31.03.2012

Ədəbiyyatda açıq-saçıqlıq, vulqarizm və ya ciddilik məsələsi

Mədəni ədəbiyyat, yoxsa vulqar ədəbiyyatı? Əsərlərdə daha çox incə duyğulardan, psixoloji problemlərdən yazmaq, yoxsa daha çox açıq- saçıqlığı ön plana gətirmək? Bax bu suallar son zamanlar ədəbi cəbhələrin qarşı-qarşıya gəlməsinə səbəb olur. Modern.az saytının əməkdaşı bu suallarla ədəbi kəsimin nümayəndələrinə müraciət edib. Həmçinin də onlardan ədəbiyyatımızın müsbət yöndə inkişafı üçün təkliflər istəyib.


Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı:
- Qüsura baxmayın, bu necə sualdı verirsiz? Əsər yazan bəyəm, hiss kontrolundan keçib sonra yazır? Əsərin necəliyi, sizin sözünüzlə desək, incə duyğulumu, psixoloji problemlimi, yoxsa daha çox açıq-saçıqlığı iləmi seçilir - bunu oxucu müəyyənləşdirməlidir, məncə. Dəyərləndirmələr, oxucuya görə dəyişə bilər. Bütün hallarda, "yenə də Allaha şükür, yenə də şeytana lənət". - Zira, onun adı ƏDƏBİYYATdır, ƏDƏBİYYAT! 

Söhbət inkişafdan gedirsə, bu artıq "müsbət"dir. Bu işarəni haqq etməkçün yaradıcı qurumlar arasında sağlam rəqabət ortamının olmasında fayda var.
Eləcə də, dünya ədəbi məkanında layiqli biçimdə iştirak, ölkəmizdə nüfuzlu poeziya festivallarının keçirilməsi və bu qəbildən işlər təsirsiz ötüşməzdi. Təbii ki, bədii çeviri işinin səviyyəsinin yüksəldilməsi, universitetlərimizdə qaynart ədəbi mühitin yaradılması da arzu olunardı. Bəlkə də bunlar arzu ilə yox, zaman-zaman "özündəşeylər"lə, yaxud inersiya ilə gündəmə gələcək...


Yazıçı, şair, publisist Həmid Herisçi: 
- Ədəbiyyat məncə dinlə əkiz qardaşdı, onların bir-biriylə ciddi, dərin, sarsılmaz əlaqə telləri mövcuddur. Məsəlçün, Qorkinin "Ana" romanı ilk baxışda ateistik, kommunist manifestidir... Buna aldanmayın. Bu roman İncildəki Müqəddəs Məryəm əfsanəsindən əslində qətiyyən seçilmir...Yəni, bu roman əslində İncilin dekonstruksiyasıdır, yəni yeni redaksiyada qələmə alınmasıdır... Gətirdiyim misal bir daha sübut edir ki, ədəbi mətnlər əslində öz ilk qatında dini bir mətn də yaşadır... Bu misallar bizim ədəbi ənənənin də əsasındadır... Bax həmin ilk mətn indiki postmodernistlərdə yoxdur deyə, onlar məğlubiyyətə məhkumdurlar... Həmişə çalışmışam ki, bax bu ilk ədəbi mətn yazdıqlarımın əsasında olsun...


Şair, jurnalist Elçin Mirzəbəyli: 
- Hər şey yazıçının təxəyyülündən, əsərin süjet xəttindən, hadisələrin diqtə etdiyi vəziyyətdən asılıdır. Mən açıq-saçıqlığın yox, estetikanın və estetik təqdimatın tərəfdarıyam. Təqdimatdan çox şey asılıdır. Əgər bu və ya digər əsərdə müəyyən intim məqamlar yer alırsa və bütün bunlar gözəl, estetik bir şəkildə təqdim olunursa, oxucunun zövqünü korlamır, əksinə onun zövqünün formalaşmasına yardımçı olursa, niyə də olmasın. İkrah doğuran heç nəyi təqdir eləmirəm, o cümlədən də ədəbiyyatı. Bu gün bəzi yazarlar sadəcə fərqlənmək naminə ifrata varır, guya axının əleyhinə getdiklərini görüntüləmək istəyirlər. Bu yanaşma sadəcə qısa zaman ərzində müəllifinə populyarlıq qazandıra bilər. Amma ciddi ədəbiyyat nümunəsi sayıla bilməz. Belələrinə məsləhət görərdim  Drayzerin "Dahi" əsərini oxusunlar və o zaman görəcəklər ki, onların getdiyi yol 100 il öncə və daha yüksək peşəkarlıqla keçilib. 


Nasir, publisist, tərcüməçi, ssenarist Nəriman Əbdülrəhmanlı: 
- Ciddi ədəbiyyat , "bulvar ədəbiyyatı" - vulqar ədəbiyyat həmişə paralel mövcud olublar, heç vaxt biri digərinin nüfuz dairəsinə girməyə cəhd eləməyib... Belə bir cəhd yalnız formalaşmamış, yaxud keçid dövrünü yaşayan ədəbi məkanlarda ola bilər... Əlbəttə, ciddi ədəbiyyatın tərəfdarıyam, bununla da məşğul oluram, amma bulvar ədəbiyyatının mövcudluğunu da qəbul eləyirəm. Bulvar ədəbiyyatının da öz prinsipləri var: daha çox insan duyğularına təsir eləmək, əyləncə, macəra... Açıq-saçıq səhnələri də elə təsvir eləmək olar ki, bayağı, iyrəndirici olmasın... Ədəbiyyatı müsbət yöndə inkişaf etdirmək üçün bizim durumumuzda bir təklif vermək gülünc olardı... Onsuz da hər şeyi eyni adamlar idarə eləyirlər, yenə onlar qabağa düşəcəklər... 


“Ədalət” qəzetinin baş redaktoru, publisist İradə Tuncay:
- Bu zövqə bağlı bir şeydi. Kim nə xoşlayır, məsləhətlə deyil ki. Amma elə mədəni ədəbiyyatın içində bəzən, yeri gəlirsə vulqarizmlərdən istifadə eləmək məqbul sayılır. Ədəbiyyatdısa incə duyğular da olacaq, intim də olacaq, kobudluq da olacaq, bir sözlə həyatın təsviri olacaq. Mənim təklifim gözəl yazmaqdı. Dünya səviyyəsinə çıxmaq, lokal qalmamaq.


Yazar Kənan Hacı: 
- Əvvəla, mədəni və ya vulqar ədəbiyyat ifadələrin nə dərəcədə doğru olması mənim üçün çox şübhəlidir. Ədəbiyyatı bu cür təsnifatlaşdırmaq kökündən yanlış bir fikirdir. Ədəbiyyat elə ədəbiyyatdır. Vulqar deyəndə bulvar ədəbiyyatı düşünülür, amma söhbət ciddi ədəbiyyatdan gedirsə, hər bir ciddi ədəbiyyat nümunəsi həyatı əks etdirir və bu həyatda gözəllik də, eybəcərlik də yanaşıdır. Yazıçının ustalığı ən iyrənc həyat həqiqətlərini də bədii materiala çevirə bilməsidir. Əlbəttə, bayağı yox, peşəkar yazıçı qələmi vulqarlığı da yonub ondan sağlam bədii mətn düzəldə bilər. Dünya ədəbiyyatında bunun saysız nümunələri var.
Züskindin "Ətriyyatçı", Markesin "Kədərli fahişələrim", Koelyonun "11 dəqiqə" və s. Ədəbiyyatımız məncə, etibarlı əllərdədir. Sadəcə, ədəbiyyata əsaslı dövlət dəstəyi olmalıdır. Kitabların ƏDV-dən azad olunması kitab nəşrinin inkişafına çox böyük kömək olar.


Yazar Zaur Qəriboğlu: 
- Ümumiyyətlə, mənə belə gəlir ki, ədəbiyyata yasaq olmalı deyil. Sadəcə, hər bir şeyin həddi olmalıdır. Ədəbiyyat oxucuya mövzunu ədəbi dillə çatdırmalıdır. Hardasa, müəyyən açıq səhnələr də ola bilər. Çünki ədəbiyyat özü də həyatdır. Amma daha bu vulqar şəkildə olmalı deyil. Çünki zatən həmin açıq-saçıqlığı insan öz həyatında yaşayır. Bu sadəcə yeniyetmə uşaqların porno filmlərə baxmaq həvəsinə oxşayır. Yetişmiş insana mətndəki açıq-saçıqlıqdan çox, həmin əsərin mövzusu, fəlsəfəsi və probleminin həlli yolları lazımdı. Həm də ədəbi dildə. Kitab nə üçündü, həm də dilin püxtələşməsi üçün. Adi insan onsuz da açıq -saçıq ifadələri bilir. Kitabı ona görə oxuyur ki, ədəbi dili də öyrənsin, nitqini tarazlasın. Əgər, onu da açıb, özünün bildiyi sözləri oxuyursa, daha ordan nə öyrənmiş oldu ki?! Mənim fikrimcə, hər bir bədii əsərin fəlsəfəsi olmalıdır. Fəlsəfəsi olmayan mətn, adi insanın sadəcə, özünün, heç kimə gərək olmayan duyğu yazılarına bənzəyir.


Söz Azadlığını Müdafiə Fondunun  eksperti Nəzirməmməd Quliyev: 
- Vulqar ədəbiyyat ifadəsini mən qəbul edə bilmirəm. Ümumiyyətlə, ədəbi dəyər və vulqarlıq mahiyyət etibarilə zidd məfhumlardır. Ümumiyyətlə, bir-birini inkar edən fikirlərdir. O başqa məsələ ki, ədəbiyyat vulqarizmə baş vurmağa bir növ məhkumdu. Çünki ədəbiyyat gerçək həyatsız yaşaya bilmir, gerçək həyatsa vulqarizmsiz. Mənim fikrimcə, ədəbiyyatda avanqardlıq naminə yox, həyatın əsl tablosunu çəkmək naminə vulqarlıqdan da yalnız yeri gələndə istifadə eləməyə dəyər. Ancaq bütövlükdə vulqar ədəbiyyat. Mən belə leksikonu qəbul edə bilmərəm. Lap vulqar ədəbiyyat yaratmaq eşqilə yaşayanlar incisə də belə...


Şair, nasir, tərcüməçi Əyyub Qiyas: 
- Ədəbiyyatı mən  mədəni və ya vulqar ədəbiyyata bölə bilmirəm. Ədəbiyyat həyat hadisələrini, insan psixologiyasını, hissləri ədəbi dildə, inandırıcı verə bilməkdir. Əgər həyatdısa, orada sevgi də var, nifrət də. Sevgi varsa ehtiras da olmalıdır, nifrət varsa qisas da. Yəni hər şey yazının içindən çıxır. Kimsə qarşısına məqsəd qoyub yalnız açıq-saçıq, ya da yalnız mədəni ədəbiyyat yaratmaq istəyirsə, düz yolda deyil. Yaxşı ədəbiyyat yaratmaq üçün yaxşı müşahidə qabiliyyəti, hadisələrə münasibət, analiz, məcara, erotikadan tutmuş siyasətə qədər hər şeyi dəqiqliklə öyrənmək və onu ustalıqla yazıya gətirə bilmək lazımdır. Dünya ədəbiyyatı tarixində biryönlü müəlliflər az olmayıb, onlar müəyyən dövrdə, müəyyən oxucu arasında papulyarlıq və sevgi qazana biliblər. Dostayevski, Bulqakov, Markes, Sarter, Mopassan, Servantes... və yüzlərlə belə dahi yazarlar isə illərin, əsrlərin sınağından keçiblər. Kim ki, yazdığına ədəbiyyat adı verib onu yaşadığı dövr və öz ətrafı üçün yazırsa, təəssüf! Çəkilən hər nədirsə, zəhmətdir və o zəhmət boşuna sərf olunur. Amma həyat, zaman və insan üçbucağının içində yaranan ciddi ədəbiyyat  həmişəyaşardı. Mən kiməsə resept verməkdə acizəm. Hər kəs öz ədəbiyyatını yaradır. Tarixdə də hər kəsin öz imzası qalır. Biz imzalarımıza hörmət etməliyik. Elə bu gün üçün də, sabah üçün də...


Yazar Aysel Əlizadə: 
- Sözün düzü heç bilmirəm ədəbiyyatın inkişafı üçün adam nəsə bir təklif verə bilər və ya verməlidi ya yox. Bu o qədər doğal və öz-özünə bir prosesdi ki, hamımız yığışıb ədəbiyyatı maşın kimi arxadan itələsək də, əgər maşın özü xarabdısa, işə düşməyəcək. Bu istedad və ürək məsələsidi. Kimə demək olar ki, sən belə yox,  bu cür yaz? Ümumiyyətlə niyə adamlar bir-birinə yol göstrməkdən ötrü ölürlər, anlamıram?! Sözsüz əgər kimsə yazısını tutaq ki, mənə göstərib sual verirsə, fikrimi deyirəm. Daha yaxşı olması üçün gərəkli hesab etdiyim (oxucu kimi) təklifimi söylləyirəm. Ancaq bunu ictimailəşdirmək, problem şəklində çözməyə çalışmaq gərəksizdi zənnimcə. Yazı su kimidi, axıb çuxurun tapır. Səni ya oxuyurlar ya da oxumurlar, bu qədər. Ya yaza bilirsən ya da yox. Vulqar ya qeyri-vulqar bu oxucuyla yazıçı arasındakı münasibətlərdi. Mən sevmirəm vulqarlığı, ancaq sevənlər var və kimsə onlara bunu qadağa edə bilməz. Sveyq yazır ki, fahişəlik seksual azadlıq olmayan zamanda yaranıb. Qadağalar artdıqca vulqarlıq da artır.


Yazar Oktay Hacımusalı: 
- Mədəni ədəbiyyat yoxsa vulqar ədəbiyyat? Əlbəttə, əvvəlcə gərək mədəni ədəbiyyat anlayışını estetik ədəbiyyat anlayışı ilə əvəzləyək. Bütün hallarda vulqarizm ədəbiyyatda qəbul edilən hal deyil. Əgər kimsə yazdığı yazıda vulqar ifadələrdən, söyüşdən, təhqirdən bəhs edirsə, avtomatik olaraq bu həmin şəxsin kifayət qədər bədii vasitələrdən istifadədə bacarıqsızlığından irəli gəlir. Bütövlükdə dünya ədəbiyyatında və onun tərkib hissəsi olan Azərbaycan ədəbiyyatında kifayət qədər maraqlı əsərlər var ki, orda vulqar ifadələr və səhnələr həddindən artıq ustalıqla verilib. Həmin səhnələri oxuduqca, düşünürəm ki, bu gün əlinə qələm alıb cümləni baş – ayaq yazan, şəxsiyyət vəsiqəsi ala – almaya roman yazmağa girişən, əslində isə elə özləri ədəbiyyatın şarj qəhrəmanları olan bu yazarciyəzlər görəsən bu səhnələri necə təsvir edərdilər? Bəlkə də onları da qınamalı deyil, ədəbiyyat elə bir hala gəlib ki, 1990–cı illərin axırında mövcud olan sarı (bulvar) mətbuatı indi ədəbiyyatımız vasitəsi ilə inkişaf etdirilir. Bu da məlumdur ki, təsadüfi ola bilməz. Mütləq arayıb–axtarsan bu insanların şüuraltında şəxsi kompleksləri var ki, bu da elə ədəbiyyatı sarı ( bulvar) ədəbiyyatı səviyyəsinə gətirib çıxarmaq istəyənlərin işinə yarayır.
Əsərlərdə daha çox incə duğlurandan, psixoloji problemlədən yazmaq, yoxsa daha çox açıq-saçıqlığı ön plana gərirmək? 
Açıq – saçıqlıq bizdə yanlış anlaşılır. Bizdə xüsusən müstəqillikdən sonra belə bir tendensiya yaranıb ki, kim müasir olmaq, postmodernist qılıfının arxasında gizlənmək istəyirsə, əlinə qələmi götürür və başlayır ağzına gələni beyninə dolanı kağıza ifraz etməyə. Bir dəstə də var ki, bunların yazdıqlarını o dəqiqə göylərə qaldırırlar, şedevr nümunəsi kimi millətə sırımağa çalışırlar. Halbuki, bu yazılanlar hamısı sabun köpüyüdür. Bir ekol yaratmağa çalışırlar və bu yaranan ekolun iki qanadı var. Bir dəstə söyüşcül, postmodern sözünün (ki, o söz artıq Avropada və onların üzlərini çevirdikləri imperialist dünyada çoxdan başa çatıb) arxasına sığınaraq yaşamağa çalışır, digər dəstə isə yalandan özünə intellektual görkəm verir və millətə dərs keçir. Bütöv bir mətni hansısa xarici saytdan götürüb öz adlarından yazıb intellektual görünməyə çalışan bu dəstə ilə özlərindən bu ədəbiyyatın suyunun suyunun suyunu yaradanlar arasında elə düşünürəm ki, ciddi bir fərq yoxdur. Hər iki dəstə ədəbi fırıldaqçılıqla məşğuldurlar. Və onların inanmıram ki, psixoloji problemlədən bəhs edən ciddi əsərlər yaza bilsinlər. Çünki, ədəbiyyat üçün sözün əsl mənasında IÇ lazımdır. Bu günkü ədəbiyatımızda isə təəssüf ki, iç yoxdur.


İbrahim Sel, Professional Oxucu Liqası: 
- Əlbəttə, mədəni ədəbiyyət. Siz çox incə bir məqama, ədəbiyyatın yaralı yerinə toxundunuz. Vulqar- bu, elə iyrənc deməkdir. Pornoya hər gün baxmaq olmaz. Pornoya hər gün baxmaq immun sistemini zəiflədir, orqanizmi gücdən salır. İnsanlığa düşünmək lazımdır. Mədəni ədəbiyyat beyini təkamül etdirir.
Ədəbiyyatın müsbət yöndə inkişafı üçün çox sözlər demək olar, amma indiki şəraitdə özünüz də bilirsiniz ki fantastika olaraq qalaraq. Heç olmasa bir normal həftəlik qəzet buraxılmalıdır və maliyyələşdirilməlidir. Və bu qəzet hökmən azad olmalıdır. Durğunluqdan azad, yerlibazlıqdan azad, gerizəkalılıqdan azad... Siyasətdən uzaq olsun, amma sərbəst olsun. Ruslarda bir gözəl ifadə var, bizim dilə çevirməyə heç ehtiyac da görmürəm, çünki effekt itir: “vne politiki”. Qoy o qəzetin şüarı da belə olsun: “Vne politiki!”. Siyasətə qarışmadan sırf sənətlə məşğul olsun ki, nə repressiyalara məruz qalsın, nə də iveroalienlərin hər addımbaşı maneələri ilə üzləşsin. Sərbəst şəkildə sırf sənətlə məşğul olsun. Debütantlar orda dərc olunmalıdır. O qəzetə hökmən ədəbiyyat fədaisi rəhbərlik etməlidir, daha hansısa ədəbi generalın bibisi-xalası oğlu yox! Bu qəzet “İstedadlar axtarırırq” layihəsinə start verməlidir. Bilirsiniz, mən çox debütantlar görmüşəm ki, ilk yazısı ya zəif olduğundan, ya digər səbəbdən dərc olunmayıb, ona görə də o ədəbiyyatdan itib gedib. Onlara həmişə diqqətlə yanaşmaq və səxavətlə yer ayırmaq lazımdır. Sıralarımız seyrəlir, özümüzdən sonra kimlərisə yetişdirməliyik.


Yazar Cəlil Cavanşir:
-  Mənim üçün ancaq ədəbiyyat anlayışı var. Vulqar hesab olunan ədəbiyyat da mədəni ədəbiyyata aiddir. Mədəni olmayan ədəbiyyat yoxdur. Dünya bu söhbətləri artıq həll edib. Biz hələ də ədəbiyyatda söyüş, açıq-saçıq ifadə məsələsini müzakirə edirik. Mənim üçün ancaq ədəbiyyat anlayışı var bütöv halda. İncə ruhlu, ütülü ədəbiyyat da, aşırı vulqar və pornoqrafik mətnlər də məni yorur. Mən əsl, həyata bənzəyən ədəbiyyatı sevirəm. Yazılarımda açıq-saçıq səhnələri yazmaqdan çəkinmirəm. Dəlicəsinə sevişən iki gəncin yataq səhnəsini təsvir etmək üçün hələ ütülü sözlər kəşf olunmayıb. Deməli saxtakarlıq etmək, ütülü, sizin dediyiniz kimi yazmaq mümkün deyil. Bütün psixoloji problemlərin kökündə libido, ehtiras və seks var. Psixoloji qatı olan əsərlərdə seks və vulqarizm olmalıdır. Mən qətiyyətlə romantik sevgi romanlarına qarşıyam. Belə əsərlər oxumaq çox darıxdırıcı və yorucudur. Mənim üçün həyat bütün çılpaqlığı ilə yazılanda ədəbiyyat hesab olunur. Özüm də açıq-saçıq yazmaqdan çəkinmirəm. 


Könül Səid

Комментариев нет:

Отправить комментарий