Kənan Hacı
Ümiddən o yana yol göstər mənə,
daha səbrim də əynimə dar gəlir,
sənin sevgindən özümə köynək tikmək istəyirəm,
şeir ağrının balasıdır,
ağrı sevginin,
sevgi ürəyin...
qoyma ürəyin balası yetim qalsın...
duz yerinə mənim üçün
bir çimdik mərhəmət qoymusan
nahar süfrəsinə,
acı sözlərini yavanlıq edirəm,
əzabınla sevişirəm,
yoxluğunun ağrısıyla yatıram gecələr...
hər gecə yuxuma kimsəsiz dünyada
bir daş girir,
ona –insan ol!- deyirəm,
qoy bir az da bərkiyim- deyir...
səhər yuxudan ayılıb
sümsük it kimi qayıdıram yanına,
mənə -get o daşdan adam düzəlt!- deyirsən...
ümiddən o yana yol göstər mənə...
gələcəyi ağrıya bölsək
ölüm qalar,
bağlama üzümə açdığın qapını,
qoy xoşbəxt olum acı sözlərinlə,
ümiddən o yana yol göstər mənə,
ümiddən o yana yol yoxdur!- deyib
çevirilib getmə,
getmə... getmə...
getməəəə!!!!
Комментариев нет:
Отправить комментарий