Mehman
Ömrün bitdiyi yer
Yerin qara daşı səndən istidir,
Dərdini daş kimi götür at mənə.
Yığma ürəyinə, yığma ömrünə,
Onları tonlayıb gətir sat mənə.
Mənə qarğış eylə, məni yamanla,
Qov məni yanından, üşüdüm axı...
Ya bir şirin dillə, ya başqa yolla
Ovundur səbrimi, bezidim axı...
Özüm də bilmirəm, hara gedərəm.
Səsinin itdiyi yerə gedərəm,
Səbrimin bitdiyi yerə gedərəm...
Səsin itdiyi yer hardadı axı...
Səbrin bitdiyi yer hardadı axı...
Sənin cazibəndən gizlənmək üçün
Bu dünya balaca, çox dardı axı...
Götürüb dünyanı çıxıb gedərəm,
Ömrümün bitdiyi yerə gedərəm.
Ömür bitən yerdə bir ağac əkib,
Yaşıl yarpağından çələng hörərəm.
Vida nəğməsi
Bir gün zaman da bezəcək
dadlı nağıllardan,
şirin yalanlardan...
Sürüşən ulduz kimi
daha bir ömrü bitirəcək.
Və həmin gecə bir qadın
yatağındakı kişinin
bədəninin istisindən üşüyəcək...
Evinin pəncərəsinə qonmuş
buz salxımının
soyuq baxışından diksinəcək...
Heç vaxt eşitmədiyi
bir nəğmənin sehrinə düşəcək...
Ağrıdan qovrulan
yaddaşının qəlpələri
gecənin içindən keçəcək...
Ulduzlar gecənin
ağrısına ağlayacaq...
Gecənin zülməti
qadının caçlarını
yaylıq kimi örtəcək...
Və uzaqlarda
Tənha ağacın altında
tənha məzarın
hələ soyumamış istisinə
ömrünü isindirən
qara örpəkli qadın...
Bir zaman da bezəcək,
sürüşən ulduz kimi
daha bir ömrü bitirəcək...
Mənim gözlərimdə
Kədər çiçəkləyəndə
Hər il eyni gündə
sənin gözlərindən
iki damla şeh
ulduzlar kimi
gecənin soyuq üzünə qonacaq...
Yaddaşımın ağrısı
ilan kimi qıvrılıb
ürəyimi sancacaq...
Kədərimin yaşı
bu ilan boyda
mən olmayanda
bu bapbalaca kədər
sənsiz necə yaşayacaq...
Gecənin içindən
göyərçin qanadlarının
xəfif çırpıntısıtək
titrək səslə
kim onu çağıracaq...
Dünənin kölgəsi
bu günə düşməyəcək,
Gündüzün işığı
Gecəyə düşməyəcək.
Sənsiz, mənsiz
bu bapbalaca, tənha kədər
gecənin soyuq işığında
üşüyəcək, üşüyəcək...
Mən payız yarpağıyam
Mən payız yarpağıyam
Sənsə bir külək.
Məni budağımdan qopar,
yarpaqların başqa dildə danışdığı
yerə apar...
Hər açılan səhər
gecəni gözləməkdən,
hər gecə yuxuna gəlməkdən
yoruldum daha...
Gecədən qırılıb qopan
bir yuxu olmaq
istəyirəm...
Bu yuxuda
hər kəsdən
səndən və özümdən
gizlənmək istəyirəm.
Mən bir dərd heykəliyəm,
kölgəm özümdən uzun.
Kölgəmdə çiçəklər bitməz
Yoruldum daha
Kölgələrin boy atmadığı
yerə getmək istəyirəm
Yarpaqların
başqa dildə danışdığı
yerə getmək istəyirəm.
Ömrümün...
Ömrümün sonuncu
Anından yapışan
Həyatla məchulluq
Arasında asılıb
Qalan adamlar...
Bilirəm
Nə düşünürsünüz
Damarlarınıza dolan
Sonuncu qətrə qanın
Öləziyən istisindən
Necə üşüyürsünüz
Içinizdə gizlədiyiniz
Sonuncu sirrinizi
İsti küləklərə büküb
Hara uçurmaq istəyirsiniz.
Комментариев нет:
Отправить комментарий