Şeir həm hər şeydi, həm də hər şey deyil
Hər şey ondan başladı ki, mən Xuraman Hüseynzadənin Fasebook-dakı şeirlərini oxumaq həvəsinə düşdüm. Bu sosial şəbəkədə şəkillərini tez-tez dəyişən Xuraman pərəstişkarlarının və həmkarlarının gözünə daha gözəl, daha yaraşıqlı görünmək istəyir. Bunu şəkillər arasındakı fərqli görüntülərdən də sezmək mümkündür. Təbəssüm və kədərli baxışlar... Xuraman öz görkəmiylə şeirlərindəki təzadlardan daha güclü obraz yaradır. Astroloqların belə bir fikri var ki, insanın uğuru onu himayə edən bürcdən asılıdır və həyatda hər kəsin bir himayədar bürcü var. İnsan hansı bürc altında doğulubsa, həmin bürcün hakimiyyəti dövründə il ərzində yığılıb qalmış problemlərinin çoxu həll olunur. Ona diqqət də artır.