Son günlər baş verənləri çox böyük ürək ağrısı ilə izləyirik. Obyektiv və hərtərəfli məlumat hələ uzun müddət alına bilinməyə də bilər, bunu nəzərə alaraq, müəyyən qeydlərimizi çatdırmağı özümüzə borc bildik:
1) Baş verənlərlə bağlı çoxlu suallar var və irəli getdikcə, bu suallara cavablar yaranmaq əvəzinə, məchullar daha da çoxalır. Bu suallar arasında aşağıdakılar xüsusi çəkiyə malikdir:
Niyə ümumiyyətlə bu əməliyyat keçirildi? Niyə məsələ prosessual formatdan, gözlənilmədən silahlı əməliyyat formatına keçirildi?
Əməliyyatın keçirilmə amilləri bir yana, niyə hətta keçirilən əməliyyat da xüsusi vasitələrlə və metodlarla deyil, hücum (“şturm”) formatında keçirildi?
Niyə bu, kəndin içində edildi və niyə namaz vaxtı edildi?
Niyə bu, Ərbəin öncəsi baş verdi?
Niyə əməliyyatın çəkilişi ortaya çıxarılmadı?
Niyə kənd ağsaqqalları ilə dialoqa gedilmədi?
Niyə məhz indi kəndin işıqları söndürüldü və su kəsildi?
Niyə həmişəki ənənənin əksinə olaraq, sabitlik və vəziyyətə nəzarət bəyanları əvəzinə, təşviş və gərginliyə yönəli impulslar verilir? Niyə ölkədə hansısa şəbəkənin mövcudluğunu isbata yönəli addımlar atılır, xususi yoxlama rejimləri tətbiq olunur? Yəni nədən hərtərəfli gərginlik atmosferi yaradılır?
2) Niyə müstəqil mətbuat və vətəndaş cəmiyyəti ilk gündən bir tərəfin yayımladığı açıqlamalara əsaslanaraq, baş verənlərə apriori qiymət verir? Niyə hər zaman araşdırma və dəqiqləşdirməyi vacib sayan fərd və qurumlar, bu dəfə qeyd-şərtsiz bir mövqe tutur? Niyə məsələnin baş verməsinin rəsmi ifadəsi ilə bağlı hər zaman tərəddüd göstərən insanlar, bu dəfə bu ifadəni fakt kimi qəbul edirlər?
3) Niyə baş verənlər islamofobik sürəcə başladılmasına gətirib çıxardır? Niyə Bakıda keçirilən beynəlxalq tədbirdə tolerantlığa dəstək və islamofobiyanın pislənməsi bəyanatları verilən gün, faktiki olaraq kütləvi islamofobik sürəcin ictimai sferaya transfer edilməsi baş verir? İş o yerə çatır ki, hətta rəsmi dini qurum baş verənlərin İslama aid edilməsinə etiraz edən bəyanatla çıxış da etməli olur.
4) Nəyə görə baş verənlərlə bağlı əminlik hasil etmədən, hətta bəzi din adına olan fərd və qurumlar bu və ya digər formada təqib sürəcinin ünsürlərinə çevrilməyə başlayır?
5) Niyə ölkədə siyasi, iqtisadi, ictimai, dini sferalarda açılımın mümkünlüyünə dəlalət edən amillərin meydana gəlməsi ilə xarakterizə olunan bir dönəmdə, korrupsiyaya qarşı presedentsiz kampaniyaya rəvac verilən bir dönəmdə qəfildən ictimai gərginliyə dönüşlə səciyyələnən bir situasiya yaranır? Niyə cəmiyyətin əksər təbəqələri bu qəfil dönüşü görməmək mövqeyinə üstünlük verir və həqiqi ictimai-siyasi sabitliyə doğru gedilməli vektora bələd olduğu halda, bu vektorun tamamilə itməsi perspektivində faktiki iştirakçılıq edir?
6) Niyə öncə hakim komandada liberallaşma tərəfdarlarının görəvləndiyinin anons və təhlilini israrla verən media mənsubları, analitiklər, politoloqlar, siyasi-ictimai xadimlər qəfildən əks paradiqma tərəfdarlarının yaratdığı mühiti sezdikləri halda – xırda isitisnalarla – bunu rahatca həzm edir və ölkə üçün bu əks paradiqmanın mənfi perspektivlərini dərk etməkdən imtina edir?
Sonda...
Faciə baş verib. Böyük faciə. Və bu faciə öz növbəsində ictimai gərginliyin eskalasiyasına gətirib çıxarmışdır. Vəziyyətdən təcili çıxmaq lazımdır. Nardaranı blokadadan təcili çıxartmaq lazımdır. Ağsaqqallarla danışığa getmək lazımdır. Baş verənlərin dəqiq və obyektiv araşdırılması üçün bütün maraq tərəflərinin iştirakı ilə müstəqil komissiya yaradılmalıdır. Ən mühümü- gərginliyin eskalasiyasına aparan bütün tendensiyaları önləmək və ictimai-siyasi açılım mühitinin bərqərar olunması üçün zəruri gedişlərə imkan yaradan situasiyanı təcili bərpa etmək lazımdır.
Allah dünyasını dəyişən mərhumlara rəhmət eləsin.
aztoday.az