25.02.2012

Aşiq qadının romanı

Cəlil CAVANŞİR

Yazıçılar Birliyinin “Natəvan klubu”nda İradə Tuncayın “Yol romanı”ı oxuculara təqdim edildi. İradə xanımın “Yol romanı”ndan bəzi parçaları “525-ci qəzet”dən və “Ədalət” qəzetindən oxumuşdum. Etiraf edim ki, alayarımçıq mütaliədən o qədər də zövq ala bilməmişdim. Tədbirin sonuna qədər çıxış edənləri diqqətlə dinləyir, kitab haqqında məni maraqlandıran bir fikir eşitmək arzusuyla səbrimi basırdım. Adətən belə tədbirlərdə çıxışçıları dinləmirəm. 

Etiraf edim ki, AYB-nin katibi Rəşad Məcid əvvəldən-sona tədbiri çox canlı aparırdı. Təəssüf ki, çıxışçıların bəziləri əsəri oxumasalar da, həvəslə söz alır, “yol” sözünün fəlsəfi izahına başlayır, bu sözün metafizik qatlarını şərh edirdilər. Mən isə imkan düşən kimi kitabı vərəqləyir, bəzi parçalara göz atırdım.
“Yol romanı” roman deyil, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın yazıçı, millət vəkili Aqil Abbasla birlikdə İran – Naxçıvan – Türkiyə – Gürcüstan səfərini əks etdirən, olduqca peşəkar şəkildə qələmə alınmış yol qeydləridir. Bəlkə də, bu kitabda yer alan yazılara sadəcə yol qeydləri demək insafsızlıqdır. Çünki kitab ən maraqlı roman kimi “doyumlu” dur. Tədbirdəcə “Woman in love”  yazısı diqqətimi çəkmişdi. Evə çatana qədər hövsələmi basa bilməyib bu yazını oxudum. Əgər bu yazını yolda oxumasaydım, kitabı başdan-sona oxumaq istəyim yaranmayacaqdı. Elə bu yazının sehrinə düşdüyüm üçün kitabı birnəfəsə, 2-3 saat müddətinə oxuyub bitirdim. Etiraf edim ki, kitab məni ovsunladı.
Müəllif İradə Tuncayın səmimiyyəti artıq birinci yazının, birinci abzasında oxucunu öz təsir dairəsinə alır. Və oxucu özünü yazarın səmimiyyətinə təslim edir. Kitab “Woman in love”  yazısıyla başlayır. Yazı sanki məhşur mahnının ahəngiylə, ritmiylə, mistikasıyla yazılıb. Mən bu mahnını Liz McClarnonun ifasında dəfələrlə dinləmişəm. Həqiqətən təsirli, insanı başqa aləmə apran musiqisi var bu mahnının. Hələ sözləri…
Düzü mahnını əvvəllər dinləsəm də, sözlərinin fərqinə varmamışdım. Bu yazını başlayanda isə mahnının sözləri axtarıb tapdım və diqqətlə oxudum. Çox anlamlı, çox təsirli…
Yazı boyu oxucunu ovsunlayan səmimiyyət qətiyyən azalmır, getdikcə daha da insanı öz təsirinə salır. Yazının sonluğu isə şahanədir:
“– Gözəl, səfər xoşuna gəldi?
– Mənə gözəl demə, mən gözəl deyiləm.
– Bəs nəsən?
– I am a woman in love!
– Nə?!
– Heç, mahnının sözlərini deyirəm.”
Kənardan bir az sərt, bir az acıqlı görünən İradə Tuncayı bu kitabda tamamilə kəşf eləmək mümkündür. Kitabda oxucu ərköyün, şıltaq, duyğusal İradə Tuncayla rastlaşır. Şəxsi tanışlığımız olsa da, etiraf edim ki, mən İradə xanımı bir insan kimi bu kitabdan sonra kəşf etdim. Bir qadın sevgisini ancaq bu qədər gözəl etirafı edə bilər:  ” I am a woman in love!”
Kitabda ən çox diqqətimi çəkən, müəllifin dəqiq müşahidələri, bəzək-düzəksiz yanaşmaları oldu. Maraqlı məlumatlar və informativ haşiyələr də öz növbəsində kitaba ayrı bir rəng qatır. Oxucu kitab vasitəsi ilə müəllif İradə Tuncayla yanaşı, yazıçı Aqil Abbası, Azərbaycan təhsil sistemində silinməz iz qoyan Vurğun Əyyubu, bəstəkar Cavanşir Quliyevi və digər çağdaşlarımızı tanımaq imkanı qazanır. Oxucu özünü bu səfərlərin iştirakçısı, müəllifin yol yoldaşı kimi hiss edir.
Mənə elə gəlir ki, yolçudan yolçuya çox ciddi fərq var. Kitabda haqqında danışılan məkanlara il ərzində ölkəmizdən minlərlə turist gedir. Minlərlə insan eyni yolla, eyni marşurutla , eyni yerlərə yolçuluq edir. Ancaq görəsən neçə nəfər getdiyi yerlərdən bu cür zəngin təəssüratla qayıdır? Görəsən neçə nəfər Kiprin, Qarsın, Batuminin, Tiflisin, Naxşıvanın tarixini öyrənib sonra səfərə çıxır? Mən qətiyyətlə əminəm ki, bizim səfər etmək, gəzmək, tətilə getmək imkanı olan insanlarımızın 80 faizi harın kişilərdən, qızıl-gümüş, pal-paltar aşiqi arvadlardan ibarətdir. Dəfələrlə tanıdığım insanların səfər söhbətlərini dinləmişəm. Standart. Böyük əksəriyyət getdiyi yerlərin ancaq yeməklərindən və mağazalarından danışır. Nə vaxtsa millət vəkili olmuş bir tanışım var. Çindən Amerikaya qədər 25-30 ölkədə olmuşdu. Gəzdiyi ölkələrin bir yazıçısını, bir şairini tanımırdı. Üstəlik getdiyi ölkələrin hansı qitədə yerləşdiyini deməkdə də çətinlik çəkirdi. Ən yaxşı halda hansı ölkədə, azərbaycanlı iş adamlarının restoranı olduğunu bilirdi. Şəxsən mən Pekinə gedib quzu kababı axtaran, İstanbulda da vodka içib qayıdan turistimizi qınayıram.
“Yol romanı” oxucuya yolçuluq, səfər mədəniyyəti aşılayır. Getdiyi yerlərin tarixini, ədəbiyyatını, mədəniyyətini öyrənmək və bu xüsuslardan yazmaq çox gözəldir. Bu baxımdan şair dostum Qismətin İstanbuldan yazdığı yazılar da çox maraqlı və diqqətçəkən idi.
İradə xanım “Yol romanı”nda Elif Şafakdan, Orhan Pamukdan misallar çəkir, olduğu məkanla əsərlər arasında paralellər tapır. Orhan Pamukun “Kar” romanında bəhs olunan Karsı daha yaxından tanımağa, öyrənməyə cəhd edir. Sözün düzü Elif Şafak və Orhan Pamuk romanlarını sevmədiyim üçün əsərdə bu müəlliflər müraciət edilməsi o qədər də ürəyimcə olmadı. Hər halda milyonlarla oxucusu olan bu yazıçıların əsərlərindən misal çəkmək oxucuların diqqətini çəkəcək. Ancaq sevimli şairlərim Can Yücel və Nazim Hikmətdən çəkilən misallar, Sezen Aksu və Zülfü Livaneli kimi müğənnilərin mahnılarından verilən misallar mənim daha çox xoşuma gəldi. Müəllifin sevgi dolu ruhu əsər boyu oxucunu təsirindən çıxmağa qoymur.
Bir sözlə, “Yol romanı” kitabı janr xüsusiyyətlərinə görə roman olmasa da, əsəri bir qadının, aşiq bir qadının romanı adlandırmaq məncə doğru olar. Mən bir oxucu kimi bu dəyərli kitabı bütün ədəbiyyat  həvəskarlarına tövsiyyə edirəm. Ümid edirəm ki, siz də bu kitabı oxumaqdan böyük zövq alacaqsınız.

Комментариев нет:

Отправить комментарий