28.02.2012

Həmid Herisçi «WikiLeaks» haqqında nələr dedi?

Həmid Herisçi: «Dünyanın dəyişməsi həmişə keçmiş gizlinlərinin açılmağı ilə başlayır»

«Bundan sonra müasir Qərb dünyası, onun keçmiş elitaları çökəcək»

Dünyanı silkələyən «WikiLeaks» olayına müxtəlif yanaşmalar olsa da konsproloji nöqteyi-nəzərdən dəyərləndirmələr mövcud deyil.
Konsproloji yazıları ilə məşhur olan tanınmış yazar Həmid Herisçi ilə bu mövzu ətrafında söhbət etmişik. Həmid bəy olaylara olduqca maraqlı yanaşma sərgiləyir.

- Həmid bəy, bu gün dünyanın diqqəti “WikiLeaks” saytının yaydığı məlumatlardadır. Sizin baxışlarınız daha çox konsprilogiya elminə söykənir. Konsprilogiya eləmi baş verənləri necə izah edir?

- Çağdaş dünya bu gün kitab deyəndə gizli, təhlükəli kitabı önə çəkir. Umberto Eko, Den Braun, Paula Koela kimi yazarlar artıq dünyaya yeni kitab modelini təqdim ediblər-bu kitabda mütləq şifrlənmiş bilgilər, bir növ X fayllar mövcud olmalıdır. Bəli, çağdaş ədəbiyyat oxucunu bu ovqatla yetişdirib. Sözsüz ki, həmin dəst-xətt, yazılı ədəbiyyatdan sıçrayıb qəzetlərə, mass-media mərkəzlərinə də təsir etməliydi. Yəni bu gün dünya oxucusu təhlükəli kitab və təhlükəli informasiya axtarır. Götürək, mənim yeni buraxılan “Konspriloq” kitabımı. Yuxarıda qeyd etdiyimiz bütün şərhlər və şərtlər son kitabıma da aid oluna bilər-gizli informasiya,  məxfi mətnlərin de-şifrəsi və sairə. Bu mənada “WikiLeaks” olaylarının gündəmə gəlməsi günün tələbatı və zövqü ilə bağlıdır. İnsanlar gizli informasiya istəyir, kitab təhlükəli olmalıdır. Bunun örnəkləri artıq var, hətta Azərbaycan kimi geridə qalmış bir ölkədə də.

- Sizinlə razılaşmaq olar, o zaman Turqut Ərin də kitabı təhlükəlidir?

- Bəli, təhlükəli kitablar, təhlükəli saytlar, təhlükəli insanlar. Bütün bunlar 2010-cu il tarixində gündəmə gəlib. Lakin buna hazırlıq dövrü son beş ildə gedirdi.

- Bu, hansı əlamətləri ilə özünü göstərirdi?

- Bu ilk növbədə təfəkkürdə olan nəzəri dəyişmələrlə bağlıdır. Postmodern estetika meydanı tərk edir və yerini verir konspirologiyaya. Postmodernin əsas müddəaları bunlardır: qəhrəman yoxdur, allah yoxdur, tilsim yoxdur, müqəddəslik yoxdur, süjet yoxdur, loqosentrizm yoxdur, fonosentrizm əsasdır. Konspirologiya elmi postmodernin bu müddəalarına amansız zərbə vurdu. Bu mübarizə Umberto Eko, Den Braun, Paula Koela kimi yazarlar tərəfindən bədii ədəbiyyatda başlandı və nəticədə yeni oxucu kütləsi formalaşdı. Sözsüz ki, bu oxucu siyasi informasiyanın da gizlinlərini tələb etdi. Nəticədə Culian Assanj və “Wiki Leaks” yarandı.

- Demək baş verənlər bazarın tələbi idi?

- Bəli, Culian Assanj bunu çox cəld hiss etdi. Mən deyərdim ki, XX əsr Lenin və Trotski ilə başlamışdısa, XXİ əsr Assanjla başladı. Nəzərə alın ki, bolşeviklər 1917-ci ildə Antantanın məxfi sənədlərini dərc edərək o dövrün X fayllarını iflasa uğratdılar. Yəni 1917-ci ilin Assanjı Leninlə Trotski idi. Dünyanın dəyişməyi həmişə keçmiş gizlinlərinin açılmağı ilə başlayır. Bu, bir növ müasir dövrün yenidənqurma və aşkarlığıdır. Yenidənqurmadan sonra SSRİ çökdü, bundan sonra isə müasir Qərb dünyası, onun keçmiş elitaları çökəcək.
 
- Demək istəyirsiniz Amerika superdövlət kimi çökəcək?

- Amerikada dövlət məmurları hansı sirri daşımasına görə üç təbəqəyə bölünür: A, B, V kateqoriyaları. Assanjın çap etdiyi məxfi informasiya V kateqoriyasına aiddir. Hesab edirəm ki, onun əlində A, B kateqoriyalarına daxil olan sirlər də var.

- Bunlar nədən ibarətdir?

- Assanj A kateqoriyasından başlaya bilməzdi, o, aşağıdan yuxarıya doğru gedir və hələlik oxucunu öz diskursuna cəlb edir. Məsələn, 2007-ci ilin iyununda Bağdada 12 nəfər qətlə yetirilmişdi, o cümlədən “Röyter”in 2 fotomüxbiri. Assanj bu ilin aprelində həmin cinayəti əks edən videogörüntünü dünya mətbuatına yaydı. Bu informasiya V kateqoriyasına aiddir, yəni bu, çox böyük bir gizli əməliyyatın son nəticəsidir. Səbəb isə gizli qalır. Beləliklə, səbəb B kateqoriyasına aid olan informasiya “sandığında”dır. Videogörüntüyə baxan hər bir sağlam insan sual verə bilər, nəyə görə bu jurnalistlər digərləri birgə bu cür amansızlıqla qətlə yetirilir və onlara yardım etmək istəyən təcili yardım ekipi də gülləbaran edilir?  Demək, onlar çox ciddi informasiya daşıyırdılar. Və mütləq buna görə Pentaqonun əmri ilə tam məhv edilməli idilər.

- Nə üçün?
 

- Bunun səbəbi B kateqoriyasında saxlanılan informasiyadadır. Assanj onu hələ çap etməyib, lakin bir gün bunlar da açılacaq.

- Demək istəyirsiniz ki, 250 minlik informasiya yalnız V kateqoriyasına aiddir?

- Bəli, lakin Mirzə İbrahimovun dili ilə desək “gələcək günü gözləyin”.
Həm B, həm A kateqoriyasına aid informasiyalar da mətbuata sızdırılacaq.

- Belə bir fikir var ki, “Wiki Leaks” əməliyyatı qapalı cəmiyyətləri sıradan çıxartmaq üçündür. Bu fikri bölüşürsünüz?

- Gözümüzün qarşısında yenidənqurmanın birinci seriyası 1988-95-ci illərdə keçib. Biz gördük ki, köhnə siyasi elitaları necə amansızlıqla yerə vurdular. Varşava Müqaviləsi çərçivəsində baş vermiş bu olay, NATO pərəst qüvvələr arasında da keçiriləcək. Çünki elitalar köhnəlib, indi rotasiyalar dövrüdür. Özləri dəyişməyəndə, onları dəyişirlər.

- Bəs Asssanjın özü kimdir, onun haqqında səslənən fərziyyələri bölüşürsünüzmü?

- Azərbaycan siyasi elitası sadəlövhcəsinə belə düşünürdü ki, dünyada inqilablar dövrü bitib, inqilabçılar daha olmayacaq. Jurnalistləri ələ alıb oynatmaq mümkündür... Bütün bu sadəlövhlük Assanj olayları ilə puç oldu. Bizim siyasi elitamıza dəyən zərbə məhz jurnalistlərdən gəldi, lakin daxildəkilərindən yox, xaricdəkilərdən. Assanj barədə hələ 1995-ci ildə çap olunmuş “Kompüter andeqraundu” kitabı mövcuddur. Həmin kitabı oxusanız görəcəksiniz ki, bu beynəlxalq haker dəstəsi yüksək ideallara malik beynəlmiləl bir güruhdur. Onlar kapital dünyası ilə, gizli diplomatiya ilə mübarizə aparıblar. Onlardan biri Kerri Makkinnon Pentaqonun 79 serverini darmadağın edərək oradakı məxfi bilgiləri ələ keçirib. Yəni Assanjın əlində daha gizli, daha təhlükəli informasiya var. Buna görə də Assanjdan qorxurlar. Assanjın hərəkətləri içində ən maraqlısı politologiya elminə vurduğu zərbədir. O, elan edir ki, politologiya gizli diplomatiyaya qulluq edir, onun tərəfindən maliyyələşdirilir.

- Belə çıxır ki, həm də Azərbaycanın yeni yaranan politologiyasının təməlinə balta vuruldu?

- Bəli, artıq Musabəyovlar, Mollazadələr öz əhəmiyyətlərini itirdilər. Çünki politologiya konspirologiya ilə əvəzləndi. Buna isə nə bizim siyasi elitamız, nə də müxalifətimiz hazır deyil, hətta bədii ədəbiyyatımız da.

- Demək istəyirsiniz ki, bundan sonra Turqut Ərlərin, Həmid Herisçilərin konspiroloji düşüncələri oxucuları özünə cəlb edəcək?

- Əvvəla, Turqut Ər icazəli bir şəkildə Türkiyə MİT-nin Bakı ofisində olan gizli informasiyanı üzə çıxarır. Assanj, SİA-nın Bakı ofisindəki informasiyanı de-şifrə edir. Sabah bunun miqyası daha da geniş olacaq. Azərbaycan siyasi elitası bu cür informasiya və kiber müharibələrinə əsla hazır deyil. Səbəb isə sadədir- konspirologiya elminə zamanında lazımi diqqətin ayrılmaması, vaxtı ötmüş politologiyanın isə yağ-bal içində bəslənməsi. Sonda onu qeyd edim ki, Assanj dəstəsi Tanzaniya, Keniya və hətta uzaq İslandiyadakı hökumətləri taxtdan salıb. İndi onlarca digər ölkələr öz növbəsini gözləyir. “Wiki Leaks”in təkidi ilə İslandiya qanunvericiliyində ciddi dəyişiklik edilib ki, bu, ilk növbədə informasiya təhlükəsizliyi ilə bağlıdır. İslandiya informasiyanı qızıldan, maliyyə resurslarından üstün olan bir qüvvə sayır. Həmin gizli informasiya yeni yaradılacaq İslandiya və İsveç banklarının əsasında olacaq. Yəni İsveçrə banklarında qızıl və pul əsasdırsa, İsveç və İslandiya banklarında isə tam əksi olacaq. Orada informasiya əsas götürüləcək. Bu yeni bank modeli gələcəkdə hələ öz sözünü deyəcək. İndi sual olunur: Azərbaycanın məxfi informasiya bazasında nə var? Heç nə! Bizim banklarda pul, qızıl var, amma informasiya yoxdur. Belə ölkələr isə XXİ əsrdə heç kimə lazım olmayacaq.

Bizimyol qəzeti          Natiq CAVADLI

Комментариев нет:

Отправить комментарий