12.07.2012

Azərbaycanın cinsi azlıqları - Fərqli baxışlar

“Sorğu” rubrikasının bu dəfəki mövzusu cinsi azlıqlardır. Cəmiyyətdə bu insanlara müxtəlif münasibət var. Suallarımıza cavab verən respondentlərimiz də bu insanlara fərqli münasibətlərini sərgilədilər. 
1. Cinsi azlıqlara münasibətiniz necədir?
2. Avropanın inkişaf etmiş ölkələrinin bəzisində cinsi azlıqların nikahına icazə verilir. Nə vaxtsa Azərbaycanda da cinsi azlıqların nikaha girməsinə icazə veriləcəyinə inanırsınızmı və belə olarsa, reaksiyanız necə olar?
3. Sevdiyiniz kino və ya idman ulduzunun cinsi azlıqlara mənsub olduğunu biləndə onlara münasibətiniz dəyişmir ki? Nə vaxtsa belə bir hal olubmu həyatınızda?

Səfər Alışarlı, yazıçı: “Moskvada hələ sovet vaxtlarında cinsi azlıqlar “Prospekt Mira” metrosunun yaxınlığında sərbəst toplaşırdılar” 


1. Onlara münasibətim nə pis, nə də yaxşıdır. Azərbaycan cinsi mutasiya verən ölkə deyil. Bizdəkilər əsasən həyatda bədbəxt edilmişlərdir. Yəni vəziyyət qurbanlarıdır.
2. Bilmirəm. Nikah onların həyatında yaxşılığa doğru bir tərpəniş edəcəksə, buna icazə vermək lazımdır. Mən bir qadın tanıyıram, o, kişilərdən iyrənir. Onun xatirinə icazə vermək lazımdır.
3. Mən Moskvada hələ sovet vaxtlarında cinsi azlıqların sərbəst toplaşdıqlarını görürdüm. “Prospekt Mira” metrosunun yanında yığışırdılar. Kimsənin onlarla işi olmurdu. Kinodakılar da mənim onlara tolerant münasibətimi dəyişdirmir. Onlarla ünsiyyətdə olmağı xoşlamıram.


Pərvanə Bayramova, jurnalist: “Mənim üçün oriyentasiyasının fərqli olması önəmli deyil”


1. Cinsi azlıqlara münasibətim ənənəvi cinsiyyətə məxsus insanlarda olduğu kimidir. Onlara da münasibətim normaldır.
2. Düşünürəm ki, əgər Azərbaycanda sivil cəmiyyət qurmaq istəyirlərsə, buna hazır olmalıdırlar. Mən buna faciəvi baxmıram.
3. Xeyr, mənim üçün oriyentasiyasının fərqli olması önəmli deyil. Önəmli olan həmin şəxslərin cəmiyyətə öz bilikləri, savadı ilə verdiyi xeyirdir. Biz onlara qarşı təcridolunma münasibəti bəsləməməliyik. Onların da hamı kimi yaşamaq, azad olmaq və digər haqları var.
Hazırda mən Gürcüstanda yaşayıram. Azərbaycandan fərqli olaraq burada insanlar artıq onlara qarşı aqressiv münasibət göstərmirlər. Lakin fakt odur ki, hələ də Gürcüstanda bu sindrom sınmayıb.
Məsələn, əvvəllər Gürcüstanda küçənin ortasında cinsi azlıq görəndə döyürdülər. Lakin sonradan bu aradan qaldırıldı. Qanunlar sərtləşdi. Əslində, bu Gürcüstandakı cinsi azlıqların apardıqları gərgin mübarizənin nəticəsi idi.


Gülnarə Manafova, musiqişünas: “Xərçəng xəstəliyinə tutulana yazıq deyiriksə, maviləri niyə söyüb təqib etməliyik?


1. Bu, Yaradanın işidir ki, biz qarşı cinsə münasibətimizlə, rəğbətimiz və sevgimizlə doğuluruq. Bu, insanın, Yer üzündə yaşayan hansısa canlının öz tapıntısı, nailiyyəti deyil. Əgər bu instinkt kimdəsə yerində deyilsə və öz cinsinə qarşı onda sevgi yaranırsa, deməli, o, normadan çıxmış, necə deyərlər zay məhsuldur. Mentalitetimiz xəstəyə, əlilə, zəifə qarşı mərhəmət hissi duymağı məsləhət bilir. Biz xərçəng xəstəliyinə tutulana yazıq deyiriksə, maviləri niyə söyüb təqib etməliyik? Təbiətdə də erkək fərdlərin sevişməsi halı var. Amma onlar artıb törəmək şansını əldən verib, üstəlik bu aktdan sonra ölürlər. İnsanlarsa yaşayır. Təbii şəkildə cinsi azlıqların doğulma faizi də çox deyil, an çoxu 5 faizdir. Bu problemin şişirdilməsində mətbuatın ifrat dərəcədə artırılmış rolunu başa düşə bilmirəm.
2. Nə vaxtsa Azərbaycanda cinsi azlıqlara evlənmək imkanı verilərsə, bu məndə yalnız gülüş oyada bilər. Düzünü desəm, bu qərarın məmləkətimizdə çıxacağına inanmıram, ya da inanmaq istəmirəm. Sevəcəyi insanı seçmək hər kəsin öz hüququdur. Amma evlənib bununla uşaq tərbiyə etmək hüququ qazanırsa bu, artıq cəmiyyətin işinə qarışmaq deməkdir. Cinsi azlıqların sevişməsi onların şəxsi işidirsə, onların evlənməsi artıq ictimai məsələyə çevrilir. Əlimdə imkan olsa bu eybəcərliyə qarşı hər hansı formada etiraz etməyə hazıram.
3. Sevdiyim kino, ya da futbol ulduzunun cinsi azlıq olmasını bilsəm, yəqin ki, təəssüflə köksümü ötürərəm. “Hayıf” deyib onu insan genefondu üçün itirilən kimi sanaram.
Qazanılmış, amma irsi şəkildə ötürülə bilməyən keyfiyyətlər təbiət üçün payızda açmış çiçək kimidir, heç vaxt toxum verə bilməz. Amma maviliyin yoluxucu xəstəlik olduğunu da nəzərdən qaçırmaq olmaz…


İbrahim Sel, Professional Oxucu Liqası: “Homoseksualizm şəxsi xəstəlikdən daha çox cəmiyyətin xəstəliyidir”


1. Homoseksualistlər həlim, mülayim, sakit görünmək istəyirlər. Ancaq bu yanlış örtükdür. Homoseksualistlər fəal surətdə cəmiyyətin digər üzvlərini də yoluxdururlar. Xüsusən də uşaqları hədəf götürüblər. Onlar bunu “nəsillərarası seks” adlandırırlar: “uşaqların özlərinə partnyor seçmək hüquqları var”, - bu kimi gəlişigözəl sözlərlə öz çirkin niyyətlərini pərdələyirlər. Ona görə də elə fikirləşməyin ki, pozğunlar təcrid olunmuş həyat yaşayırlar. Yox, onlar öz dünyagörüşlərini cəmiyyətə qəbul etdirməyə çalışırlar. Beləliklə, homoseksualizm şəxsi xəstəlikdən daha çox cəmiyyətin xəstəliyidir. Bu təhlükəli, ziyanlı mutasiyadır, eyni zamanda ətrafdakılara sürətlə yoluxa bilir. Ona görə də bir nəticəyə gəlmək olar: əgər biz 100 faiz mənən sağlam olmaq istəyiriksə, onda bizim cəmiyyət mənən xəstə olanlardan 100 faiz xilas olmalıdır.
2. Mən çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, bu pozğunlar artıq cəmiyyətin kumirinə çevrilməkdədirlər. 2006-cı ildə Elton Con öz “sevgilisi” ilə evləndi. Onu birinci təbrik edənlər arasında Böyük Britaniyanın hökumət başçısı Bler də vardı. E.Con və başqa bir kişi rəsmi nikah qeydiyyatından sonra adamlar qarşısına çıxdılar. Kütlə onları alqışlarla qarşıladı. Həm də qarşılayanlar E.Con kimi deyildilər. Sanki normal adamlar dayanıblar, ailələri və uşaqları ilə dayanıb Conu alqışlayırlar. Uşaqlar bayraq yelləyirdilər. Bir sözlə, SSRİ-də kosmonavtların qarşılanması mənzərəsi yada düşür. Bütün bunlara baxdıqca adamda elə təsəvvür yaranır ki, bu dəlixanadan olan reportajdır və ya bütün bunlar yuxudur. Ancaq bu yuxu deyil, bu reallıqdır. E.Conun Bakıda T. Bəhramov adına respublika stadionunda təşkil olunan konsertində kifayət qədər çox adam, o cümlədən yüksək vəzifəli şəxslər də iştirak edirdilər. Təəssüf...
3. Sevdiyim kino ulduzlarından biri Roberto Denirodur. Heç istəməzdim ki, nə vaxtsa onun mavi olduğunu bilim. Yəqin ki, depressiyaya düşərdim. İkinci sevdiyim ulduz isə Kventin Tarantinodur. Onu isə o qədər çox sevirəm ki, cinsi azlıq olduğunu da bilsəm, yenə münasibətim dəyişməyəcək.


Tofiq Hacılı (Hollandiya), “Hollandiyada mavilərə Bakıdakı kimi baxırlar”


1. Cinsi azlıqlara heç bir münasibətim yoxdur, nə istəyirlər eləsinlər, mənim nəyimə lazımdır ki, kim kimlə yatıb. Axı mən onlara həyat verməmişəm ki, həyatlarını da yönləndirim.
2. Avropanın inkişaf etmis ölkələri bu günə son 400-500 il içində gəliblər, Azərbaycanın Hollandiyanın bugünkü durumuna gəlib çatmasına ən azı 100-200 il lazımdır. Amma bütün hallarda cinsi azlıqları reklam və təbliğ etmək də düzgün deyil. Çünki kişi qadın üçün, qadın kişi üçün yaranıb. İndi bəzi insanlar başqa cür hisslər yaşayır, buna qarışmayaq. Amma bu adamların qəribə hisslərini də rəsmiləşdirməyək. Bilmirəm, bəlkə də, yanılıram, amma mən bunu qəbul etmirəm.
3. Mən kino ulduzlarını filmləri üçün, oynadıqları rolları üçün qiymətləndirirəm. Onların şəxsi həyatı məni ilgiləndirməz. Yeri gəlmişkən, Hollandiyada da cinsi azlıqlara müxtəlif yanaşma var. Yəni, çoxları deyir ki, olsun mən qarışmıram, amma rəsmiləşməsin, reklam olunmasın ki, sabah mənim uşağım bundan pis nümunə götürə bilər.
Çoxları Hollandiyanı mavilər ölkəsi kimi tanıyır. Xeyr, belə deyil axı. Hollandiyada mavilərə Bakıdakı kimi baxırlar. Sadəcə, bir fərq var ki, ailə içindən lesbiyan və ya mavi çıxanda onu öldürmürlər, normal yanaşırlar.
Xristian ailələrində isə bunun üstü heç vaxt açılmır və gizli saxlanılır. Şəhərdən kənarda yaşayan ailələrdə cinsi azlığa mənsub uşaqlar olarsa, bunu açıb ağartmaz və göstərməzlər. Çünki şəhərdən kənarda yaşayanların çoxu katoliklərdir. Söz yox ki, Hollandiyada hər şəhərdə bir-iki gey-klub var. Sən bunu axtarsan da tapa bilməzsən. Bu klublar reklam olunmur, gizli saxlanır və yerini də yalnız mavilər və onların qurumu bilir.
Onu da deyim ki, dünyadakı pop ifaçılarının əksəriyyəti mavilərdir. Amma onlar cinsi azlıqları reklam etmirlər. Kişi kimi geyinib, kişi kimi oxuyurlar. Lesbiyanlara gəlincə, onları kişilər çox sevir, seksual olduqları üçün.


Güntay Gəncalp, yazar: “Allah tərəfindən yasaqlanan işlərin edilməsi cəmiyyəti bədbəxtliyə sürükləyir”


1. Cinsi sapıqlıq var. Doğuşdan bir xəstəlikdir. İnsan zahirən qadın ikən içində kişilik hormonları var, ya da əksinə. Kişi ikən içində qadın hormonları güclüdür. Bu xəstəlikdir və mən normal qarşılayıram. Ancaq bundan başqa, hər növ cinsi azadlığı doğru görmürəm. Əxlaqi pozuqluq olaraq görürəm. Bu durum davam etsə, bəşəriyyətin gələcəyi yaxşı olmayacaq. Heç bir din və inanc cinsi azadlığı qəbul etməyib, bu toplumu içindən çürüdən bir hadisədir. Təəssüf ki, bu, Qərbdə çox yayılıb. Amma Qərbdə geniş yayıldığı üçün mütləq biz də qəbul etməli deyilik. Bunun qarşısını almaq üçün Qərbdə sağlıqlı din anlayışını yayan vicdanlı insanlar var. Allah bunu yasaqlayıb. Allah tərəfindən yasaqlanan işlərin edilməsi cəmiyyəti bədbəxtliyə sürükləyir. Biz müsəlmanıq və bu məsələyə “Qurani-Kərim”in bilgiləri ilə yanaşmalıyıq. Quranda deyilir ki, seks, ancaq bəlli edilmiş yerdən edilməlidir. Bu, sağlığa da xeyirlidir, ruha və əxlaqa da. Cinsi əlaqənin hədəfi ata-ana olmaqdır. Bu hədəf ortadan qalxarsa, iyrənc bir şeydir. Sırf maddi zövqə xidmət edər. Arxasında mənəvi dərinlik olmayan zövqlər insanın qəlbinin gözünü hər gün bir az daha kor edər. Qəlbin gözü kor edildiyindən insan maddi zövqlərdən doymaz. Maddi zövqlərdən doymamaq insanı hər növ fəlakətə sürükləyər. Cinsi azadlıq da bu fəlakətlərdən biridir. Cinsi azadlıq kor edilmiş vicdanın və sönmüş vicdanın ortaya qoyduğu bir durumdur.
2. İnkişaf, sadəcə bir istiqamətdə olmur. Həm yaxşı, həm də pis istiqamətdə inkişaf olur. İnkişaf etmiş ölkələrdə inkişafın tək hədəfi maddiyyatdır. Təbiəti insanın zövq alması üçün daha çox istismar etmək. Texnologiyanın inkişafı iki problem ortaya qoymuş: 1- Yalnızlaşan insan. 2- İfrat azadlıq, o cümlədən cinsi azadlıq. Bunu Qərb sosioloqları özləri də etiraf edirlər. Azərbaycan da Qərb sayağı inkişaf modelini seçib, Avropa Şurasına üzv olub. Azərbaycan inkişaf etdikcə Qərb qanunlarını tətbiq edəcək. Cinsi azadlıq Azərbaycanda da qanuniləşəcək və bunu qarşısını almaq olmaz. Çünki Azərbaycanın dövlət quruluşu avropalaşmaq əsasındadır. Anayasa cinsi azadlığı rəsmiyyətə tanıyacaq və onların azadlığına qarşı çıxanları qanun cəzalandıracaq. Gediş bu istiqamətdədir.


Ramal Hüseynov, teleaparıcı: “Heyvanların da homoseksualı olur”


1. Cinsi azlıqlara münasibətim tam normaldır. Məncə, bu mövzunu tez-tez qabartmağa ehtiyac yoxdur. İnsanlıq yaranandan bu hadisə olub, sona qədər də olacaq. Heyvanların da homoseksualı olur. Ona görə də cinsi azlığa təbii hadisə kimi baxıram.
2. Cinsi azlıqların nikahına yaxşı baxmıram. Buna ehtiyac yoxdur. Nəzərə alsaq ki, homoseksuallığın özü heç yerdə yaxşı qarşılanmır, ətrafın reaksiyası pisdir, bunu heç kəsə ziyan vurmadan, əxlaqsızlığı təbliğ etmədən gizlin etsin. Yoxsa bunu ictimailəşdirməyə, rəsmiləşdirməyə ehtiyac yoxdur. Bu qanun Azərbaycanda ola bilməz. Onsuz da cəmiyyət əxlaq məsələlərində istədiyini edir.
3. Kim olur-olsun, insan olsun. Hər kəsin şəxsi həyatına, cinsi seçiminə hörmət edirəm. İnsanlarla münasibət quranda onların bu yönü məni maraqlandırmır. Kifayət qədər ağıllı, intellektual, sənət adamı ola bilər ki, cinsi seçimi bu istiqamətdədir, indi onlardan üz döndərməliyik? Axı onlar heç kimi heç nəyə məcbur etmir və ya bizdən nə isə tələb etmir ki. Hər kəs özünə cavabdehdir.
Bizim insanların ən böyük problemi də elə budur. Başqasının həyatına, şəxsi işinə və yatağına müdaxilə edir. Belələri öz həyatına və ailəsinə vaxt tapmır. Hamı başqasına ağıl verir, özünün ağıla ehtiyacı olduğu halda.


Nabatəli Qulamoğlu, pedaqoq: “Bir anlığa özümüzü onların yerinə qoysaq, nə olar”


1. Cinsi azlıqlara münasibətim çox yaxşıdır. Onlar da insandır, təbiət onu fərqli yaradıb, təbiətin hökmünə hörmət etməliyik. Bir anlığa özümüzü onların yerinə qoysaq, nə olar? Bəlkə, təbiət bizi, yəni qeteroları cinsi azlıq edirdi- onda necə?
2. Bu çox uzun bir zaman tələb edir. Mən o zaman bu dünyada olmaram. Olsaydım- müsbət.
3. Belə hal olmayıb həyatımda, amma sosial şəbəkədə riyakarlıq etməmişəm və riyakarlıq edib kiminsə alqışlarına göz dikməmişəm. Buna görə də cinsi azlığın bir neçə nümayəndəsi mənə dostluq təklifi göndərib- qəbul etmişəm.


Arzu Abdulla                                        teleqraf.com

Комментариев нет:

Отправить комментарий