31.03.2012

Rəiyyətə ikra olmaz


Ülvi Məmmədli
Professional Oxucu Liqası

Mən heç əvvəldən ilk baxışdan məhəbbətə inanmırdım

 Bu gün siyasətdən danışmayacam. Düzdü, istənilən söhbətə siyasi çalar vermək olar, o da baxır adamın hansı nöqtədən məsələyə baxmağına. Məsələn, mən rəhmətlik Süleyman Rüstəmin "Cənnət görmək istəyən Azərbaycana gəlsin" misrasını oxuyanda hələ uşaq idim. 

Cənnəti Süleyman müəllimin bu şeiri ilə Azərbaycan kimi bilirdim, Cəhənnəmi də Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları"nda yazdığı kimi, Bakının neft buruqlarının tərsinə çevrilmiş şəklində başa düşürdüm. Sonra bəzilərinin "sağ-salamat yekəlməyəsən" qarğışına əməl eləməyib yekəldim və bildim ki Süleyman müəllim şişirdib, Əbdürrəhim bəy isə lap tərsini yazıb, neft buruqları cənnət imiş, amma baxır kimə...
 Mən heç əvvəldən ilk baxışdan məhəbbətə inanmırdım. Necə yəni, bir dəfə gör və bütün ömrünü risqə at. İndi alimlər də sübut eləyir ki, belə döyül. Əsasən də qadınların ilk baxışdan vurulduğunu, özü də bizimkilərin sözü ilə deysək, qadınların ilk növbədə kişinin ayaqlarına baxdığını iddia edirdilər. İndi isə bizim tanışlıqla, pulla müdafiə eləyənlərimiz yox, ingilis alimləri filan qədər araşdırandan sonra belə nəticəyə gəliblər ki, qadınlar ilk baxışdan yox, düz 6-cı baxışdan aşiq olurlar. Özü də düz 45 saniyə baxandan sonra vurulurlar. Həm də qadın ilk əvvəl kişinin gözlərinə diqqət yetirir, sonra onun zahiri görkəmini dəyərləndirir, nişan üzüyünün olub-olmamasına baxır. Keçəl kişilər narahat olmasın, qadınlar lap sonda kişinin saç düzümünü nəzərdən keçirirlər.
 Mən toylarda qara ikra yemirdim. Girdirmədir, biri deyir yumurta sarısını hisə verib ikra adı ilə soxuşdururlar, biri deyir qırdan düzəldirlər. Təmiz ikranı bizim məmurlar İsrailə göndərirlər, qoy onlar yesin, siz rəiyyətsiniz, sizə olmaz. O gün saytda oxudum ki, xalis ikranın bir payı (bizim dildə porsiyası) Moskvada 700, Londonda 7 min dollaradı. Bundan sonra hansı toyda ikra versələr başlayacam tıxmağa, qoy öləndə desinlər ki, ikra yeyib öldü.
 İspanların adını çox maraqlı bir siyahıyaalınmaya salıblar. Sən demə ispan qadınları dünyada kişilərlə ən çox virtual flirt (eşqbazlıq) edən qadınlar siyahısına başçılıq edirlər. Məlum olub ki, ispan qadınlar hər ay 1.33 kişi ilə tanış olur. Yenə 10 ölkə sayılır. Çox yaxşı ki, bu siyahıda da adımız yoxdur. Yoxsa pis? Buraxıram sizin ixtiyarınıza. Bizimkilərin kəsirlə işləri yoxdur. Başa düşmürəm, yüzdə otuz üç deyəndə kişinin harası ilə tanış olur bu ispankalar?

Комментариев нет:

Отправить комментарий