02.07.2012

ARVADIN DANLAĞI DÜŞƏRLİ OLDU

 Akif ABBASOV


Vəliağa ayağını kandardan içəri qoyar-qoymaz Sonaxanım partladı:
-Evdə elə bil oblava olub, silib-süpürüb aparıblar.
Vəliağa yaxşı bilirdi ki, belə hallarda cavab verəndə, ya da soruşanda daha bedtər olur. Odur ki, dinmədi. Sakitcə keçib kresloda əyləşdi.
Sonaxanım cin atına mindi, başladı çapmağa. Əllərini Vəliağanın gözləri qabağında oynadaraq:
-Elə bil bununla deyiləm, qonşu Mirzəbala kişiynənəm, - dedi.

Vəliağa çaşdı:
-Mirzəbala?! Nə olub Mirzəbalaya? Ölüb?
-Ölməyib Mirzəbala, top kimidir. Oradan-buradan çəkib gətirir, uşaqlarını qoymur korluq çəksinlər. Sənin ölən günündür. Ayın başını gözləyə-gözləyə durursan. O vaxta qədər də o qədər borc edirsən ki, maaşın evə gəlib çıxmır, borclulara gedir. Uşaqlar acından mələşirlər. Biri şalvar, biri ayaqqabı, o biri köynək istəyir. Üst-başlarına baxıram ürəyimin başı odlanır. Əməlli-başlı  yeyib-içməkləri də yoxdur. Bilmirəm başqaları kimi sən  nə zaman qeyrətə gəlib evini-eşiyini, uşaqlarını düşünəcəksən...
Vəliağa təqsirkar adamlar kimi:
-Nə edim, arvad? – deyə soruşdu.  -Başıma haranın külünü töküm?! Hökumətlə hökumətlik etməyəcəyəm ki... Verdiyi maaş budur. Danışacam, olacam müxalifət. Adi idman müəllimiyəm. Qaçmağa, tullanmağa pul vermirlər. Tullanırsan, deyirlər - get o yanda tullan, gözümüzə girmə.
Sonaxanım onun dediklərinə qulaq asmırdı. O, bir də başını qaldıranda gördü ki, Vəliağa aradan çıxıb. Evdə nə qədər söz-söhbət olarmış! Sonaxanım başa düşmək əvəzinə onun qarasınca asıb-kəsdi:
-Sərf eləmədi deyəsən, başını götürüb qaçdı.
Vəliağa doğrudan da başını götürüb qaçmışdı. Arvad deyingən idi. Amma bir yandan baxanda Vəliağa binəvanın da təqsiri yox idi. Dolanışıq çətin, maaş az idi. Vəliağanın əlindən nə gəlirdi? Əlindən başqa iş gəlmirdi. Diplomlu işinə də yetərincə pul verən tapılmırdı.
Vəliağa gedib Əlağa ilə Mirzağanı tapdı. Adama bir-iki manat qoyub ucuz araq, yarım kilo sosiska, bir-iki dənə duzlu xiyar və çörək alıb “bu dünyanın kefini” çəkdilər. Deyilənə görə, belə ucuz araqları texniki spirtdən hazırlayırdılar, içərisinə də yuxugətirən “Demidrol” dərman atırdılar. Babalı deyənlərin boynuna. ətin kiloqramı on manat olduğu halda,  sosiskanın kiloqramı da heç neçiyə idi.
Bütün bunları bilsələr də, nə Vəliağanın nə Əlağa ilə Mirzağanın, nə də onlara tay adamların vecinə deyildı. O ərzaq məhsullarının, ucuz araqla konyakın onların sağlamlıqlarına vura biləcək zərərlər barədə heç düşünmürdülər. Əsas məsələ bu idı ki, həm araq və konyak onların cibinə görə idi, içirdilər və onları məst edirdi. Yedikləri sosiska da, kolbasa da ciblərinə görə idi, onların nəyinə lazım idi nədən hazırlanıb. Ətdən, yoxsa mənşəyi bəlli olmayan zadlardan. Hələ çəkdikləri siqaret də, deyilənə görə, tütündən deyil, otdan-alaqdan hazırlanırdı. İş adamları Vəliağanın, Əlağa və Mirzağanın, həm  də onlar kimi qeyrilərinin  dərdini çəkəcəkdilər? Onları qazancları maraqlandırrdı. Fəqət insaf da yaxşı şeydir. Belə də deyəndə mağazada satıcı işləyən İnsaf xanımı yada salıb, zarafatla: “Doğrudan da İnsaf yaxşı şeydir” – deyirlər.
Vəliağa dostlarından axşam saat birin yasrısı ayrılmışdı, ancaq ayaqlarını sürüyürdü. İndi də arvad özgə cür başlayacaqdı:
-Uçaqlar evdə acındam qırılır, geyməyə əyin-baş tapmırlar, bu isə kefindən qalmır.
Odur ki, bardaş qurub çol qapısının ağzında oturdu. “Avrora” siqaretini çıxarıb damağına qoydu. Cibini qurdalayıb bir kibrit tapdı. Kibrit qutusunun kükürd olan tərəfindən bir az cırıb cibinə qoymuşdu. Kibrit dənəsini ona çəkib birtəhər alışdırdı və siqaretini yandırdı:
-Allahın altında bir kisə yüzlüyüm olaydı. Amma dollarla yox, kursu aşağıdır, manatla. Onda arvad da, qohum-qonşu da mənim necə bir kişi olduğumu görüb, qarşımda mil durardılar. Bir-iki dənə də yaxşı, bahalı araq alıb, dadına baxardım. Ömrümüzdə bir dəfə əsl arağın necə olduğunu görərdik. Heç toylarda da ortaya təmiz araq qoymurlar. Hamı paçkə basır. Bir kisə pul hara qurtarır? 50 manat  Gülşən bacıma, 100 manat Gülsüm bacıma, 50 manat Fəxrəddin qardaşıma, 50 manat da Fərhad qardaşıma verərdim. Bəsləridir. Qalanı özümüzə zorla çatar. Soltan qardaşım yalvarsa da, bir manat vermərəm. O gün az qala dil çıxarıb yalvardım ki, 30 manat versin. Nə billah elədim 10 manat da vermədi: “Pul kəsirəm?” -  dedi. İndi də mən. Pul kəsmirəm ha...
Maşın səsi onu şirin xəyallarından ayırdı. Gecə saat iki olardı. Vəliağa bir kisə nədir, heç bir manat da pul tapmamışdı. Kolxoz sədri Alaq Ulaqov “QAZ-31”dən düşdü. Gözü Vəliağaya sataşdı. Vəliağa təzim etdi. Alaq Ulaqov da salam verdi. Sürücü maşının yük yerini açıb yeşikləri evə daşımağa başladı. Mer-meyvə, ət, balıq, toyuq, yağ, daha nə bilim nə, nə! O da qaymağa oxşayır, o da baldır.
Alaq Ulaqov Vəliağanın ac baxışlarını görüb bir anlığa düşündü: “İnsan çiy süd əmib. Nə olsun ki qonşudur, götürüb ora-bura yazar ki, kolxozu dağıdıram. Kasıb adamdır. İmkansızdır”, - deyə fikirləşib ucadan:
-Ə Qədir, qonşu üçün də bir pay düzəlt.
Qədir tez ətdən, toyuqdan, yumurta, qatıq, pendir, kəsmik və baldan bir yeşiyə qoyub Vəliağanı səslədi:
-Qonşu, halal xoşun olsun!
Vəliağa:
-Sağ ol, - deyib yeşiyi qaldıranda sədr sürücüyə işarə etdi ki, üç litrlik çaxırı da ona versin.
Vəliağa  gülümsəyib Alaq Ulaqova təzim etdi. Bununla  öz minnətdarlığını bildirmiş oldu.
Gecə saaat üçün yarısı idi. Sonaxanım deyinə-deyinə qapını açdı. Vəliağanı əlidolu görüb tez səsini kəsdi:
-Vəli, bunlar haradan?
Onun dinmədiyini görüb:
-Vəli, qurbanın olum, birdən oğurluq olar?
Vəliağa özündən razı:
-Daha oğurluq niyə? Kişi deyilik? Sonacan, nuşcanlıqla ye. Qazancımdır.
Sonaxanım çaşıb qaldı:
-Nə qazanc? Əlin ətəyindən uzun, cibində siçanlar oynaya-oynaya evdən qaçıb getmişdin...
Vəliağa özünü dartaraq dedi:
-Arvad, məni danlamırdın ki, özünə bir fərli iş tap. Tapmışam, gecə növbəsində işim var. İşdən gəlirəm, bu da qazancım. Günəmuzd işləyirəm.
Sonaxanım sevincək şeyləri yerbəyer eləməyə başladı. Uşaqlar da bu dəm-dəstgahın tamaşasına durmuşdular. Bir qarın ac, bir qarın tox yatağa uzanmış oğlanlar və qızlar acgözlüklə ərzaqlara baxırdılar. “Bunlar doğrudan onların idi?”
Vəliağa:
-Arvad, gec də olsa bir süfrə aç. Bu naz-nemətlərin dadına baxaq.
-Bıy, Vəliş, yuxa da, təndir çörəyi də alıbsan ki...
Sonaxanım elə bilirdi ki, Vəliağa qazandığı pullarla bu bazarlığı edib. O da özünü o yerə qoymadı...
...Vəliağa dolanışığın çəmini tapmışdı. Saat on bir olan kimi çıxıb otururdu darvazasının ağzında. Bəlkə də hər dəfə bir qutu “Avrora” siqareti çəkə-çəkə Alaq Ulaqovun maşınını gözləyirdi. Maşın ərzaqla gələndə Vəliağanın payı verilirdi. Alaq Ulaqov sürücüyə tapşırmışdı, Vəliağanın payını kolxozda ikən ayırıb maşına qoyurdu ki, bir də burada buna vaxt itirməsin.
Sonaxanım evə gələn mer-meyvədən, göyərtidən aparıb bazarda satır, uşaqlara əyin-baş alırdı.
Kənd məktəbində hamı şokda idi. Axır vaxtlar Vəliağanın rəng-ruhu  dəyişmiş, o, ət-qana  gəlmişdi. Təzə paltarlar geyinir, səliqə-sahmanına fikir verirdi. Daha Vəliağa Sonaxanımın da danlağına tuş olmurdu. Bir gün, nəhayət, soruşdular:
-Vəliağa, bu, nə məsələdir? Son zamanlar kefin kökəlib. Vəziyyətin də elə bil yaxşılaşıb. Qızıl küpü tapmamısan ki?!
Vəliağa gülərək:
-Ona oxşar bir şeydir. Gördüm dolana bilirəm, gedib axşam növbəsində işə düzəldim. Bu işdən aldığım məvacib əyin-başımızı da, qarnımızı da görür.
Matı-mutu qurumuş adamlar xəbər aldılar:
-Doğrudan? Harada tapmısan o işi? Bizi də  işə düzəlt.
-Yox, ora sizlik deyil. Ora başqa işçi lazım deyil. Yer bir nəfərlikdir.
Bunları deyən Vəliağa öz-özünə düşündü: “Arvadin  danlaği da sən demə düşərli  olarmış”.

Комментариев нет:

Отправить комментарий