09.07.2012

Azərbaycanda köhnə geyim biznesinin sirri

Qoxulu “Second hand” dükanlarının havadarları elə “hörmətli” səhiyyə işçiləridir

Tanıdığım biri var. Həmişə şəhərdə şöhrət tapmış “Memi” adlı ikinci əl geyim mağazasından geyinir. Oradakı geyimlərin xalis Avropa məhsulu olduğunu deyir. Hələ məni də oradan bazarlıq etməyə dəvət edir. Düzü, doğmalarının köhnəsini geyməyə əsla qəbahət kimi baxmıram. Bu gün də tərəfdarıyam. Amma tanımadığın, rəngini ,qismini bilmədyin avropalının paltarını geymək nə dərəcədə doğrudur, ya ürəyi rahatlatır anlamıram. Özü də deyilənə görə, bu mağazadan alver edənlərin maddi imkansızlıqla əlaqəsi də yoxdur. 

Maraq üçün, adıçəkilən mağazalardan birinə baş çəkmək qərarına gəldim. “Avropadan geyimlər” adlı mağazanın qapısına çatmış məni pis qoxu birtəhər etdi. Bu qoxu içəridən gəlirdi. Amma deyəsən orada məndən başqa qoxuya reaksiyası olan yox idi. Satıcı xanımdan soruşdum ki, “buranın havası niyə belədir?”, o da cavabında “geyimləri dərmanlayırıq, yəqin onu deyirsiz.” Yox, mən sualıma doğru cavabı almadım axı. Cavabı özüm deyim. Bu torbada qalmış köhnə, kirli paltar qoxusudur.Satıcıyla söhbətim barədə bir qədər sonra. Amma sizə deyim ki, mağazada alıcı da kifayət qədər idi. Çoxu da seçdiyi geyimin pulunu hazırlayırdı. 

“Geyilmiş paltar”ı başa düşdük, bəs “memi” nədir?

Bu gün dünyada, eləcə də bizdə ikinci, üçüncü əl məhsulların satışı adi hala çevrilib. Konkret Azərbaycandan söhbət getsə, bu sektorda mobil telefon bazarı öndə gedir. Millətimiz pul tapan kimi telefon dəyişmək, köhnəsini isə dəyər-dəyməzinə satmaq xəstəliyinə tutulub. Elektrik avadanlıqları, avtombillər də bir neçə əldən keçərək satılır. Məsələ ondadır ki, adı çəkilən məhsulların əvvəllər bir neçə sahibi olmasına baxmayaraq insanın sağlamlığı üçün təhlükəsi yoxdur. Geyim məhsullarının, özü də mənşəyi bilinməyən xalqa məxsus paltarların Bakıya gətirilməsinin arxasında isə əsil düşünməyə dəyər məsələlər durur. “Second hand”, “Memi”, “Avropadan geyimlər”, “Uçuz Avropa geyimləri” adı altında fəaliyyət göstərən bu mağazalara nəzarət edənlər kimlərdir? Bu geyimlər necə, haradan gəlir, kim gətirir? 
Başa qayıdaq. İkinci əl geyimlərin kütləvi satışının tarixi ötən əsrin ikinci yarısından başlayıb.Avropanın aristokrat hesab edilən təbəqəsi hər mövsüm geyim tərzi, qarderobunu dəyişməyi sevirdi. Elə bu gün də dəb altında bu tendensiya davam edir. Köhnə paltarlarını fəqir-füqəraya dağıtmağa əli gəlməyənlər bahalı geyimlərini ucuz qiymətə tacirlərə satırdılar. Getdikcə bu qayda xüsusi bazar formasına keçir və bütün ölkələrə yayılır. İkinci əl geyimin satılmasını yəhudilərin adı ilə də bağlayırlar. Güya ötən əsrin ortalarında ABŞ-da yəhudi bazarları yaxşı gəlir əldə etdiyindən, Nyu-Yorkun yerli idarəetmə orqanı onların ticarətinə qadağa qoyub. Müflisləşən tacirlər öz paltarlarını satmağa başlayıblar. Bu gün ikinci əl geyimlər həm kommersiya , həm də qeyri-kommersiya yolu ilə yeni sahiblərinə çatdırılır. İkincisi xeyriyyə kampaniyalarının səyi və əməyi nəticəsində xüsusən, yoxsul Afrika ölkələrinə yönəldilir. Dünyada bu işin şəxsi təşşəbbüskarları da çoxdur. Bizdə isə “Second hand” dükanlarının yaranışı ölkədə qaçqın və məcburi köçkün məsələsi meydana gəlməsi ilə bağlı olub. O, vaxt çoxu deyirdi ki, bu paltarlar Azərbaycana humanitar yardımla birgə gəlir. Çox məhsul kimi bu da ünvanına çatmırdı. Humanitar yardımla evlərə verilən geyimi görən bizim camaat o vaxt “kiminsə köhnəsinə qalmamışam” deyə-deyə “işbaz”ların əlinə yaxşı fürsət verdi. Yavaş-yavaş geyilmiş paltar biznesi böyüdü. Xatırlayıram, təzə-təzə 95-97-ci illərdə yaranmış “Second hand” dükanlarında paltar kilo ilə satılardı. Başqa sözlə, həmin “biznesmenlər” elə kilo ilə xaricdən aldıqlarını, kilo ilə də (əlbəttə, gəlirlərini bilirdilər) satırdılar. Sonralar artıq satış qaydası dəyişdi, tək-tək satılan malların alıcıları da çoxalmağa başladı. İndi çoxumuzun tənqid obyektinə çevirdiyimiz bu mağazalar öz şəbəkələrini yaradıb. Özü də alıcılarının sağlamlığını vecinə almayan bu mağazalar gigiyenik sertifikatsız fəaliyyət göstərir. Halbuki, xaricdən alınan məhsulun hər partiyasının xüsusi gigiyenik sertifikatı olmalıdır. Həmin geyimlər Azərbaycana gətirildikdən sonra da xüsusi qaydada təmizlənməli, yerli nəzarət orqanlarının xeyir-duasını almalıdır. Bu mallar bir neçə qrupda satılır. Kilo ilə satılan məhsullar yeni paltar və ayaqqabılar(stock), az geyilmiş, yeni kimi olanlar( lux, extra), I, II, III kateqoriyaya məxsus məhsullar şəklində satışa çıxarılır. Sonuncular məhsulun parçası, vəziyyətinə görə ayırd edilir. III kateqoriyaya daxil olan təmiz pambıqdan olan, amma yırtılmış, sökülmüş paltarlar da israf olunmur, onlardan siləcəklər hazırlanır. Növbəti dəfə geyim üçün nəzərdə tutulan paltarlar ya quru, ya da kimyəvi (metil-bromidlə) təmizlənmə yolu ilə dizinfeksiya olunur və olunmalıdır. Azərbaycana gətirilmiş məhsulların isə xüsusi qoxusu malın ən aşağı keyfiyyətdə, vəziyyətdə olduğundan xəbər verir. Çünki bu mallar burada satılandan qat-qat aşağı qiymətə kilo ilə alınır. Yerli dükandakı satıcı xanım məhsulların israrla təmizlədiyini bildirir. Onun fikrincə, alıcılar özləri də paltarı yumadan geyinmir. Axı yumaqla, yaxalamaqla həmin geyimdəki mikrobları təmizləmək mümkün deyil. Geyilmiş ayaqqabıların neçə yuyulması isə lap maraqlıdır. Bəs bu mallar konkret hansı “Avropadan” gəlir? Bu məsələ qaranlıq qalır. “Second hand” mağazalarına qoyulan “memi” adı nə deməkdir? Bunu isə nə satıcılar, nə də alıcılar bilmir. Satıcılardan birinin dediyinə görə, “Memi” elə “second hand” deməkdir. Bu vaxta qədər araşdırdım, amma bu iki sözün sinonim olduğunu tapa bilmədim.

Ekspertlər bir ağızdan “əleyhinəyəm” deyir

Bakıda artıq öz alıcı kütləsi olan “Second hand” mağazalarının sahibləri və onlara tabe olan alıcılar “geyimdən xəstələnmək mümkün deyil” deyirlər. Alıcıları da geyim yolu ilə keçən dəri xəstəliklərindən xəbərsizdirlər. Onlara elə gəlir ki, aldıqları maldan bir dənədir, özü də firma məhsuludur. Həqiqətən də xaricdə fəaliyyət göstərən geyilmiş məhsulların çoxu məşhur brendlərə, markalara məxsusdur. Bu məhsulu alanlar geyimləri ilə də fəxr edirlər. Misal üçün, Türkiyədə fəaliyyət göstərən yüksək səviyyəli, nüfuzlu ikinci əl mağazalarından oranın məşhurları, imkanlı xanımları da geyinir. Ən maraqlısı isə odur ki, orada ötən əsrin ortalarında istehsal olunmuş geyim mağazaları da var. Burda həmin geyimi kirayə də götürmək olar. Bu qəbahət deyil və gigiyenik tələblər çərçivəsində həll olunur. Bizdə də şəhərin bir neçə ticarət mərkəzində gəlinlik, yaxud ziyafət paltarları kirayəyə verilir. Bu sektor da nəzarətsizdir. Respublika Dəri Zöhrəvi Dispanserinin həkimi Şəhla xanımın sözlərinə görə, hətta kirayə və geyilmiş mal alan şəxs o paltarı üstündə bir dəfə yoxlamaqla belə xəstəliyə yoluxa bilər. “Dəri xəstəlikləri arasında yayılmış olan göbələk xəstəlikləri daha tez yoluxdurulur. İnsanlar bu barədə ciddi düşünməlidir, dəri xəstəliklərinin yayılması tez baş verir və sağalması isə vaxt aparır. Müalicəvi dərmanlar isə çox bahalıdır. Bir sözlə, təzə paltar, ayaqqabı geyinmək məsləhətlidir.” Başqa bir dermatoloq Nazim həkimə görə, insan çox vaxt öz yaxının paltarını geyməkdən çəkinir. “Bu insanlar, hansı ürəklə tanımadığı şəxslərin paltarını geyinə bilər. İnsan dərisi həssasdır, o geyinilmiş paltar nə qədər təmizlənsə də, onların yenidən istifadəsi yanlışdır. Bizə ötürülən xəstəliklərin çoxu bu yolla artır. Mağazalarda geyilmiş uşaq, alt paltarlarının satışı isə yolverilməzdir.” Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyyəddin Kazımovun sözlərinə görə, bu geyimlərin Azərbaycana gətirilməsinə qadağa qoyulmalıdr. Mütəxəsis həm öz, həm də mərkəz adından bu mağazaların fəaliyyətinin tam əleyhinə olduğunu dedi. O, gigiyenik tələblərə cavab verməyən bu mağazaların Respublika Sanitar Karantin Müfəttişliyinin nəzarətində olduğunu bildirdi. Təəssüf ki, adı çəkilən idarəyə sualları ünvanlamaq mümkün olmadı. Çünki müfəttişlik həftənin beş günü işləyir, iki gün isə “yorğun” iş həftəsindən sonra Səhiyyə Nazirliyinin digər “əhəmiyyətli” sayılan idarələri kimi dincəlir. Amma Sanitar Karantin Müfəttişliyininə veriləcək suallara başqa biri cavab verir. Bu vaxtiylə “Second hand” mağazalar şəbəkəsinin bazasında işləmiş Zeynəb adlı xanımdır. Zeynəbin sözlərinə görə, orada işlədiyi iki il müddətində özünü də maraqlandıran suallara cavab verilməyib. “Orada ciddi rejimlə işləyirdim. Hər ayın əvvəli təzə mal gəlirdi. Ancaq gələn malların qaydaya salınmasına, hara, nə vaxt verilməsinə, sayılmasına cavabdeh idim. Düzü, mən də hardan gətirildiyi ilə maraqlanmışdım. Amma yerini, ölkənin adını eşitməmişdim. Tək onu bilirəm ki, o məhsullar mən işlədiyim müddətdə hər hansı təmizliyə getmirdi. Gələn paltarlar arasında təzəsi də olurdu, üzərində etiketi olan da. Sadəcə tikilişində qüsuru olanlar yenilənirdi. Dəfələrlə bazaya rəsmi idarədən yoxlama qrup gəlmişdi. Amma heç kəs bizdən gigiyena ilə bağlı hər hansı sənəd tələb etmirdi. Bütün məsələ bağlı qapı arxasında həll olunurdu. Məncə bu mağazalar elə dövlət idarələri ilə əlbir işləyirlər.” Deyilənlərdən sonra başqa sözə ehtiyac yoxdur. Burdan belə çıxır ki günah satanda yox, alıcılardır. Bu arada eşitdiyimə görə, geyilmiş paltarlar içərisində ölmüş insanların da geyimləri satılır. Bu da avropalının ölüsünündürsə........

Heç olmazsa, öz köhnələrimizi geydirək....

Əvvəldə də qeyd etdiyim kimi, dünyanın çox ölkəsində geyinilmiş paltar, ayaqqabını atmaq əvəzinə onu yardım məqsədiylə istifadə edirlər. Bu pərakəndə şəkildə aparılmır. Misal üçün Türkiyənin özündə küçələrdə xüsusi qutular qoyulur. Həmin qablara yığılan geyimlər günün sonunda götürülür. Nəzarət altında dezinfeksiya olunaraq ölkənin vilayətlərinə, aztəminatlı ailələrə göndərilir. Araşdırma zamanı maraqlı bir fakt da qarşıma çıxdı. Ötən il ölkədə elə yerli sanitariya və gigiyenaya nəzarət idarələrinin səyi ilə sorğu aparılıb. Məlum olub ki, ölkədə təmizlik işlərinin 70%-ində köhnə paltarlardan bez kimi istifadə olunub. Bunu nəzərə alan xeyriyyə təşkilatları “Geyimlər bez olmasın, ümüdlər yox olmasın” şüarı ilə kampaniyaya start verib. Bu yolla köhnə geyimlərin təmizlənərək qiymətləndirilməsinə qərar verilib. Nəticə də pis olmayıb. İctimai rəyə təsir etmək mümkün olub. Xeyli sayda sahibsiz insan geydirilib. Eyni vəziyyət biz də hökm sürür. Çoxu köhnə paltarı bez, siləcək kimi istifadə edir. Amma bu gün zibilxanaların kənarında köhnə paltarlar yığılmış torbalara rast gəlmək olar. Bəlkə də, bizim də elə etibarlı xeyriyyə təşkilatına ehtiyacımız var. Eləsi olsun ki, sabah o paltarları gətirib “Second hand” mağazalarına təhvil verməsin......

Raminə Eyvazqızı                                            qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий