11.07.2012

Atropata məktub

Günel Eyvazlı   


Salam, vətənim Azərbaycanın ilk qurucusu. Torpağını, daşını bizə etibar edən şəxs.
Etibarına xilaf çıxdıq. Məktubum bir az gileyli olacaq. Bir az səni incidəcək. Amma, bütün bunları sənə deməyi özümə borc bilirəm.
Xəritədə mirasına baxsan hər tərəfdən dişlənmiş bir tikə görəcəksən. Səlahiyyətim yoxdur ağızlardan bu tikəni almağa, mədələri qusdurmağa. Bu tikələr ağız suyunda islanıb bir az ruslaşıb, bir az farslaşıb, bir az gürcüləşib.
Elədə uzaq olmayan bir keçmişdə Qarabağı itirdik. Hər il yadlara verilmə tarixini böyük təntənə ilə qeyd edirik. Onların ayaqları bu torpağın üzərində gəzməyə öyrəşib. Bizim yaddaşımız isə kütləşib, paslanıb. Bilirsən, öyrəncəkli olmaq qorxuludur, yadlaşmaq isə faciə.
Hələ bu vətənin adının mənasını yüz yerə yozurlar. Türkçülük libasını soyundurmaqdan ötrü farslaşdırırlar. Qoy Ziya Bünyadovun ruhu məndən inciməsin. “Azər”-in – od, “baycan”ın –qoruyan mənasını anlamıram. Biz nəyi, kimdən qoruyuruq bilmirəm. Niyə fars elementləri bizə sırınır. Elmdə belə bir funksiya var. Bir adın mənasını açmaq üçün nəyəsə istinad olunmalıdır. Hamımımız gözəl bilirik ki, “As” tayfaları qədim türk tayfalarıdır. Onlar bu bölgənin qədim sakinləri olublar, geniş ərazilərdə yaşayıblar. Asiya, Aziya qitəsinin belə adlandırılması təsadüfi deyil. Buradkı As, Az - Vətənimin adının önündə gələn Az sözü ilə eyni mənanı kəsb edir. Yəni qədim türk tayfalarının adı. As- ər-bəy-xan . Bunu mən demirəm, bəzi tarixçilər bu qənaətdədir. Məncə ən düzgün fikir elə budur.
Hələ soy ad sonluqlarımızın dəyişdirilməsini demirəm. Bizi Rusun ağzından alıb yenə farslara verdilər. Bütün millət lı,li,lu,lü şəkilçisini soy adının sonluğuna qoymaqdansa, zadə şəkilçisini daha üstün bildilər. Hamı zadə olmaq xülyasındadır. NÖKƏRZADƏLƏRİN sayı var, hesabı yox.
Tariximiz unutdurulur bizə. Ərəb bütpərəst olduğu halda, mənim ulu babam həmişə tək Allaha sitayiş edib. Müxtəlif mədəniyyətlər zaman-zaman üzərimizə yeriyib. Bu mədəniyyətərin təsiri altında yaradılan nə varsa yenə də bizimdir. Niyə hörmətli professorumuz Nizami Cəfərov Avestanın bizim ərazidə yaranmasını, Zərdüştün Azərbaycanlı olmasını qəbul edir, amma, idealogiyanın bizim təfəkkürlə guya uyğun gəlmədiyinə gözə təkzib edir. Mən nə bütpərəstəm, nə atəşpərəst. Mənim üçün Avesta mədəni irsimizdi, tariximizdir. Heç bir alimin bunu təkzib etməyə haqqı yoxdur. Tarix, mədəniyyət Nizami müəllim kimi alimlərimizin şəxsi mülkü deyil ki, ondan istədikləri kimi istifadə etsinlər.
Hörmətli, Nizami müəllim İslam bizim sərhədlərə yaxınlaşmaq istəyəndə , bu dini bizə gətirənlər bilirdilər ki, burada olan Atəşpərəstlik dinini aşmaq çətin olacaq. Bu üzdən dini ləkələməyə ehtiyac vardı. Bu vəhşi, dəhşətli müddəalar Atəşpərəstliyi mundarladı. Y.V.Çəminzəmin “Qızlar bulağı” romanında bütün bunlar öz əksini tapıb. Çox güman ki, alımlərimiz bu ləkəni üstümüzdən silmək üçün. Bu bizim deyil deməklə rahatlıq tapırlar. (Qeyd edim ki, AVESTA- sözünü güzgü ilə oxuduqda ATSEVA (atəş evi) kimi oxunur. Bir çox yazıları bu üsulla oxuyurlar, tarix bizə çox şeyi şifrələrlə ötürüb).
Qız qalası haqqında olan biabrçı dastan, bunlar hamısı sonrakı dövrlərin məhsuludur. Qız qalasında nə padşah qızı yaşamayıb, nə də o özünü qaladan atmayıb. Cəfəngiyyatdır. Qız – toponimi əslində Quz-dur. (Quz- qədim türk tayfaları , Quzların qalası). Bu qalanın dəniz kənarında qurulması təsadüfi deyil, sırf mayak kimi fəaliyyət göstərmişdir.
Avestanın ən əsas önəmli cəhəti odur ki, buradakı kahinlər Saturn planetinin günəş ətrafında dövr etməsi ilə təqvim qurmuşlar. Hələ indiyənə qədər alimlər bunu kəşf etmıəyiblər. Xeyir, Şər allahları dinin aparıcı qolu olsada, indiyənə qədər labüddür. İslamda Cənnət, Cəhənnəm kimi anlamlar atəşpərəstliyin üslubudur. Xeyir əməllər etməyə, şərdən uzaqlaşmağa çağırır dinimiz.
Belə bir abidədən imtina etmək günah deyilmi?
 Məgər dini ləkələmək çox çətindirmi?
Hal-hazırda Misirdə verilən cəfəng qanunlar, murdar adətlərin nə zamansa Quran səhifələrinə yazılmayacağına kim zəmanət verir. Heç kim, heç kim.
Hörmətli Atropat, mənim ulu babam. Zamanında o qədər müxtəlif mənşəli adlar qoyduq ki, övladlarımıza, sənin adını çəkəndə çox yad görünürsən mənə. Amma, bilirəm ki, sən mənim əcdadımsan. Miras qoyduğun topağının altıda, üstü də qızıldır. Belə deyirlər. Mən görməmişəm. Neftin qoxusu da gəlməyib burnuma. Minimal əmək haqqı ilə dolanan kasıb müəlliməm. Qazandığımı da elə qaytarıb vətənə verirəm. İşıq pulu, qaz pulu, su pulu şəklində.  Nəfsimi də qorumağa çalışıram. Nə yanımdan ötən bahalı maşınlara baxmıram, nə rüşvət almıram. Sırf axirətim üçün. Amma, nəfsdən gözü qamaşanlara yazığım gəlir.
Nə mirasından, nə də nərlərindən əlamət var. Hamımızı avropa standartlarına uyğunlaşdırıblar. Heç nə istəmirəm, qoy Kəlbəcərin qızılını talasınlar, meşələrini qırsınlar Qarabağın varını , dövlətini satsınlar bundan bizə nə. Qup-quru torpağını versinlər. Sadəcə əmanətə xəyanət etməmək üçün. Sənə , sənin bizə qoyduğun əmaninə xəyanət etməmək üçün , bu əmanəti nəsillərə çatdırmaq üçün. Quruca torpağımı istəyirəm.


Növbəti zəfər, təbrik məktubu yazmaq ümüdilə Günel Eyvazlı.

Комментариев нет:

Отправить комментарий