Namiq Hüseynlinin tərcümələri
Cozef Qebbels
1. Diktatura üçün üç şey tələb olunur: rəhbər, ideya və rəhbərlə ideya üçün yaşamağa, hətta lazım olsa ölməyə belə hazır olan ardıcıllar. Rəhbərin yoxluğunda diktatura etibarsızdır, ideyanın yoxluğunda – mümkünsüzdür, ardıcılların yoxluğunda isə, sadəcə uğursuz bir zarafatdır.
2. Lazım gəlsə diktatura parlamentə də qarşı çıxa bilər, ancaq o heç bir halda öz xalqına qarşı çıxmamalıdır.
3. İynə üstündə oturmaq elə də rahat deyil. Kütləni daim narahat saxlamaq, diktaturanın çöküşünə gətirib çıxaracaq.
4. Diktatorun ən birinci vəzifəsi, öz istədiyi şeyi xalqa sevdirmək, xalqın iradəsini özününkü ilə eyniləşdirməkdir. Ancaq bu halda böyük kütlələr zamanla onu dəstəkləməyə başlayar və onun tərəfinə keçərlər.
5. Diktatorun ən ali borcu, sosial ədaləti bərqərar etməkdir. Əgər insanlar diktatorun onlarla heç bir bənzərliyi olmayan azsaylı burjuaziyanı təmsil etdiyini görsələr, onda həmin diktatora ən pis düşmən kimi baxarlar və tezliklə onu devirərlər.
6. Diktaturalar xalqı ancaq o halda xilas edə bilər ki, əgər onlar xalqın indi mübarizə apardıqları hakimiyyətinkindən daha yaxşı bir idarəetmə forması bilirlərsə və silah gücündən deyil, ardıcılların sayından asılı olacaq, xalqa arxalanan bir hakimiyyət qururlarsa.
7. Diktator çoxluğun iradəsinə uyğun davranmalı deyil, ancaq istənilən şəraitdə xalqın iradəsindən istifadə etmək imkanına sahib olmalıdır.
8. Partiya və kütlələrə rəhbərlik etmək, elə xalqı idarə etmək deməkdir. Partiyanı məhvə sürükləyən kəs, xalqı uçurumun kənarına gətirib çıxarır. Siyasi bacarıq heç də yalançı təbliğatlarda iştirak edib, özünü gözə soxmaqla, başqa adamların hesabına nazir vəzifəsinə qədər yüksəlmək demək deyil.
9. Diktatura özünə xas mənəvi resursları hesabına ayaqda qalmağı bacarmalıdır. Onun ideologiyasında yaxşı olan şeylərin rəqiblərinkindən gəlməsi, pis olan şeylərin isə rəqiblərdə olmaması yolverilməzdir.
10. Danışmaq qabiliyyətindən utanmağa dəyməz. Bu, ancaq sözlə əməl üst-üstə düşməyəndə utandırıcıdır. Gözəl danışmaq yaxşı keyfiyyətdir. Yerində cəsarətli davranmağı bacara bilmək daha da yaxşıdır. Tipik irticaçı siyasət adamı, bir qayda olaraq nə yerində danışmağı, nə də hərəkət etməyi bacarmır. Hansı yollasa hakimiyyəti ələ keçirmək ona qismət olubsa belə, onun hakimiyyəti neynəyəcəyi haqda təsəvvürü belə yoxdur.
11. Burjuaziyanın bitərəflik konsepsiyası qədər heç nə diktator düşüncəsinə zidd ola bilməz. Diktatura mahiyyətcə artıq tərəfkeşliyə söykənən bir təsisatdır. O mütləq kimlərinsə tərəfində dayanmalıdır. Əgər o ağların tərəfindədirsə, mütləq qaralara qarşı olmalıdır. Əgər, ikincisi baş verməsə insanların birincisi haqda şübhələnmə təhlükəsi yaranar.
12. Diktatura – sözü özlüyündə, “o nə istəyirsə, edə bilər” anlamına gəlir. Əsl məqsədləri zahiri tərəfdə üzə çıxarmamaq heç bir halda diktatora xas deyil. Onun təkcə məqsədi həyata keçirməyə deyil, həm də bu haqda elan etməyə cəsarəti çatmalıdır.
13. Özünü qanuni qurum kimi təqdim etmək xatirinə qanunlar arxasında gizlənən, ancaq əslində öz qanunlarına hörmət qoymayan diktaturalar uzun sürə bilməz. Onlar öz səriştəsizliyi ucbatından məhv olacaqlar və arxalarında xaos, qarışıqlıq qoyub gedəcəklər.
14. Ancaq partiyaya girməyə cəsarəti olmayanlar, öz mövqelərini partiyanınkından daha ağıllı hesab edirlər. Lakin, dünyanın düzəni pozulanda, əsaslar sarsılanda, inqilab küləyi bütöv xalqları və dövlətləri bürüyəndə, partiyaya girməyin vacibliyi ortaya çıxır, belə şəraitlərdə ya tərəfdar ya əleyhdar olmaq lazımdır. Belə ki, özü üçün təhlükəsiz orta nöqtə tutmuş hər kəs bu halda qətiyyətsizliyinə qurban gedəcək, əks qüvvələr tərəfindən parça-parça ediləcəklər.
15. Bu bir qədər gülməli səslənir ancaq, həqiqətən də diktatorun mahiyyəti, onun adından asılı olmamalıdır.
16. Əsl diktator ancaq özünə hesabat verə bilər, onun saxta surəti isə bu əsnada qaydalar arxasında gizlənib, hüquq kitabları arasında eşələnir, bununla öz davranışlarına hüquqi don geyindirməyə çalışır.
17. Dahiyanə olan hər şey sadədir, sadə olan hər şey isə dahiyanədir. Ancaq balaca insanlar öz acizliyini çətin anlaşılan mənalar arxasında gizlətməyə çalışır.
18. Ordu kiçik bir qəsbkar kütləsinin xalqa zülm etməsi üçün deyil, ölkəni xarici təhlükələrdən qorumaq üçün istifadə edilməlidir. Tərəfdarlarının köməyi ilə ayaqda qalmağı bacarmayan diktatura devrilməyə layiqdir.
19. Primo de Rivera (ispaniya diktatoru), hakimiyyəti silah gücünə əldə saxladığı üçün devrildi, xalqdan isə o özünə qarşı yalnız, kin və nifrət qazanmışdı.
20. Mussolinin ləyaqəti xalqının yaddaşından silinməyəcək, çünki o xalqının sevimlisidir. O, dövlətin əsasını möhkəmləndirmək üçün həmişə ən faydalı və etibarlı olan şeyi – rəhbərə etimadı İtaliyaya geri qaytardı.
“Rəhbər xarakter, iradə, istedad və uğur sahibi olmalıdır. Əgər bu dörd keyfiyyət dahi şəxsiyyətdə varsa, deməli biz tarix tərəfindən seçilmiş bir insanlar üz-üzəyik.
Xarakter - ən mühüm faktordur. Əgər, bilik, kitab oxuma, təcrübə və praktika güclü xarakterə söykənmirsə onda onlar şəxsiyyətə xeyirdən çox zərər gətirəcək. Xarakter şəxsiyyətin özünü ən yüksək səviyyədə ifadə etməsinə imkan verir. Möhkəm xarakter üçün cəsarət, çeviklik, enerji və ardıcıllıq lazımdır. Cəsarət rəhbərə təkcə xeyirxahlığın var olduğunu bilmək üçün yox, eyni zamanda bu haqda danışmağı, hətta özünün də onu etməyi üçün lazımdır. Çeviklik ona seçilmiş yolla yorulmadan irəliləməsi üçün lazımdır. Ola bilsin bu yolda onu dəf edilməz manelər gözləyir, ya da o populyar qüvvələrlə vuruşur, ola bilsin hətta, o özü də heç polpulyar da deyil, ancaq məhz çevikliyin köməyi ilə o bütün çətinliklərin öhtəsindən gələ bilər. Enerji məqsədə çatmaq və bu məqsəd uğrunda hər cür təhlükəyə hazır olan gücü səfərbər edir. Ardıcıllıq, rəhbərə hadisələrə kəskin baxış və davranışlarda, düşüncələrdə kəskin məntiq qabiliyyəti. Bu tərəddüt içində olan kütləni əbədi ələ almaq qabiliyyəti deməkdir. Bu ləyaqətli məziyyətlər hamısı birlikdə bizim xarakter adlandırıdığımız şeyi yaradır. Qısa desək, xarakter ən yüksək səviyyəli stil və davranış tərzidir.
İradə xarakteri fərdi səviyyədən, universal səviyyəyə qaldırır. İradə xarakterli insanı siyasi insana çevirir. Hər bir görkəmli şəxsiyyət nə isə istəyir və öz məqsədinə çatmaq üçün mümkün olan hər bir yola əl atır. İradə sadəcə düşünən insanlar, hərəkət edən insan arasında ən mühüm fərqdir. O bilik və hərəkət arasında vasitəçidir. Doğru olan şeyi istəmək, onu sadəcə bilməkdən qat-qat mühümdür. Bu məntiq xüsusilə siyasətdə ədalətin təməlidir. Əgər düşməni məhv etmək istəyi yoxdursa, onu tanımağın nə əhəmiyyəti var ki? Çoxları Almaniyanın bədbəxtliyə niyə düçar olduğunu bilir, ancaq çox az adam onu düşdüyü bu durumdan çıxartmaq üçün çalışır. Beləliklə, başqaları arasından liderlik üçün seçilmiş insan, sadəcə arzulamağı istəmir, eyni zamanda istəməyi də arzulayır.
Ancaq, siyasət üçün təkcə nələri arzuladığın deyil, həmçinin nələri əldə etdiyin də mühümdür. Bu bizi siyasi zəkalı insanın üçüncü keyfiyyəti olan istedadı üzərində danışmağa gətirib çıxarır. Tərəqqi imkanlar tələb edir. Liderlik nəyi isə istəmək və istədiyini həyata keçirməyə qadir olduğunu göstərmək deməkdir. Tarix törətdiyi hər şeyə görə insanı mühakimə edir. Biz almanlar, bunu yaxşı bilməliyik. Siyasət, ictimai işdir və şəxsi işlərdə tətbiq edilən qanunları, ictimai işlərdə istifadə etmək olmaz. Biz almanlar, tez-tez arzu ilə onu yerinə yetirmə uğrunda görüləsi işləri qarışdırırq və bu işdə həmişə səriştəsiz insanların bizə kömək edəcəyinə, bizim üçün ancaq fayda və xeyir verəcəyinə inanırıq. “Noyabr Marksistləri deyirlər: – Biz sosializmi bərqərar edə bilmədik, ancaq heç olmasa bunu çox istədiyimizi göstərdik”. Belə fikirlərin əsl işə dəxli yoxdur; kimsə skripkada ifa etmək istəyirsə, əvvəlcə onu öyərnməlidir. Xalqını xilas etmək istəyən kəs, əvvəlcə bunun üçün tələb olunan istedada sahib olmalıdır. Xarakter, iradə və istedad, liderlik üçün tələb olunan bu üç əsas şərt yalnız qabiliyyətli insanlarda ortaya çıxır. O insanda ya var ya da yoxdur. Və nəhayət bu üç keyfiyyəti tamamlayan, dördüncü keyfiyyət isə uğurdur. Rəhbər uğurlu olmalıdır. Göylərin xeyir-duası daim onun başı üstdə olmalıdır. Gərək, hansısa ilahi qüvvənin sənin bütün davranışlarına nəzarət etdiyini və səni qoruduğunu anlayacaq halda olasan. Rəhbərdə uğur istisna olmaqla digər keyfiyyətlər çatışmaya da bilər, ancaq uğur rəhbərin əvəzedilməz atributudur.
Kütlə heç vaxt rəhbərinə qarşı çıxmaz. O, ancaq hakimiyyətə iddia edən, lakin nə bunun üçün tələb olunan iradəsi, nə də istedadı olmayan qəsbkarlara qarşı çıxa bilər. Rəhbər heç bir şəkildə kütlənin düşməni ola bilməz. Çünki, o insanlara çörək vermək əvəzinə, boş sözlər vəd etməkdən, ucuz metodlarla kütləvi yalanlar saçmaqdan çəkinir.
Rəhbərin əlindən hər şey gəlməlidir. Bu o demək deyil ki, o bütün xırdalıqları bilməlidir, ancaq o əsas şeylərdən xəbərdar olmalıdır. Siyasi təkəri fırlada bilən başqa minlərlə adam tapmaq olar, ancaq rəhbəri əvəz etmək olmaz.
Təşkilatçılıq sənəti – siyasi rəhbərin keyfiyyətləri arasında ən mühümüdür. Təşkilatçılıq cəmiyyətdə əmək və məsuliyyəti düzgün qurmaq deməkdir. Rəhbər özü siyasi maşının qarışıq mexanizmi üzrə mütəxəssis deməkdir.
Bu gün biz Adolf Hitlerin 40-illik yubileyini qeyd edirik. Biz əminik ki, tale onu alman xalqına yol göstərmək üçün qarşımıza çıxarıb. Biz onu hörmət ve ehtiramla salamlayır və öhdəsinə götürdüyü o böyük missiyanı sona çatdırana qədər bizimlə birgə irəliləməsini arzulayırıq.
Verilmiş məqalə Almaniyanın “Der Angriff” qəzetinin 1929 –cu il 22 aprel sayında, Adolf Hitlerin qırxıncı doğum günü münasibətilə yayımlanmışdır. Məqalənin müəllifi Cozef Qebbels liderliyin əsaslarını izah edir və Hitler haqqında qısa xatırlatma ilə onu bitirir.
1933 –cü ildən başlayaraq Qebbels hər il Fürerin doğum günü münasibətilə geniş nitqlə çıxış edirdi.
Çeviri: Namiq Hüseynli
Комментариев нет:
Отправить комментарий