28.03.2012

Rasim Qaraca. Yeniyetmələr üçün fantastika


Qamışlıqda yox olanlar

          Axşam saat 11-ə qalmış Mətin  eyvanda oturub xəyala qapılmışdı. Çayını içib tamamlamış, yenicə bir siqaret yandırıb çəkməyə başlamışdı. Birdən – birə metroda, yaxud təyyarədə olduğu sayaq qulağının “ batdığını” hiss etdi, lakin bu bir neçə saniyə çəkdi. Eyni anda qamışlığın lap içərilərində güclü bir parıltı görünüb, o andaca yox oldu.

          Mətin maraqlanıb eyvanın lap kənarına gəldi, diqqətlə  baxmağa başladı. O yanda qamışlığın üzərində işiqlı bir zolaq əmələ gəlmişdi.
          Yəqin bu qaban ovçularının hoqqabazlığıdır, - Mətin düşündü, - demək hər cür axmaq hadisə gözləmək olardı. Məsələn, qamışlıq alışıb yana bilərdi, bu isə onun  evi üçün təhlükəsiz deyildi.
          Mətinin evi şəhərin qurtaracağında idi, buradan o tərəfə , yüz hektarlarla məsafədə  qamışlıq uzanırdı.
          Qamış dənizinə baxdıqca Mətin hər zaman özünü yad bir planetdə hesab edirdi, sanki o, böyük bir şəhərin qurtaracağında yaşamırdı, sanki oradakı səs –küy, qarışıqlıq hasarın o tərəfində , bir neçə addımlığında deyildi.
          Axşamlar,  adətən, iş otağına çəkilb orada məşğul olan Mətin son günlər  nədənsə eyvanda oturar , siqaret  çəkərək  və çay içərək həzin bir musiqi imiş kimi qamışların xışıltısina qulaq asardı və hərdən – bir nəsə tapmış kimi qeydlər edərdi. Bu onun yeni həyatiydı. Bu evə qışda köçmüşdülər. İndiysə may ayıydı.
          Saat 11-30 da telefon zəng çaldı. Arvadını yuxudan oyatmamaq üçün barmaqlarının ucunda odaya girdi, dəstəyi götürüb pıçıltılı səslə: - eşidirəm - dedi.
          Lakin ... eşitdiyi sözlər Mətinin anlamadığı bir dildə idi. Yumşaq, ləngidilmiş maqnitafon yazısını xatırladan bu səs əslində  Mətinə son dərəcə tanış gəldi. O, tanışlarından birinin onunla zarafat etdiyini düşündü. Lakin bu səsin kimin olduğunu çıxara bilmədi.
          Arvadı yuxudan oyanıb yatağın içərisində oturmuşdu:
          -İndicə yuxu görürdüm – qadın bu görkəmində böyük uşağa oxşayırdı.
          -Nə yuxu? - Mətin səsindəki həyacanı gizlətməyə çalışdı.
          -Gördüm  ki, - qadın uşaqsayağı dilləndi, - televizora baxırıq. Diktor komendant saatında tutulanların adını sadalayır. Guya tutulanların arasında sən də varsan. Mən elə yerimdəcə diktorun sözünü kəsirəm, sən yalan deyirsən, deyirəm, mənim ərim bax burada yanımdadır. Sübut etmək istəyirəm ki, sən komendant saatlarında heç vaxt evdən çölə çıxmırsan. Guya diktor mənim sözümə aldırmayıb davam edir: “Bəzi adamların, - guya  mənim, - etirazını nəzərə alıb tutulanlar haqqında çəkdiyimiz sujeti sizə göstəririk“. Başlayırlar sujeti göstərməyə. Guya sən çox təhlükəli cani olduğun üçün çəkiliş kosmosdan gedir. Diktor isə artıq televizorda yox, evin içində dayanıb əlindəki çubuqla ekranda kiçik bir nöqtəni göstərib deyir: “Bax sənin ərin budur, o , Pakistan sərhəddini  keçəndə yaxalanıb”.
          Mətin özünü elə göstərdi, arvadına diqqətlə qulaq asır, ancaq xəyalən qəribə
telefon zəngi ilə məşğul idi.
          Eyvana çıxıb tələsmədən daha bir siqaret alışdırdı , nə deyəcəyini götür-qoy edərək qamışlığa tərəf baxmağa başladı. İşıqlı zolaq əriyib yox olmuşdu. Külək əsdikcə qamışlar yırğalanıb arasıkəsilməz xışıltı doğururdu.
          Hər halda bu telefon zəngi bir zarafat idi.
          Küçə qapısı açıldı və örtüldü. Yox Mətinin qara basmamışdı, hətta qapı örtülərkən əməlli-başlı çırpılmışdı.
          Pilləkənləri enib qapıya çatana qədər dostu Nicatın o, indi yaşadığı evi kirayə götürərkən dediyi sözləri xatırladı: “Gənc ailəsiniz, şəhərin qurtaracağında, qamışlığın içərisində yaşamağı məsləhət görmürəm”.
          Qapının aralığından onun arxasında kiminsə dayandığı açıq–aşkar görünürdü.
          Kimdir?
Салли Манн. Мистика глубокого юга.          Cavab gəlmədi.
          Qapını açdı. Qaranlıqda gözləri parıldayan kabusa bənzər iki nəfər onunla üz-üzə dayanmışdı.
          -Bizə Mətin lazımdır...
          -Mənəm ...
          Onlardan birinin dişləri ağardı:
          -Çox şadam, biz adaşıq...
          İkinci adam, üzündən dəmir iradəli bir insan olduğu görünən kişi soyuq və ötkəm səslə:
          -Bizə sənin köməyin lazımdır.
          -Başa düşürəm, - Mətin həyacanlı olduğunu üzə vurmamağa çalışaraq, - buyurun evə - deyə bildi.
          -Məsələ burasındadır ki, bizim vaxtımız olduqca azdır...
          -Həm də bizə sakit bir yer lazımdır ağıllı başlı söhbət edə bilək.
          -Nə təklif edirsiniz? – Mətin soruşdu.
          -Təklif edirik bizimlə gedəsiniz.
          -Sizinlə gedə bilməyəcəyəm, çünki arvadım evdə təkdir, yuxudan durub görsə ki, yoxam, dəli olar. Həddindən artıq qorxaq bir insandır.
          -Elə  isə arvadınızı da özünüzlə götürün.
          -Deyin ki.., xaricdən qonaqlarınız gəlib, onda bu gecə qonaqlığı o qədər də yersiz görünməz.
          Mətin  çaşqın halda bu qəribə adamların üzünə baxırdı:
          -Əgər uyğun görürsünüzsə, buyurun, mənim atelyemə.
          Evin arxasındakı bağçadan keçib çəpərlə bitişik tikilmiş birmərtəbəli otağa girdilər. İşdir-şayət, Sevən ayılmış olsa, atelyenin işığının yanmasından onun orada olduğunu biləcəkdi.
          -Gecə yorğunluğunu aradan qaldırmaq üçün yüngülvari bir şey içək, nə arzu edirsiniz?
          -Narahat olmayın, biz hər şeyi nəzərə almışıq – Mətinin adaşı çantasından bir şüşə çıxardı. O, şüşənin üstündəki yazını oxuduqda yerindəcə donub qaldı - “Şirin öd” – Mətinin yazdığı məqalələrdən biri belə adlanırdı.
          Onlar köhnə divan və kreslolarda əyləşdilər. Şüşəbənd akvariumdan içəriyə yaşıl işıq süzülürdü.
          Mətin yalnız indi fikir verib gördü, o, öz adaşı ilə sanki əkiz idilər. Belə bir bənzərlik inanılmaz idi.
          -Demək siz xaricdən gəlmisiniz?
          -Hə elədir, belə demək olar. Əslində biz Türkiyə vətandaşlarıyıq, ancaq bu sizin bildiyiniz Türkiyə deyil...
          -Başqa cür necə ola bilər?
          Biz Türkiyədənik, amma Yer planetindən deyilik...
          Demək istəyirsiniz ki, siz yer kürəsindən deyilsiniz, belə çıxır ki, siz başqa planetdən gəlməsiniz - Mətin onların zarafat etdiyini başa düşmüş kimi güldü.
          -Gəlin tələsməyək, ilk öncə siz deyin, yerdənkənar sivilizasiyalar haqqında nə bilirsiniz, bu sivilizasiyaların varlığına inanırsınızmı?
          -Yerin göy ənginliyində təkcə olduğunu düşünmək..., məncə bu məntiqə uyğun bir şey deyil.
          -İşdir, şayət kimsə sizə yaxınlaşıb “mən marslıyam” ya da “mən N planetindənəm“ desəydi...
          Ola bilər, mən bunu şübhəylə qarşılayam, ürəyimə nəsə damar – bu ara Mətin adaşının onunçün süzdüyü içkinin dadına baxdı, - ancaq razılaşın ki, hər bir Yerli buralı olduğunu sübut etməyi bacardığı  kimi, hər bir Veneralı da Veneralı olduğunu sübut etməyi bacarmalıdır.
          -Demək, kiminsə “yad” planetdən olmasını siz normal qarşılaya bilərsiniz və ola bilsin, lazım  gəlsəydi onlarla hər hansı işbirliyinə də də razılıq verərdiniz.
          -Məncə normal qarşılayardım, işbirliyi haqqındaysa heç bir söz deyə bilmərəm.
          -İş burasında ki, siz Yerdə bizə kömək edə biləcək əvəzi olmayan  bir adamsınız.
          -Axı necə, mən sizə necə kömək edə bilərəm...?
          -Biz bildiyimizə görə Yerdə “sözlərin kimyası” ilə sizdən başqa heç kimsə məşğul olmayır.
          -Mən sadəcə həvaskaram, özü də təkcə türk dilləri üzrə.
          -Bizim diqqətimizi ən çox çəkən də odur ki, siz türk sözlərinin kimyası ilə uğraşırsınız. Sizin televizyon ilə çıxışınızı almışıq, biz bildiyimizə görə, 1127 dünyada sizi yaxşı tanıyıralar.
          Mətin 1127 sayını yeni bir zarafat kimi qulaqardına vurdu:
          -Nahaq yerə həmin verilişi yadıma saldınız , ondan sonra  məni az qala dəlixanaya salacaqdılar...
          -Bizim bundan xəbərimiz var...
          Qonaqların hərəkətlərində tələskənlik hiss olunurdu.
          -Mən nə etməliyəm – deyib Mətin ona tanış olmayan içkidən bir udum daha içdi.
          -Demək danışığımız baş tutdu... Məsələ belədir: biz Yerə heç gözlənilmədən enmişik, daha çox sizin və adaşınızın xatirinə... – hələ öz adını söyləməyən “dəmir üzlü” dedi, yol yoldaşı təsdiq əlaməti olaraq yüngülcə başını yırğaladı – ilk öncə, bizim “gözdənyayınmaz”ın, sizin deyiminizlə “uşan dərinkəmizin ”kod sistemində dolaşıqlıq düşüb, indi onu işə salmaqda çətinlik çəkirik. Gəmi, əgər belə demək olarasa , hərəkətverici gücünü sözlərdən alır. Görürəm, sizin ağzınız açıla qalır, ancaq işləmə prinsipi çox sadədir. Bildiyiniz kimi, türk dilində olan sözlərin sonsuz törəmə özəlliyi vardır, şəxsən sizin öz deyiminizlə “sözlər bir-biri ilə reaksiyaya girir”, sonucunda yeni sözlər alınır. Kök sözləri reagentlər adlandırsaq, alınan yeni sözlərin çəkisi reagentlərin çəkisinə bərabər olmalıdır, üstəlik deyəsən, ahəng qanunu gözlənilməlidir.
          -Düzü ahəng qanuna görə biz yanacaq kimi türk dilindən istifadə edirik - Mətinin adaşı söhbətə qoşuldu.
          -Çox maraqlıdır, - Mətin dedi - yəqin, sizə yeni törəmələr sistemi lazım olacaq, mən bunu etməyə hazıram, hələ məndə hazır formulalar var ki, bəlkə işinizə yaradı. Lakin, bir şey məni düşündürür, sirr deyilsə, sözlərin yanacaqa çevrilməsi, başqa sözlə, sözlərin maddiləşməsi nə yolla baş verir?
          -Yox, əsla sirr deyil. Ancaq bizim vaxtımız son dərəcə dar olduğuna görə bir an öncə işə başlamalısınız, bu barədə danışmağa isə vaxt taparıq. Biz “əlaqələndirmə” kometinə çatmalıyıq.
          Mətin kitab dolabına yaxınlaşıb bir neçə qovluqla qayıtdı:
          -Bunlar mənim cızma–qaralarımdır.
          Görünür içkinin “təsirindən” idi, hərəkətlərində azacıq yüngüllük əmələ gəlgəlmişdi, yaşıl işıqda doğrudan da fantastik dünyanın adamları kimi görünən qonaqların başqa planetdən gəlmə olduğuna ürəyində heç bir şübhə qalmamışdı.
          -Bax burada türk şairi Füzulinin “Can sözdür, əgər bilirsə insan” misrasının sxemləridir. Bu qovluqdakılar isə Bibliyadan götürdüyüm “Hər şeydən əvvəl söz olmuşdur” deyiminin törəmələridir.
          -Bunlar çox maraqlıdır, lakin...
          -Nəzərə alın, bizim cəmi 12 saatımız var... – Dəmir üzlü dedi.
          -Elə isə deyin, mən nədən başlayım.
          -Biz özümüzlə uçan dərinkənin kod cədvəlllərini gətirmişik, onlardan baş açmaq o qədər də çətin deyil bütün yazılar yalnız türk dilindədir, azacıq dəyişikliklər latın qrafikası ilə yazılıb. Baxın, bu qırılan cizgiləri görürüsünüz, bunlar ardıcıllığın pozulduğunu göstərir, lazım olan sözlərin yeri boşdur, bu nədənlə bizim “dərinkəmizin” yaddaş maşını qıdalanmır, belə olduğuna görə, sizin deyiminizcə, mühərrik sönür.
          - Əslində bu sizin sualınızın cavabıdır - Mətinin “alter eqo”su dilləndi - gəminin elektron yaddaşı , sadəcə olaraq, sözlərin özünü deyil, onların ifadə etdiyi hərəkəti qəbul edir - sözlər yalnız, hərəkətverici impuls rolunu oynayır, nə qədər qəribə səslənsə də onlar yanma prosesində iştirak edir. “Yanmış” söz isə ilkin enerjisini itirdiyindən təkrar zamanı heç bir effekt vermir, başqa sözlə, təkrar söz elektron yaddaşda heç bir qıcıq doğurmur. Bir sözlə, gəminin düzləndirici kabinəsini əsil filoloji yaradıcılıq laboratoriyasına bənzətmək olar.
          -Bəs başqa nitq hissələrindən, məsələn, ismlərdən nə cür yararlanırsız?
          -Adi qaydada. Hər sözün öz çəkisi var, hər bir söz öz-özlüyündə maddidir, elektron yaddaş belə şeylərdə ən yaxşı şairdən də həssasdır.
          -Üstəlik, hər sözün öz rəngi, öz xuyu, isti-soyuqluğu, ölçüləri diqqətə alınır...
          -Aman, bunlar çox maraqlıdır...
          -Sadəcə olaraq, biz Türk dünyalarını təmsil etdiyimizə görə saysız-sonsuz kod sistemləri sırasında öz milli kod sistemimizlə çıxış edirik. Bu sistemin üstünlüyü ondadır ki, bütün türk dünyalarında həmin kod sistemini zəngilləşdirə bilən, bir nəfər də olsa, bilici tapmaq mümkündür. Başqa bir yandan, biz yalnız türk dünyalarının ulaşa bildiyi, yerdə qalan heç kəsin anlamayacağı bir yöntəmlə işləyərik. Bu da bizim təhlükəsiz çalışmağımıza imkan verir.
          -Bunları sanki yuxuda görürəm, - Mətin dedi. - Bəs...
          -Sualları saxlayın, - “dəmir üzlü” güldü - hər şeyi bilməyə tələsməyin. Hələlik türk olduğunuzu sübut edin – səhərə qədər gözünüzü yummadan çalışmalısınız, bunu unutmayın, minlərlə sözü gözdən keçirməli olacaqsınız, hər şey sadə olduğu qədər də dolaşıqdır.
          -Əvəzində sizi surpriz gözləyir – yad planetli Mətin dedi.
          -Surpriz!? Gərək yoxdur! Mən əlimdən gələni edəcəm, ancaq, bir şeyi deməmiş getməyin. Telefon zəngi, bu sayaq həyacanlı danışıq sizin nəyinizə lazım idi?... Mən bir saat bundan qabaqkı telefon danışığını deyirəm, yanılmıramsa bu siz idiniz.
          -Hə, bunu bizim qabalığımız saya bilərsiniz, unutmayın, planetlərarası ilişgilərdə kod fərqlilikləri vardır. Bir də, yoxlamaq istəyirdik, siz nə yerə qədər soyuqqanlısız, bu vacib idi...
          “Dəmir üzlü” saata baxdı:
          -Hər an qiymətlidir, - dedi. - Biz gedək.
          Onlar sağollaşmadan, nədənsə Mətinə göründüyü kimi sərt və münasibətsiz bir şəkildə atelyedən çıxıb evin arxasına keçdilər, küçə qapısından deyil, həyətə yaxşı bələd olan adamlar sayağı çəpərsiz tərəfdən qamışlığa daldılar. Onlar boy-buxunları, yerişləri, əyinlərindəki kostyumları ilə Mətinin göründüyü, təmasda olduğu adamlardan çox da seçilmirdilər, buna baxmayaraq Mətinin onların başqa planetdən gəlmə olduqlarına inamı sanki sarsılmaz olmuşdu.
          Ömür boyu heç zaman özünə həmfikir tapa bilməyən Mətinə bir neçə dəqiqə bundan əvvəlki söhbətlər yuxu kimi gəlirdi. Onun əslində heç bir ümid bəsləmədiyi televizyondakı çıxışının bu cür effekt doğurması görkəzmə idi. Demək gerçəklik  doğrudan da  gec-tez öz yerini tapır - onun türk dilinin ən varlı, gələcəyi olan bir dil olması haqqındakı iddiaları boşuna deyilmiş. Demək o, özünü XXI əsrin peyğəmbəri saymaqda yanılmayıb. Bir həftə bundan qabaq həkim kollegiyasının onun haqqındakı qərarı indi nə qədər gülünc görünürdü.
Fantastik Resimler          Türkiyə və yad planet anlayışları bir araya sığışmaz kimi görünsə də bu sirrin tezliklə aşkarlanacağı arzusu ilə işə başlayan Mətin arabir masanın üstündə qalmış “Şirin öd” dən içir, sözlərin reaksiyasından doğan nəticələri ayrıca bir vərəqə yazırdı. Bu onun çoxdan öyrəşdiyi bir iş olduğuna görə heç bir çətinlik çəkmədən törəmələr qeyd olunmuş cədvəldə pozulmuş ardıcıllıqları   quraşdırdı, kod sistemindəki sorğu işarəsi qoyulmuş boş xanaları uyğun dil vahidləri ilə doldurdu. Hələ bir fürsət tapıb, özü üçün, tanış olmayan onlarca türk sözünü dəftərcəsinə yazdı...
          Öhdəsində olan işi bitmiş sayıb arvadına baş çəkmək istəyən Mətinin təmiz səhər havasında bir anlıq başı gicəlləndi. Gözəl may səhəri idi - quşlar səs-səsə verib o qədər sürəkli cəh-cəh vururdular, sanki, bütün yatmışları həyata , yaşamağa çağırırdılar.
          Mətin öz evinə tərəf baxdı - pəncərə qaranlıq idi. Demək Sevən hələ oyanmamışdı. Mətinə elə gəldi, ev əvvəlki yerində deyil, ən azı yüz addım qamışlığa tərəf yaxınlaşmış, sanki kiçilmişdi.
          Mətinin ürəyi narahatlıqla döyünməyə başladı, bir an ayrılarkən yad planetlilərin üzündə yaranmış soyuq ifadəni xatırladı. Bir daha, diqqətlə, evi, həyətdəki ağacları, daş çəpəri, çəpərin arxasından görünən qonşu evlərin damlarını gözdən keçirməyə başladı. Ola bilsin, hər şey yorğunluqdandır, düşündü. Hər halda evə çatana qədər ürəyədammalar onu buraxmadı. Çardaqdan bir daha yan-yörəni süzdü. Axşam qamışlıqda baş vermiş hadisənin yeri qabaqlarda olduğu kimi idi.
          -Yataq otağının qapısı açıq idi, sərin yaz havası içəriyə dolmuşdu. Sevən yatırdı, yorğanı yataqdan yerə düşmüşdü,  əynindəki gecə köynəyi döşlərinə qədər çırmalanmışdı. Üzünün ifadəsindən şirin yuxuda olduğu hiss olunurdu, dodaqlarında kiçik bir gülümsəmə vardı.
          Mətin arvadının üstünü örtdü, yorğunluq ona güc gəldiyindən özü də soyunub yatağa girdi, heç vaxt duymadığı bir yanğı ilə qadına sarıldı.
          Arvadını qucaqlayərkən Mətin onunla birgə gözlədikləri xoşbəxt günün yetişdiyini düşünürdü. Ərinin eksperimentləri ilə Sevən heç vaxt maraqlanmazdı, ama Mətinin bacarığına, nə vaxtsa əməyinin bəhrəsini görəcəyinə inamsız deyildi. Ürəyi durmadan bu eksperimentlərin nə vaxt pula dönüşəcəyini gözləyirdi.
          Mətin yarıyuxulu yad planetli adamlarla danışıqlarını düşünürdü, özünü yuxuya qapılmaqdan qoruyurdu, deyəsən , yuxuya getməkdən, ayılarkın axşamkı hadisələrin yalnız arzulardan doğan xoş bir yuxu olduğunu  görməkdən qorxurdu. Eyni zamanda təzə tanışlarının hər an gələ biləcəklərini düşünürdü.
          Belə də oldu. Heç bir saat keçmədi, telefon zəng çaldı. Mətin dəstəyi qaldırdı, ancaq  heç bir cavab eşitmədi, əvəzində   telefona düşmüş radio yayınına qulaq asdı.           Dəstəyi asmaq istəyirdi ki, bir an əl saxladı, xəbər maraqlı idi. Diktor işgüzar, daha çox adi küçə danışığını andıran bir səslə deyirdi: “... Naxçıvan MSSR İliç rayonunun ərazisində sərhədçilər dəstəsi qanunsuz olaraq İrandan sərhəddi keçmiş iki nəfəri yaxalamışlar. Onların tutulduğu yerdən 4 avtomat, saxta valyuta , döyüş sursatı və başqa əşyalar tapılıb...”
          Mətin dəstəyi asdı.
          -Bu vaxt zəng eləyən Nicat olar! – Seven telefonun səsinə ayılmışdı
          -Yox, Nicat deyil, deyəsən yad planetlərdən gələnlərdir - Mətin yuxulu-yuxulu dilləndi.
          -Qəribədir, mən də yuxuda başqa planetlərdən gələnləri görmüşəm.
          -Necə görmüsən? - Mətin maraqlandı.
          -Gördüm ki, qadın yenə uşaqsayağı, kitabdan oxuyurmuş kimi aramla, - yenə həkimə getmişik, o, bizə ürək-dirək verir, uşağınız olacaq, deyir. Ancaq həkimin başında kolpak əvəzinə skafandr var, bizi yoxlayandan  sonra skafandrı çıxarır, onun üzü o qədər tanış üzdür ki, ancaq nə qədər ediriksə  yadımıza sala bilmirik. Həkim hiyləgərliklə gülür: - Mən göndəriş yazaram – deyir, – sizin əriniz Marsda, duz zağalarında sağlamlıq kursu keçməlidir. Yalnız bundan sonra  uşağınız olar. Oxşayır ola, həkimin kabineti kosmik gəmidir, içəridə teleskop, divarlarda isə pəncərələrin yerinə illüminatorlar var. Qəribədir, həkim daha sonra deyir: “Əgər yol pulunuz olmasa mən sizin əsərlərinizi alaram”. Sən də razılaşırsan...
          -Nə etməli, mən sənmin kimi maraqlı yuxular görə bilmirəm. Bu özü də bir naxışdır, ən çox da yaradıcı adamlar üçün yuxu həyatın özündən dəyərlidir... Sən isə görünür, uşaq dərdi çəkirsən, yaxşısı budur o barədə heç düşünməyəsən, uşaqsızlığı dərd etmək özü də bir də geridəqalmışlıq əlamətidir.
          -Gör neçə ildir evlənmişik, istəyirəm uşağımız olsun - bu sözləri deyərkən Sevən yatağının üstünə düşmüş bir parça gün işığını çağa imiş kimi sığallayırdı.
          Ancaq, onlardan heç biri gündoğan tərəfi qapalı olan yataq otağına gün işığının haradan düşdüyünün fərqinə varmadılar.
         Mətin atelyeyə girəndə “qonaqların” artıq burada olduğu gördü. Onlar Mətinə diqqət göstərmədən işgüzarca masanın üstünə əyilib onun əldə etdiyi nəticələri götür-qoy edirdilər.
          -Sabahınız xeyir!
          -Gününüz aydın olsun!
          -Gün aydın!
          -Mən düşünürdüm, bizim axşamkı danışıqlarımız yalnız bir yuxudur...
          -Yuxu həyatın özündən dəyərlisə nə üçün də yuxularla yaşamayasan - yad planetli – Mətin dedi.
          -Sizə deyim, yuxu haqqında bizim anlayışlarımız yalnız kitablardandır. Məsələ burasındadır ki, miflər insanın ilkin mədəniyyətinin göstəricisi olduğu kimi, yuxu görmək də insanın və onun yaşadığı toplumun geridəqalmışlığının gösrəricisidir. Bizə bəlli olan dünyaların yalnız bir neçəsində insanlar yuxu görürlər – “dəmir üzlü” dedi.
                    Mətin marağını gizlədi bilmədi:
          -Demək Yer sizə bəlli olan dünyalar içərisində ən geridə qalmışlarındandır.          
          -Nə acılar ki, belədir...
          -Bilmirəm siz  bu söhbətə nə dərəcədə hazırsınız - “dəmi üzlü” davam etdi, - bir sözlə, göy ənginliyindəki bütün sivilazasiyalar arasında, əgər belə demək olarsa, böyük konkurensiya vardır. Gücsüzlər istər-istəməz güclülərin modelinə çevrilir. Yer də bu cür modellərdən biridir. Hələ, sizin üçün gözlənilməz də olsa, Yer model dünyaların modelidir...
Kelebek Kız Ve Kedi          -Sizin dilinizdə “model” olsun ki, “müstəmləkə” yaxud “asılı dünya” anlayışına yaxındır, elə deyilmi?
          -Yox, yox - “dəmir üzlü” etiraz etdi, - hər bir dünya öz-özlüyündə müstəqildir. Mən şərti olaraq “model” sözünü işlədirəm, ola bilsin, hər hansı “geridəqalmış” dünya sürətlə irəliləmək sonucunda modeli olduğu dünyaları ötüb keçsin, əslində həmin dünyaları özünün modelinə çevirsin... – Öz fikrini daha anlaşıqlı çatdırmaq üçün bir an düşünməli oldu. – Belə götürün, bütün sivilizasiyaları sizin araşdırdığınız kök sözlərə və törəmə sözlərə oxşatmaq olar. Bir çox dünyalar, o sıradan Yer törəmədir, sadəcə olaraq, uğur qazanmış eksperementdir.
          Mətin gecəki söhbəti yadına saldı:
          -Siz dediniz, türk dünyasını təmsil edirsiniz, belə çıxır, ayrıca türk dünyası vardır.
          -Ayrıca türk dünyaları vardır - Mətinin adaşı düzəliş verdi.
          Onlar söhbəti davam etdirmək üçün əyləşdilər.
          -Sizdə elə görüş yaranmasın ki, biz millətçiyik, sədəcə, insanlığı öyrənmək üçün ən əlverişli anlayış “millət” anlayışıdır. Bəşəriyyətin taleyi isə millətlərin bu və ya başqa cür yerləşməsindən asılıdır. Ancaq bizim ölçülərimizlə hər hansı bir millətin nə yerəcən irəliləməsi maraqlı deyil, maraqlı odur ki, hansı millətin daha çox yaradıcılıq potensiyası vardır. Zənnimcə Yerdə öz daxili enerjisini qorumuş ən böyük toplum türk toplumudur. Bu anlamda Yer Türkiyəsini XXI yüzilin ölkəsi saymaq olar.
          -Bəs Azərbaycan türkləri, yerdə qalan başqa türk xalqları...
          -Sizə maraqlı bir şey deyim, - Mətinin adaşı dikəldi- mən özüm Azərbaycan türküyəm, amma “Çağdaş süpürgə” planetində yaşayıram. Bizim planetlər sistemimiz sizin Günəş sistemi ilə əkizdir. Bilirsiz, bütün sivilizasiyalar içərisində  Yerə ən yaxın və oxşar olan“Çağdaş süpürgə” planetində bütün tarixi hadisələr XX- cı əsrin 18-20- ci illərinə qədər paralel inkişaf etmiş, həmin tarixdən sonra Azərbaycan demokratik respublikası sizin dünyada yıxılmış, bizdə isə bu respublika daha da bərkimişdir. Hal- hazırda isə Azərbaycan dünyamızın ən varlı və irəli getmiş dövlətdir. Bir görün, bizdə Azərbaycanın müstəqqilik qazanması “Çağdaş süpürgə” planetini ən yeni inkişaf relsinə çıxarıb. Təkcə bir faktı deyim - Azərbaycan respublikasının irəliləməsi və bundan dolayı bütün geridəqalmış türk tayfalarının özünü tanıması sonucunda ikinci dünya savaşı “Çağdaş süpürgə”dən yan keçmişdir. Hal-hazırda “Çağdaş süpürgə” o biri türk dünyaları sırasında önə çıxmağa can atır.
          -Demək, türk planetlərini bir deyil, iki deyil?
          -Əlbəttə yox, məsələn “Sadəlövh sağsağan” planetində türk qurumu ən öncül qurumudur. Buna səbəb Şah İsmayıl Xətainin Çaldıran düzündəki qələbəsi olmuşdur. “Qırmızıpapış badımcan” planeti isə türklərin mərkəz planeti sayıla bilər. yeri gəlmişkən, mən həmin planetdənəm. Bizim tariximiz Yer tarixindən xalqların böyük köçü zamanından haçlanmşdır. Yəqin ki, Atillanın başçılığı altında Hun yürüşünü xatırlayırsınız. Məsələ burasındadır ki, o zaman Atillanın qoşunları indi sizin Avropa adlandırdığınız torpaqları atları gedə bildiyi yerlərə qədər istila etdilər. Yerdə böyük Türk imperuyasının yenicə yaranmağa başladığı XIII əsrdə “Qırmızıpapış badımcan ” da həmin imperiyanın 900 yaşı var idi. Yəqin ki, sizin üçün maraqlı olar, bizim planetdə sizin “Amerika” adlandırdığınız torpaqları türk dənizçisi Üzən kəşf edib. İndi o torpaqlarda türk dili ana dil sayılır. Bir şeyi də nəzərinizə çatdırım, “Qırmızıpapış badımcan” ilkin olaraq müharibələrin kökündən kəsilməsinə nail olan sivilizasiyadır - insan qırğınlarına son qoyulmasına tarixi bizdə 300 ili adlamışdır.
          -Bəs başqa xalqların necə, onların da öz dünyası varmı? - Mətin soruşdu.
          -Bəli, əlbəttə türklərin ümumiyyətlə bir etnos kimi məhv olduğu dünyalar da var. Bir Azərbaycan türkü kimi sizin üçün maraqlı olar: 1937- ci ilə kimi Yerlə paralel inkişaf etmiş “Beşulduz+dəryaz” planetində sonrakı hadisələr azərbaycanlıların bütünlüklə Orta Asiya dediyiniz düzənliyə köçürülməsi ilə nəticələnib. Həmin hadisədən sonra Yerlə “Beşulduz+dəryaz” planeti arasında tarixi paralellər ciddi şəkildə pozulmağa başlayıb.  Məsələn, İkinci Dünya savaşı on il  davam eləyib, ruslar bütün Avropanı əldə ediblər, İstambul isə böyük Rus dövlətinin paytaxtına çevrilib. “Beşulduz+dəryaz” planeti hər cəhətdən rus dünyasıhesab edilə bilər.
Kelebek Kanatlı Değirmenler          Heyrətdən və həyacandan Mətin kresloya sıxıldığını hiss etdi. Özünü ələ alıb qəddini dikəltdi.
          -Təəsüf ki, -“dəmir üzlü” davam etdi - yüzlərlə sivilizasiya arasında dünyalararası əlaqlərə girmək qabiliyyətində olanları barmaqla saymaq olar.
          -Bəs nə üçün geridəqalmış dünyalara, məsələn, Yerə təsir göstərmirsiniz. Nə vaxta qədər uçan dərinkələr yerlilərə görünüb yox olmaqla , sadəcə onları heyrətdə buraxmaqla öz vəzifəsini bitmiş hesab edəcək.
          -Bilirsiz, bizim qanunlara görə başqa planetlərin həyatına müdaxilə etmək cinayətdir. Hər şey öz təbii axarında inkişaf etməlidir. Hər kəs öz-özünə yol açmağı bacarmalıdır. Kənardan müşahidə aparmaqla biz öz vəzifəmizi bitmiş hesab edirik. Hətta, təsəvvür edin, nüvə müharibələri zamanı, bütöv sivilizasiyalar büsbütün yanıb məhv olduqda belə, bizim müdaxilə etməyimiz qanunla qadağan edilib. O ki, qaldı uçan dərinkələrin görünüb yox olmasına, bu planetlərarası müqaviləni pozmaq deməkdir. Demək istəyirəm, əgər lazım olmayan yerdə uçan dərinkələr görünürsə, bu yalnız dərinkəsürənin naşılığından irəli gəlir...
          “Çağdaş süpürgə” planetindən olan Mətin tez-tez saata baxırdı:
          -“Əlaqələndirmə” kometinin periheli nöqtəsindən keçməsinə üç saat vaxt qalır.
          Mətin onu narahat edən daha bir sualı verməkdən özünü saxlaya bilmədi:
          -Elə isə siz mənimlə tanış olmağı və öz sirlərinizi, onları sirr hesab etməsəniz də, ucdantutma mənə açmağı yerə müdaxilə hesab etmirsiniz?
          -Əsla yox, siz bizimçün xüsusi adamsınız. Ola bilsin ki, sizi “Qırmızıpapış badımcan” planetinə fəxri vətandaş seçdik. O ki, qaldı sizinlə olan əlaqələrimizin hansı mənasında Yerə müdaxilə hesab olunmasına, əvvəla biz məcburiyyət üzündən belə etməli olduq, başqa çıxış yolumuz yox idi, digər tərəfdən, əgər biz istəsək də sizi Yerin vətandaşı kimi qəbul edə bilmərik, çünki burada sizi başa düşən yoxdur və siz bir növ cəmiyyətdən kənar düşmüş adamsınız. Buna görə də sizinlə əlaqəni çətin ki, Yerlə əlaqə adlandırmaq olsun.
          -Düzləndirmə cədvəlində etdiyiniz düzəlişlərlə tanış olduq, - Mətinin adaşı söhbətə qoşuldu, - nəzərinizə çatdırım, biz bunu heç vaxt bacarmazdıq, sizin xidmətiniz əvəzsizdir... Bir də ki, mən nəyi demək istəyirəm, siz sirlərin dağılmasından narahat olmayın, bizim vəziyyətimizdə ondan daha bol bir şey təsəvvürə gətirmək çətindir.
          “Dəmir üzlü” öz həmkarına müraciətlə:
          -Sən, cənab Mətinə “surpriz” vəd etmişdin...
          -Hə..., – yad planetli Mətin nəyisə xatırlamış kimi - ... əziz qardaşım, bilmirəm “qardaş” kəlməsi nə qədər düzgündür, mən sadəcə olaraq sənə eyni nəsildən olduğumuzu demək istəyirdim...
          -Heç nə başa düşmürəm...
          -Daha doğrusu,  biz eyni atanın oğullarıyıq, belə demək olarsa, mən paralel dünyadakı Sənəm. Sadəcə olaraq bizim bir fərqimiz var, “Çağdaş süpürgə” planetində ikinci dünya savaşı baş vermədiyi üçün mənim atam müharibədə iştirak etməyib, qospitala da düşməyib və heç bir tibb bacısı ilə tanış olmayıb. Beləliklə bizim atalarımızın yüz min illik tarixi yolu haçalanıb və onlar ayrı-ayrı qadınlarla evləniblər - sözün əsil mənasında biz bir-birimizin iknci məni hesab oluna bilərik.
          Çaşqın bir vəziyyətdə donub qalmış Mətin:
          -Yetər artıq, mən daha heç nəyi dərk edə bilmirəm.
          -Hər halda bizim görüşümüzü yaddan çıxarmayın, ona görə yox ki, bu qeyri-adi görüşdür, ona görə ki, bəlkə də bu axırıncı görüşdür. Yəqin məni başa düşərsiniz, axı siz “sözlərin kimyası” ilə məşğul olursunuz, deməli dərin hissiyyatlı olmalısınız.
          Mətin ölmüş, yenidən dirilmiş adama baxırmış kimi heyrətlə ikinci Mətinə baxır, əli ilə onun üzünə, saçlarına toxunub sanki onun doğrudan da canlı varlıq olduğuna inanmaq istəyirdi.
          -....Əlbəttə, ola bilsin ki, bi bizim axırıncı görüşümüz deyil. Hər halda , əgər  axırıncı da olmuş olsa, bu, bütün sivilizasiyalar tarixində ən nadir görüşlərdən biridir.
          Mətin dili tutulmuş kimi lal-mat dayanıb baxırdı. Əgər yer qayda-qanunu olsaydı o, öz qəribə “qohumunu” bağrına basmağa hazır idi, ancaq bu hərəkətinin anlaşılmayacağından ehtiyat edirdi.
          -Bax, bu da bizim sizə vəd etdiyimiz surpriz.
          İki Mətin arasında gedən söhbət zamanı masanın üstündəki cədvəllərlə məşğul olan “dəmir üzlü”:
          -Əgər qədim türk ifadəsi ilə desək biz deyəsən “yerə yapışıb qaldıq”. Cənab Mətin, əgər sizin adaşınızın və özdaşınızın təklif etdiyi törəmələr yanmasa nəzərə alın ki, biz əbədi olaraq Yerin sakinləri olub qalacağıq....-dedi. O, bununla öz həmkarının diqqətini işə cəlb etmək istəyirdi. Bunun ardınca o, əlindəkicyuvarlaq qurğuya yeni sözləri diktə etməyə başladı, hər sözdən sonra cavab olaraq qurğunun ekranında işıq yanır və rəqəmlər görünürdüc- bunula verilmiş sözün uçan dəringənin kod sistemində hansı enerji ilə çıxış edəcəyini müəyyələndirmək olurdu.
          Yoxlama prosesi təqribən bir saat çəkdi. Bundan sonra yad planetdən gələnlər yenə də yerli Mətinin heyrətinə səbəb olaraq bir-iki saatlığa ayrılırlarmış kimi, onunla  ağızucu sağollaşdılar və yollarına düzəlib getməyə başladılar. Bir neçə dəqiqədən sonra artıq qamışlığın içərisində görünməz oldular. Mətin tələsik eyvana çıxıb onların getdiyi istiqamətdə baxmağa başladı. May küləyi qamışlığı yırğalandırır, sanki hər bir ypaq dünyanın ən böyük sirrini qoruyurmuş kimi vüqarlı və eyni dərəcədə sirli görünürdü.
            Mətin gözləyirdi - bu dəqiqə, bu an möcüzə baş verəcəkdi. Sanki o, özünü baş verəcək nmöcüzənin sahibi hesab edirdi.
          Səbirsizlikdən bir siqaret çıxarıb alışdırdı. Mətinə dərin bir  xoşbəxtlik hissi hakim kəsilmişdi və onu da dərk edirdi ki, bu xoşbəxtlik hissi tükənməyəcək, get-gedə artacaq, onun bütün ömrünə bəs edəcəkdi. Mətin buna illər boyu çəkdiyi zəhmətin bəhrəsi kimi baxırdı, əlbəttə, əgər xoşbəxtliyə layiq olsan  o gec-tez səni tapacaq.
          Qamışlıq yırğalanırdı, o sirli olmaqdan daha çox, nədənsə, qorxunc idi. Möcüzə isə hələ ki, baş vermirdi.
          Günəşdən gec ayılmasına baxmayaraq ağ kəpənək donunda günəşi ötüb keçmiş kimi Sevən şən bir təbəssümlə ərini salamladı:
          -Sabahın xeyir, ey türk xalqının himayəçisi.
          Mətin özünü zorla gülümsəməyə məcbur etdi.
          -Qamışlığa tərəf çox baxırsan, orada nə görmüsən belə?
          Mətin arvadını başdan eləmək üçün qısaca:
          -Uçan dəringə - dedi.
          -Ah...qəribədir. Mən də uçan dərinkə görmüşəm.
          -Ola bilməz.
          -Gördüm ki, - Sevən sanki yenə yuxu danışırdı, - bax burada, evimizin qabağında havadan asılı qalıb.
          -Bir gecədə neçə yuxu görmüsən…
          -Ancaq dərinkədən daha çox balıqqulağına oxşayırdı... yox, lap aşkarda görmüşəm. Gecə sən yanıma gəlmişdin, sən gedəndən sonra.
          -Yadıma düşdü. Mən Nicatla telefonla danışdım.
          -Yoox, telefon söhbəti axşam olmuşdu. Uçan boşqabı isə mən gecə yarıdan keçmiş gördüm... sən gedəndən sonra...
          Arvadı sanki kəpənək kimi uça-uça gəlmişdi, uça-uça da getdi. Mətin gecə arvadının yanına gəlmədiyini dəqiq bildiyi üçün onun hələ yuxu ilə gerçəkliyin sərhəddində olduğunu düşündü.
           Daha bir siqaret yandırıb qamışlığa baxmağa davam etdi. Bekarçılıqdan “uçan dərinkə” “qamışlıq” sözlərini yanaşı qoyub onlardan nə törəyə biləcəyini götür-qoy etdi. Daha bir söz –“ağ kəpənək” əlavə etməklə reaksiya baş tutdurdu...
          Mətin düşündü: “hər şey sözdür”.

Комментариев нет:

Отправить комментарий