımızı itirəndə, torpaqlarımızla bərabər qonşlarımızı da itirdik. Türkiyədən bir şey çıxmadığını görüb, o qonşuları təkrar qazanmaq üçün 30 il vaxtımız getdi.
Sonuncu dəfə nemətpənahlılar, pənahhüseynlər, sərdarcəlaloğlular bu xalqın siyasi fikrinin məhək daşı olduqlarında, rusdan qalan bütün dəmir-dümürü türkə satıb uzun illər barmağımızı sovurduq.
Nə tez yaddan çıxdı?
Yenə də elçibəyçilik tərəfdən yellər əsir və yenə də qədirbilən xalqımın bəzi qrupları başını itirmək üzrədir.
Türkiyə və bayrağı yeniyetmə oğlan uşağı üçün erogen zonalarını açıq qoyan qadın necədirsə, bizim elçibəyçi təfəkkürü üçün də o cürdür - görən kimi qeyri-şüuri olaraq gözünü yumub ona doğru qaçır.
Mən, sadə vətəndaş kimi hər cür milliyətçi təfəkkürü, bölücülüyü və ayrıseçkiliyi lənətləyirəm!
Türkiyənin bayrağına sığınmaq köləlikdir!
Bu xalqı Qarabağsız qoyan, köləliyə sürükləyən, gor qonşuları ilə düşmən edən, bədbəxt edən, ac-yalavac qoyan... elçibəyçi təfəkkürünə olüm!
Rədd olsun faşizm!

21.09.2020

Bəs niyə ingilis və türk dilində tədris aparılan liseylərdən danışmırlar?

Fidan Əhmədova Afitab

Azərbaycanda tədris dili ingiliscə olan liseylər var, tədris dili türkcə olan liseylər var.
Niyə onlara qarşı etiraz yoxdu bəs?
Əgər söhbət həqiqətən Azərbaycan dilinin qorunmasından gedirsə, niyə ingilis və türk dilində tədris aparılan liseylərdən danışmırlar?
Çünki o liseylər özəldir və arxası gedib kimlərəsə dayanır.
Ona görə də duxları çatmır onlar haqqında nəsə deməyə.
Amma rus sektorları dövlətindir.
Onlar haqqında danışmaq olar.
Vətən sevginizə quzu kəsim eləə...
Əgər bir hərəkəti qınayırıqsa, o hərəkəti edən hər kəsi qınamaq lazımdır.
Əgər belə edə bilmiriksə, deməli məqsədyönlü şəkildə müəyyən təbəqənin üstünə xalqı qızışdırıb salmağa çalışırıq.
Xalqın arasına ixtişaş salıb xaricdən aldığı qrantların haqqını verməyə çalışanlar hal-hazırda bu prosesi həyata keçirməklə məşğuldur .
Mənim ağıllı xalqım da, deyilən hər şeyə uyur birmənalı olaraq...

Prezident İlham Əliyev: Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, biz niyə beynəlxalq hüququ gözləməliyik?!

“Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Amma mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır. Orada hansısa komediya tipli təlimlər keçirirlər. Yəni, hər bir addım bizə qarşı açıq təxribatdır”.
Musavat.com-un xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-unda Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.
“İyul təxribatı - o da artıq silahlı təxribatdır və heç kimə sirr deyil ki, bunu Ermənistan başlayıb. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi bunu açıq bildirib. Mən demişəm o vaxt, bu gün də, bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və biz əgər istəsəydik, Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz etmədik bunu. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu yoxdur - əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq, amma axırı onlar üçün pis olacaq. İyul təxribatından sonra avqust təxribatı. Mülki vətəndaşlara qarşı terror aktları. Hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı tutuldu. İfadələr verir, etiraf edir, adlar çəkir, kim göndərib, necə göndərib. Yəni bu çoban deyil, bu nə bilim yolunu azmış hansısa uşaq deyil... Bu təxribatı kim edir? Bizmi diversiya qrupu göndərmişik? Yox, onlar göndəriblər. Bizmi iyul hadisələrini törətmişik? Onlar. Bizmi onların vətəndaşlarını öldürmüşük? Yox, onlar. Ermənistan tərəfində mülki şəxslər arasında bir dənə də qurban yox idi. Amma bizim 76 yaşlı ağsaqqal həlak oldu, nə qədər ev dağıldı. Ona görə bu təxribatlar faktiki olaraq o siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra bizi ittiham etmək və status-kvonu dəyişməz etməkdir. Budur, onların məqsədi. Ona görə hesab edirlər ki, bunu edə biləcəklər. Hesab edirəm ki, səhv edirlər. Bunu nə qədər tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır”, - deyə dövlət başçısı vurğulayıb.

“Azərtac”ın rəhbəri BAKININ MƏRKƏZİNDƏKİ BİNANI TƏHVİL VERMƏK İSTƏMİR

Dövlət agentliyi üçün yeni binanın tikintisi niyə Əli Həsənova yaxın şirkətə həvalə olunub?

Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətindəki qanunsuzluqlar, o cümlədən büdcə vəsaitlərinin mənimsənilməsi, xüsusən Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaların tikintisindəki yeyintilərlə bağlı istintaq davam edir. Jurnalistlər binasını tikən şirkət – “Portos İnşaat” da audit yoxlamalarına cəlb olunub.
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, jurnalistlər binasıyla bağlı yeyintilərin araşdırması zamanı “AzərTac” dövlət informasiya agentliyilə bağlı da oxşar problem aşkarlanıb. Məlum olub ki, jurnalistlərin binası kimi, “Azərtac” üçün binanın tikintisi də eyni şirkətə – “Portos-İnşaat” MMC-yə həvalə olunub: “Necə olubsa, həm jurnalistlərin binası, həm də “Azərtac”ın binasının tikintisi üçün tenderdə eyni şirkət qalib gəlib. Bunun təsadüf olduğuna bu prosesdən azacıq xəbəri olan heç kimi inandırmaq mümkün deyil. Aydındır ki, KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərli də, “Azərtac”ın rəhbəri Aslan Aslanov da Əli Həsənova yaxın olub. Hər ikisinin “Portos”u qalib elan etməsinin əsas səbəbi də bu olub”.
Mənbənin sözlərinə görə, “Azərtac”a yeni binanın tikintisi üçün 2010-cu ildə Binəqədi rayonu ərazisində (Mərkəzi Seçki Komissiyasının binasının yaxınlığında) torpaq sahəsi ayrılıb, 2011-ci ildə isə şirkət tikinti işlərinə başlayıb. Üstündən 10 il keçsə də, hələ də “Azərtac”ın 6 mərtəbəli yeni binaya köçməsi baş tutmayıb: “Baxmayaraq ki, bu ilin yanvar ayında artlq binaya köçmək, “Azərtac”ın hazırda yerləşdiyi binanı boşaltmaq barədə rəsmi göstəriş verilib, amma agentliyin rəhbərliyi yeni binaya köçmür. Agentliyin rəhbəri Aslan Aslanov paytaxtın lap mərkəzində (Nizami kinoteatrının yanı) yerləşən bu binanı əldən vermək istəmir”.
Mənbə onu da qeyd edib ki, bina tikintisi ilə bağlı yeyintilər məsələsi araşdırılarkən başqa bir maliyyə qalmaqalının üstü açılıb: “2018-ci ilin dövlət büdəcəsindən “Azərtac”a 7 milyon 995 min manat vəsait ayrılıb. Həmin il üçün agentliyin yaydığı maliyyə hesabatında isə büdcədən aldığı və xərclədiyi vəsait 10 milyon 947 min manat göstərilib. Yəni 3 milyon manatdan artıq fərq yaranır. Bunu da sənədin əvvəlində mənfəət kimi qeyd ediblər. Maraqlıdır ki, gəlirlər bölməsində bunu göstərməyiblər. Cəmi xərclər 7 milyon 597 min yazıldığı halda həmin 3 milyon manatın hara xərcləndiyi heç yerdə aydın olmur. Büdcədə qalıq isə cəmi 31 min manat yazılıb. Belə güman etmək olar ki, həmin 3 milyon manat binanın tikintisi üçün ayrılıb və onun necə xərclənməsi barədə hesabatda bir kəlmə də yoxdur”. /azadliq.info/

19.09.2020

Türklərin gəlib bizi xilas etməsi “faktı” – son illərin siyasi sifarişidir

1990-cı illərdə mərhum türkiyəli jurnalist A.Birand türk televiziyalarının birində “qardaş ölkə” Azərbaycanda məlum çevriliş cəhdindən danışırdı. Dedi ki, H.Əliyevdən Türkiyənin səfiri A.Karamanoğlunu otağından qovmasını eşidib, belə bir hadisənin olub-olmadığını səfirin özündən soruşub. Səfir də olmadığını deyib, yəni boynuna almayıb. Birandın bu hadisəyə özünün acıqlı münasibəti isə belə oldu: “Mən başqa bir dövlətin başçısına yox, öz dövlətimin məmuruna – səfirimə inanıram! Belə hadisə baş verməyib!” Bir azərbaycanlı jurnalist belə danışa bilərmi? “Biz balacayıq, gücsüzük, yumurtadan dünən çıxmışıq”, deməyin. Bunu hamı bilir. Söhbət nəsimiçi ədadan gedir. İmperialist-nəsimiçi rus məktəbinin yetirməsi olan H.Əliyevdə bu əda vardı.
Yeni qurulmuş bir dövlətin rəhbəri kimi Ə.Elçibəyin Atatürkün mavzoleyində xatirə dəftərinə “Mən Atatürkün əsgəriyəm” yazması böyük bir yanlış idi. Dövləti – xalqın vüqarını təmsil edən bir şəxs belə danışmamalıdır.
Türklərin gəlib bizi xilas etməsi “faktı” – son illərin siyasi sifarişidir. Yeni açılan arxivlər bunun, ən azından, mübahisəli olduğunu göstərir. Soruşmaq gərək, indiki İran kimi dini bir dövlət olan Osmaniyyə (Osmanlı yox, Osmaniyyə!) bizi ümmət qardaşlığına görə xilas edirdi, ya millət qardaşlığına görə? Və yaxud, tarixdə hansısa siyasi-tarixi səbəblərdən başqasının müharibəsində iştirak etməyə məcbur olmuş dövlətlərin və xalqların hamısını təmənnasız xilaskarmı adlandırırlar? Bu imperiya nə vaxtdan xilaskar olub?
Şeyxnəsrullahlığı biryolluq anlamayan, hər dəfə yeni bir Şeyxnəsrullaha aldanacaqdır.
Türklər bizi lap xilas etmiş olsalar belə, bunu sosial şəbəkələrdə və e-mediada o formada, bir futbol komandasının azarkeşləri kimi fışqırmaq doğru deyil(di), xalqın adına ayıbdır. Bir xalq – hətta biri gəlib onu xilas etsə belə – öz vüqarını ayaq altına atıb, bunu “Onlar gəlib bizim namusumuzun qisasını alıblar!” formasında dilinə gətirməz, gətirməməlidir, əksinə, “Bu nədir tarixdə mənim başıma dönə-dönə gəlir?” deyə qara-qara düşünməyə başlamalıdır. Minnətdarlıqla öyünməzlər.
Qul olmaqdansa, yaxşılıqbilməz görünün! Mən gələcəyimiz üçün “rezerv həqiqət” (P.Sloterdijk) yaratmaq istərkən, yaxşılıqbilməz görünürəmsə, siz daha pis görünürsünüz…

Mənbə : Filosof Ağalar Məmmədovun "Xalqımızın qadınyanalığı" yazısı

Oliqarx-məmur tayfası və onlarla eyni qabdan yeyən qondarma müxalifət barədə

Aftandil Babayev

Xaricdən Azərbaycana hər il təqribən 500 milyon dollara yaxın pul göndərilir. Bunun böyuk hissəsi Rusiyada işləyib Azərbaycandakı ailəsini saxlayan həmyerlilərimiz tərəfindən göndərilən pullardı.
Həmçinin Azərbaycanda hər il milyardlarla pul oliqarx-məmurlar tərəfindən oğurlanıb xaricə daşınır. Bu pullar Qərb banklarına, ofşorlara, Londondakı və Türkiyədəki mülklərə yatırılır. Məsələn, Əli Həsənov hal-hazırda ölkədən oğurladığı pullarla Antalyadakı villasında istirahət edir.
Qərbə gedən pullarımızın kiçik bir hissəsi yenidən QHT-lər vasitəsilə Azərbaycandakı muxalifəti, mətbuat agentliklərinin rəhbərliklərini, sosial şəbəkələrdə camaatın beynini yeyən "ziyalıların"  ələ alınması üçun ölkəyə daxil olur (özləri də bunu gizlətmir, bütün günü ABŞ səfirliyindəki görüşlərin şəkillərini fəxrlə paylaşirlar).
Bu vəziyyətdə həm iqtidar, həm də müxalifət Qərbdən asılı vəziyyətə düşmüş olur və hər iki tərəfə ölkədə Qərbin maraqlarının qorunması, rusofobiyanın yayılması daha çox sərf edir.
Beləliklə ölkə artıq çoxdan iki təqəyə bölünüb.
1. Xalqın sərvətini talayan oliqarx-məmur tayfası və onlarla eyni qabdan yeyən, mahiyyətcə çox da fərqlənməyən, sadəcə öz aralarında hakimiyyət davası etdikləri müxalifət. Bunların hər ikisinə qulluq edən "ziyalılardan" ibarət sinif.
2. Sıravi, adi azərbaycanlılar, xalq.
İndi bilirəm, kimlərsə gəlib illərlə birincilərin onların beyninə yeritdikləri 20 Yanvar, Xocalı və s. haqqında nağılları danışacaq, məni Rusiyapərəstlikdə günahlandıracaq.
Əgər ikincilərin mənafeyindən danışmaq Rusiyapərəstlik və rus agenti olmaqdirsa mənim də adımı o siyahıya yazın!

DTX məlumat yaydı: Məsuliyyətsiz yazılara inanmayın!

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti açıqlama yayıb. Açıqlamada deyilir:
“Son günlərdə bəzi internet saytlarında və sosial şəbəkələrdə Rusiyaya xidmət etmələri iddia edilən Azərbaycan Respublikasının vətəndaşları olan bəzi ictimai-siyasi xadimlərin, ali məktəb müəllimləri və tələbələrinin, informasiya agentlikləri və portalları əməkdaşlarının və digər şəxslərin siyahısı yayılmışdır. Həmin siyahıya və qeyd olunan fikirlərə aydınlıq gətirilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
Azərbaycan ərazilərinin işğalının davam etdiyi və düşmən tərəfindən cəbhədə təxribatların intensivləşdiyi indiki həssas məqamda vətəndaşlarımızın narahatlıqlarını nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, ölkənin ayrı-ayrı tanınmış simalarının və digər şəxslərin xarici dövlətin maraqlarına xidmət etmələri kimi cəfəng və heç bir konkret fakta söykənməyən məlumatların yayılması respublikada sabitliyi pozmaq, dövlət hakimiyyəti orqanlarına inamsızlıq yaratmağa xidmət etməklə uzun illər ərzində formalaşmış Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirməyə hesablanıb. Belə məlumatların yayılmasını Azərbaycan dövlətinə qarşı növbəti təxribat kimi qiymətləndirir, onların düşmən qüvvələrdən qaynaqlandığını bildirərək vətəndaşlarımızı belə məsuliyyətsiz yazılara inanmamağa çağırırıq. Dövlət Təhlükəsizliyi Xidməti yuxarıda qeyd olunan məlumatların yayılma mənbələrinin və bu işdə əli olan qüvvələrin məqsəd və maraqlarının müəyyən edilməsi istiqamətində fəaliyyətini davam etdirir”.