İmarət Cəlilqızı
Xocalı…
İnsanların göy altında
doğulmaqcün, yaşamaqçün
qurduqları yurd-yuvası.
Xoşbəxt olub gülmək üçün,
sevmək üçün, sevilməkçün,
vaxt çatanda ölmək üçün
qurduqları yurd-yuvası.
Sinəsinə doyunca baş
qoymadığı,
qucağından yetərincə
doymadığı
dağı, daşı, çölü, düzü—
halalı…
Bu fələyin bir məkandan
yüz məkana dağıtdığı,
inlətdiyi,
doğma ocaq həsrətiylə ağrıtdığı,
göynətdiyi
köksüdağlı insanların
ürəyinin ortasına topladığı
ürəyinin ortasına sapladığı
dərdi, qəmi, məlalı…
Bir kiçicik qızcığazın
nağılların dünyasından
kirpiklərilə yığdığı,
məsum gözüylə baxdığı
alt dodağı yer süpürən,
üst dodağı göy süpürən,
nəfəsindən od püskürən
yeddibaşlı əjdahalar,
dəyirmandaşlı divlərin
gercəkləşmiş xəyalı…
(…köksü üstdə kitabının
qan naxışlı vərəqləri,
nağıl dolu kirpikləri
hürküdülmüş bir yavrunun
aynasına dəhşətşəkli
həkk olunmuş bəbəkləri…)
dünyasında fəsil-fəsil,
fəqət bu gerçək aləmdə
tək sətri də yazılmamış
bir məhəbbət tarixçəsi.
səksənərək xəyallardan
qopub düşmüş nəvazişlər.
donmuş soyuq cəsədləri
qar altında basdırılmış
neçə nakam sevgilinin
heç istisi soyumamış
yumuşaq ala yorğanı,
gülləbatmaz ruhlarıyla
qucaqlaşıb göyə uçmuş
əbədi əhdi-peymanı,
dəlicə aşiq ruhların
güllələrlə şırımlanan
şaxtalı qış səmasında—
odlu-buzlu cəhənnəmdə vüsalı.
Yaşamağa dünyadakı canlıların
hamısından daha artıq haqqı olan,
halal haqqı yandırılan,
halal haqqı dondurulan
alçaldılmış insanların
çatlamış gorları içindən ucalan,
illərlə cavabsız qalmaqdan qocalan
“bizi niyə öldürdülər?” sualı.
Hələ ölmək istəməyən
yüzlərlə nakam insanın
hələ gəlmək istəməyən,
güllə qabağında gələn əcəli.
Insanın öz həminsinə
cəkdirdiyi işgəncənin
Xirosima, Buhenvalddan,
Xatından daha dəhşətli,
yüz dəfə daha tutarlı misalı.
Xocalı…
Qocadan qoca tarixin
dünya binə olan gündən
bəşəriyyət qarşısında
heç vaxt əfv olunmayacaq
bağışlanmaz babalı!..
Комментариев нет:
Отправить комментарий