Kəbutər Haqverdi: «Türkiyədə Azərbaycanı sevməyən çox böyük və köklü qüvvələr var»
«Ahmet, Mehmet rahat şəkildə bir yunan, yaxud erməni nəvəsi çıxa bilər. Və o ahmetlər, mehmetlər ən böyük təbliğat vasitəsi olan telekanal və qəzetlərdə söz sahibidirlər»
«Siyasət bir fahişəni şou proqramına çıxarıb Azərbaycan qadını kimi təqdim etməkdir, bir ətək pul töküb Taksim metrosunda açılan Xocalı sərgisinin dəvətnaməsində Xocalı qırğınını Hama, Humus hadisələri ilə eyniləşdirməkdi…»
Müsahibimiz yenicə yaradılmış Türkiyə – Azərbaycan Birliyinin yaradıcılarından biri, 26 fevralda İstanbulda keçirilən mitinqin təşkilində əsas rol oynamış Kəbutər Haqverdidir.
- Kəbutər xanım, uzun müddətdir ki, Azərbaycandan kənarda yaşayırsınız. Qardaş bir ölkə olsa belə Vətəndən kənarda yaşamaq necə duyğudu?
- Oqtay bəy, uzun müddət deyil. Cəmi 8 aydır. Vətəndən uzaqda yaşamaq bütün duyğuları dəyişir. Sevginin anlamı dəyişir. Və bu kəlmələr özündə Vətəni ehtiva etməyə başlayır. Atdığın hər addım, gördüyün hər bir əməldə vətənin adı səninlə qoşa olursa, çiyinlərinə çox böyük bir missiya düşdüyünün fərqində olmağa başlayırsan. Bayraqların içində sənə məxsus olan üç rəngli bayrağı axtarır gözün hər yerdə. Azərbaycandan nişanə axtarmağa başlayırsan.
- Hansı işlərlə məşğulsunuz hazırda Türkiyədə?
- Həşriyyatlarının birində Azərbaycan ədəbiyyatı ilə bağlı layihədə çalışıram. Tariximizlə bağlı romanları Türkiyə türkcəsinə uyğunnlaşdırılması, yayımlanması və s. Həm də bu layihə çox əhatəli və böyük bir işdir. Hələ ki, ilk addımları atmışıq ümumilikdə isə əlimizdə 38-dən çox kitab var. Amma ən böyük işim düşünürəm ki, Xocalı ilə bağlı keçirilən tədbir oldu.
Türkdən qorxurlar…
- Xocalı ilə bağlı keçirilən tədbir indiyə kimi Türkiyədə bu barədə keçirilən tədbirlərdən nə ilə fərqlənirdi?
- Biz bir ilkə imza atdıq. Xocalı qətliamından qurtulan 6 qadını Türkiyəyə gətirdik. İzmir, İstanbul, Adana və Ankarada tədbirlər təşkil olundu və bu tədbirlərdə ümumilikdə 10 min nəfərə yaxın insan iştirak etdi. Biz eyni zamanda bir ay öncə Bakıda olub çoxlu videogörüntülər qeydə almışdıq və həmin tədbirlərdə o görüntülər nümayiş olunurdu. İnsanlar şahidlərin öz dillərindən eşidirdi hər şeyi. İnanın ki, bütün zal ağlayırdı və hər tədbirin sonunda bizə yaxınlaşıb hadisə haqqında məlumatları olmadıqlarını bildirirdilər və maraqlanırdılar. Fevral ayının 24-dən İzmirdə başlayan bu tədbirlər 29-u Ankarada Atatürkün məzarının ziyarəti ilə başa çatdı. Türkiyənin «Sabah», «Axşam», «Zaman», «Türkiyə», «Vatan», «Milliyyət», «Star», «Ortadoğu» qəzetləri tam bir həftə bu qadınların söylədiklərini yazdı.
Anıtqəbrin rəhbərliyi Xocalı şahidlərinin şərəfinə qəbul təşkil etdi. Ankarada bizim tədbirdən dərhal sonra universitetlərdə əks tədbirlər keçirildi və yaşanan olaylardan sanıram xəbəriniz var. Düşünürəm ki, tam bir həftə imza sahibi olan köşə yazarlarının bu məsələyə diqqəti məhz gördüyümüz işlərin nəticəsiydi.
- Hə, mən də məsələni ora gətirəcəkdim. Cengiz Candar başda olmaqla bir qrup yazar 26 fevral mitinqini başqa cür qiymətləndirdi. Bunun kökündə nə dururdu bəs?
- Türkiyədə məhz Azərbaycanı sevməyən çox böyük və köklü qüvvələr var və həmin qüvvələr bütün gücləri ilə çalışırlar ki, bu iki dövlətin birliyinə mane olsunlar, «bir millət, iki dövlət» deyimini puça çıxarsınlar. Əslində Türkiyə bizim gördüyümüz kimi türklərin ölkəsi deyil. İçində yaşamağa başlayanda görürsən ki, səni qucaqlayıb əlini öpən Ahmet, Mehmet rahat şəkildə bir yunan, yaxud erməni nəvəsi çıxa bilər. Və o ahmetlər, mehmetlər ən böyük təbliğat vasitəsi olan telekanal və qəzetlərdə söz sahibidirlər. Türkiyədə mal varlıqları var, bu ölkənin sülaləcə vətəndaşıdırlar və siyasətdə böyük nüfuza malikdirlər. Ona görə də heç nəyə təəccüblənmək lazım deyil. Bu qüvvələr heç vaxt Türkiyənin hansısa bir türk dövləti ilə yaxınlaşmasına imkan verməzlər. Elə futbol maçı zamanı zibil qabına atılan Azərbaycan bayrağını xatırlayın. Bayrağımızla belə davranan vəzifəli şəxs cəzalandırıldı. Amma bu sadəcə bəsit bir düşüncə ilə törədilmiş hadisə idimi? Xeyr. Bunun arxasında hansı qüvvələrin durduğunu görmək çətin deyil. Çünki Türkiyədə bayraq sevgisi elə möhtəşəm bir duyğudur ki, bunu türk olan kimsə hətta düşməninə belə eləməz. Necə ki, Atatürk zamanında İzmirdə yunanların bayrağının üstündən geçmədi. «Bayraq bir millətin qürurudur» dedi, türk olan bunu eləməz. Türkiyədə elə dərin kök salmış etnik ayrımçılıq var ki, mən ilk dəfə bunun şahidi olanda çox heyrətləndim. Amma bu ölkədə yaşamağa başlayanda anladım ki, insanların arasındakı bu ayrımçılıq heç vaxt bitməyəcək. Çünki, Turan ideyasının yenidən gündəmə gəlməsindən qorxurlar. Türkdən qorxurlar. Bu türk oğuzdumu, osmanlıdımı, uyğurdumu, fərq etməz Türkdü, demək qorxuludu.
Və maraqlıdı ki, bu ayrımçılığı yaymaq üçün türkün düşkün olduğu dindən yararlanırlar. Millət yox, ümmət davasına yönəldirlər türk toplumlarını. Üstəlik hətta ən xırda detalı saz olan bir mexanizm kimi şüuraltına hesablanmış zehniyyətlərə tuşlanmış çalışmaları da davam edir hər zaman.
Türkiyədə Azərbaycan münasibətlərindəki şkalanın göstəricisi bir az yüksələn kimi hökmən bunu məhv etməyə çalışırlar və bacarırlar da. Elə Taksim mitinqinin ertəsi günü keçirilən futbol matçını və İstiqlal caddəsindəki yürüşü xatırlayın.
Şükür ki, zibilliyə atılmış bayraq olayına bizim hakimiyyət çox uzaqgörənliklə cavab verdi. Evrovijn yarışmasının qalibi olan Azərbaycanlı qız Türkiyə bayrağı ilə səhnəyə çıxarıldı. Bununla da lillənmiş sular duruldu. Bu həm də düşmənlərə mesaj idi. Ona görə də biz bunlara hazır olmalıyıq. Təsəvvür edin ki, Ankara Tarix coğrafiya fakultəsində keçiriləcək tədbirlə bağlı dəvətnamələr paylanan kimi dərhal bir qrup peyda oldu ki, biz Azərbaycan sosialistlər partiyasıyıq, Xocalı tədbirləri bizim ermənilərlə olan qardaşlığımıza zərbədir və.s. Qarşımızdakılar azərbaycanca gözəl danışırlar, tariximizi su kimi əzbərə bilirlər və bizi bizdən gözəl tanıyırlar. Amma erməni – azərbaycanlı qardaşlığından dəm vururlar. Ətrafımda olan kimsəni inandıra bilmirəm ki, bizdə belə partiya, belə çalışma yoxdu. Ankarada universitet rəsmisi əməlli-başlı çaşıb qalmışdı, olay çıxmasın deyə tədbiri təxirə salmaq təklifi edirdi. Amma Xocalıdan olan qadınlar etiraz etdilər… «Biz Azərbaycan həqiqətlərindən danışmağa gəlmişik – dedilər – və nə olursa olsun geri addım atdı yoxdu». Tədbir baş tutdu. Ertəsi gün Azərbaycanlı tələbələrə hücumlar oldu və bunu məhz Azərbaycan sosialist partiyasının adından edirdilər. Bir neçə gün davam edən toqquşma sonda polislərin işə qarışması ilə yatırıldı. Və dərhal Ankaraya bu toqquşmaları solçuların təşkil etdiyi haqqında vərəqələr yayılmağa başladı. Tanıdığım şəxslər telefon açırdılar və mən onlara deyirdim ki, Xocalı tədbirləri ilə bağlı bütün layihəni sizin dediyiniz solçular maliyyələşdirib, «Türk solu» qəzeti ilə başlamışıq bu tədbirlərə. 100 000 Tl məbləğində maliyyə vəsaitini Ulusal partiya ayırıb bu layihənin baş tutmasına. Bu nə deməkdir belə? Görürsünüz, zərbə hardan vurulur? Türkiyədə bu boyda vəsait ayıran və Xocalı haqqında küçədə yürüş keçirib şüar səsləndirən yox, şahidləri topluma çıxaran qüvvəni hədəfə alırlar. Dəqiq və tutarlı zərbədir. Daha bir məqamı qeyd edim. Bizim qadınlar bütün bu on gün ərzində əsl qəhrəmanlıq göstərdilər. Onlar tam on gün şəhərdən şəhərə getdilər. Yaraları deşilsə də, o ağır anları xatırlamaq çətin olsa da, canları ağrısa da şikayətlənmədən bunları etdilər. Və iki ayağını itirmiş Xədicə Orucova ona bir otaqlı mənzil almaq təklifindən imtina etdi. «Mənə Xocalını qaytarmaqda yardım edin – dedi – mən bunun üçün burdayam. Ermənilərin hansı xislətə sahib olduğunu sizə göstərmək üçün gəlmişəm bura». Və daha bir qürur dolu hadisəni Anıtqəbri ziyarət edərkən yaşadıq. Parka daxil olarkən əlimizdəki bayraqları və şüarları yığışdırdılar. Yəni Anıtqəbirlə bağlı qanun bunu tələb edir. Ora yalnız Türk bayrağı ilə daxil olmaq olar. Onda qadınlar parka girməkden imtina etdilər. Anıtqəbrin komandanı üst subay Xocalıdan gələnlər olduğunu biləndə qadınların şərəfinə qəbul keçirdi və Türk bayrağı ilə yanaşı Azərbaycan bayrağını da açmağa icazə verdi. Bu anıtməzarda ilk hadisə idi.
Fəzail Ağamalı Xocalı şahidlərinin üstünə qışqıranda heyrətləndim
- 26 fevralda İstanbulda keçirilən mitinqdə türkiyəli qardaşlarımızdan öndə daha çox Azərbaycandan tanıdığımız simalar nəzərə çarpırdı. Bu nə idi belə?
- Taksim mitinqinin önündə gedən simalarin tam arxasında ayaqları kəsilmiş iki bacı, gözləri kor edilmiş gənc qız bütün əzizlərini, oğlunu, nəvələrini, gəlinini, ərini Kətik meşəsində itirmiş Həsrət nənə var idi. Hamısı əlil arabasında otururdu o qadınlar. Tədbirlərdə yaşlı və gənc kişilər onların əllərindən öpmək üçün növbəyə dururdular. O dediyin simalar isə qol-qola girib sıranın birincisi olmaq uğrunda az qala bir-birinini başını yarırdı. Mən hələ də anlaya bilmirəm hansısa ortabab bir müğəninin o sırada yürüməsi, hansısa bir millətvəklilinin o mitinqdə şüar yelləməsi nə deməkdir?! Biz bu qədərmi gülünc olmuşuq? O mitinqin önündə o əlil arabasında oturanlar – Xocalı sakinləri getməli idi. O çıxışları onlar etməli idilər. Amma buna imkan verilmədi. Fəzail Ağamalının həmin qadınların üstünə qışqırdığını görəndə heyrət etdim düzü. Burda iş adamları var və Xocalı ilə bağlı keçirilən tədbirlərə çox böyük xərc çəkdi. Gələn adamları ən bahalı oteldə yerləşdirdilər. İndi araşdırın görün o oteldə kim dincəlib? İcra başçısı, deputat, müğənni… Gülməlidir, deyilmi? Hiyə o imkanı Xocalı qətliamından qurtulanlara vermədilər? Doğrudur bizim layihəmizlə gələn 6 qadın da həmin imkandan yararlandı. Amma verilən bütün imkanları Xocalı qətliamından qurtulanlara tanısaydılar, daha 100 nəfəri şahid kimi gətirmək olardı. Qoy o imkanlılar öz hesablarına gələydilər, əvəzində 100 nəfər Xocalı sakini də gətirib Türkiyəni ayağa qaldırardılar. Bizim üçün önəmli olan budur. Baxın ordan kim gəlir gəlsin bu gün zehniyyətlərə yalnız Xocalı şahidləri müdaxilə edə bilər. Yalnız onların danışması insanlara təsir edə bilər. Bakıda oturub Sarkoziyə gündə bir hədə göndərməyi nənəm də bacarar. Amma bir insan çıxır və Xocalıda yaşadıqlarını danışır. Ayaqları yoxdu, qolları yoxdu, gözləri yoxdu, əzizlərini öldürüblər.
Dünya kimin mesajını qəbul edəcək, bunu düşünürlərmi? Bütün Xocalı sakinlərini, doğmalarını, əllərini, ayaqlarını, bədənlərinin bir parçasını orda qoyub gələnləri meydanlara çıxartmaq vaxtıdır artıq. Siyasət bilirsiniz nədir? Azərbaycan bayrağını Türkiyədə (Amerikada, Fransada yox ha, məhz qardaşımız Türkiyədə) zibilliyə atdırmaqdır. Siyasət bir fahişəni şou proqramına çıxarıb Azərbaycan qadını kimi təqdim etməkdir, siyasət Sezən Aksuya «Sarı gəlin»i ermənicə ifa etdirməkdir. Bir ətək pul töküb Taksim metrosunda açılan Xocalı sərgisinin dəvətnaməsində Xocalı qırğınını Hama, Humus hadisələri ilə eyniləşdirməkdi (bizim qızlardan biri məncə bu haqda ətraflı yazmışdı Azərbayacan mətbuatında. Həmin o ağzı köpüklənə-köpüklənə danışan siyasətcilərimizə o yazını tapıb oxumağı məsləhət görürəm. Onda bilərlər ki, nə boyda yanlışlığa yol veriblər). Türkiyə televiziyalarının sifarişi ilə Azərbaycan xalq mahnılarının erməni milli xəzinəsi kimi araşdıran bəlgəsəllər ekranlaşdırmaqdı siyasət! Bunun qarşılığında biz neynirik?! Bəziləri elə bilir ki, çalışmaq yalnız öz reklamını qurmaqdan ibarətdir.
Taksim mitinqinin Bakıdan gələnlərlə əlaqəsi yoxdur
-Kəbutər xanım, mənə maraqlıdır bu tədbirin təşkilatçısı kim idi bəs?
- Taksim mitinqi Türkiyə azərbaycanlılarının səyləri hesabına baş tutdu. Bunun Bakıdan gələnlərlə heç bir əlaqəsi yoxdur. Biz baş konsulumuz Həsən müəllimlə də görüşdük, dəfələrlə millət vəkili Ceyhun Osmanlıya da telefon açdıq. Yəni məqsədimiz görüləcək işlərə mane olmamaq idi, əksinə İstanbula gələcək qadınları onlarla tanış edib və necə deyərlər sükanı onlara vermək idi. Amma Ceyhun Osmanlı sadəcə qonaq qismində iştirak edəcəklərini söylədi. Ona görə deyirəm ki, bu mitinq Türkiyədəki Azərbaycanlıların səyləri idi. Bizim tədbirlərə gəlincə mənim onsuz da Bakıda Xocalı ilə bağli çalışmalarım vardı. Yəni işlədiyim «Yeni Azərbaycan» qəzetində mütəmadi yazılar yazır, bu adamlarla görüşürdüm. İstanbula köçdükdən sonra bir neçə yerə layihə göndərdim. Çünki, bu məsələ ilə indiyə qədər məhəlli şəkildə məşğul olublar. Bir salonda yığılıblar, bayram günlərində deyib gülüblər, kədərli günlərimizdə ağlaşıblar, bununla da missiyaları bitib. Bir də bir-iki şəkil çəkdirib Azərbaycan qəzetlərinə veriblər, telekanallara iki dəqiqəlik yayım göndəriblər.
Layihəyə Ulusal partiya müsbət cavab verdi. Maliyyəsini ayırdı. Biz gələcək qadınların sənədləşmə işlərini həll etdik. Partiyanın başqanı Gökcə Fırat məni dəvət etdi. Qeyd edim ki, bu adam həm də «İleri Yayınevi»nin rəhbəridir. Və bu yayın evi ulu öndər Heydər Əliyev haqqında «Zirvə» kitabını Türkiyə Cümhuriyyətində yayımlayıb. Yəni bu insanını içində çox atəşli bir Turan sevgisi var. Azərbaycanı isə candan sevən bir insandır.
-Bu layihə əsnasında «kar kan renkliydi o gece» adlı kitabınız da çıxdı. Və kitabla bağlı bir neçə qəzetdə yazılar verildi…
- Kitab həqiqətən çox diqqət çəkdi. Amma bu mənim yox, kollektiv bir əməyin məhsuludur. Kitabı ərsəyə gətirən «İləri Yayınları»nın, onu türkcəyə uyğunlaşdıran Kars azərbaycanlısı sadə bir müəllim olan Hikmət Elpin. Bakıya gəlib görüşdüyüm və canlı olaraq layihədə iştirak edən qadınların uğurudu bu uğurlar. Onu da deyim ki, Xocalı tədbirlərinə hazırlaşanda Azərbaycan-Türk birliyi deyə bir platform yaratdıq. Onun sözcüsü dr. Əli Özsoydur. Sonra bu birliyin idarə heyətinin qərarı ilə Xocalı fondu yaratdıq. Onun rəhbəri isə Xocalıda hər iki ayağını itirmiş Azərbaycanda yaşayan Xədicə Orucovadır. Bu günlərdə Türkiyə dövlətinə qeydiyyat üçün müraciət edəcəyik.
- Azərbaycan-Türk birliyi? Bu quruluş indiyə kimi Türkiyədə Azərbaycan adına qurulan təşkilatlardan nə ilə fərqlənəcək?
- İstanbulda ilk işim Azərbaycan adı ilə qurulmuş dərnəklərin fəaliyyəti ilə maraqlanmaq oldu. Dəhşətli şeylərlə qarşılaşdım. İnsanların içində o qədər böyük coşqu, o qədər böyük torpaq sevgisi var ki… Ama vahid xətt yoxdur, nə edəcəklerini bilmirlər. Azərbaycanla bağlı məsələlərdə elə özləri deyib, özləri eşidir, meydanlara, küçələrə çıxmırlar. Ya özlərini incitmirlər, ya da bacarmırlar. Üstəlik bu dərnəklər hələ bir də öz aralarında bölünüblər.
- Bir az da gələcək planlarınız haqqında…
- Azərbaycan ədəbiyyatı ilə bağlı çalışmalarımız davam edir. Sonra Türkiyə-Azərbaycan birliyi olaraq düşünürük ki, təkcə Xocalı ilə bağlı yox, Azərbaycanın bütün ağrılı məsələlərini Türk toplumuna daşıyaq. Çünki bir millətiksə, onda bizim ağrımızı onlar da yaşamalıdır.
Şəxsi planlara gəlincə, Sumqayıt hadisələri ilə bağlı bir araşdırmam var. Paralel olaraq Fərqanə hadisələrini incələyirəm. Çünki bu hadisələr hər ikisi eyni ssenari üzrə törədilib. Və hələ də bizə atılan bu palçığı təmizləyə bilməmişik, daha doğrusu buna cəhd etməmişik. Sumqayıtla bağlı həqiqətləri yalnız özümüz bilirik, çünki elə ustalıqla çalışıb elə ustalıqla öz manqurtlarımızın əli ilə bizi bu palçığı atıblar ki, hələ xeyli yazmalı, inandırmalı olacayıq. Fərqanə hadisələri isə konkret olaraq Özbəkistanı türk dünyasından ayırmaq üçün planlanmışdırılmışdı. İstəklərinə nail də oldular. Nədənsə bu faktı Azərbaycanda özbəklərdə türkçülük şüurunun zəifliyi kimi qiymətlendirir, Türkiyədə də üstünü örtürlər ki, «türk türkə bunu rəva gördü» deyilməsin. Daha sonra Xocalı soyqırımı haqqında Türkiyə televiziyalarından birinin sifarişi ilə 90 dəqiqəlik sənədli filmin çəkilişlərinə hazırlaşırıq.
Söhbətləşdi: Oktay Hacımusalı
Комментариев нет:
Отправить комментарий