02.07.2012

NƏ SATIRLAR...

Əyyub QİYAS


Həbsxanadan çıxandan sonra özümə söz verib söyüş qoydum ki, bir də oğurluq etməyəcəyəm...  
Oğurluq üstündə iki dəfə cəza çəksəm də həbsxana həyatına, dustaq dünyasının özünəməxsus ləzzətlərinə, qolları bağlı azadlığın dadına, həyat eşqinə və insanlara olan nifrətimə baxmayaraq, nədənsə keçmişimi unutmaq, hər şeyi yenidən başlamaq qərarına gəldim. Fikirləşdim ki, oğurluq mənimçün nə qədər doğma, əziz, bənzərsiz, romantik bir peşə olsa belə nəsə təzə bir şeyə yiyələnməyimin vaxtı çatıb.
Bəs nədən başlamalı? Nə etməli?

Gözlərimi döyə-döyə  bu suallara cavab tapmaq arzusu ilə Moskvanın nəhəng “Belorus” vağzalında fit verib nəfəsini dərən qatardan düşmək məcburiyyətində qaldım.  Cibimdə evdən, dost-tanışdan götürdüyüm bir xeyli pulla vağzalda bir qədər ora-bura vurnuxdum.  Bu anlarda bir-neçə gözəl oğurluq şansını əldən verib nəhayət ki, qəti qərara gəldim. Mən həyatımın mənasını dəyişəcək bir kəşf etmişdim. Alver!
Belə bir fikrin ağlıma gəldiyi üçün taleyimə minnətdarlıq edirdim.
Alver... Nəsə alıb satmaq... Düzdür... bu özü də bizim qanunlara görə cinayətdir. Bu işə başlamaq üçün gərəkdir ki, vergi orqanlarından birində qeydiyyata düşəsən, qazancın müəyyən  hissəsindən vergi ödəyəsən... Amma bu mənlik deyildi! Mən azad bir adam idim... Mən istədiyimi edə bilərdim... Bu mənm illərlə həbsxana divarları arasaında itirdiyim gncliyimin haqqı idi. Bir də ki, bu işin öhtəsindən gəlmək özü də bir qəhrəmanlıqdır! Amma mənim kimi peşəkar bir “akademik” (bu adı mənə etdiyim oğurluqların çeşidindən heyrətə gələn və hislərini gizlədə bilməyən prokuror məhkəmə zamanı vermişdi) üçün alver etməyin o qədər də çətin olmayacağını düşünüb metroya minərək mərkəzə yollandım.
Moskva... İnsan dənizinin çalxalandığı möhtəşəm şəhər. Əlbətdə, mən əvvəllər də Moskvada bir-neçə dəfə olmuşdum, amma o zamanlar mən bu şəhərə peşəmlə bağlı (oğurluq etmək üçün) səfərlər etdiyimdən bu gözəllikdə şəhərə adam balası kimi tamaşa edə bilməmişdim. Mən  həsrət və çaşqınlıqla (lütfən, mənim belə ədəbi cümlələrlə danışmağımdan təəccüblənməyəsiniz, unutmayın ki, mən on üç il həbsxana təhsili almışam) Qızıl meydana, Kremlə, qədim tarixi abidələrə baxa-baxa özüm də bilmədim ki, nə vaxt mərkəzi univermağın qarşısına gəlib çıxmışam.
Mərkəzi univermaq çox böyük idi və buradakı adamlar da eynən bayırdakı kimi harasa tələsirdilər.
Mərtəbələrin birində böyük bir növbə gördüm. Mən hələ əvvəllər də eşitmişdim ki, böyük növbələr olan yerlərdə  az tapılan mallar satılır.
 Vaxt itirmədən növbəyə qoşulmağı, həmin o az tapılan  “nədənsə”  almağı, üstünə bir qədər artıq pul qoyub satmağı düşünərək iti addımlarla növbəyə yaxınlaşdım. Son ucda duran yaşlı, donqar belli rus qarısından kimin sonuncu olduğunu soruşdum.  Qarı çuxura düşmüş gözləri ilə mənə baxıb istəməyə-istəməyə, zorən onun özünün sonuncu olduğunu dedi. Sonuncunun kim olduğunu dəqiqləşdirdikdən sonra növbəyə qoşuldum.
Bir qədər keçdikdən sonra  nəyə görə növbəyə durmağımı öyrənmək məqsədi ilə  qarıdan soruşdum:
-Nənəcan, deməssiz nə satırlar?
Qarı məni yenə başdan-ayağa qədər süzüb sanki söyəcəkmiş kimi üzümə baxdı:
-Bura  bax, cavan oğlan,- dedi,- nə satıldığını bilmirəm, amma bayaq mən növbəyə duranda  xəbərdarlıq etdilər ki, məndən sonra növbəyə duranlara  onsuz da satılan şeydən çatmayacaq.
Qarının cavabı məni tutsa da ürəyimdə ona “qoca...” deyib (yox, mən ürəyimdə ona sizin ağlınızdan keçəni demədim, sadəcə nə dediyimi unutmuşam... Amma, adamın üstündə allah var, qarı elə sizin fikirləşdiyiniz kimi bir şey idi, sadəcə olaraq mənim tərbiyyəm və mədəniyyətim  bunu belə fikirləşməyə mane olurdu) növbəyə dayanmağıma davam etdim. Bunu görən qarı, ifritə, əcinnə, nə bilim e... hər kimsə, mənə sarı bir də çevrilib gözlərini süzdürdü.
Nə isə... qarıya baş qoşmağım mənasız  idi.
Vaxt ötdükcə mən anbaan hadisə yerinə, bağışlayın e, vitrinə yaxınlaşır, hətta satıcı qadının başını belə görürdüm. Bir tərəfdən də növbəyə nədən ötrü dayanmağımı dəqiqləşdirmək marağım mənə güc gəlirdi.   Mən içimi didən narahatlığa son qoymaq üçün yaxınlıqdakı sütunun yanında söhbət edən cavanları səslədim:
-Ehey, uşaqlar,- dedim və onlar da üzlərini çevirib mənə baxdılar. Elə bu vaxt arxadan gələn güclü təkan məni bir anlıq xeyli irəliyə atdı.  Özümü birtəhər sahmanlayıb yenə bayaqkı gənclərə baxdım və onların sual dolu baxışlarını görəndə anladım ki, məni gözləyirlər. Soruşdum:
-Bilmirsiz burda nə satırlar?
Sualımı eşidən gənclər məni tərs-tərs süzüb oradan uzaqlaşdılar.
Ürəyim sıxılmağa başlamışdı, mən darıxırdım.
Keçmiş günləri xatırladıqca yerimdə qərar tuta bilmirdim, düşünürdüm ki, növbədə keçirdiyim bu vaxt ərzində  bir-iki oğurluq edib ciddi bir işlə məşqul ola bilərdim. Amma, nə etməliydim ki? Mən qəti qərara gəlmişdim. Oğurluqla birdəfəlik (əgər buna tab gətirə bilsəydim... çünki iradəmə yaxşı bələdəm və bilirəm ki, belə vədlərdən çox vermişəm, amma deyəsən bu mənim son söz verməyimə oxşayırdı) qurtarmışdım. Nə isə...
Keçmiş günlərimin xoş xatirələrindən ləzzət ala-ala növbəmi gözləyir, satıcının mənə yaxınlaşan  sarışın tellərinə baxırdım ki, elə bu vaxt univermağın radiosu ilə bir elan səsləndi: “Möhtərəm alıcılar, üçüncü şöbədə satılan mallar qurtardığı üçün  beşinci şöbədə eyni malların satışı başlanır. Alıcılarımızdan xahiş olunur ki, beşinci şöbəyə yaxınlaşsınlar”.
Radio elanı bir-neçə dəfə təkrarladı və mən bu elanın nəyə xidmət etdiyini o zaman anladım ki, insan axını  məni qucağına alıb on-on iki metrlik bir məsafəni qət edərək harasa aparıb atdı. Ayaqlarım yerdən tamamilə üzülmüşdü və mən uçurdum... Elə uça-uça da harasa qondum və ətrafıma baxanda  yenə özümü insan dənizinin ortasında- növbədə gördüm.
Yalnız indi başa düşdüm ki, artıq 5-ci şöbədəyəm. Qarşımda yekəpər bir oğlan dayanmışdı və nə üçünsə çevrilib mənə baxırdı. Onun yekəpərliyi gözümə girsə də həbs düşərgələrində belələriylə çox rastlaşdığımdan  bunun fərqinə varmadım, yekəpərin xoş sifətindən istifadə edib ünsiyyət yaratmağa çalşdım:
-Qaqaş, canıvı yeyim, (yəni bu sözləri rus dilində deyirdim) deməzsən burda nə satırlar?
Elə bil gədənin dədsini söymüşdüm. Onun bayaqdan bəri mənə zillənən xoş baxışları zəhrimarla əvəz olunmuşdu.
-İndi qaşlarıvın tən ortasından birini ilişdirərəm (elə belə də dedi), bilərsən nə satılır...
Lənət sənə kor şeytan, bax buna deyirlər əcəb işə düşmək. Axı mən onlara nə deyirdim ki? Niyə mənim sualım hər dəfə onları hirsləndirirdi? Mənim onlardan nəym əskik idi axı? Lap boğaza yığdılar məni! Cəhənnəm olsun hər şey! İndi hər şeyə tüpürüb gedəcəyəm... Heyif deyil oğurluq! Gərək hər kəs öz bacardığı işlə məşqul olsun!
Məni elə sıxmışdılar ki, tərpənə bilmirdim.
Bu anlar səbr nümayiş etdirmək üçün bir imtahan idi. Gözləməliydim! Gözləyirdim! Başqa çarəm də yox idi... Bu anları yaşamaq taleyimə yazılmışdı. Br də ki, daha darıxmaqdan da keçmişdi. Mən demək olar ki, hadisə yerinin lap yaxınlığında idim.
-Nə istəyirsiz?
Sual məni əməlli-başlı çaşdırdı. Vitrində müxtəlif şeylər var idi və mən çaşqınlıqla onlara baxırdım. Kimsə arxadan dilləndi:
-Ay kişi, bir az cəld ol da...
Tələsik satıcıya:
-Qadası, mənə də o satdığından ver, hamı alandan,-dedim.
Satıcı qaşlarını çatıb bir də:
-Sizə hansından verim?- xəbər aldı. Mən də vaxt itirmədən:
-Hamısından, -dedim,- hamısından almaq istəyirəm.
Satıcı başqa heç bir söz demədən mənə iki bağlama verdi və mən (sonrakı hadisələrlə bağlı aldığım şeylərə görə nə qədər ödədiyimi unutduğumdan aldığım malların dəyərini xatırlamıram) pulu ödəyib birtəhər növbədən çıxa bildim. Əlimdəki bağlamanın içindəkinin nə olduğunu öyrənmək məqsədi ilə bir küncə çəkilmək istəyirdim ki, kiminsə əli astaca çiynimə toxundu. Geriyə çevrilib baxanda qarşımda orta boylu, çal saqqallı, başında araqçın, əynində zolaqlı xələt, belində bellik olan bir əkə, üzr istəyirəm, bir özbək kişinin dayandığını gördüm. Kişi üzümə baxıb gülümsədi və dedi:
-Sat da onu mənə, əlindəkini deyirəm e...
Mən sevgi dolu baxışlarımla kişiyə baxdım. Mənim xilaskarım qarşımda dayanmışdı. Bir qədər sonra mən əlimdəki bağlamanın içində nə olduğunu öyrənəcəkdim. Bu fikirlə də soruşdum:
-Əlimdəki nədir ki?
Kişi bir anlıq çaşıb qaldı, sonra nə fikirləşdisə:
-Bilirsən necədir,-dedi,- bu şeyə sizin dildə nə deyirlər dəqiq bilmirəm, bizim dilə isə, təəssüf ki, tərcümə olunmur.
Kişini tərs-tərs süzüb qəzəbimdən od tutub yanırdım. Az qala ona birini ilişdirəcəkdim, amma özümü saxlayıb sadəcə:
-Ala, bunu görərsən (yox, vallah yox, siz deyən kimi olmadı),- deyib, dirsəyimi göstərdim.- Satıb eləmirəm, özümə lazımdır.
Kişi pərtliklə mənə baxıb başını buladı və astaca məndən uzaqlaşdı.
Əlimdəki bağlamanın içindəkinin nə olduğunu düşünə-düşünə pillələrlə aşağı enməyə başladım və elə bir-iki pillə enmişdim ki, üst mərtəbədən səs-küy, qarışıq və anlaşılmaz səslər eşitdim. Kimsə “pulumu qaytar” deyərək, çığırdı və ani olaraq yadıma ilk çağlarım, cavanlıqda etdiyim cibgirliklərim düşdü. Ürəyimdə gülə-gülə pillələri enirdim ki, yekəpər bir cavan oğlan məni necə itələdisə...
...gözlərimi açanda başımın üstünü kəsdirən ağ xalatlı, sarışın bir tibb bacısının əlindəki şpirisə dərman doldurduğunu gördüm. Ondan bir qədər aralıda isə orta yaşlı iki həkim dayanmışdı (sonradan bildim ki, onlardan biri psixiatr imiş).
Mən bütünlüklə sarğı içərisindəydim, yıxıldığımdan, bir də  univermaqdakı son hay-küydən başqa heç nəyi xatırlamırdım. Ona görə də mənə baxan tibb  bacısından pıçıltı ilə soruşdum:
-Qadası, mənim aldığm şeylər hanı?
Qız gülümsəyərək mənə baxdı.
-Sən nə almışdın ki?
-Yadımda deyil,-deyib gözlərimi döydüm. Mənim dediklərimi eşidən cərrah psixiatra pıçıldadı:
-Kolleqa, mənim zənnimcə bu sizin xəstənizdir...
Psixiatr astaca mənə yaxınlaşıb gözlərimin içinə baxdı:
-Bilmirsən nə almışdın?-soruşdu,- Deyirsən yadından çıxıb?
Mən  sevinclə:
-Bəli,-dedim,- yadımdan çıxıb. Mən nə almışdım ki?
Psixiatr başını bulayılb dikəldi. Cərrahın yanına keçib mənə baxdı və qətiyyətlə dedi:
-Deməli, vəziyyət belədir də, cavan oğlan, nə vaxt aldığın şeyin nə olduğunu xatırlasan, onda biz də səni xəstəxanadan buraxarıq evə...
Həkmlər  çıxıb getdilər. Tibb bacısı mənə iynə vurub üzümə güldü və bir qədər sonra mən ağappaq tavana baxa-baxa Moskvaya ayağım dəyən andan bu günəcən nə qədər real oğurluq şanslarını itirdimçün özümü söyür, bir də öz-özümə sual verib fikirləşirdim ki:
-Axı mən nə almışdım?

Комментариев нет:

Отправить комментарий