Cəlil Cavanşir
bir şüşə ucuz şərab
bir-iki qutu siqaret
və bir az da dul qadın təbəssümü götürüb çıxaram marketdən
evin soyuq divarları qəh-qəhə çəkdikcə
ciyərlərimə çəkərəm
acı siqaret tüstüsünü
göz yaşına qarışmış şərabı
hüznlə çəkərəm başıma.
güzgüdə çuxura düşmüş gözlərimə
divarda saralmış rəsminə baxaram
illər təkcə məni dəyişdirib deyəsən,
nə yaxşı ki sən
saralmış rəsmlərdə dəyişmirsən.
səssizcə axıb keçər zaman
gecənin necə düşdüyünü
hiss eləmədən
sabahın necə açılacağını
düşünmədən
başımı ataram yastığa
Bir az göz yaşları və ümid
Beləcə bitirərəm gərgin bir günü
(əslində insan beləcə qısaldır ömrünü)
hər il beləcə qeyd edərəm
ayrılığın ildönümünü.
Комментариев нет:
Отправить комментарий