İsa Sadıxov: «4 oktyabr və 17 mart hadisələri dövlət çevrilişi yox, biznes maraqlarının toqquşmasının təzahürü idi»
Müdafiə nazirinin sabiq müavini, keçmiş korpus komandiri, Norveçdə mühacirətdə olan İsa Sadıxovun “Azadlıq” qəzetindəki məqalələri maraqla qarşılansa da, ona qarşı reaksiyalar da oldu. Sabiq dövlət müşaviri Qabil Hüseynlinin qəzetimizə müsahibəsində İ.Sadıxovun fikirlərini təkzib edərək onları şişirtmə adlandırıb. Bir neçə gün əvvəl əməkdaşımızla əlaqə saxlayan İsa Sadıxov Qabil Hüseynlinin söylədiklərinə və bir sıra məqamlara aydınlıq gətirmək istədiyini bildirdi. Suallarımızı İsa Sadıxov cavablandırır.
- İsa bəy, Sizin 1994-95-ci ilin məlum olayları ilə bağlı yazılarınızı həmin dövrdə dövlət müşaviri olmuş Qabil Hüseynli etirazla qarşıladı. O, bir çox məsələləri təhrif etdiyinizi və 1994-cü ilin 4 oktyabr hadisələrindəki müəyyən məqamların 1995-ci ilin mart olayları kimi təqdim olunduğunu söylədi. Bu barədə nə deyə bilərsiniz?
- Əvvəla, mən yazılarımda 4 oktyabr hadisələri barədə hələ heç bir fikir bildirməmişəm. Həmin hadisələrlə növbəti həftələrdə tanış olacaqsınız, qəzetdə dərc edilənlər mühacirətdə yazdığım kitabdan seçmələrdir.
- Deməli, ötən əsrin 90-cı illərindəki çevrilişlərlə bağlı kitab yazmısınız?
- Bəli, kitab hazırdır. Təkrar edirəm, mən 4 oktyabr hadisələrinə hələ toxunmamışam. İkinci, mən 4 oktyabr və 17 mart hadisələrini dövlət çevrilişi hesab etmirəm. Çünki bu hadisələrdə dövlət çevrilişi anlayışının nə əsası, nə işarələri var idi. Oktyabr və mart hadisələrinin əsası 1993-cü ilin 4 iyununda qoyulmuşdu və iqtisadi səciyyə daşıyırdı. Yəni milli hökuməti devirənlər ölkənin sərvətlərini aralarında bölüşdürməyi razılaşsalar da, sonradan bu razılaşma pozuldu. Bu mənada 4 oktyabr və 17 mart hadisələri dövlət çevrilişi yox, biznes maraqlarının toqquşmasının təzahürü idi. Qabil Hüseynli də müsahibəsində mənim söylədiklərimi təsdiqləyir, onun mis məsələsinə toxunmasını nəzərdə tuturam. O dövrdə hakimiyyətdə biri neft, başqa biri pambıq biznesi ilə məşğul olurdu, mən də mis məsələsinə sıradan bir hadisə olaraq toxunmamışam. Elə başa düşülməsin ki, mən OMON-a vəkillik edirəm. OMON-da Qarabağ müharibəsində canını qoyub qan axıdan, şəhid olan oğullar olub. Əgər kiminsə OMON rəhbərliyi ilə problemi var idisə, həll edərdi, ancaq sıraviləri daxili “razborkalarına” cəlb etmək yolverilməz idi. Necə oldu ki, pambığı, nefti daşıyanları görmədilər, amma 4-5 maşın misi gördülər? Bunlar təxribat idi və Qazax OMON-çuları Gəncə şəhər Polis İdarəsinin rəisi Natiq Əfəndiyevin üstünə gedəndə heç bir siyasi tələb qoymamışdılar. Doğrusu, Natiq Əfəndiyev də qorxmuşdu, mən bunu onu Qazaxda qarşılayanda hiss etdim. Özünə də dedim ki, Natiq, sən get Gəncəyə, mən burada əlimdən gələni edəcəm. Bəli, mən yazılarımda mis məsələsinin üstündən sükutla keçdim, amma yaxşı oldu ki, Qabil Hüseynli özü bunu açdı. Deməli, söhbət dövlət çevrilişindən gedə bilməzdi.
- Qabil Hüseynli Sizdən fərqli olaraq əməliyyata Zahid Dünyamalıyevin rəhbərlik etdiyini bildirib. Bu barədə fikrinizi bilmək maraqlı olardı.
- Əvvəla, prosesə cəlb olunan qüvvələrin hamısı hərbçilər idisə, DİN zabiti Zahid Dünyamalıyevin bu işlərə müdaxiləsi necə ola bilərdi? Təsəvvür edin ki, Gəncədən, Tovuzdan, Şəmkirdən bütün hərbçiləri Qazax OMON-çularının üstünə göndərmişdilər və bu, hərbi əməliyyat mənə tapşırılmışdı. İkinci, Heydər Əliyev mənimlə danışanda dedi ki, sroçnu exat Qazax, navesti poryadok. O, həmişə mənimlə rus dilində danışırdı. Yola düşəndə isə bildirdilər ki, Zahid Dünyamalıyevlə Fətulla Hüseynov da səninlə gedəcək. Amma bütün əməliyyatlara rəhbərliyi mən etmişəm, çünki Heydər Əliyev tapşırığı mənə vermişdi, Zahid Dünyamalıyevə yox. Ola bilər ki, mən kənarda olanda Heydər Əliyev onunla əlaqə saxlasın.
- İlk atəşin OMON-çular tərəfdən, yəni “Cavanşir” restoranından açılması haqqında deyilənlər doğrudurmu?
- Zabit şərəfimə and içirəm ki, mən heç zaman yalan danışmamışam və bu söhbətdə də yalan olmayacaq. Mən 2002-03-cü illərdə bu məsələlərə toxunmuşdum, amma nədənsə o zaman ictimaiyyət ciddi diqqət yetirmədi. Son 4-5 ildə cəmiyyətin 20 ilinin tarixinə diqqətini nəzərə alıb bir müddət əvvəl yazdığım kitabdan hissələri mətbuata verdim. Qayıdaq sualına, bəli, OMON-çular “Cavanşir” restoranındaydı, təxminən 30 nəfər olardı. Heydər Əliyev mənə Ermənistan prezidenti Ter-Petrosyanla razılaşdığını deyəndən sonra “Cavanşir” restoranına gedib onlarla görüşdüm. İki balamın canına and içirəm ki, OMON tərəfdən heç bir atəş olmadı. Buna baxmayaraq radio və televiziyalar OMON-un hücuma keçməsi haqqında yalan məlumat yayırdı. Mən özüm də hərbçiləri restorana göndərəndə tapşırmışdım ki, gülləni göyə atın, çünki qarşı tərəfdən sizlərə güllə atılmayacaq. Ən əsası odur ki, hücumu biz başladıq, OMON yox. Əgər OMON-un hansısa məqsədi olsaydı, məni girov götürərdilər, axı mən restorana gedib onlarla görüşmüşdüm. Elçin Əmiraslanovla söhbətimiz olmuşdu, onlar Rövşən Cavadovun Heydər Əliyevlə görüşüb məsələləri aydınlaşdıracağını gözləyirdilər. Təkrar edirəm, OMON tərəfdən nə güllə atılıb, nə hücum olub, bu barədə deyilənlər iftiradan başqa bir şey deyil.
- Bəlkə Qabil Hüseynlinin dediyi kimi, Heydər Əliyev yalnız Sizdən yox, başqa mənbələrdən də məlumat alırdı, xüsusən də MTN-dən. Bunu hiss etmişdinizmi?
- Bəli, bu, Heydər Əliyevin iş prinsipiydi. Çünki o, heç kimə inanmırdı. Mən bilirdim ki, o, Şəmkirin icra başçısı Aslan Aslanovdan və başqa mənbələrdən məlumat alır. Amma əməliyyatlara rəhbərliyi mənə tapşırmışdı. Bilirsiniz, o, nə zaman mənimlə əlaqəni kəsdi?
- Nə zaman?
- Martın 15-də axşam saat 5-6 radələri olardı, hər şey bitmişdi. Mən Qazaxda olsam da, Tovuzdakı qərargahda zabitlərdən birini saxlamışdım. Həmin zabitin yanıma həyəcanla gəldiyini gördüm, mən də Zahid müəllimlə idim. Zabit dedi ki, komandir, Aslan Aslanov prezidentə zəng edib, mənim OMON-çulara dəhliz açdığımı və onların getdiyini xəbər verib. 5 dəqiqə sonra dövlət telefonundan mənə zəng olundu, o zaman Zahid müəllim dedi ki, soyuqqanlı ol. Heydər Əliyev mənə dedi ki, hamısını qırmaq lazımdır. Bunu eşidəndə, adını çəkmək istəmirəm, yanımda olan bir rayonun icra başçısı başını tutub “bu nə deyir, belə olmaz axı” deyə etirazını bildirdi. Onda mən Heydər Əliyevə dedim ki, əməliyyat hələ davam edir, o, itkilərin olub-olmadığını soruşanda, heç bir itkinin baş vermədiyini söylədim. Sonra əlavə sual etdi ki, o nə dəhlizdir vermisən, cavab verdim ki, mən Sizə dəhliz barədə heç nə deməmişəm. Bunu eşidəndə telefonun dəstəyini hirslə çırpdı. Sonrakı zəngdə mən götürəndə dəstəyi Zahid Dünyamalıyevə verməyi tələb etdi və... mənim onunla telefon söhbətim bitdi. Ancaq bu söhbətə qədər hər yarım saatdan bir telefon danışığımız olurdu. Martın 15-də hər şey bitmişdi, bölgədə sakitlik yaranmış, Zahid Dünyamalıyev Polis İdarəsinə gedib həbslərlə məşğul idi. Təsəvvür edin ki, Qazax və Ağstafada “başıpapaqlı” qalmamışdı, ən azı 500-600 nəfər həbs olunmuşdu. Onların da əksəriyyəti günahsız idi.
- Həbslər hansı əsasla aparılırdı?
- Heç bir əsas yox idi. Yalnız kütləvi xof yaradılırdı. Bunun başqa tərəfi isə, guya, dövlət çevrilişinə cəhd olubdur. Axı 20-30 nəfərlə çevriliş ola bilməz. Amma 600 nəfərin həbsi o demək idi ki, çevriliş şousunu ictimaiyyətə təlqin edə bilsinlər. Bir haşiyə edim, Gürcüstanda da oxşar hadisələr baş vermişdi. “Mxedrioni” hərbi-siyasi qrupunun rəhbəri Caba İoseliani əli silahlı parlamentə çıxıb “kommunist Eduard sənin...” deyə Gürcüstan prezidentini təhqir edirdi. Amma qan tökülmədi, “Mxedrioni”çilər tərki-silah olundu, Caba İoseliani həbs edildi və 3 il sonra azadlığa buraxıldı. Azərbaycanda isə əksinə oldu, martın 15-də bütün hüquq-mühafizə orqanlarının əməkdaşları bölgəyə toplaşmışdılar, mən onlara deyirdim ki, bu uşaqlar Ermənistan ordusu ilə döyüşdə qan töküblər, bunlardan vətən xaini düzəltməyin. Həmin vaxt ermənilər Tovuzda bir yüksəkliyi götürdüklərindən ora getməli oldum, baxmayaraq ki, artıq özümə qarşı 57-ci maddənin işə düşdüyündən xəbər tutmuşdum. Mənə dostum İsaxan Aşurov da demişdi ki, vəziyyətin pisdir, ölkəni tərk etməlisən. Ancaq bunları bilə-bilə Azərbaycanı tərk etmək haqqında düşünmək belə istəmirdim. Rayona gələn hüquq-mühafizə orqanlarının əməkdaşları mənə israrla deyirdilər ki, Elçin Əmiraslanov Tansu Çillərdən aldığı pulları paylayıb adam yığırmış. Cavab verirdim ki, bunlar hamısı yalandır, elə bir şey olsaydı, mən xəbər tutardım. İkinci, Heydər Əliyevin həmin ərəfədəki çıxışlarına bir daha baxmaq lazımdır. O, deyirdi: “Xaricdə olarkən, Dəmirəl ona OMON-un çevriliş hazırladığını xəbər verir, amma bunu mən də bilirdim”. Heç kimə OMON-da Heydər Əliyevin adamlarının olması sirr deyildi. Üçüncü, dövlət çevrilişinə hazırlıq gedirdisə, Rövşən Cavadov Nizami Şahmuradovla evindən 8-ci kilometrə necə getmişdi? Onları həbs etmək mümkün deyildimi? Bilirsiniz, hakimiyyətin əməliyyatı çevriliş tamaşası üstündə qurulmuşdu, insanları buna məcbur edirdilər. Əslində, 17 mart hadisələri Bakıda yox, Qazaxda baş verməli idi və daha qanlı şəkildə. Mən məsələnin danışıqlarla həll etməli olduğunu deyəndə, Şəmkirin icra başçısı Aslan Aslanov qışqıra-qışqıra deyirdi ki, topları çevirin OMON-çuların üstünə. Onda ona dedim ki, get işinlə məşğul ol, əməliyyatı mən keçirirəm. Mən ona görə əməliyyatda danışıqlara üstünlük verirdim ki, biz Ermənistanla sərhəddəyik, əgər Allah etməsin həmin yüksəkliklərdən bir neçəsi işğal olunsaydı, bütün Qərb bölgəsini itirərdik. Və biz Gürcüstan yolunu da itirirdik. Deyə bilərsiniz ki, o zaman atəşkəs idi, bu, düz yanaşma deyil, düşmən tərəfdən 10 nəfər gəlir, postdakıların başını kəsir və... Mən bunları Heydər Əliyevə deyəndə, o, söylədi ki, 1 dəqiqə gözlə, mən indi Ter-Petrosyanla danışıb, sənə xəbər verəcəm…
- Amma Qabil Hüseynli Heydər Əliyevin Ter-Petrosyanla telefon danışığını israrla təkzib edir...
- Məgər, bu əməkdaşlığın tarixi bəlli deyildimi? Bu məsələni çılpaqlığı ilə Qərb rayonlarında MTN və DİN-nin yerli şöbələrinin rəisləri olmuş Nəsimi Şaxmalıyev, Aydın Muradov və başqaları daha yaxşı bilirdilər. Ən azı Heydər Əliyev 1993-cü ilin sonunda həyata keçirilən əməliyyatlar zamanı 10 dəfə mənə zəng edib demişdi ki, Petrosyan ondan atəşi dayandırmağı xahiş edir. Söhbət 1993-cü ilin 29 dekabrındakı əməliyyatdan gedir. Nəhayət, sonuncu dəfə dedi ki, Yeltsin zəng edib tələb edir, əməliyyatı dayandır, qoşunları çıxart, biz üçlükdə görüşməliyik. Amma mən yenə saxlamadım, 3 gün sonra yenə zəng edib dedi ki, atəşi dayandır, Gürcüstanda Rusiyanın vasitəçiliyilə görüş olacaq, Abbas Abbasovla sən gedəcəksən. Bir gün sonra dedi ki, yox, Abbasov gəlməyəcək, tək gedəcəksən. Onda mən cavab verdim ki, icazə verin 1 saat gecikim, sual etdi ki, niyə. Bildirdim ki, qoy, ermənilər gözləsinlər, razılaşdı. Beləliklə, “Qırmızı körpü”də görüşdük, onlar atəşkəs istəyirdilər, mən razılaşmadım, Qarabağdan çıxmalarını tələb edəndə, rus general etirazla qışqırdı, cavab verdim ki, bəsdirin, döyüş meydanında görüşərik. Onda dedilər ki, gəl söhbət edək, sual verdim ki, rus əsgərləri döyüş bölgəsində nə gəzirdi. Çünki Rusiya səfiri bəyanat vermişdi ki, 22 rus vətəndaşı həlak olub. Həmin görüşdə ermənilər bərk qorxmuşdu, ona görə ki, əməliyyat yaxşı başlamışdı. Bu tarixi xatırlatdım ki, söylədiklərim yeni bir şey deyil.
- Sizin həbsiniz necə həyata keçirildi?
- Məni Gürcüstana narkoman, vətən xaini kimi təqdim etmişdilər və qonşu ölkənin televiziyası hər yarım saatdan bir bu sözləri təkrarlayırdı. Amma Azərbaycana gələndə fərarilik maddəsi ilə cinayət işi açıldığını bildim. Təsəvvür edə bilərsinizmi, müdafiə nazirinin müavini, korpus komandiri fəraririymiş? Üç il azadlıqdan məhrum olunma cəzası verildi, ancaq Gürcüstan vətəndaşı olduğumdan bir il sonra azadlığa buraxılmalıydım. Qanunun bu tələbi qəbul edilmədi, dedilər ki, il yarım cəza çəkəcəksən. Bu müddətdə idmanla məşğul olurdum, bunu görən cəzaçəkmə müəssisəsinin rəisi söylədi ki, idmanı dayandır, çünki sənin qaçmağa hazırlaşdığın haqqında məlumat var. Susmaqla razılaşdım və barakdan çölə çıxmadım. Azad olunmağıma iki gün qalmışdı, müəssisədə ağcaqanad olduğundan yatanda üzümə cuna örtürdüm, bunu rəhbərliyə çatdırdılar, halbuki, əksər dustaqlarda cuna var idi. Səhərisi rəis çağırıb dedi ki, sənədləriniz hazır olsa da, islah olunmamısınız. Səbəb kimi cunadan istifadə etdiyimi söylədi və 6 ay da cəzamı artırdılar. Bu müddətdə ailəmə deyirdilər ki, İsanın sənədləri hazırdır, əfv ərizəsi yazsın, buraxırıq. Hətta bir dəfə dedilər ki, biz yazaq, sən imzanı qoy. Ailəmə çox güclü təzyiq edirdilər ki, onlar mənə təsir göstərsin. Hətta maddəm amnistiyaya düşdü, yenə buraxmırdılar, Ədliyyə Nazirliyinin rəsmiləri general Aydın Qasımov və Habil Qurbanov dəfələrlə yanıma gəlib xahiş edirdilər ki, bir müraciət yaz, məsələ bitsin. Hətta gömrükdə vəzifə də təklif etdilər. Bunun qarşılığında cavab verdim ki, əgər buraxmasanız, özümə qəsd edəcəm və bu yöndə bir müraciət yazdım. O zaman Əbülfəz bəy müraciətimi səfirliklərə göndərdi və açıqlama verdi ki, İsa Sadıxov amnistiyaya düşsə də, buraxmırlar. Amnistiyadan üç gün ötmüşdü, baş prokuror Eldar Həsənov Heydər Əliyevlə görüşdü və mənim amnistiyaya düşməyimə baxmayaraq həbsdən azad olunmadığımı dedi. Heydər Əliyev “necə yəni, İsa Sadıxıb həbs olunub, onu kim həbs edib, onu tez azad edin və mayın 5-də mənim yanıma gətirin” deyə təəccüblü cavab vermişdi. Deməli, 1998-ci ilin 17 aprelində amnistiyanın vaxtı bitdi, məni mayın 5-nə qədər saxladılar ki, əfv ərizəsi yazım. Amma yazmadım və həbsdən çıxan kimi Gürcüstana anamın yanına getdim.
Natiq CAVADLI "Bizim yol"
Комментариев нет:
Отправить комментарий