31.03.2012

ANKARA - ATATÜRKDƏN BİR ANEKDOT


Seyfəddin Altaylı
Ankara
   
Ankaranın soyuq qışı hələ də əllərini yaxamızdan çəkməyib. İyirmi yeddi ildir bu şəhərdə yaşayıram, ancaq indiyə kimi burda belə qış görmədim. Aylardan bəri qarın yaratdığı problemlərlə cəbəlləşirik.
Dünyaya gəlib, boya-başa çatdığım İgdir vilayətinin Dizə kəndinin ab-havası, iqlimi ilə Ankaranın iqlimi bir-birindən çox fərqlidir. Kəndimizdə dörd fəslin də şahidi olur, onların atmosferini duyub-yaşayırdıq. Qışın, yazın, yayın və payızın da özlərinə məxsus ləzzəti, dadı-tamı vardı. Ankaraya köçdüyümüzdən bəri yaz görmədim, onun şahidi olmadım, anidən qışdan çıxıb yaya düşürük və canımız qızmadan bir də görürük ki, payız gəlib, ağacların yarpaqlarına xal düşüb, payız küləkləri üzümüzü dalamağa başlayır.

Doğma kəndimizdə şubat (fevral) ayının sonlarına doğru Xıdır-Nəbi Bayramı keçirilirdi və hər il bu vaxtlarda anam qovut, ondan da halva düzəldərdi. Ümumiyyətlə qovut halvasını cüməaxşamı gününə rast gətirər və hazırladığı halvadan bir topa düzəldib, "bu da ocağımızın ulularının ruhunun payı olsun" deyib damın üstünə tullayardı.
Bozay gələndə kəndimizin atmosferi tamaliə dəyişərdi, aşıq-aşıq oyunu da, kosa-gəlin də, baca-baca da bir-birini ardınca gəlib keçirdi. Sonrası isə məlumdur, elimizin-obamızın ən gözəl və müqəddəs Ərgənəkon (Novruz) Bayramı gəlirdi. Ankaranın şaxtalı günlərində, kəndimizdə bozayda, bayramqabağı uşaqkən oynadığımız aşıq-aşıq oyunu, yumurta toqquşdurma, kosa-gəlin tamaşaları gəlib gözlərimin qabağından bir sinəma pərdəsi kimi keçir və qəribə bir hüzn dalğası ürəyimi çulğayır. Hələ bayram sabahı anamın qız-gəlinlərlə birlikdə ertədən tələsə-tələsə çiynində kuzə ilə Araz çayından gətirdiyi suyun isə ayrı bir mənası vardı. Araz bizlər üçün elə-belə çay deyildi. Ona, neçə-neçə canı alıb-apardığına görə qanlı Araz desək də, bayram sabahı xüsusilə cavan qızlar niyyətlərini və o gecə gördükləri yuxunu yalnızca ona
 deyərdi. Ondan götürülən suya hamı bir tutiya kimi yanaşırdı. Xalqımızın inamına görə bayram sabahı gətirilən suyun bütün od-ocaqlara bərəkət, səhhət, səadət, xoşbəxtlik gətirəcəyinə inanılırdı. O su ilə həyət-baca sulanır, mal-qaranın içdiyi suya qatılır, böyüklər o suyla əl-üzlərini yuyur və sanki bununla da bütün dərd-sərin itilib gedəcəyinə inam bəslənirdi. Ömrümün uzaq guşələrində qalmış o anlar hər bozay gələndə ürəyimi qəribə bir duyğu ilə göynədir.
Ankara, paytaxtdır, gözəl, nizam-intizamlı şəhərdir, ancaq buranın atmosferi ilə kəndimizinki bir-birinə heç cürə oxşamır. Buranın uşaqlarının nə aşıq-aşıq oyundan, nə yumurta toqquşdurmaqdan, nə baca-baca dediyimiz axırçərşəmbələrdə qalanan tonqalların üstündən tullanmaqdan xəbərləri var..! Bunlar televiziya və bilgisayar nəslidir, əksəriyyətinin idolu da qərbin, xüsusilə də Amerikan kinosunun hərhansı aktyoru və ya aktrisasıdır. Kosa-kosanı isə, dünyasında yuxularında belə görə bilməzlər. Mənə görə mədəniyyətimizin o üzünün dadını duymayan nəsillər yarımçıq və özümüzə yad böyüyürlər, çünki o rituallar bizim ulu babalarımızın min illəri yorub yola salan miraslarıdır, onlara sahib çıxılmalıdır. Şükür ki, Türk dünyasının Asiyada, Qafqazda yaşayan hissəsi, Anadoludakı idarəçilərə bəzi şeyləri xatırlatdılar, artıq Türkiyədə də
 Ərgənəkon (Novruz) Bayramının rəsmi bayram kimi qəbul edilməsi söz-söhbəti dillərdə dolanmağa başlayıb.
Sovetlər Birliyi dağılandan sonra Türk dünyasında mədəni yöndə inteqrasiya yaranması yolunda uğurlu addımlar atılmağa başlandı və ötən iyirmi ildə böyük irəliləyiş oldu. Bəli, mədəniyyətimiz yolunda götürülən bu adımlar sevindiricidir. Lakin Sabir babamızın diliylə desək, indi əcnəbilər nəinki seyrə balonla, artıq peyklərlə gedərkən biz hələ də öz avtomobilimizi buraxa bilməmişik, bu məsələ necə! Biz hələ də onların peykinə sadəcə olaraq tamaşa edirik, öz adımıza fəzaya yolladıqlarımızı da dişimizlə-dırnağımızla qazandığımız halalca pullarımızdan artıqlamasıyla verib özgələrinə düzəltdiririk. Axı atalar, özgə atına minən tez düşər deyib! Deyin görək, Türk dünyasının hərhansı bir dövləti haçan hər detalına kimi özümüzün buraxdığı peyki fəzaya yolluyacaq, ya da yalnızca özümüz ixtira etdiyimiz və adını özümüz qoyduğumuz
 bir tapıntımız, bir texnoloji markamız olacaqdı! Elin oğlu dünyada markalarıyla ölkələr işğal edərkən, yad nəsilləri özlərinin müti quluna çevirərkən bizim dünyamızda gələcək naminə hansı hazırlıqlar gedir..! Doğrudan da gedir görən?! Yoxsa əmir Teymur-İldırım Bayəzid, Yavuz-Şah İsmail arasındakı sən-mən vuruşmalarının psixolojisi xortdamağa məqam gözləyir?! Ya da ifritələr o psixolojini bizim fərqinə varmadığımız şəkildə nəsillərimizin ruhuna ötürür, ancaq biz hələ də oyanmırıqə!
Ankaranın şaxtalı martında bu düşüncələr beynimi didir. Bilirsiniz ki, bu şəhər Türk tarixinin ölməz şəxsiyyəti Atatürk tərəfindən Türkiyə Cümhuriyyətinə paytaxt edilib. Uşaqlığım və gəncliyim öz doğma kəndimizdə keçsə də indi bu paytaxtda yaşayıram. Bəlkə də hər Allahın günü kəndimizdəki güzəranımızla indiki vəziyyətimizi müqayisə edirəm, keçmişlə indikinin vuruşmasını canımda duyuram. O vaxtlar kəndimizdə üç yüzə yaxın ev vardı (indi isə kənd tamamilə boşalıb, ya Avropadadılar, ya da özgə şəhərlərdə. Lələ köçüb yurdu boşdur, bu da ayrı bir dərddir), bu qədər evin içində saysaydın bir əlin barmaqları qədər varlı, yəni ili ucu-ucuna çatdırmaqdan bir az artıq maddi gücə malik ailə ya olar, ya olmazdı. Kəndimizin, daha düzü İgdir bölgəsinin hər bir qarış torpağı həddən artıq məhsuldardır, camaatı da işgüzardır. Onda sual
 verib dəyə bilərsiniz ki, torpaqları məhsuldar olan bir diyarda yaşayan və işgüzar olan insanların güzəranı o vaxtlar niyə ki, istənilən qədər yaxşı olmayıb? Nə cür olsun ki..! 1918-ci ildə 1200 evdən ibarət kəndə Rus hərbçilərinin dəstəklədiyi qağdağan erməniləri hücum çəkib eynilə Xocalı kimi bir soyqırım törədiblər və o boydakı kənddən xilas olanların sayı 235 nəfərdir. 1920-ci ildə təzə yaranan Türkiyə Cümhuriyyətinin əhali sayı 11 milyondu. Bu əhalinin də səksən faizi uşaq, qadın, qoca və şikəst idi, çünki əli silah tutanlar, yəni iş görə biləcək insanlar səngərlərdə vuruşa-vuruşa qırılıb qurtarmışdı. Sadəcə olaraq Çanaqqala döyüşlərində 77 min ziyalının şəhid olması faktı xalqımızın yalnızca o döyüşdə potensiyal gücünün, aydın itkisinin nə boyda olduğunu sübuta yetirir, digər hərblərin itkisini də siz fikirləşin.
Başını İngiltərə və Fransanın çəkdiyi Avropalı imperialistlər on birinci əsrdən etibarən bizi Anadolu torpaqlarından sürüb çıxarmaq fikrinə düşüblər. Bu fikri tarix boyu ağıllarından əsla çıxarmayıblar və onu reallaşdırmaq üçün də hər cürə yola üz tutublar, indi də tuturlar. Qarşılarına çıxan şəhər və kəndlərimizi dağıdıb, ocaqlarımıza od vurub, dinc əhalini oğul-uşaq demədən qırğınlarla vəhşicəsinə məhv ediblər. Səlib Yürüşləri buna nümunə kimi göstərilə bilər.
Türk tarixini açıb baxsanız bütün dövlətlərimiz tarix boyu saysız-hesabsız hərblərlə üzləşiblər. Yıxılan dövlətlərimizin də, yaratdıqlarımızın da birinci amili biz olmuşuq. Elmdən aralandığımıza, lənət gəlmiş taxt davaları uğrunda bir-birimizi qırmağımıza görə dövlətlərimiz tənəzzülə uğrayıb. Sən-mən davasına düşəndə nəhəng imperialarımız darmadağın olub gedib, xalqlarımız qırğınlarla üzləşib. Orxun-Yenisey abidələrində deyildiyi kimi oğullarımız qul, qızlarımız cariyə olub. Əl-ələ verəndə isə güclü olub, dünyaya nizam-intizam vermişik.
İmperialarımızın ən güclüsü olan Osmanlı Dövləti 16-cı əsrdən etibarən durağan dövrü yaşamağa və 18-ci əsrdən sonra da geriləməyə başlayıb. Dövlətin üzləşdiyi bu proseslərin daxili səbəbləri bizdən asılı olsa da, xarici səbəbləri imperialist dövlətlərin yaratdıqları hərblər idi. Onlar dövləti məhv etmək üçün sanki növbəyə salıblar. Qərblilər ya Səlib yürüşlərində olan kimi birbaşa hücuma keçib və ya kənarda dayanıb yunan, bolqar, ərəb və erməniləri qışqırdıb üsyan etdiriblər, uzun illər boyu bu cür üsyanlarla cəbəlləşilib. Yazıq Osmanlı da yüzillər boyu axmaqlıq edib özününküləri ögey gözündə gördüyü, ancaq əzizləyib-tumarlayaraq harınlatdığı o xalqlarla vuruşmaq məcburiyyətində qalıb. Onları birtəhər yola verib dincəlmək, özünə gəlmək istədikdə isə bu dəfə ruslar başlayıb. Axırda da iyirminci əsrin iyirminci
 illərində tamamilə dağılıb, yerində mərhum Atatürk və silahdaşlarının yaratdığı Türkiyə Cümhuriyyəti yaranıb. Ankara da Türkiyə Cümhuriyyətinin paytaxtı elan edilib.
Atatürk, Azadlıq Hərbini qazanıb dövləti yaratdıqdan sonra daim ölkədaxili səyahətlərə çıxıb, hər getdiyi yerdə xalqa ürək-dirək verib, az müddətdə onun rəhbərliyində böyük nailiyyətlər əldə edilib. Anadolu kəndlisi yüz illər boyu nər kimi oğullarını hərblərdə qurban verdiyinə görə torpağını layiqincə əkib-becərə və varlana bilməyib, çünki torpaqdan qazanc əldə edəcək canlı qüvvə yox səviyyəsində idi. Doğma kəndimizin də əksəriyyətinin kasıb olmasının əsas amili bu idi. Mən liseydə oxuyarkən evimizi yeddi nömrəli ağneft lampası ilə işıqlandırırdıq, ailəvi qənaət iqtisadiyyatı ocağımıza o lampanı diktə etdirmişdi, daha böyügünə zorumuz çatmazdı. Elektrik işığı isə uzun illər sonra kəndimizə çəkildi. Torpağı qızıl olan İgdir bölgəsinin xalqı bu cür kasıb olduqda Anadolunun digər yerləri nə cür ola bilərdi, onu da siz təxmin edin..!
Atatürk ölkədaxili səyahətlərindən birində Mersin şəhərinə gedir və şəhərdə görkəmli, böyük binalar görür. Yanındakılara işarə edərək sual verir:
-Bu qəsr kimindir?
-Kirkorun.
-Bəs bu görkəmli bina?
-Yorqonun.
-O nəhəng ağ ev kimindir?
-Salomonun.
-Bəs o..?
-Aşotun.
Atatürk o adları eşitdikdə yüksək səslə camaata bu sualı verir:
-Onlar bu binaları, bu qəsrləri tikərkən, insanı valeh edən bu bağları salarkən siz haralardaydınız bəsə?
Atatürkün bu sualı qarşısında orda yığışanların ən arxa tərəfində dayanan yaşlı bir kəndli ucadan cavab verir.
-Qazi paşa! Onlar bu binaları tikib, gördüyün o bağları salanda bizim harda olduğumuzu soruşursan, deyim..! Biz Yəməndə, Tuna (Dunay çayı) boylarında, balkanlarda, Arnavutluk (Albaniya) dağlarında, Qafqazda, Çanaqqalada, Sakaryada vuruşurduq Qazi Paşa..!
Atatürk sonrakı illərdə dostları ilə söhbət edərkən daim bu diyaloqu xatırlayır və belə deyirmiş:
-Ömrüm boyu cavab verə bilmədiyim yeganə şəxs o ağsaqqal kəndli idi.
Bu da, tarixin saralmış yarpaqları arasında qalan, ancaq sizin də bildiyiniz bir həqiqət idi təkrar xatırlatmaq istədim.


altaylı_s@yahoo.com

Комментариев нет:

Отправить комментарий