26.02.2012

“Alatoran” yazıları barədə

İbrahim Sel

 Ayə, bura gəlin, təzə söhbət var!
 Demək olar ki, məmləkətdə çıxan bütün ədəbi dərgiləri müntəzəm izləyirəm. Hər dəfə istəyirəm ki, oturub növbəylə biri haqqında nəsə yazım. Heç cür alınmır. Tədqiqat genişliyi ilə yazmağa vaxtım və pulum çatmır, essedən, etüddən-zaddan yazmağa isə ovqatım.
 Hərdən insanda ruh düşkünlüyü yaranır. Əsasən də axşamçağılar. Odur ki, fikirləşdim “Alatoran” jurnalında dərc olunan yazarlar barədə sizinlə fikirlərimi bölüşüm. Əgər icazə versəydiniz, həmişə olduğu kimi jurnalın diskursuna uyğun yazmağa çalışardım.
 Sevindirici haldır ki, məmləkətimdə bu qədər azad, sadə yazan gənclər var. Rasim Qaracanın gənc yazarların markasına və dizaynına təsiri hiss olunmaqdadır. Fakt faktlığında qalır: bir çox markalar, qəzetlər və saytlar Rasim Qaraca şinelindən çıxmışdır.
 Alatoran hərəkatı hardan yaranıb? “Görkəmlilər” zümrəsinin zəhlətökən sicilləmələri ədəbiyyatı durğunlaşdırmışdır. Gənclər köhnə nəsillərin kompromisçiliyindən, yaltaqlığından bezmişlər. “Nəsillər bir-birini əvəz etməyəndə bu günkü kimi iyrənc situasiya yaranır, gənclər öz enerjilərini yaradıcılıqla yanaşı inqilabçılığa da sərf edirlər” (Orxan Eyp). Salam Sarvanın bir şeirini azca dəyişərək desək: “Eynən qatarların vəziyyətindəyik; bizimçün qandal relslərdən çölə- azadlığa çıxmağın bircə yolu var- QƏZA!”
 Demək olmaz ki “Alatoran” jurnalındakı əsərlərin hamısı şedevrdir. Sadəcə bu yazılar adama çox söz demək imkanı verir. Olur ki bir romanı oxuyursan, bir səhifə belə yaza bilmirsən. Amma bu jurnalda elə yazılar, yaxud şeirlər var ki onun elə biri haqqında bir məqalə yazmaq olar.
 “Əzizinəm ay dost/ hər şeydə məna axtarma/ yoxsa özün/ mənasız görünərsən”. Jurnaldakı əsərləri axşamçağı şəhərin göbəyində də oxudum, səhər avtovağzalda, günorta mikroavtobusda, sonra kəndimizin meydanında… yol boyu… hər yerdə xoşuma gəldi. İmpressionizm əyəndirdi. Əslində yaradıcılıq darıxdırıcı olmamalıdır.
 Türkeş Avşarlının bu misraları yarımçılıq da olsa yaddaşımda qalıb: “Al götür bu şerimi kəpənəklərə qoxlat, sərxoş alovlar susuz yanmasın”. Ah bu hüzn! Məşhur şair olmaq üçün heç də qocaman olmaq hökmən deyilmiş.
 Başlayaq Orxan Eypdən. Çe Qevaraya azadlıq! Dont cry for me, Argentina! Eyp müəllim, qəzan mübarək olsun! “Qladiatorlar” müasir Azərbaycan poeziyasını zirvəsidir. Orxanın prozasından Mövlanənin təsbeyini Tarantino stilində yazdığım pyesimə əlavə etdim. “Qatil olma. Axı hər çiynimizdə bir mələk əyləşib, sağdakı günahları yazır, soldakı xeyirləri”. Əladır. Yeni bir anlatım tərzi, qeyri-adi təsvirlər, fəlsəfədən bolluq və postmodern oyunlar. Bütün bunlar Orxan Eypə yaraşır. Sitatlar da yerində seçilib.
 Nərmin Kamal Lalə Cavanşiri tənqıd, yoxsa tərif edirdi, başa düşmədim. Ola bilsin bu da bir priyomdur. Onda maraqlı priyomdur.
 Hə… Həmid Herisçi… bu qədim mızıltı. Həmid televiziyada o vaxt “Gecə kanalı” verilişində ecazkar idi. Korennoy bakılı mədəniyyəti və universal biliyi bir-birini tamamlayırdı. Yaxşı deyiblər, çörəyi ver çörəkçiyə, birini də üstəlik. Həmid sırf televizionşikdir. Onun “Gecə kanalı” kitabı da böyük rezonans doğurdu, çoxlu oxucu qazandı. Həmid dəyərli ziyalıdır, qələmi geniş və əhatəlidir, necə deyərlər, onun romanındakı hər bir şeirdən, hər bir bənddən, hətta hər bir misradan məqalə yazmaq olar. Di gəl ki publisitikasından fərqli olaraq onun nəsri çətin oxunur. Ağır yazır, fikir çatmır, çəkmənin altına yapışmış saqqız-maqqız kimi ilişib qalır. Oxucu mətnin içinə daxil olub gedə bilmir, axıcılıq yoxdur, əksinə darıxdırıcılıq var. Müəllifin fikri çox vaxt dağınıq olur, xəyalları haralardasa uçuşur. Amma… O da var ki Həmid Herisçinin bircə “Azərbaycanxana” ifadəsi Süleyman Rəhimovun bütün yaradıcılığına dəyər.
 Milli qaysaqlarımıza toxunduğuna görə Həmidə təşəkkürlər. Bir sıra məsələlərə ki o toxunub (və bir çoxlarının buna qeyrəti çatmır), həmişə aktualdır, günümüzün bəlalarıdır və yaralı yerlərimizdir:
1) Odu, bu xam bəşər övladlarını dünyanı silkələmiş siyasi quruculuq işlərindən kənarda saxlayan.
2) Hələ bilinmir, yüz il ötdükdən sonra daha nələr dəyişəcək, başımıza haranın daşı düşəcək, bu dəfə tarixin təkəri hansı sifətlə soxulacaq içimizə.
3) Ermənistanlı “müəllimlərimiz”.
4) Qızları al əlimizdən… Axşamlar Torqovı küçəsi doludu ki bu ceyranlarla… Belə getsə, Usta Erkan qapazlayacaq sənin orda gəzişən bəxtini…
5) Bakıya ayaq basmış xarici qonaqların ilk olaraq dillərinə gətirdikləri “burda qəhbələrin qiyməti neçədir?” sualı.
6) Xalqımızın milli möhürü: oğraş.
7) Mən sənə deyirəm ki, alə Elmir, get sabah gəl… Sən isə həmişə gedib bu gün gəlirsən…
 Rafiq Tağı barəsində çox danışılır. Xoş sözlər eşidilməkdədir, sənətkar kimi səciyyələndirilir. Professional qələm sahibidir. Əsərləri kəllə suyu deyil, təfəkkür məhsuludur. “Müharibə və sevgi- bunların hər ikisində od-alov və atəşlər var”. Pis deyil. Sükanı belə saxla!
 Sima Ənnağı bütöv bir akademiyadır; tərcümələr, tədqiqatlar, təhlillər, nəsr, poeziya, aforizmlar… Çox maraqlı və rəngarəng blogu var. Saytlardan seçilmiş qravürlər göz oxşayır, adamın ruhunu dincəldir. Həqiqətən xanımın zövqünə həsəd aparmaq olar.
 Xarici yazıçıları tərcümədə Sima Ənnağı bütünlüklə yaradıcılıq təcrübəsilə görünür: axı öz yazı üslubunda da o, dilin ifadə şıltaqlarına dözümlü, açıq və müdrikdir.
 Ümumiyyətlə, Vaqif İbrahmoğlunun bir fikrinə şərikəm ki, özünü ziyalı sayan hər kəs, ömründə heç olmasa bircə dəfə tərcümə etməlidir.
 Tərcümələr nə qədər çox edilsə, o qədər yaxşıdır. Moskva həmişə yüksək intellektuallığın özəyi olub, necə ki Sorokin və Yerofeyev də bunu sübut edirlər. Çingiz Abdullayevin bir fikri ilə şərikəm ki, bizim Bakı da 60-70-ci illərdə məhz belə bir məkan idi…
 Henrix Böllün “Bıçaqlı adam” hekayəsini Samir Bulut professionalcasına tərcümə edib. Belə hekayələri hamının oxuması məsləhətdir. Nöşün ki, bu əsərdə gündəlik həyatımızın düsturu yatır.
 Rasim Qaraca Mario Varqas Lyosadan etdiyi tərcümədə yazıçının içini yeyən soliter barədə olan hissəni nəyə görə çıxarmışdı, bu mənə qaranlıq qaldı. Halbuki ən maraqlı yer elə ora idi…
 Bir tərcüməçi kimi Kənan Hacı olduqca uğurludur. Kənanın Şukşindən tərcüməsini acgözlüklə (dəfələrlə!) oxudum. Maestro yaradıb. Sanki Şukşin yanında oturub özü bu əhvalatı sənə nəql edir. Kənanın dili elədir ki, Şukşinin Sovet kinolarından yadımızda qalan üz cizgiləri, jestləri bir anlığa gözümüzün qabağına gəlir. 
 Kənanın Dino Butsatidən olan tərcümələrində də eyni hissləri keçirirsən, qəhrəmanların iç dünyasına qapılırsan, onlarla eyni anları ruhən yaşayırsan. Qorxursan, sevinirsən, gülümsəyirsən. Zənnimcə bu tərcüməçi üçün böyük uğurdur. Sadəcə əsər özü uğurlu deyil; Butsatinin zəif yaradıcılığından bir nümunədir. Ümumiyyətlə, hər yazıçının uzaqbaşı 3-4 normal əsəri ola bilər- çalışıb onları üzə çıxarmaq lazımdır.
 Pirandellonun hekayəsi Azad Yaşar tərəfindən pis tərcümə olunmamışdı, amma o qədər də tərcümə olunmağa layiq əsər deyildi. Sima Ənnağı da Norveçin küçə avarası Espedalın sərsəri fikirlərini dilimizə çevirməməliydi. Belə boş məsələlərə enerji sərf eləməyə dəyməz.
 “Alatoran”ın yeni kəşf etdiyi adlar kimi Fidanı, Kiyan Xiyavlını, Təbrizli M. Rzanı, Ziba Xəlili qeyd etmək yerinə düşərdi. Bu yazarlarda potensial duyulur, nə vaxtsa öz şah əsərlərini ortaya qoyacaqları ümidindəyik. Potensial var, çoxusu da İran Azərbaycanından.
 İran Azərbaycanından olan yazarlarımıza öz salamlarımı yetirirəm. Yorulmayasız! İsmayıl Ülkər, Nigar Xiyavi, Ozan Təbrizli, Nasir Mənzuri- arada zəif görünsələr də, məhləmizin uşaşqları onları ellilərimiz olduğu üçün sevməlidirlər. Həmişə olduğu kimi, “çox deyil, amma böyükdür” latın ifadəsi yada düşür…

Şırıldayır adın
Əsən yellərə
Lal baxışından qasırğalar qopur
Alışır suların dalğası
Lillənirsən
Əllərindən sətirlər axır.

Cəsarətini qorusan
Əzilməyəcək bəyazlığın
Varaqlandıqca gözəlləşəcəksən
Alacağını olacağından alacaqsan
Narlan misralarında
Şırıldat kəlmələrini,
İztirablı kağızlara.
Romantik olacaqsan, inan!

 Müəllifi Ramin Cahangirzadədir.
 Alov və Ramin Cahangirzadə jurnalda müntəzəm izlədiyim maraqlı imzalardandır. Ramin insanın emosional sarsıntılarını, psixoloji təbəddülatlarını nəzm formasına salmağı bacarır. Alov, mən deyərdim, poetik hissiyyatın inkişafında yeni dövr açmışdır. Onun şeirləri mənə bir növ Taqorun yarpaqlarını xatırladır, “üçlük”lər deyilən bu parçaların hər birində ümmansız duyğu yatır. Ayebedəki kolxozçuların palaz-palaz romanlarını oxumaqdansa, bu xanımın üç misralıq bir fikrini oxumaq beyinçün daha çox gübrə verir.
 Gülşən Cəbi. “Eşqdə olan şeydi ruh və barıt”. “Torpaq altdan keçir yollar səma üstə”. İnadkar olmaq lazımdır.
 Samit Aliev. Dınq-dınq-benq… İoann bıl prav, v naçale vseqda bıvaet slovo. Çoxdandır rus dilində bu qədər dolğun əsər oxumamışdım. Aldığım həzzə görə Samitə təşəkkürümü bildirirəm. “Ona bir baxın, qermyursyuz aqzınnan kepyuk qyalir? Oqlan dyalidi, eee, dyalidi!” Bundan sonra Samit Əliyev adlı müəllifin kitabına harda rast gəlsəm alacam!
 Rasim Qaracanın “Anlamsız şeirlər” silsiləsindən “Milyonlar”, “Tənhalıqların ərəbi”, “Dodaq boyası ilə anlamsız küçə” kimi maraqlı eksperimental şeirləri var. Herisçinin bir şeirinə aranjmanı da diqqətimizi çəkdi. Bu şeirləri “Azərbaycan şeir antologiyası” toplumuza saldıq.
 Bəxtiyar Hidayətin əyalətdən ədəbi proseslərə tənqidi baxışları öz tutumu ilə təqdirəlayiqdir. Bu əzmkar insana öz təşəkkürümü bildirirəm, lazımdır, yüngülcə şapalaq da olsa arada lazımdır ki, proseslər öz axarı ilə getsin.
 Qori seminariyasının yetirməsi olan Qazax yazar məktəbinin nümayəndəsi kimi bu gənci alqışlayıram. O məktəbdən elələri çıxıb ki, nə yazsalar, qəbuldu; maraqla oxunur, axıcı və şaqraq üslub həsəd doğurur. Bəxtiyarın “Şeytanın qovulması” hekayəsi şedevrial sənət əsəridir.
***
 Məmləkətin bir nömrəli ədəbiyyat dərgisi olmağa iddialı jurnalın məramı bilirsinizmi nə olmalıdır? Umberto Eko belə deyir: “geniş kütləyə çatmaq və onun röyalarını ələ almaq”. İdeal oxucu üçün, ideal yuxusuzluqdan əziyyət çəkən oxucu üçün olan əsərlər lazımdır. “Burada əsas cəhət- sözügedən xəstəliyi başqaları ilə eyni vaxtda keçirmək istəyidir” (V.Yerofeyev).
 İnanırıq ki, “Alatoran” ədəbi aləmdə öz sözünü deyəcək və daha sanballı mətnlərlə və yetkin imzalarla oxucuların görüşünə gələrək sevimli jurnala çevriləcək.

Комментариев нет:

Отправить комментарий