23.02.2012

Futbolda ikiüzlülük xəstəliyi

Elşən İmaməliyev


Düynayada çox yolxucu xəstəliklər var; qrip, qotur, AİDS, nə bilim “qripki”, yəni “göbələk”! İkiüzlülük də bu xəstəliklərdən biri sayıla bilər. Çünki o da çox sürətlə başqalarına  təsir edir, yoluxurdurur, zəhlə tökür,.. Bəlkə daha dəhşətlisidir. Qeyd olunan və olunmayan digər yolxucu xəstəliklərin iynə-dərmanla müalicəsi mümkündür. İkiüzlülüyün isə hələki müalicəsi kəşf edilməyib. İkiüzlü bir insanla dostluq və yaxın yoldaşlığ etsən bir müddət sonra sən də hökmən onun kimi ikiüzlü olacaqsan. Heç ruhun da inciməyəcək. 

Bu dəqiqdir! Həm də bu yeganə xəstəlikdir ki, yoluxanlar ondan razı qa­­lır və  müalicə olunmaq belə istəmirlər. Çünki bu bir əxlaq, mənəviyyat məsələsidir. Narko­ma­nın düzəlməsi mümkün olursa da, əxlaqı pozulmuş insanın düzəlməsi  gor məsələsidir, işi inkir-mi­nkirlikdir. İkiüzlülük həm də ona görə müalicə olunmur ki, bu xəstəlik ona tutulmuş insanı  və­zifə məsələsində gündən-günə inkişaf etdirir və rahat yaşamasına geniş şərait yaradır.  Bu gün öl­kənin əksər strukturlarında olduğu kimi Azərbaycan futbolunun içində və ətrafında da bu xəs­tə­liyə tutulanlar çoxluq təşkil edir. Elə buna görə də o insanların özü gündən-günə  inkişaf etsə də, fut­­­bolumuz yerində sayır. Çünki futbola sədaqətlə xidmət etmək lazımdır – kişi kimi! Futbolumuzla bağlı olan əlaqədar təşkilatların bir çoxu da elə o gün­də­dir. Məsələn, bəzi mətbuat orqanları az qala minüzlü olmağa da iddialıdır. Mətbuat nü­ma­yən­də­lə­­rinin digərlərindən fərqli olaraq bu xəstəliyə  yoluxmaq  və başqalarını yo­lux­dur­maq imkanları  da­ha genişdir. Bir çox mətbu orqanların redaktor və sıravi ya­zar­ları, xüsusən də bölgə müxbirləri  bu xəstəliyə elə düçar olub ki, ermənidən daha betər görünürlər. Özünü xalq qəhrəmanı kimi qə­lə­­mə verən, ümumi çəkisi və boyu “Kalaşnikov” avtomatından bir miqdar artıq olan, efirdə  belə “Ka­­laşnikov” kimi fasilə verərək danışan bu “qəhrəman”lardan biri də “Xəzər Lənkəran”ın məd­da­­hıdır. Nədənsə onu hər dəfə görəndə məni gülmək tutur. Çünki bilmirsən bu adamın üzü ha­yan­­dadır. Bir qədər diqqət yetirdikdə isə görürsən ki, bu zalımın o qədər çox üzü var ki, dəqiq bir si­­ması məlum olmur. Guya ki, vaxtı ilə ölkənin hansısa döyüş bölgəsində erməni ilə cırışıbmış. Rembo da onun yanında yalan imiş. Nə bilim, tullanıb dişi ilə havada güllə tuturmuş. Erməninin başına bir daha kül olsun ki, onun qarşısında belə dübələylər qəhrəmanlıq göstərirmiş. Bir soruşan yoxdur ki, ay gedə, sən belə qəhrəman idinsə, bəs niyə 20 faiz torpağımız düşmən tapdağı altında qaldı? Nə isə, eləsi təkdir məgər? Belə hop-gopçuların mətbuat orqanlarına soxulmasının nəticəsidir ki, indi bəzi mətbuat orqanları da futbolumuzun deyil, yalnız özünün inkişafı ilə məşğuldur.  Yəni, “pulu cibə, gülləni futbolun gicgahına” prinsipi! Bir çox klub rəhbərləri üçün futbol lap sonda bir idman  növü sayılsa da bir çox futbol qəzetlərinin yazarları üçün futbol heç sonuncu olaraq da idman de­yil, bir çörək ağacıdır, vəssəlam. Tənqid edir qərəzli, mədh edir, yaltaqlanaraq, başqalarına “hürür” qorxaraq,.. Belə olan halda fut­bo­lu­mu­zun inkişafından söz gedə bilməz. Həmin o xalq qəhrəmanı kimi qəbul olunan “jurnalist” onu “saymadıqlarına” görə klubun və klub  rəh­bər­liyinin eleyhinə istiotlu, alovlu məqalələr yazırdı. De­­yirdin ki, bəs qanlarını içər, uf deməz. Amma birdən- birə başladı onları müdafiə etməyə, tə­rif­­ləməyə, yaltaqlanmağa. Zalım az qala onların şəninə dastan bağlayacaq, poema yazacaqdı. 
Təbii ki, bunlar elə-belə olmamışdı. Satılmışdı, həm də keçi qiymətinə! Futbol yazarlarının bir çoxu keçi qiy­mə­ti­nə satılırsa, futbolumuzun inkişafından dəm vurmağa dəyərmii? Əvvəlcə gərək onları, sonra isə fut­bol boslarını ifşa edəsən. Ölünü də özbaşına qoysan kəfəni batırar. Futbol bosları  mətbuatın təp­gisini hiss etməsələr heç bir islahat aparmayacaq, futbolu yalnız biznes vasitəsi kimi gö­rə­cək­lər. Bir jur­nalis ki, vaxtilə etdiyi kəskin tənqidlərdən peşman olub, üzünə daha bir neçə üz bağ­la­ya­raq, arxasıyca və üzünə deyilən sö­yüş­lə­ri qəbul edərək, sonra tamam başqa ya­zı­lar yazırsa, de­məli, onun bir üzü – konkret siması yoxdur. Simasızların ümidinə qalan futbolun isə halına ya­nan gərək! Bir simasızın ikiüzlü olduğunu başa düşdük!  Bəs elə birisini bağrına basan, özü ilə xa­­rici sə­fər­lərə, məşq top­lan­tı­la­rına aparan, yediyindən ona da yedizdirən, özü ilə yanaşı kres­lo­lar­da otuzduran, cibinə xərclik qoyan klub rəhbərliyini necə başa düşək?  Bu halda, yəni sima məsələsində onlar həmkar kimi görünmürlərmi? Jurnalistin qarşısında yalnız onun yazdığı məsələlərdən qorxan, yəni, xirtdəyə kimi zibili olan rəhbərlik qorxar. Biri pula satılır, o biri isə qələmə! Hansı daha qorxuludur? Bu gün  bəzi  tele-kanallara dəvət edilən mütəxəsislər də reseptlə tənqid etməyə məcbur edilir. Şərt qoyulur ki, biz nə zaman işarə etsək tənqid elə, etməsək tərif elə. Bu da ikiüzlülük deyilmi? Reklam zamanı “Siz “Xəzər Lənkəran”ı çox tənqid edirsiniz” deyə irad bildirən aparıcı sonra “ Biz istəyirik ki,“Xəzər Lənkəran” bizim verilişə sponsorluğ etsin” deyir. Bax belə! Bu da satılmaq deyilmi?  Bu da ikiüzlülük sayılmırmı? Oyun zamanı fit çalmaq lazım gələndə gözləri kor, boğazı quru, qol­ları iflic olan hakimlər, lazım gəlməyən məqamda cərimə təyin edirsə, bunu onun naşılığı hesab et­mək çox az sayılmırmı? Rüşvət alaraq oyunun taleyini sifarişə uyğun həll edən hakimin görəsən ne­çə üzü var? Və ya bəzi azarkeşləri götürək. Bir müddət əvvəl bir qrup azarkeş  mil­li­nin qapıçısı Kamran Ağayevi açıq-aşkar qərəzlə tənqid edir,  istefaya səsləyirdi. Lakin son oyun­larda Kamran elə gözəl oyun göstərdi ki, həmin insanlar onu ayaq üstündə alqışlamağa məc­bur oldular. Sanki, Kamran insan deyil, robot imiş və hər zaman yalnız belə oynamağa məhkum imiş. Heç Ronaldo da, Messi də bütün oyunları ən yüksək səviyyədə keçirdə bilmir. İndi elə azarkeşlər də ikiüzlü hesab edilməməlidirmi? Xülasə, bu ikiüzlülük ki var, çox qorxulu xəstəlik və böyük bəladır!   Biz həm ikiüzlü yazarlara, həm də ikiüzlü klub rəhbərlərini istefaya çağırmalıyıq. Əks təqdirdə bütünlüklə futbolumuz istefaya gedəcək.


Haydı, başladıq: İS-TE-FA! İS-TE-FA!

Комментариев нет:

Отправить комментарий