26.02.2012

PAPAĞIMI OĞURLAYIBLAR


Zaur Qəriboğlu

Qeyrət... Artıq cılızlaşıb bu ad! Kişiyə yox, bir dəvəyə yaraşır bu ad!
Qeyrət... Əvvəllər papaqla ölçülərdi, indi pulla, varla, qarınla ölçülür.
Qeyrət... Yaraşmır bu ad daş atan fəhləyə...
Uyğunlaşdırılıb vəzifədə oturan, sənin, mə­nim sərvətimi talayan yekəqarın məmura.
Mən də qeyrətsizəm. Fəqət, var-dövlətim ol­madığına görə yox, yurdsuz olduğuma, ana-bacımın ermənidən doğduğu, pusqudan mənə baxıb, bic-bic gülərək: – Dayımdır, – deyən, qa­rışıqqanlı o oğlana görə qeyrətsizəm!
Qey­rətsizəm, Qarabağ, Təbriz, Zəngəzur ad­lı anamı, gəlinimi, qızımı əllərə verdiyim üçün qeyrətsizəm. Gec də olsa, qeyrətimi qay­tarmaq istəyirəm.
Əl atıram başıma, papağım yox başımda, oğurlayıb aparıblar. Qarabağda, Təbrizdə, Zəngəzurda əsir saxlayıblar.
Buraxın məni “sülh, sülh” deyə hayqıran kəs­lər; gedim əsirimin dalınca, bəsdi dözdüm “sül­hünüzə”. Buraxın gedim, papağımın dalın­ca...

ULAYIRAM BOZ QURD KİMİ

Hər sərhədi ötüb o taya keçəndə ürəyim do­lub gözlərim yaşarır... Didir, parçalayır içimi bu yaş damcıları... Gözlərimdən süzülən bu yaş, mənim yox, Ərdəbildə uyuyan baba­la­rımın naləsidir. Şah İsmayıl torpağını isladan yağışdı bu, göz yaşı deyil.
Addım-addım gəzirəm mən güneyi. Du­yuram soydaşlarımın gözlərindəki gileyi. Gü­lən nəm gözlərdən suallar yağır üstümə:
– Axı, niyə ayrıyıq biz?!
Heydər baba zirvəsindən boylanan Şəhri­yar ruhu salamlayır, qınayır məni:
– Sən necə övladsan, sən necə vətəndaşsan ki, vətən daşının parçalanmış, yaralanmış tərəfin unudub, yaddan çıxarıbsan?!.
Ca­vab verirəm:
– Baba Şəhriyar, ulu Şəhriyar! Bu mənim yox, tarixin günahıdı. Bir milləti, bir torpağı ikiyə bölüblər. Səttarxanla, Bağırxanla millətin mübarizə ruhunu öldürüblər.
Hayqırıram, ulayıram boz qurd kimi: – Ulu türk ayağa qalx! Bəsdi, diz çökdün, bəsdi yenildin. Ya qabarlanmış dizlərini kəs tulla, məhv ol, silin bu dünyanın xəritəsindən. Ya da ayağa dur, sanc üçrəngli bayrağı Təbrizdən, Qarabağdan!..

HAMİLƏYƏM...

İllərdir hamiləyəm, doğammıram balamı. Doğammıram ki, mən də rahat yaşayıb, rahat öləm bu dünyada...
O, mən doğulandan dolub içimə. İçimdən damarlarıma, qanıma keçib.
Bütün bətndəki balalar kimi o da vaxtında do­ğulmaq istəyib. Doğammıram, qardaşla­rı­m...
Doğammıram övladımı...
Didir-parçalayır içimi. Tezliklə azad ol­maq istəyir. Doğularaq əbədi yaşamaq, ya­şat­maq istəyir.
Gecələr danışıram içimdəki balamla... O, artıq böyüyüb, qocalır içimdə.
Yaşı məndən də böyükdür. Doğma balam, qoca balam, etiraz edir mənim acizliyimə...
– Sən ki, qısır deyilsən. Sən ki, ölü de­yil­sən. Nədən məni azad etmirsən?! Burax, bu­rax məni bu dünyaya... Sənin içini diddiyim kimi, burax didim adımın əkslərini.
Burax, parçalayım, adımı tapdalayanları. Bu­rax, gecə-gündüz meydanlarda yatım mən...
Burax, burax deyirəm sənə, doğ, doğ deyi­rəm sənə...
Doğ ki, adımı qazandırım bu millətə, bu məmləkətə...
Sən acizsən, sən qorxaqsan! Səsini içinə doldurursan. İçində mənimlə səsinin döyüşü gedir.
Bu da səni içindən öldürür. Sən ölüsən! Di­ri ölü. Sən dirisən, ölmüş diri! Nə vaxtacan su­sa­caq, satacaqsan torpağını, qeyrətini, sər­və­ti­ni?!
Nə vaxtacan göz yumacaqsan, adımın əks­lə­rinə?! Nə vaxtacan, cavab ver, nə vax­tacan?!.
Ya səsini içinə doldurub, diriykən öl­mə­li­sən, ya HAQQ adlı övladını içindən azad edib, doğmalısan!
Mənim adım HAQDIR! Mən Allahın oğ­lu­yam. Mən oğruların, haqqsızların cəlla­dıyam.
Doğ, doğ məni! Ya da bir dəfəlik, ölü olub, içində boğ, boğ məni!!!

"Cizgilər" silsiləsindən

Комментариев нет:

Отправить комментарий