07.12.2011

İki gənc Azərbaycan şairi nüfuzlu mükafata layiq görüldü


Gürcüstan Yazıçılar Birliyinin təsis etdiyi nüfuzlu Vaja Pşavela adına Ümumqafqaz Poeziya Müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Azərbaycanın iki gənc şairi Qismət və Əli Əlioğlunun adları da qaliblər sırasındadır. Onların bədii mətnlərini müsabiqəyə “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlu təqdim etmişdi. Ona görə də müsabiqə və nəticələri haqqında danışmaq üçün Səlim bəyə müraciət etdik:
- İki şairimiz Qismət və Əli Əlioğlu “Dünya ədəbiyyatı” dərgisinin təqdimatı ilə Gürcüstanda keçirilən poeziya müsabiqəsinin qalibi olublar.
- Elədi. Bu il Gürcüstan Yazıçılar Birliyinin keçirdiyi Ümumqafqaz Poeziya Müsabiqəsində iki Azərbaycan şairi də qaliblər sırasında olub. Qismətin və Alik Əlioğlunun şeirləri təqdim olunmuşdu müsabiqəyə.

Əslində mən iki şairin yaradıcılığı ilə yaxından tanışdım, iş elə gətirib ki, ikisinin də ilk kitablarının redaktoru olmuşam. Odur ki, bilirdim hansı mətnləri təqdim eləmək olardı. Mətnləri bizim sifarişimizlə tanınmış şair və tərcüməçi İmir Məmmədli və tərcüməçi Nelli Məmmədli hazırlamışdılar. Qaydaya görə mükafat bir şairə təqdim olunmalıydı. Digər ölkələrdən elə belə də oldu. Amma hər iki şairin şeiri uğurluydu və Gürcüstan tərəfi də qərar verməyə çətinlik çəkdi deyə, axırda mən Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşviliyə təklif etdim ki, mükafat hər iki şairə verilsin və pul mükafatı da onların arasında bölünsün. Sevinirəm ki, “Dünya ədəbiyyatı” dərgisinin təqdimatı və təşkilatçılığı ilə bizim iki gənc və olduqca istedadlı şairlərimiz bu mükafatı aldılar.
- Mükafat haqqında başqa nəyi demək olar?
- Vaja Pşavela gürcü klassikidi. XIX əsrin ortalarında anadan olub, ötən əsrin əvvəllərində vəfat edib. Gürcü şeirində onun yaradıcılığının özünəməxsus yeri var. Həm tematik, həm üslubi baxımdan. Onun adını daşıyan mükafat isə Gürcüstan Yazıçılar Birliyinin təsis elədiyi nüfuzlu mükafatlardan sayılır. Bunu vaxtilə Aleksandr Mejirov kimi tanınmış rus şairi alıb. Yaxud tutalım müasir gürcü poeziyasının istedadlı nümayəndələrindən olan Zviad Ratiani və başqaları. Builki müsabiqə şərtlərinə görə yaşı otuza qədər olan şairlər iştirak eləməliydi müsabiqədə. Və onların yeni diqqətçəkən kitabları nəşr olunmalıydı ana dilində. Bizim seçimimiz düz oldu, gürcülər və oradakı münsiflər də bizim yanılmadığımızı sübut elədilər. Yaxın günlərdə Qismət də, Alik də Tiflisdə olacaqlar, həm mükafatlarını alacaqlar, həm də “Çağdaş ədəbi problemlər” adlı Dəyirmi Masada iştirak edəcəklər. Mən gənc həmkarlarımı təbrik edirəm və Gürcüstan Yazıçılar Birliyinin sədri hörmətli Makvala Qonaşviliyə təşəkkür edirəm.
kultaz.com

Комментариев нет:

Отправить комментарий