26.02.2012

Yum gözünü çağır məni


Mirzə Sakit

ÖZ ƏLLƏRİNLƏ

Tələsmə, kədəri mənə yavaş ver
Doldur ürəyimə öz əllərinlə
Mənə göz yaşından bir damla yaş ver,
Ağlaya-ağlaya, süz əllərinlə

Say gör kədərinin neçədir cəmi
Fərqi yox köhnədir, yoxsa təzəmi
Çıxart o köksündən çıxart, o qəmi,
Köksümə inci tək düz əllərinlə

Mənim eşqdən özgə söylə nəyim var
Səndə xumarlanan xoş gərəyim var
Eşqinlə yaşayan bir ürəyim var,
Halal xoşun olsun, üz əllərinlə

Ömrüm qəmli qalsın, mənimçün nə şən
Bəxtəvər kəslərdir, eşqlə əlləşən
Qoy olsun sənin də yandırmaq peşən,
Səp sinəm üstünə köz əllərinlə

Məni külək bilib lap əsən də de
Üzümə acı bax, gülməsən də de
Sevdiyin Mirzədi, bilməsən də de
Demə ki, get danış gözəllərinlə


MƏNİM DOSTUM

Nəhayət ki,
həyatıma bir dost gəldi
dərdlərimi dərdi bilib,
öpüşüylə
yanağımı isladaraq,
kipriyimi qucaqlayıb
qucaq-qucaq
bulaq kimi şəffaf, sərin....
mərhəmətli
məsum gözlü körpələrin,
baxışı tək dupduru, saf.
Bilirsizmi
hansı dosta zillənmişdi baxışlarım?
Ən dəyərli, sədaqətli
dostum mənim,
göz yaşlarım.
Nəhayət ki,
ürəyimi boşaldaraq,
xəyalımı yumşaldaraq
süzülərək iç dünyamdan
karvan kimi
bir cərgəyə düzülərək ,
gəldi mənim həyatıma.
Qəmim güldü,
dərdlərimin üzərinə
sevinc gəldi gülə-gülə...
təbrik etdi gözlərimi,
sığallayıb dərdlərimi
dedi mənəm
gözlərindən axan bulaq.
Əl uzatdım...
dedim sənsən demək mənim
yol yoldaşım?
Xoş gəlmisən həyatıma,
mənim qəmli göz yaşlarım...
mənim qəmli göz yaşlarım!!!

ÖTƏN GÜNLƏR

Nə şirinmiş hər ötən gün
Nə kövrəkmiş hər bitən gün
Görmədik biz
heç mənasız bir bitən gün...
Yadındamı,
biz Tanrıdan nur diləyib...
gecələrin zülmətinə nur çiləyib,
asta-asta, xısın-xısın danışardıq,
sevişərdik.
Göz yaşın da gülüşü də bölüşərdik...
xəyallarda görüşərdik, öpüşərdik.
Yadındamı,
həsrət dolu gözlərindən
tökülən yaş...
o həsrətə dözməyərək,
için-için, ağlamağım...ağlamağın.
Yadındamı,
deyirdim ki,
yastığının yanındakı "yastığımı" öpən kimi
yum gözünü çağır məni...
ürəyindən keçənləri biləcəyəm,
həmin anda buludların üzərindən
uça-uça yatağına gələcəyəm.
...Nə şirinmiş hər ötən gün
Nə kövrəkmiş hər bitən gün....
Çağır məni ...sevdiciyim....çağır məni

Комментариев нет:

Отправить комментарий