29.02.2012

Kənan Hacı “Yağ kimi ” romanından danışır

“Roman bumu yaşanır, deyən yazarlar özləri də roman yazır” 


Yazıçı-jurnalist Kənan Hacı ilə müsahibəni təqdim edirik

-Nəyə görə “Yağ kimi”?
 
-Bu sualı bir neçə dəfə mənə veriblər. Əsəri yazmamışdan əvvəl nəsə bir detal axtarırdım. Bu romanın qəhrəmanı həyatda öz yerini tapmayan bir insandı, yəni lazım olduğu yerdə yox, lazım olmadığı yerdə olan bir adamdır. Və o, məşhurlaşmağın yolunu tapa bilmir. Əsas məqsədi məşhurlaşmaqdır. Haqqı olmadığı halda məşhurlaşmaq istəyən bir adamdır. 


Bütün mümkün variantları əldən çıxardıqdan sonra bu adam düşünür ki, “Yağ kimi” verlişinə çıxmaqla məşhurlaşsın. O vaxtı da bu veriliş çox populyar idi. Sözün açığı, məndə o verilişə qarşı aqressiya var idi. Amma indi hesab edirəm ki, bu düzgün deyil. Yəni normal, öz tamaşaçı kontingenti olan bir proqram idi. Mən də düşündüm ki, bu ad daha uyğundur. Əsərin adı belə alınmamamlı idi. Başqa variantlar var idi, son anda dəyişib “Yağ kimi” elədim. Seymur Baycan bir dəfə dedi ki, sən narahat olma, romanın adına görə satılacaq. Əslində əsərin adını satılmaq məqsədilə o cür qoymamışdım.

-Kitabın yazılma səbəblərindən danışardınız.
-Bu mövzu bir neçə il idi ki, məni düşündürürdü, yazmaq istəyirdim. “Qanun” nəşriyyatı “Ən yeni ədəbiyyat” seriyasıyla kitab nəşrinə başlayanda fikirləşdim ki, bir özümü sınayım. Amma ondan əvvəl “Çəhrayı qan”ı yazmşdım və o roman məhdud tirajla kitab kimi çıxmışdı. O əsər Qarabağ döyüşlərində iştirak etmiş bir qızın taleyi haqqında yazılıb. Yeri gəlmişkən, o romanın yenidən nəşri haqqında fikirləşirəm. Çünki o kitabı çox adam məndən istəyir, amma təəssüf ki, nə satışda, nə də özümdə qalmayıb. Nəşriyyatın direktoru Şahbaz bəylə söhbətimiz oldu, dedi ki, nəsə yazım. Oturdum, cəmi 3 ay ərzində “Yağ kimi”ni yazdım və “Qanun” nəşriyyatına təqdim elədim. Şahbaz bəy də verdiyi sözə əməl elədi və roman çap olundu.

-İstədiklərinizi yaza bildinizmi?
-Hesab edirəm ki, yaza bilməmişəm, qismən yaza bilmişəm, tam mənada yox. İndi növbəti bir əsər var, çalışacam cəmiyyətə ötürmək istədiyim mesajı o əsərdə tam mənada çatdıra bilim. Sadəcə, vaxt azlığından o əsər hələ ki, yarımçıq qalıb. 
 
-Ordakı obrazlardan danışaq, kimdi Student və Camış Abdulla?
-Camış Abdulla ümumiləşdirilmiş obrazdır. Ədəbi mühitdə, ədəbiyyatın ətrafında fırlanan, ədəbiyatın içinə girə bilməyən adamlar ki, var, istedaddan məhrum adamlardan söhbət gedir, bu adamların ümumiləşmiş tipik bir obrazıdır. O ki, qaldı Studentə.. Hər bir yazıçı müəyyən mənada demək olar ki, özünü yazır. Özünü yazmayan yazıçı yoxdur. Floberdən “Madam Bovari” əsəri haqda soruşanda baxmayaraq ki, əsərin qəhrəmanı qadındır, demişdi ki, Madam Bovari mən özüməm. Student demək olar ki, özüməm.

-Gündəlik həyatda romanınızın qərəmanlarına rast gəlirsinizmi? Romanın qəhrəmanları sizin taleyinizə nə qədər yaxındır?
-Yaxşı sualdır. Hər bir adam ədəbi mühitə düşəndə bir az özünü xam kimi aparır. Tam mənada insanları tanıya bilmirsən. Tanıdığın imzalar mətbuatdan, televiziyadan çox cazibədar görünürlər.
Amma mühitin içinə düşəndə onları şəxsən tanıyırsan, onların yaxşı və pis cəhətlərini, cəmiyyətə xeyirli və zərərli olmasını, yəni bütün cəhətlərini hərtərəfli öyrənirsən, onda xəyalındakı ideal şair, yazıçı obrazı, yazıçı mifi dağılır. Baxıb görürsən ki, bunlar milyonlarla adi insanlardan istedad istisna olmaqla, heç nəylə fərqlənmirlər.
Həmin əsər də o mühitin bəhrəsidir. Romanın istehza hədəfi istedadlılardan daha çox istedadsızlar, qrafomanlardır. 
 
-Nəyə görə insanlar, elə “Yağ kimi”nin qəhramanı Camış Abdulla da xoşbəxt və ya bədbəxt olduqlarının fərqində deyillər?
-Bu, birbaşa cəmiyyətin problemidir. Camış Abdulla kimilər cəmiyyətdən baş çıxara bilməyən insanlardır. Əslində xoşbəxtlik və ya bədbəxtlik nisbi anlayışlardır. Deyim ki, bütün zamanlarda belə insanlar olub. Bunun ən dahiyanə nümunəsini Servantes yaradıb. Don Kixot konkret tarixi şəraitlə əlaqədar olaraq İspaniya üçün nə qədər tipikdirsə, bir o qədər də bəşəri səciyyə daşıyır. Don Kixot da həyati hədəfləri düzgün seçməyən bir adamdır və ona görə də həmişə gülüş hədəfinə çevrilirdi. Dünya yaranandan özünü tapa bilməyən insanlar olub. Bir ömür yaşayıb dünyadan gediblər, amma özlərini tapa bilməyiblər və yaxud özlərini tam mənada realizə edə bilməyiblər. Öz yerini tapa bilməyən insanlar bütün əsrlər boyu olub, indi də var, bundan sonra da olacaq. Bu adamlar natamam insanlardır. Görünür, yaradılışdan onlar belə yaranıblar.

-Son vaxtlar yazılan romanlardan hansını bəyənirsiniz?
-Son zamanlar deyirlər ki, roman bumu yaşanır. 
Bunu deyən adamlar özləri də roman yazırlar. Bu, çox müsbət haldır, bundan qorxmaq lazım deyil. Zaman keçdikcə bu əsərlər ələkdən keçəcək, hansı yaşamaq hüququ qazanacaq, hansı yox, bu zamanın işidir. Ədəbi meyarlara cavab verən əsərlər ədəbiyyatda qalacaq. Bu, sözsüzdür. O ki, qaldı son zamanlar yazılan romanlara, mən Qan Turalının “Mustafa”, Şərif Ağayarın “Haramı”, bir də Seymur Baycanın “Quqark” romanlarını son dövr Azərbaycan ədəbiyyatında yaranan ən ciddi əsərlərdən hesab edirəm. Hesab edirəm ki, bu əsərlər öz qiymətini alacaq.


nota.az

Комментариев нет:

Отправить комментарий