27.03.2012

SƏNƏ GÜLÜMSƏMƏK YARAŞIRDI

Амели.gif
Feridun Andaç 


“Məndən uzaqda olduqda  belə, mənim üçün varsan.” Jhon  Berger


“Twins Cafe”nin  qarşısında  dayanıb, ikinci  mərtəbənin  pəncərələrinə  baxırdın.  İçini  tərifəgəlməz bir kədər bürümüşdü.  Üzün  yanırdı. 
Yadlaşmaq  duyğusunu  yenidən hiss  edib, əllərinlə bir yerdən yapışıb içindəki bağırtını  gizlətməyə  çalışırdın.
Addımların  “Ayia Triada” Kilsəsinin bağçasına çəkib aparırdı səni.  Gözlərin sarmaşıqlarla oleandrların bir-birinə sarmaşmasına sataşdı.

Rənglər silinmiş, yoldan keçən avtomobillərin səsləri uğultuya dönmüşdü.
Dəfələrlə bu guşədə ayaq saxlayıb bağçadan yola sallanan ağacların kölgəsini “dayanacağın”   hesab etmiş,  hər burdan keçəndə,  yaşatdığın anlardan bir iz kimi baxdığını düşünmüşdüm.
Gəlib durduğun yerdə axtarıcı baxışlarının pərakəndəliyini düşündüm bir an.  Axtardığını tapmış kimi bağçanın daş hasarının artırmasına toxundun.  Əllərin üşüdü.  Üzünü hasarın soyuğuna söykədin. Daşların çopur üzü içinə çəkdi səni. Eşidilən  çəkic səslərini  vecinə  almadın. ”Daş dinləyəəən, daş dinləyəndi o! ” sözlərinə də qulaq asmadın.  Qarşıdakı evinə aparan küçədəydin artıq. 
Ayaqların tutulmuşdu. Bir müddət burda, burada qalmağa  məcbur olduğunun təlaşı içindəydin.  Ağılar, mərsiyələr  ilə qarşılaşacağını da bilirdin.  Həm ayrılıq,  həm  üsyan  burulğanına düşmüşdün ilk dəfə...  Biri o birini üstələməliydi; ancaq o cür davam edə bilərdin.
Heç nəylə  ovuna bilmirdin.  Günlərdir yaşadığın yerdən uzaq düşmüşdün. Getməyinlə qayıtmağın  bir olurdu.  Sanki, dəhlizin bu başından  girib , o  başından  çıxırdın. Telefona , mesajlara  dönüb baxmırdın belə. ”Məcbur qalmadıqca istifadə etməyəcəm “ - deyirdin öz-özünə. Ondan da hürkmüş ,  küsüb uzaqlaşmışdın . Halbuki sevinc  və coşqu da gətirirdi. Candan  cana  bir sirdaş,  ötürücü  idi.  Bəs içini  titrədən o səs? Yoxluğu bildirən donuq, incik sözlər. . ”Cənnətlə cəhənnəmin arası”- deyirdin buna! Səni bir ayrılıq, bir də ölüm özünə çəkirdi. Əzab leysanında  yola çıxmaq istəyirdin.
O soyuq, kələ-kötür artırmanı öpdün. Əllərinlə kimisə, nəyisə axtarırsanmış kimi toxunub  , bütün bədəninlə yayılanda səni içinə çəkdi artırma. Kif və yosun qoxusu... Daşlar yorğun idi. Düşüncələrin də onun kimi... Təmirdən  çıxmış zəngin səsi  ölüm –dirim hayqırışını xatırlatdı. İndi  səsini  kimin  eşidə  biləcəyi  sualı içində  uğultu  qoparırdı. Şairin sözünü yazıb verdiyin kitabı xatırladım birdən...
Günlərcə arınıb təmizlənməyin yollarını axtara-axtara qalmışdın. Özünü müharibədən çıxmış kimi hiss edirdin.  Bununla yanaşı dostunun  da ölüm xəbərinin gəlməsi alt-üst etmişdi səni. Qeyri-təbii bir ölümdü. ”Bəs o biri, guya  o təbii idi? ” -deyirdin öz-özünə.
Tamamilə müdafiə vəziyyətindəydin. Sənə döyüş dağıntıları arasından çıxıb gəlmiş kimi baxırdı. Sən isə gözlərini qaçırdıb boş masalara, pəncərədən çölə baxırdın. Leysan əməlli-başlı sürətlənmişdi. Saf niyyətli sözlərin heç bir anlamı yox idi. Oturduğunuz yerin hüznünü sözlərindən hiss etmişdin,  halbuki  baxışlarının ögeyliyi deyirdi hər şeyi . Elə o andaca  səs eşidilmişdi:
- Affan öldürüldü! . .
- O,  onsuz da öldürülmüşdü, indi də məni öldürməyə çalışırlar.
- Boş-boş danışma balam, səni kim təqib edə  bilər?!  Yoxsa yanındaydın?!  Olanları görmüsən?
Susmuşdun. Müraciətlər cavabsız  qalırdı.
- Bu cəsədə bundan artıq baxa bilmərəm. Hər şey burda başlayıb,  burda da bitməlidir... İkiüzlünün, alçağın birisən! Başqa həyatlar necə tarimar olur, dön bir bax.
Tovuzquşum... ”Sənə güldən ağır söz demərəm ” deməkdənsə, ona bunları demişdinmi, həqiqətən?!
Savaşda  qələbə  qazanmış bir əda, yenə də son həmləni özünün etməli olduğunu düşünən bir rəftarla: O bambaşqa bir vəziyyət idi. Həyat davam edir. Nöqtəni belə qoymaq istəməzdim , amma başqa yolu yoxdu bunun, olan olub... , həm də artıq başqasıyla görüşürəm, bəli.  Bir etirazın var?
Son sözləri belə olmuşdu. Qarışıq vəziyyətiniz çözülmüşdü! Affan heç istəmədiyi bir şeyi etmiş, sarı simə toxunmuşdu!
Vərdişlə həbdəki yazıları öncə barmaq uclarınla oxuyarcasına əlini  üzündə  gəzdirdin. Divardakı izləri tapmağa çalışırdın  sanki. ”Daş dinləyən? ! . . ”,  “deməli, heç ağlanacaq halda deyiləm”  deyə keçirdin ürəyindən. ”Bu, üçüncü gün oldu. . ”, sonra ucadan saymağa başladın: ”Cümə, Şənbə, Bazar. . Bu gün bazar ertəsi olduğuna görə, dörd.”
Kimsəni arayıb-axtarmadın. Xəbəri sənə Əhməd vermişdi? Yasına da getmədin. İçinin xofu çölünə vurmuşdu. Camalın səni axtardığını söyləyirdilər. Bunu da başa düşə bilmədim. Yoxsa, eləmi düşünmüşdün? ! ”Bununla  nə  əlaqəsi  var? ” deyə reaksiya vermişdin amma. Uzaqlaşmağa çalışdığın  bu yas mərasimi, görünür, başqa  yozumların yaranmasına səbəb olmuşdu. Gedərək içində,  Affana qarşı haqsızlığı “özüm etmişəm”  düşüncəsi yaranmışdı. Halbuki, içində tam fərqli bir küskünlük, əzginlik , qorxu-hürkü girdabındaydın. Əməlli-başlı susqunluq içindəydin. Əvvəlkilərlə bu qazma arasındakı ayrı-seçkiliyi ən çox indilərdə düşünməyə başlamışdın. Günlərdir  aşındırdığın yollar önündə labirintə,  batacağın  quyulara çevrilmişdi. Gəlib dayandığın yerdə cəsarətini toplayaraq o küçəyə girmək, evə çatmaq istəyirdin hər şeyə  rəğmən.                                                                            
***
Məndə qalmış  kitablarını  vərəqləyirəm  bir-bir. Qarşıma adın çıxır; sağda üst küncdə,  diyircəkli qələmlə solğun şəkildə yazılıb.  Məni yasəmən qoxusuyla qarşılayırsan. Səsin , gülüşün, dişlərinin parıltısı... İçindəki ağrıları dilə gətirdiyi üçün sevdiyin şeir kitablarına baxıb,  yan-yana sıxılıb oturmuş cocuqların hüzünlü baxışlarına dalıram. Hər birində uşaqlığından nələrsə görürəm. Artıq kimsənin heç bilməyəcəyi , mənim də xatırlamaq istəməyəcəyim, hətta haqqında xəyal belə qura bilməyəcəyim uşaqlığın...
Bu  fotoşəkildəki  hər  şeylə  üzbəüz  dayanır, heç cür addım ata bilmirəm. Əlim çatmır ikinci, üçüncü, dördüncü səhifələrə. Hürkürəm! Sanki qarşımda oturub, boğuq səsinlə bunları söyləyəcəksən:


Sənə dumduru kəlmələr gətirəcəyəm
qəhr olmuş dünyanı məhv edən kəlmələr.


Sözcüklər bir də süzüləcək dodaqlarından. Səsini duymaq,  səni eşitmək... Eşidə bilmək... Bu dünyanı yaşamaq. Bundan daha dəhşətli nə ola bilər ki, mənimçün?
Sən bir çiçəkdin. Dumduru sözlərin, uçqun yalqızlıqların, incik sevgilərin, əsla itirmək istəmədiyin ümidlərin, bağlılıqların , qırılmaz dostluqların dostu.
Yaxşı, bəs o... .  O,  nə ifadə edirdi sənin üçün?
Mələklərin diliylə  danışdım onunla , daşların diliylə . Quşların diliylə danışdım onunla, sevinclərin diliylə. Gözlərin diliylə danışdım onunla, sevginin diliylə. Eşqin diliylə danışdım onunla, acının diliylə.
Çevrilib  o mənə baxdı, mən ona.
- Eşqin üzünə  bütün qapıları bağladın. -dedim.
Susdu.
- Baş götürüb gedə bilsəydim əgər ,  bir iz kimi üzümdə gəzdirərdim gözlərinin rəngini . -dedim.
Ağladı.
-Rüzgarlardan keçib gedəcəyəm, adınla bağlı xatirələr solacaq bir gün. -dedim.
Gülümsədi.
- Bir gün əlvida olacaq,  - dedim.
Одри ХепбернÜzüldü.
- Bir gün əlvida olacaq, öncə bu şəhəri tərk edəcəyəm. Bu dildə danışmağı unudacağam. Səninlə qura bilmədiyim xəyalların bayramına hazırlaşacaq qəlbim...
- Sus artıq, dediklərin əsla olmayacaq!
Gecə qara örpəyinə bürünürdü, qapılar bağlandı. İnsanlar mininci yuxularını görürdülər. . Yağmur altında bir sahildə onu düşünürdüm. Yalnız səsini duymaq istəyirdim . Ümid, sevgi, coşğu gətirən səsini... Təbəssümünü isə  unutmaq mümkün deyildi!
Sərin bir yay gecəsi  gizli dərinliklərdə əcəl zəngi çalındı . Gecənin sirrinə döndün. Nə bir səs, nə bir iz... Halbuki,  bu şəhərə necə də ümidlərlə gəlmişdin.  “Bunca illəri yaşamadıqlarımın əvəzi olaraq məndən aldılar, salamatçılıq olsun! ” sözlərində  yenə də bir sitəm, giley-güzar vardı. Amma oralara qayıtmadıq  yenidən. İlk qarşılaşmanın sükutunda utanc, xəcalət hissi keçirirdim. Bunun fərqinə varmış kimi ”biz daha güvəndəydik, əslində sizlər yaşadınız çətinlikləri” deyərək, bir anda bizi bərabərhüquqlu mövqeyə gətirməyə çalışmışdın. Halbuki nələr yaşadığını bilirdik. ”Hər şey uzaqlarda qaldı, biz hardan başlayırıq... . ” deməyini unuda bilmirəm. Həyata yenidən qayıtmağının sevinciylə çağlayırdın.
Başqa diyarlara sovrulmuşdun sən də. Hər şeyi gözə almışdın. Qınamışdılar, ”nə fərqi var, o da olsun, o da; nizamını pozma. . ” demişdilər. Onların təklif etdikləri yolu müzakirə etməyə belə gərək duymamışdın.
Acılarını unutmağa çalışdığın hər hərəkətindən  bəlli  olurdu. Qaranlıqlardan doğularaq gəlib çıxdığın yeri gəlincik tarlasına bənzətmişdin. Səbrlə, hissiyyatla müqavimət göstərmişdin. Dözümünə mat qalmışdım.
Aydınlığa  çıxmamışdan  qabaqkı son məktubun bu ardıcıllıqla bitirdi. ”Mən başıboşun biriyəm, bunu insanlar bilsin. Ruhumu jandarm və maliyyə izləyir. Vəzifəsini  yaxşı  bilən  hər  kəs  mənə qara ruhlu deyir. Laboratoriyada çalışanlardan soruşsanız,  deyəcəklər ruhum saxtadır”. Və əlavə edirdin: ”De görüm, bizi bu cür  ayıran , layiq olmadığımız yerlərə atan , bu qapıarxası əsaslara məhbus edən nə idi? Bəs bu acıları bizə yaşadan? İndi  bizə layiq olmadığımız  “xoşbəxtlik” təqdim edirlər. Sabah çıxıram.  Hə, indi gedə bilərsən... ”
Və hər yerim əzgin halda məni də salırlar aranıza.
Bir  anlıq  əvvəlki yazdıqlarına qayıdıram. Davamlı olaraq Taşrada yaşadığın  xoşagəlməzlikləri dilə gətirir, bu şəhəri qurtuluşun bilirdin. Araya uzun, qaranlıq illər çökdü. Üst-üstə gələn vurğunlar kimi... Doğurdan,  əsil ölən  kimi idi? Bir qəzet manşeti gəldi gözümün önünə:”Əslində anam deyil, mən öldüm! ” bəlkə də sənə yamanmış, ağzından çıxmış kimi göstərilən bir cümləydi! Hürkmüş, inanmamışdım. Xəstəxanada keçirdiyin günlərdən sonra, sərbəst buraxıldığını , ölkə xaricinə çıxacağını öyrənmişdim. Sonra da uzun müddət xəbər-ətərin  gəlmədi.  Ortaq dostumuz  demişdi deyəsən,  səni ziyarətə gəlib, ”hiyləni” danışıbmış. Küskün, yaralı,  için  sızlayaraq  gəldin. Sezdirmədən, olub-keçənlərin vecinə  olmadığını göstərməyə çalışaraq, həyatın bir ucundan yapışaraq yaşamağa başlamışdın.
Biz də eləydik onunla. Yaşanmamış bir ömrü  qısa  anlara sığışdırmışdıq. Uzun-uzun məktublar yazmış, sənin o ardı-arası kəsilməyən məktublarından da danışmışdım ona.
Yenə o şəhərdən yazdığın bir məktubunda “Laterna Magica”dan ,  -sevdiyin hekayə yazarından  söz açmışdın. Sözlərin gedişatında  intihar və ekstaz düşüncələrinin melanxoliyası yatırdı. Yoxsa, mən elə anlamışdım? ! Bunu günlərin bir günü üz-üzə gəldiyimiz zaman dilə gətirdiyimdə, üzünün rənginin  qaçdığını  indi xatırlayıram.
Mən də o sahillərə gedib gəlmişdim. Yaşamadıqca bilmir, anlamır insan.
Nə  biləydik   o görüş  uzun  ayrılığa  aparan  son   görüşüymüş? ! O  qədər  dağa-daşa  çırpılma, zərbə yaşadın.   ”Günlərim  günsüz-günəşsiz  keçir, nəfəs  ala  bilmirəm.  Suyun  və  səmanın   rəngini unutmuşam.  Canımda  torpağa   və  bitkilərə  toxunmağın , isti  çörəyi  qoxlayaraq  dişləməyin,  gün işığında   qəzet  oxumağın  həsrətini   hiss  edirəm”  dediyin  günləri   gəzirəm  həmişə. Arada  bir  səsin eşidilsə , məktubların  gəlsə, sözün  yetsə  də bəsimiydi. O  şəhər  də  bir  həbsxanaydı  sənin üçün.
O  gün  limanda  oturub  sənə  gül-çiçəklə  birlikdə  verdiyim  kitabdan, yazarından  danışmışdıq. ”Və  Üzlərimiz, Qəlbim, Fotoşəkillər  Qədər  Qısa  Ömürlü”*  zaman  və  uzantısı  içində  səndən  danışırdı mənə. Oxuduğum  sətirləri  dinlədikdən  sonra , ”sözə  sözlə   qarşılıq vermək lazımdır, başqası  yalandır! ”  demiş, ”Taşra  Qovqununun  Qaralamaları”  kimi  xarakterizə  etdiyin  qeydlərindən   söz  açmışdın. Bir  gün  onları  oxumağımı   istəmişdin.
Əsasən  yaşadıqlarından   danışardın . Amma  bunları da  özünü  inkar   edib, başqasının  dilindən  dilə  gətirirdin  . Yazdığın  məktublarda da bu  əda  var idi. O  qaranlıq  dəhlizlərə, qapalı  qapılar  arxasına  keçmədən öncə yazdıqlarına  qayıdıram indi. Məncə, ilk  məktubun idi  , bir  hekayədən sitatla  başlamışdın. ”İnsan, soyuna- soyuna  dəriyə  çatar, qürura , öz  sayğısına  yetər. Bunları  üzmək, qoparıb  atmaq  çətin olduğu  üçün  soyunmağı   yaxşıca  mənimsəmiş adam, yeri  gəldikdə  bu  son addımı  atmağı  dəyər  hesab  etdiyi  zaman, ölməyi də  bilər. Bu  işi  bircə  dəfə  görmək  , belə  bir  hərəkətin  dəyərini  anlayacaq  insanların  qarşısında   etmək  istəyər. Yanılıb, zamanı  gəldi  deyərək, uyğun olmayan  bir  yerdə  bu işə girişərsizsə, nağıl  olub gedərsiz. ”
Səhərə  yaxın yazılmış hər  bir  sətir  necə də  səndən  danışır. ”Gecə  boyu çəkilmiş  siqaretin  kəsif  dumanıyla  dolu  bir  otaqda  daha  öncə  3 dənə 5mq  diazem, sonra  da 2 dənə moqadon  qəbul  etmiş, buna  rəğmən  səhər yeddinin yarısında  hələ  yata  bilməmiş, gözləri  qan  çanağı  və  yarı  qapalı  bir  insan  əlindən  təkcə  sənə  məktub yazmaq gəldiyini   anlayırsa, başını  ağrıdacağı  üçün  bəri başdan bağışla.
Hamımızın  (mənimmi  deyim? ) içində  bir  Kafka yaşayır  əslində. Yuvasına  qapanmadan, ətraf  aləmdən  qopmadan  döllənib, rahatlana  bilməyən  köstəbəyin  yazarıdır  Kafka. O, deyək  ki, taleyilə barışıb oturub, bəs  mən? ! Beş  dəqiqə  gerçəkçi, on  dəqiqə  romantik. Bu  get-gəllər axırıma çıxacaq. Ətraf  aləmlə  əlaqəm  tamamilə  neytraldı. Evdə  oxuyaraq  sabahı  qarşılayıb, axşam  beşə, altıya  kimi  yatıram. Çöllə  yeganə  əlaqəm  ya 200 metr  qabaqdakı  köşkə    enib, qəzet-jurnal almaq, ya  da  atılası  məktub  varsa, gözə  dəyməyəcəyim  ara küçələrdən keçib, poçta kimi getməkdi.
Diazemlərlə  süni  bir  ekstaz (o da  tam deyil), moqadonla  da  süni  bir  yuxu. Haçandır, belə   doyunca  təbii bir yuxuya gedib, gərnəşə-gərnəşə üzümdəki  gündüz  yuxularının  şişlərini   gəzdirmədən  oyanmağa  həsrətəm. Yaxşı, bunu  istəyirəmmi? Onu da  bilmirəm. Bu  ankı  həssaslığa   uyğun  gələn  bir  kitab  axtardım, tapmadım. İtirməsəydim , bəlkə”Dostluqların  Son  Günü  “ ola  bilərdi.
Sağ olsunlar DAN  qrupunun  üzvləri  istədiklərimi  göndəriblər. O  “Zambaqlı  Padşah”  dəhşət  idi. Mən də  şairə  bir  nəzirə  yazdım:


‘Şiirimiz her iş yapar abiler!
Topun ucu kırk beş sayfada bir bazen
Bazen iki satır/satırdır kelamın
Seksen liraya okutuluşunun şiiridir
her işi yapan şiire bu, seksen kağıt
bayılıp kerizlendiğimizin şiiridir
abiler! Şiir diyedir...’


Bir az  da  biz  lağlağı  edək. Həmişə  onlar edəsi deyil ki? ! Zarafat  bir  yana  “Padşah”da  təəccübləndirici  tapıntılar, ”Dəftərlərdə” də  maraqlı  təsbitlər  olub  və  var.
Əsgərlikdəykən  dərgilərin birindən  – yazarını  yazmağı unutmuşam - bir  yazıdan  sitat   götürmüşəm. Məktubu  onunla bitirim: ”Çexov bir erməni  qızından  söz  açır. Gözəlliyilə cinsi  istək  deyil, qəribə  bir  hüzün  oyandırır, bulanıq, xəyalla qarışıq  bir  hüzün. İnsana  bir  daha  ələ  keçirə bilməyəcəyini sezdirən bir hüzün  oyandıran bir erməni  qızı... ”*” Fərhad  usta, Fərhad  usta bu  gözəllik neçin qəmli  qılar  səni... ” bunun da  kimə  aid  olduğunu  bilirsən  məncə.
Bilirəm, tutqun  idin. Çarəsizdin. Taşra  səni  boğurdu. Ruhun  kimi  bədənin də  acı  çəkirdi. Sən fəryadlarını  içinə   atırdın. Bir  gün  yeni  bir  yol  seçəcəyin anda səni  ordan çəkib aparacaq, sorğu-sualsız qaranlıqlara atacaqdılar. 
“Yasəmən  matəmin  bərəkətidirmi  könüllər  ölkəsində? ”* misrasıyla qəflətən  çıxıb  gəldiyin bir  gün  içinə  qapanmaqdan  bir  az  daha   qurtulurdun:”Burada da  dəhşətli  pivəxana  epidemiyası  boy  göstərdi. Yaxşı-yaxşı  yatırımlar edirlər. Alan razı, satan  razı. Mədəni  gerilik  xaricində, Taşra  kimi  bir  hadisə  qalmır qənaətimcə.
Burada da  İstanbuldakı  kimi   ümumxanalar, ”butkalar”   sürətlə  çoxalır.  Tənbəllik  etməyib , yaza  bilsəm, Taşra  aristokratiyası  yaxşı  mövzudu.  Eynən  İstanbuldakı  kimi burda da  bir   gözəlçə  geydiyi  şortiklə küçələrdə  ərzi-əndam  edir.  Ya  da  kanal  uzunu qarşılaşdığın  bir  qrup, özünü  bir  an  Nişantaşında   hiss  etməyinə  yol  aça  bilir.   Hər nəysə. . ”
Sonra  yaxşıca  qapanırsan. Yenə  misralar  gətirir  səni  mənə:


”Sevdalar  çağı dönsün, 
Dönsün geri qayıtsın. ”*   


Bu  aralar  “Pavese” i   oxuyuram. Hissə-hissə, sanki   mənə  aid  edilmiş  təsbitlərlə  rastlaşdıqda  da  bağlamaq məcburiyyətində  qalıram gündəliyi. İntihar  getdikcə daha  çox  düşündürməyə başlayır. Lütfən qaçış , acizlik, həyatı  qəbul etməmək, həddindən  artıq  duyğusallığın  zərərli  ədəbiyyatı  tənqidini  gətirməyəsən. (Etməyəcək  qədər  “anlayışlı”  olduğunu  bildiyimə  görə, üzrlü  say, hər  kəsdən bunu  eşidə-eşidə cana  gəldim. Səndən də  eyni  şeyləri  eşitsəm, üzülərəm. Ən   azından  yanlış  tanımış  olmaqla özümü   bağışlaya  bilmərəm. Səndən  bir   “ağsaqqal “ cümləsi  bu  nöqtəyə  işıq    tutar  hər halda:”Ürəyin  sirrlərini  bilməkdən  ötrü  öncə insanın  istiliyinə  toxunmaq   gərəkdir  . . ”
АмелиƏvvəllər  mən də  tənqid  etmişdim səni. Nifrətinin, sevgisizliyinin , kədərinin  hardan  qaynaqlandığını  görə  bilməmişdim. Ehtiraslarının  səni  apardığı  sahildə  durduqda , üstəlik də  divarların  o  üzündə  yaşamağa məhkum edildiyini  görüncə, hüzünlənmiş, özümə  acıqlanmışdım. Heç  bir  şey  etmək  mümkün  deyildi. Şəhərin  ən  soylu, varlı  bir  ailəsi  üçün qara  gün  idi. Durub  sizə  gəlmişdim. Sən  yoxuydun , əlbəttə ki. Nə  soruşan oldu, nə  də  mən    dedim  kim  olduğumu. İmarətinizdə yer- göy  inildəyirdi. Atandan  narahat  idim. İmarətin  ərik  ağacları  olan bağçaya  açılan  qapısından keçib, artezyanın yaxınlığındakı  çardağa  çatdım. Kişilərin  təziyəsi davam edirdi. ”Dünyalar  gözəli  baxışları” axtarırdım. Elə  demişdin atanın   eynisi  olduğunu söyləyərkən. Yenik, yaralı, çökmüş  baxışları  tapdığımı  sanmış, söhbətləşincə isə heç  də  elə  olmadığını  görmüşdüm. Ürəkdən  sevinirdi  sanki!
Uzun  ayrılıq, susqunluq  yaşamışdıq  səninlə. Unutmamışdım, amma  heç  dönməmişdim də sənə! Süzgün  baxışlarını, için-için  gülümsəmələrini, solğun  üzünü  gətirmişdi mənə  qəfildən  gələn sözlərin. Sığınacaq  yeri  bildiyin İstanbulda  da  “bacara  bilərəmmi” deyərək  gəlib-getdiyin günlərdən  birində mənə  uzun  bir  məktub  yazıb  qoymuşdun. Sözləşdiyimiz  halda, görüş  yerinə  gəlməmiş, nədənsə  görüşmək  istəməmişdin. Sönmüş vəziyyətdəydin. Taşradakı  problem, ailənin  faciəsi... ”Bu  dəfə  sarsılmağım  məni   dağıntılara   səsləyir, qorxuram”  -deyirdin. Bu  sözlərinə  anlam verə  bilməmişdim  onda: ”Bir  gözəlin  surətinin altında  əzilmək,  bir  “əzab”  kimi yaşamaq, ona   yaxınlaşdıqca  qorxmaq, qorxduqca da   ehtirasla  səni  yaşadan  surətə  bağlanmaq... Əldə  edə  bilməmək, itirmək, çılğınlıq  növbələşmələri. . Həm də  Taşranın  soyuq  üzündə. . Bu   halıma  acıyıram.  Məni qıyma-qıyma  edərlər  ! ”*
Və  nəhayət, o   qorxunun qurbanı  olmuşdun.
“Guya  səni  sözləşdiyimiz  yerdə gözləyəcəkdim. Fiqaronun  Toyuna gedəcəkdik  və s. Üzr  istəmək  nəyi  geri  qaytara  bilər  yenidən? Yenə də  üzr  istəyirəm. Bəli, bir  dönəm bütün  duyğularımla   ətraf  aləmə  qapıldım –nə  bacarar, nə edə  bilərəm deyib oralara  can atsam da ,  bu hələ də  belədi-bu  nələrisə  açıqlayar  sənə. Heç  bir  şəkildə  sağlam  münasibətlər  qura  bilməmək, qaçmaq—bəli  qaçmaq--, ümidsizliklər, qırılmalar  və s.  Hər  kəsdən  və  hər  şeydən  əvvəlsiz-axırsız   qırılma. Eləşoranlaşdı, qurudu ki hər  şey, qırılma  da  qaçılmaz  oldu. Necə  yaşayırıq , necə  olacağıq o da  məchul. . Səni  görmək  istərdim. Sən də çox şeydən  inciksən  bilirəm  mənim  kimi. İki  incik insanın  qarşıdurmasını , bir  də  mənim “Bizansdakı  alçalmış  halımı”  görməyini  istəmədim  sözün  düzü. Gələr-gəlməz  özümü  film  biznesinin  içində gördüm. Buna  gördümmü, yoxsa düşdümmü  demək  düzgün olar - bilmirəm? ! Sənin  bildiyindən də tez  gəlmiş, --bunu  gizlədiyim  üçün utanıram indi, --münasibətləri  nəzərdən  keçirməyə   qarışmışdı  başım.
Bu yaxınlarda  film biznesindən   ilk “pazı”  yedim. Ünlü  rejissorumuz    üç dənə  otuz paralıq, ötəri  bir  rol  verdi   , ”Səninçün  Darıxıram”da.  Ssenarist, ”hələki  yaxşıdır, oyna” dedisə də qürur məsələsi hesab edib  oynamadım. Elədi də, günü  min lirədən  Yeşilçam  fiquru  deyiləm  hər  halda... , gəlib  sənin yanında  günəmuzd  işçi olaraq  qazıntılara  qatılsam, bundan  daha  yaxşıdı! Heç  olmasa  , o  işin  necə  olduğunu  öyrənərəm. Nə  deyirsən, hə? ! 
Başqa  bir  sahiləmi   çıxmağa hazırlaşırdın, bilmirəm?! İstəmədiyin  halda səni  bu münasibətlərə  sürükləyən  nə  idi? Bilirəm, hər  biri  cavabsız  suallardı  artıq.  Özünəməxsus  görünüşün idimi   sənə  bu  qapıları  açan?  Həyatındakı bu problem  çarxınının  fırlanmağını  dayandırmaq  istəmirdin.  Bəlkə, Taşraya  qayıtmasaydın, başına  bunlar gəlməyəcəkdi! Bəli, ”bəlkələrlə”, ”yoxsalarla”  yaşanılmır. Taşrada qalsaydı(n)  “bəlkə də  yaşayır”  hesab  ediləcəkdi(n).
“Ortaq  “dost”umuz –artıq  elə  deyirlər axı—Şahindən  məktub almışdım. Tez-tez-- arvadı  antalyalıdı, tətilə ora  gediblər—Antalyadan ,  Finikiyadan , Kaşdan  danışılır. (Pardon, Finikiya  ikinci  məktuba  təxirə  salınmışdı, birinci məktub  Kaşa  həsr  edilmişdi. ) Ay  Allah ! -dedim. Köhnə  tüfənglər  bir-iki  işi  Ağdəniz hissiyyatlılığına  tökürlər, halbuki, dünən  xainliklə bərabər  dəyər  kimi görürdülər—yanlış  anlama, səni  nəzərdə  tutmuram və  yenə  yanlış  anlama Ağdənizli  filan  deyiləm, üstəlik iyrənirəm o hermofrodit diyardan deyə də  qeyd  etdim məktuba—nolar  mənə  Ərzincandan yaz, Finikya  sənin olsun. Degenerasiyaya  uğramamış  münasibətlərdən  yaz deyib  də  bitirdim. Bəlkə, kobudluq  oldu, amma indən  belə Ağdəniz   söhbəti  dinləyə  biləcəyimə inanmıram. Yaxşı  bəs, məğlubiyyətini  qeyd edənlərə nə  demək  lazımdı? Əslində  nümayiş  marağı da  var. Mühakimə  etməyim, amma  uşağın  varlığına   işləmiş bir  sünilik var. Ən  son kimi  oxuyubsa  məktubunda  tamamilə onun  üslubu hakimdi.  Hər  şey  VİTRİN! Gələcəyin insanını , insan münasibətlərinin  hansı  səviyyədə  olacağını diksinərək  görürəm  sanki... bu da  başqa  cür  bir  boşluq! Nə  deyirsən, çoxmu  qəddar  oldum yenə? ”
Mənə  gəlib çatan son sözü  bunlar  olmuşdu. Sonra  İstanbulda  görüşmüşdük. O  uzun ayrılıq  dönəminin  hardasa  yarısının  keçdiyi dəlixanadan bir  neçə  istək  qeydi, bir-iki  qırıq-sökük  xatirə. . Amma hər an şüurumun bir  küncündəydin .
Sonra  qəfildən  görüşdük, həyat  heç  də  qaldığımız  yerdən  davam etmirdi. Sovrulmuşduq, qolumuz -qanadımız  qırılmışdı. Hə, 1402-dən  bəri  universitetin  qapısının önündən  belə keçməməyə  qərar  vermişdim. Bilmədiyim  bir  sahədə ticarətə  girişmişdim. Tekstil  gəlirli  sektor idi. Tanınmış  markaların “geydirmələrini” istehsal edirdik.  Üç  ortaqla  yaxşıca “start “ götürdük. Qazanmağa  başlayanda , işin  görüntüsü, əlaqələrimizin  rəngi  dəyişdi. Ardınca, eşqlər, ayrılıqlar, sovrulmalar  girdi  araya. Aylardı  işsizəm. Sənin  ölüm  xəbərini həyatımda yeni  bir  fırtınanın  başladığı  gün   almışdım. Yəni, nə  başını  ağrıdım,   darmadağın  olmaqçun yaxşı seçilmiş  bir  gün idi.
Cənazən  üstə  gələ   bilmədim. Bəlkə də  qorxurdum. Bir  gecə  öncə  yağış yağırdı İstanbula. Yaz  yağışı . Nədənsə  səni  xatırlatmışdı  mənə. Evə  dəyib söhbətləşə   biləcəyimizə   ümid  etmişdim. Tapa  bilməyincə də ,  yazdığım  qeydi  qapının   arasından  keçirmiş, kinoya  getmişdim.  Bu  aylar  sonra məndə oturub  danışa bilmək  yanğısıydı .
Gecənin  o  saatlarında  mən   qoltuğa  yayxanıb film  izləyərkən, sən  son  dəfə həyata   baxırdın  qaranlıqda . Toxunan  əl, yığılan bədən... Və   saatlarla  o  sahildə gülümsəyərək baxırdın  ulduzsuz  göy  üzünə.
O  qədər  əzginlik, o qədər incikliyə  baxmayaraq sənə ən  çox  gülümsəmək  yaraşırdı.  Tək  pənah  aparacağın yer  misralar  olmuşdu, deyilmi? Oxuduğun hər  şeirdə , hər  mətndə ölümünü  görürdün. Ya  da  hardansa  tapıb  çıxarırdın. Çarəsizliyinə  sığınır  , ovuntu  adaları  qururdun. Masanın  üzərindəki  qeydlər, şeirlərdən  sitatlar  içindəki  yaralara  məlhəm idi  sanki. Həmişə təkrarladığın  bir  bənd  düşür  yadıma:


Yaşadım  aranızda, artıq  bitdi, insanlar!
Pisləri  tanıdım  və  sevdim  yaxşıları.
Döyüş  sona  yetdi, tükəndi  bütün  günlər
İnsanlar!
Sizlərdən  biri. *
 ***
Küçənin  sonunda   yavaşıdın. Binaya giriş  soldan  səkkizinci  blokda  olmalıydı. Yüksəklik  qorxusu olduğuna  görə  günlərlə ev  axtardıqlarını  demişdin. Addımların geriye  gedirdi. İçindəki  ürpərti bədənində  titrətməyə   çevrilmişdi. Gözün  səyriyir, əllərin  ağırlaşmağa  başlayırdı. Mənzilin  yaxınlığında  polis  maşının   dayandığının   fərqinə  vardığın   zaman   sürətləndin. Sanki  kimsə  səni  arxadan  itələyirmiş kimi binaya   saldı!
- Gözlərim həmişə  səni  axtarıb.
- Xəbər tutanda  burda  deyildim.
- O   sevimli  dostun getdi , yoxdu  artıq.  Canına  qıydılar. Nə qədər  günahsız idi...
- ... ...
Səni  kədər  dolu,   boğuq  səslə,  ağlayaraq qarşıladı . Qucaqladın onu. Yenidən içini  çəkərək  ağlamağa  başladı. Heç  cür  ağlaya  bilmirdin. Əllərinlə  gözlərini  örtüb , sən də  içini  çəkərək  ağlamağa  başladın.
- Gəl, otur. Gör  bizə  nələr  etdilər?
Yoldaşının  yumşaq  halı  getmiş, uşağını  itirən  anaya   çevrilmişdi. Hər  danışığı, iç  çəkməyi, hadisənin nədən, necə ola  biləcəyini  yozmağı  bunu  deyirdi  sənə.
- Bilirsənmi,  əməlli-başlı  şübhələnmişdik. Səs-səmirinin  heç  çıxmaması, telefonda  atama  söylədiklərin... O  gecə  Camalın  Affanla  birlikdə   olması,   sonrasa  ortalıqdan  qeybə  çəkilməsi. . Bircə  oydu  şahid. Bir  də, o gecə  sənin  kimləsə  evə  dəyib bizə   yazdığın   “qeyd”. . Bacımla   polis  bölməsinə  gedib  qayıtdığımızda  sənin  bu  qeydini  tapdıq. Gəlib qayıtmısan. Eyni  saatlarda  Affan sahildə  öldürülüb. İş  yerindən  səninlə  və Camalla  görüşəcəyini  söyləyərək çıxıb   - yanındakı  uşaq  elə  deyir. . ”
Donub  qalmış,  bir  anlıq   deməyə  söz tapa  bilməmişdin.
“Ayşə   təkidlə bu  kompası, Camalla sənin adını polisə  verməyimizi istəyirdi ki, sən  çıxıb  gəldin. Bizi  və  Affanı  tənha  qoydun. Sən  burda onun ən  yaxın adamıydın . Niyə  belə   elədin? Bunun  arxasında  başqa  bir  şey  vardı? Nə  olar, olub-keçəni  bizə  danış. Özümü  boğazına   bıçaq  dirənmiş  qurban  kimi  hiss edirəm. Acım  içimi  qovurur, qorxumsa   tətikdədir  həmişə. . ”
Oturduğun yerdən  qalxdın, gözlərini  Səmranın  gözlərinə  zilləyib:
-Necə  belə  düşünə  bilirsiniz,   belə  bir  şey necə  ağlınızdan  keçə  bilər başa  düşə   bilmirəm. İnanın  mən  sizdən  də  pis haldayam. Nəyin necə  olduğunu  bilmirəm. Camal  mənə  də  zəng  edibmiş. Günlərdi  Affanla  birlikdəydi, bəli. Müvəqqəti  evakuasiya  olunmuşdu, əgər hücumu  görübsə,   deməli  qorxusundan  ortalığa  çıxmayıb.
Bu  sözlərinlə  həm  özünü, həm də  onları   sakitləşdirmək  istəmişdin.
- Bilirsənmi, o   gözəl  üzü  gülümsəyirdi. Bir  də. .  Hələ  qanı damcılayırdı.
Qırıq-qırıq  gələn  səsindən  bunları  başa  düşə  bilmişdim.
-  Bütün  kəlmələrin altında qan  var. . -hardan  xatırlamışdın  bunu,  yoxsa o söyləmişdi? ! Durub-durub   misraları, sevdiyi  cümlələri  təkrarlayardı. Ən  çox  da, ölümü xatırladanları. Halbuki, yaşayarkən  səndə daha  çox bir  gün , hardasa  öz  canına  qəsd  edəcəyi  hissini  yaradırdı.
Özünü  ələ   almağa  çalışıb  bunları  söyləmişdin:
Əgər   bu sizi   sakitləşdirəcəksə   gedib  polisə   ifadə  verim?!  Bu  hamımızın acısıdı, sonra  peşman olacağınız  şeyləri  düşünməyin  lütfən!
Siqnal  səslərinin  uğultusu  içini  titrətmişdi. Səmra  əllərindən  tutub:
-Ümidsiz, çarəsiz  qalmışdıq. Belə  bir  vəziyyətdə  kölgəmizdən  belə  şübhələnirdik. Bunca   faciədən keçdik, dik  durmağa  çalışdıq ,  gəlib  bu şəhərə  yenildik  sözləriylə səni  bir  daha laxlatmağa  çalışmışdı.
Qapı zəngi  uzun-uzadı  çalanda  diksinmiş, ardınca   pəncərədən  gələn  səsləri ayırd  etməklə  alt-üst  olmuşdun.
O  məngənədən  canımı  qurtarıb özümə  gələ  bildiyim qarabasmalı  günlərin   ardınca  yazdıqlarına  qayıtdım. Gecə  boyunca  içimdən  axan   çayları  bəndləməyə  çalışdım. Uzağı  yaxın  edənləri, itkilərdən    bizdə  nələr qaldığını düşündüm. Səni  və  onu. Daimi  və  dağıdıcı  olanı  yəni. Leysanda  yaşadıqlarımız, yaşatdıqlarımızı...
Bir  daha  bu  şəhərə  dönməmək  şərtilə  cənuba  -- yeni  qazıntı  yerimə  gedəcəyəm.
İndicə  gün  doğacaq.
Özümü   küçələrə  vurdum. Yanımda  səni ən  çox ifadə  edən məktubun  vardı.
Yay  yağışı  başlamışdı. Bir  sən, bir  mən, bir  də  “Sabri” yola  çıxırdıq.
Tanpınarı   niyə  sevdiyindən  danışırdın...
________________


Tərcümə etdi: Aytən Təhmasib       Azadlıq Radiosunun Oxu Zalı


Hekayədə anılan şairlər, əsərlərindən söz açılan yazarlar:
*Rilke*İsmet Özal*Selim İleri*John Berger*Bilge Karasu*Ece Ayhan*Fethi Naci*Sezai Karakoç*Arthur Rimbaud*Ziya Osman  Saba

Комментариев нет:

Отправить комментарий